Məhkəmə qərarları › İş №2(005)-5154/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-5154/2025

23.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-5154/2025 23.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC və Cavabdeh2 qarşı “hərrac protokolunun etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-nin hərracın nəticələrinə dair 21 iyul 2025-ci il tarixli, **********38857984 nömrəli protokolunun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)- 44/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdeh İddiaçındən 75000 (yetmiş beş min) manat məbləğində pul vəsaitinin, mediasiya ilə əlaqədar ödənilmiş 410 (dörd yüz on) manat məbləğində xidmət haqqının və 10 (on) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 75420 (yetmiş beş min dörd yüz iyirmi) manat məbləğində pul vəsaitinin iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması, cavabdeh İddiaçındən dövlət rüsumunun qalığı kimi 305 (üç yüz beş) manat məbləğində pul vəsaitinin dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin qətnamə əsasında Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən icra vərəqəsi verilmiş və həmin icra vərəqəsi icra edilməsi üçün Şabran rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İş hazırda Şabran rayon İcra və Probasiya şöbəsinin icraatındadır. Şabran rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1 məhkəməyə təqdimatla müraciət edərək, borclu İddiaçı mülkiyyətində olan 01 ədəd "robort stanok", 01 ədəd "Lenta stanoku" (İran istehsali), 01 ədəd "Resmos taxtayonanı" (İran istehsali), 01 ədəd "taxtakəsən stanok", 01 ədəd işıq transformatoru (60 kv), 01 ədəd SHİVAKİ markali soyuducu, 01 epep plastmas su çəni (1000 lt.), mətbəx mebel dəsti, 04 ədəd qara rəngli stollar, 01 ədəd jurnal masası, 01 ədəd künc divanı, 06 ədəd stullar, 01 ədəd kreslo və 01 ədəd mebel rəfinin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Şabran rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(031)-11/2024 saylı qərardadına əsasən təqdimat təmin edilmiş, İddiaçı mülkiyyətində olan 01 ədəd "robort stanok", 01 ədəd "Lenta stanoku" (İran istehsali), 01 ədəd "Resmos taxtayonanı" (İran istehsali), 01 ədəd "taxtakəsən stanok", 01 ədəd işıq transformatoru (60 kv), 01 ədəd SHİVAKİ markali soyuducu, 01 ədəd plastmas su çəni (1000 lt.), mətbəx mebel dəsti, 04 ədəd qara rəngli stollar, 01 ədəd jurnal masası, 01 ədəd künc divanı, 06 ədəd stullar, 01 ədəd kreslo və 01 ədəd mebel rəfinin üzərinə Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən verilmiş 2-2(119)- 44/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsi tam şəkildə icra edilənədək həbs qoyulmuşdur. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-44/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi ilə əlaqədar, Şabran rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı və 233434/2023 saylı, xx.xx.2024-cü il tarixli müraciətinə əsasən İddiaçınə məxsus avadanlıqların bazar qiymətinin müəyyən edilməsi məqsədilə "xxxx" MMC tərəfindən qiymətləndirmə işi həyata keçirilmiş, qiymətləndirmə barədə xx.xx.2024-cü il tarixli, QXM3639 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, apardığımız araşdırmalar, təhlillər və hesablamalar nəticəsində, "xxxx" MMC-yə məxsus avadanlıqların bazar dəyəri 4000 (dörd min) manat təşkil etmişdir. Nəticədə Şabran rayon İcra və Probasiya Şöbəsi tərəfindən hərrac təşkilatına həmin əmlakların elektron hərracda satılması ilə bağlı xx.xx.2025-ci il tarixli sifariş göndərilmiş, əmlakların ilkin qiyməti 4000 manat, minimum satış qiyməti 2800 manat olaraq göstərilmişdir. "xxxx" MMC tərəfindən tərəflərə "elektron hərrac" portalı vasitəsi ilə açlq hərracın keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli bildiriş göndərilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, QXM3639 nömrəli qiymətləndirmənin nəticələri barədə hesabat əsassız olmuşdur. Belə ki, İddiaçınə məxsus qeyd olunan əmlakların qiyməti təxminən 15000 manat təşkil etməkdədir. "xxxx" MMC əmlakları bazar dəyərindən dəfələrlə az qiymət qoymaqla qiymətləndirmişdir. Bir sözlə "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmə formal qiymətləndirilmə olmuşdur. İddiaçı xx.xx.2025-ci il tarixli şikayət ərizəsi ilə Şabran rayon Məhkəməsinə müraciət edərək "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, QXM3639 nömrəli qiymətləndirmənin nəticələri barədə hesabatının ləğv edilməsi, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, QXM3639 nömrəli qiymətləndirmə hesabatına əsasən "xxxx" MMC-yə məxsus qiymətləndirilən avadanlıqların yenidən ekspert qiymətləndirilməsinin təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Nəticədə Şabran rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(031)-100/2025 saylı qərardadına əsasən şikayət təmin edilmiş, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, QXM3639 nömrəli qiymətləndirmənin nəticələri barədə hesabatı ləğv edilmiş, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, QXM3639 nömrəli qiymətləndirmə hesabatına əsasən "xxxx" MMCyə məxsus qiymətləndirilən avadanlıqların yenidən ekspert qiymətləndirilməsi təyin edilmişdir. İş məhkəmənin icraatında olarkən 05 iyul 2025-ci il tarixində ikinci təkrar hərracın keçirilməsi barədə elan verilmiş, xx.xx.2025-xx.xx.2025-ci il tarixlərində hərrac keçirilmiş və hərracın ilkin satış qiyməti 4000 (dörd min) manat, minimum satış qiyməti 2000 (iki min) manat, son satış qiyməti 2026 (iki min iyirmi altı) manat müəyyən edilmiş, hərracın qalibi isə Cavabdeh2 elan edilmişdir. Bu barədə hərracın nəticələrinə dair 21 iyul 2025-ci il tarixli protokol tərtib edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Mülki iş üzrə məhkəmə aidiyyəti məsələsi həll edilməli olduğundan məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırki işə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə və “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinə görə, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1 və 26.1-ci maddələrinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə isə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 24.2-ci maddəsinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Qeyd olunan normaların müqayisəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir və adı çəkilən hər üç qiymətləndirici meyarlar arasında qarşılıqlı bağlılıq olmalıdır. Mübahisənin predmeti aydınlaşdırılarkən yalnız hüquq münasibətlərinin mahiyyətinə və tərəflərin subyektiv tərkibinə deyil, həmçinin mübahisənin yarandığı səbəblərə də nəzər yetirilməlidir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarının 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Eyni Qərarın 13-cü bəndinə görə isə əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətini birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir (Qərarın 14-cü bəndi). Məhkəmə qeyd edir ki, işin kommersiya məhkəməsində baxılması üçün tərəflərin birgə sahibkarlıq fəaliyyəti həyata keçirmələri və ya onlar arasında müqavilənin olması zəruri şərt deyildir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, tərəflərin sahibkarlıq fəaliyyətini ayrı-ayrılıqda həyata keçirdiyi zaman yaranan mübahisələrə də kommersiya məhkəməsində baxıla bilər. Göstərilənlər əsasında hazırki iş üzrə işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla mübahisənin kommersiya məhkəməsinə aid olduğu müəyyənləşdirilir. Belə ki, təqdim edilmiş sənədlər əsasında və elektron məhkəmə informasiya sistemi vasitəsilə müəyyən edilmişdir ki, İddiaçı MMC və cavabdeh "Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC kommersiya hüquqi şəxsləridir. Yuxarıda qeyd olunduğu kimi, ən azı iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda sahibkarlıq fəaliyyətini həyata keçirilmələri ilə əlaqədar yaranmış mübahisələrə kommersiya məhkəmələri tərəfindən baxılır. Hazırki iş materiallarından görünür ki, Sumqayıt Kommersiya Məhkəməsinin qətnaməsi ilə borcun tutulması qət edilmişdir. Məhz Kommersiya Məhkəməsinin icra sənədinin icrası zamanı cavabdehin əmlakları borcun ödənilməsi məqsədilə hərracda satılmışdır. Hazırki tələb isə keçirilmiş hərracın nəticələrinin etibarsızlığı ilə bağlıdır. Beləliklə, hazırki mübahisənin predmeti tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlir və hüquq münasibətlərinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə görə isə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Mülki Prosessual Məcəllənin 32.3 və 32.4-cü maddələrinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.5-ci maddəsinə uyğun olaraq aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, kommersiya hüquqi şəxsi olan iddiaçının kommersiya hüqiqi şəxsinə qarşı hərracın yekunlarının etibarsız hesab edilməsi tələbi kommersiya mübahisəsi olduğundan, iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25, 31, 32 və 263-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC və Cavabdeh2 qarşı “hərracın protokolunun etibarsız hesab edilməsi” tələbinə dair mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar