Məhkəmə qərarları › İş №2(005)-4985/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4985/2021

03.11.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4985/2021 03.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı “hüquqların həyata keçirilməsində maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı “hüquqların həyata keçirilməsində maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında olan binanın 2-ci giriş 7-ci mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 156,95 kv.m. yaşayış sahəsi 80,83 kv.m olan 84 saylı mənzillə bağlı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyetstrində qeydə alınması (Çıxarışın verilməsi) üçün tələb olunan Mənzil-Tikinti Kooperativi üzvlərinin ümumi yığıncağının qərarının və digər sənədlərin (plan- sxem və s.) verilməsi öhdəliyinin cavabdenin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh “Qız Qalası" MTK ilə onun arasında bağlanmış 11.06.2013-cü il tarixli, 84 nömrəli müqaviləyə əsasən ünvan 1 ünvanında olan binanın 2-ci giriş, 7-ci mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 156,95 kv.m. olan 84 nömrəli mənzil tərəfindən satın alınmışdır. Cavabdeh tərəfindən ona təqdim olunmuş maliyyə arayışından da görünür ki, o, umumi sahəsi 156,95 kv.m. olan mənzilin pay dəyərini tam ödəmiş və “Qız Qalası" MTK-ya borcu yoxdur. Mənzilin dəyərini tam ödədikdən sonra ailəsi ilə 2015-ci ilin aprel ayından etibarən həmin mənzilə köçmüş və hazırda da həmin mənzildə yaşayırlar. Tərəfindən kommunal və digər xidmətlərə ödəniş tam ödənilmiş və bu günə kimi heç bir borcu yoxdur. “Bəzi çoxmənzilli binaların istismarna icazə verilməsinin sadələşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 19.02.2019-cu il Fərmanı son illərdə mülkiyyət hüquqlarının təmin olunması və qeydiyyat problemlərinin həlli istiqamətində inqilabi bir dəyişiklik və mühüm islahat kimi tarixə düşmüşdür. Fərman istismarına icazə verilməmiş çoxmənzilli yaşayış binalarının sakinlərinin mənafelərini və Azərbaycan Respublikasının sosialyönümlü dövlət siyasətinin əsasını təşkil edən humanizm prinsiplərini əsas götürərək, həmin binaların istismarına icazə prosedurunu və müddətini optimallaşdırmaq, bu sahədə şəffaflığı və vətəndaş məmnunluğunu təmin etmək məqsədilə imzalanmışdır. Həmin Fərmanın icrası çərçivəsində ünvan 1də yerləşən çoxmənzilli binanın istismarına 16.08.2019-cu il tarixdə icazə verilmişdir. Uzun müddətdən artıq həmin binanın sakini kimi orada yaşamaqlarına baxmayaraq bu günə kimi yaşayış mənzilinə xüsusi mülkiyyət hüququ haqqında dövlət reyestrindən çıxarışı ala bilmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsinə əsasən mənzillər üzərində hüquqların dövlət qeydiyyatı üçün mənzil-tikinti kooperativi (MTK) binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) tələb olunur. Bununla bağlı tərəfindən dəfələrlə həm şifahi, həm yazılı formada, sonuncu dəfə 20.08.2021-ci il tarixdə cavabdeh "xxxx" MTK-ya müraciət olunaraq ümumi yığıncağın qərarını tələb etsə də, MTK-nın rəhbərliyi və müvafiq əməkdaşları həmin sənədi verməkdən imtina etmişlər. İmtinanın əsası kimi mənzilində artıq sahənin olduğu, yəni mənzilin müqavilədə qeyd olunan ümımi sahəsinin 156.95 kv.m. deyil, 172 kv.m. olduğu və buna görə əlavə 22.500 manat məbləğində pul vəsaiti ödəməli olduğunu bildirilmişdir. Bunun səbəbini soruşduğunda onlar mənzilin sahəsini bayır divarların yerləşdiyi sahələr da nəzərə almaqla ölçdüklərini, müvafiq şirkətin ölçmə işlərini bu formada apardığını bildirmişlər. Müqavilənin 2.4-cü bəndinə əsasən mənzilin tikinti və hesablaşma sahəsi 156,95 kv.m.-dir. Müqavilənin 2.6-cı bəndinə əsasən payçı mənzili qəbul etməyi və mənzilin müəyyən edilmiş dəyərini tam ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə tərəflər üçün konkret hüquq və vəzifələr, öhdəliklər yaratmışdır, yəni tikinti kooperativi müqavilədə nəzərdə tutulmuş yaşayış binasını inşa etməyi-hazırki halda mənzili tikməyi, payçı isə kooperativə razılaşdırılmış pay haqqını ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər müqavilənin şərtləri bərədə razılığa gələrək imza və möhürlə təsdiq edərək müqaviləni bağlamışlar. Mənzilin sahəsi 156.95 kv.m. qeyd olunmuş, öz üzərinə düşən vəzifələri vicdanla yerinə yetirərək mənzilin dəyərini tam olaraq ödəmişdir. Hazırki vəziyyətdə cavabdeh əsassız olaraq mənzilin sahəsini artıraraq əlavə olaraq pul tələb edir və mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyetstrində qeydə alınması (çıxanşın verilməsi) üçün tələb olunan Mənzil-Tikinti Kooperativi üzvlərinin ümumi yığıncağının qərarını və digər sənədlərin (plan-sxem və s.) verilməsindən imtina edir. Cavabdehin bu imtinası tamamilə qanunsuzdur. MTK müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək müqavilənin şərtlərini kobudcasına pozur. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə baxışı iclasına gəlməmiş, gəlməmələsinin üzrlü hesab edilməsinə dair sübutları məhkəməyə təqdim etməmiş, məhkəmə iclasında səlahiyyətli nümayəndəsi vasitəsilə təmsil olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, təqdim edilmiş sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia ərizəsi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin notarial təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. 11.06.2013-cü il tarixli, 84 nömrəli Kooperativ Mənzil Tikintisi Haqqında Müqavilədən görünür ki, "xxxx" MTK ünvan 1 ünvanında olan binanın 2-ci giriş 7-ci mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 156,95 kv.m. yaşayış sahəsi 80,83 kv.m olan 84 saylı mənzilin payçı kimi X1 verilməsi, sonuncu isə həmin mənzili qəbul etməyi və mənzilin müəyyən edilimiş dəyərini ödəməyi öhdəsinə götürür, elektrik enerjisinin, su və qaz sayğaclarının dəyərini ödəməyi öhdəsinə götürür. Maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, 758-75-cu məhəllə ünvanıda yerləşən kooperativ yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Həmin binanın 2ci girişinin, 7-ci mərtəbəsində ümumi sahəsi 156,95 kv.m olan, 3 otaqlı, 84 saylı mənzilin pay dəyəri payçı X2 tərəfindən tam olaraq ödənilmiş, MTK-ya borcu yoxdur. X2 tərəfindən "xxxx" MTK-ya ünvanlanmış ərizədən görünür ki, mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması (Çıxarışın verilməsi) üçün tələb olunan Mənzil-Tikinti Kooperativi üzvlərinin ümumi yığıncağının qərarının və digər sənədlərin verilmədiyi təqdirdə məhkəməy müraciət etməli olacağını bildimişdir. Məhkəmə iclasında iddiaçının nümayəndə və vəkilinin izahatı və təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh təşkilat arasında mənzilə dair müqavilə bağlanmış, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi tam icra etsə də, lakin cavabdeh tərəfindən iddiaçıya mülkiyyət hüququnun tanınması üçün sənədlər tam şəkildə təqdim edilməmişdir. İddiaçı cavabdehə rəsmi olaraq sorğu göndərilmiş, lakin heç bir nəticə vermədiyindən, iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139.4. Məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mənzil Məcəlləsinin 113.1-ci maddəsinə görə mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Həmin Məcəllənin 113.2-ci maddəsinə görə bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Sadalanan qanunvericlik əsaslarının hazırki mülki işə tətbiqi nəticəsində məhkəmə hesab edir ki, daşınmaz əmlak üzərində hüquqların dövlət reyestrindən qeydiyyatdan keçirilməsi üçün İddiaçı ilə "xxxx" MTK arasında onun aldığı mənzilə dair MTK üzvlərinin ümumi yığıncağının payçının MTK-ya üzv seçilməsinə dair protokolundan və mənzilə hüquq müəyyənedici sənədlərinə verilməsinə dair protokolundan çıxarışlar tələb olunur. O da qeyd edilməlidir ki, qanunverilciyin tələbinə uyğun olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanının və tikintinin həyata keçmirilməsi üçün torpaq sahəsinin ayrılmasına dair sərəncamın surəti də təqdim edilməlidir. Odur ki, məhkəmə iddianın qismən təmin olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmənin qənaətinə görə iddiaçı mənzilə görə dəyərini tam ödəməsi ilə mənzilə mülkiyyətə dair hüquqlarını əldə etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Qeyd edilənlər baxımından məhkəmə hesab edir ki, iddiaçının mülkiyyət hüququnun əldə edilməsinə dair maneələrin qaldırılması üçün ünvan 1 ünvanında olan binanın 2-ci giriş 7-ci mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 156,95 kv.m. yaşayış sahəsi 80,83 kv.m olan 84 saylı mənzilinə dair MTK üzvlərinin ümumi yığıncağının yığıncağının qərarı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi, ayrıc aktı və tikintinin həyata keçirilməsi üçün torpaq sahəsinin ayrılmasına dair sərəncamın surətinin iddiaçıya verilməsi vəzifəsi cavabdeh "xxxx" MTK-nın üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumuna dair tələb olmadığından iddiaçıya aid edilməsini məqbul hesa edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanında olan binanın 2-ci giriş 7-ci mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 156,95 kv.m, yaşayış sahəsi 80,83 kv.m olan 84 saylı mənzilinin İddiaçı ayrılmasına dair MTK üzvlərinin ümumi yığıncağının qərarı, verilən sahənin (mənzilin və ya qeyriyaşayış sahəsinin) plan-cizgisi, ayrıc aktı və tikintinin həyata keçmirilməsi üçün torpaq sahəsinin ayrılmasına dair sərəncamın surətinin İddiaçı verilməsi vəzifəsi cavabdeh "xxxx" MTK-nın üzərinə qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar