Məhkəmə qərarları › İş №2(005)-5231/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-5231/2025

25.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-5231/2025 25.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızı, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A), açıq məhkəmə iclasından kənar nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən törədilmiş qanunsuz hərəkətlərə hüquqi qiymət verilməsini, vurulmuş mənəvi zərərin məhkəmə tərəfindən müəyyən edilərək cavabdeh tərəfindən ödənilməsini, sındırılmış telefonuna dəymiş maddi ziyanın cavabdeh tərəfindən ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Nəzərə alınmalıdır ki, qanunvericiliklə şəxsin məhkəməyə yazılı müraciətinin, habelə iddia ərizəsinin qəbul olunması üçün forma və məzmuna dair bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2-ci maddəsi ilə iddia ərizəsində göstərilməli olan məlumatların dairəsi imperativ olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2 və 149.2.3-cü maddələrinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. Hazırki iddia ərizəsində cavabdeh qismində “Cavabdeh” göstərilmiş, həmin şəxsin zəruri məlumatları (ata adı, şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar) tam olaraq qeyd edilməmiş, iddiaçı tərəfindən göstərilmiş məlumatlarla cavabdeh qismində göstərilən şəxsin şəxsiyyətini eyniləşdirmək, bununla da ona dair zəruri məlumatları (qeydiyyat ünvanı və s.) “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə müəyyən etmək mümkün olmamışdır. Digər tərəfdən iddiaçı iddia ərizəsində tələbini dəqiq ifadə etməmiş, dəymiş – tələb etdiyi zərərin məbləğini göstərməmiş, ümumi qaydada ona dəymiş mənəvi zərərin və telefona dəymiş maddi ziyanın ödənilməsini xahiş etmişdir. Bununla yanaşı qanunvericiliyə əsasən, iddia ərizəsinə cavabdehlərin sayına görə bütün yazılı sübutların və iddia ərizəsinin surətləri əlavə edilməli olmasına baxmayaraq, iddiaçı tərəfindən bu qaydaya da riayət edilməmişdir. İddia ərizəsinin AR MPM-in 149-cu, 150.1.1-ci maddəsi ilə imperativ qaydada müəyyən olunmuş formasına və məzmununa riayət edilməməsi isə iddia ərizəsinin məhkəmə tərəfindən geri qaytarılması üçün əsasdır. Eyni zamanda iddianın predmeti və qiyməti dəqiqləşməli və ona uyğun olaraq dövlət rüsümu ödənilməlidir. Belə ki, iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. Məhkəməyə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri isə “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsi ilə müəyyənləşdirilir. İddiaçının dövlət rüsumundan azad olmasına (“Dövlət rüsumu” haqqında AR Qanununun 9-cu maddəsi) dair sübutlar isə ərizəyə əlavə edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. - 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. -152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. - 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. - 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. - 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. - 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, o, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152.1.3, 152.2, 268- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar