Məhkəmə qərarları › İş №2(005)-53/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-53/2023

06.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-53/2023 06.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" MMC-nin direktoru Cavabdeh2 və Cavabdeh1 iddiaçılara dəymiş maddi ziyana görə 1150 manat, mənəvi ziyana görə 10000 manat, cəmi 11150 manat pulun, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pulun İddiaçı1 və İddiaçı2 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçılar 2019-cu ilin avqust ayının 31-i tarixində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Cavabdeh2 ilə xaricdə təhsil almaq üçün müqavilə bağlamışlar. Musayeva X1 Şərifi internet vasitəsi ilə və “Xəzər” telekanalındakı çıxışlarından tanımış və inanmışdır. Tərəflər arasında əldə edilmiş razılığa əsasən iddiaçılar 1150 manat ilkin ödəniş etməli idi. Onlar bu puldan 750 manat məbləği müqavilə bağlandığı tarixdə nağd şəkildə ödəmiş, qalan 400 manat məbləği isə poçt rabitə vasitəsi ilə köçürmüşdür. İddiaçılar bildirir ki, həmin məbləği "xxxx" Açıq Səhmdar Cəmiyyətindən borc götürmüşlər və hal-hazırda ödənişlər edirlər. İddiaçı bildirir ki, Cavabdeh2 onlara İddiaçı2 təhsili ilə bağlı hərbi xidmət üçün möhlət alacağını bildirmiş və iddiaçılar ona inanmışdır. Lakin bununla bağlı heç bir tədbir görülməmişdir və İddiaçı2 hərbi xidmət keçmişdir. Beləliklə, iddiaçılar Cavabdeh2 tərəfindən aldadılmış, həm təhsildən, həm də pul məbləğindən məhrum olmuşlar. Bununla bağlı dəfələrlə Cavabdeh2 ilə danışıqlar aparılmağa çalışılsa da heç bir nəticəsi olmamışdır. Bu halla bağlı Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinə də müraciət edilmişdir. Məhkəmə iclasında İddiaçı2 iddia tələbinə uyğun izahat verərə, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini özünə münasibətdə əsassız hesab etdiyini bildirərək, həmin hissədə təmin edilməməsini xahiş etdi. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Cavabdeh2 baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında: 060/0160584/000A saylı Kredit müqaviləsindən müəyyən olunur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti 36 ay müddətinə illik 26.9 faiz dərəcəsi ilə 2150 manat pulu İddiaçı1 borc vermişdir. 31 avqust 2019-cu il tarixli İddiaçı2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış müqavilədən müəyyən olunur ki, müqavilənin 1.2-ci bəndinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Türkiyə Respublikasının Karabük şəhərində magistr dərəcəsi üzrə “menecment” ixtisası üzrə müqavilənin digər tərəfinin təhsil almasına əvəzi ödənilməklə xidmət göstərir. xx.xx.2019-cu il tarixli kassa mədaxil orderinin qəbzindən müəyyən olunur ki, İddiaçı2 tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xidmət haqqının qarşılığı olaraq 750 manat ödəniş edilmişdir. xx.xx.2019-cu il tarixli poçt qəbzindən müəyyən olunur ki, 400 manat pul məbləği İddiaçı1 tərəfindən Cavabdeh1 ödənilmişdir. SX ******* nömrəli hərbi biletdən müəyyən olunur ki, İddiaçı2 hərbi xidmətə çağırılmış və 15 oktyabr 2019-cu il tarixdə hərbi hisssəyə göndərilmişdir. xx.xx.2021-ci il tarixdə hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı1 tərəfindən Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinə ünvanlanmış şikayət ərizəsindən müəyyən olunur ki, İddiaçı1 “Bakı Təhsil Traininq” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Cavabdeh2 tərəfindən aldadılaraq pulunun mənimsənildiyini, ona maddi və mənəvi zərər vurulduğunu bildirərək, müvafiq tədbirlər görülməsini xahiş etmiişdir. xx.xx.2020-ci il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan müəyyən olunur ki, tərəflər arasında yaranmış mübahisənin mülki xarakterli olması səbəbindən cinayət işinin başlanılması rədd edilmiş, İddiaçı1 iddiası ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüqunun olması izah edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -386.1-ci maddəsinə əsasən “…öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır”; -390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; -390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir; -404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır; -404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır; -427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; -445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Cavabdeh2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh tərəflər arasındakı razılaşma ilə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçı qarşısındakı öhdəliyini razılaşma ilə nəzərdə tutulan qaydada icra etməyərək, bununla da müqavilə şərtlərini pozmuşlar. Buna görə də onlar, qanunvericiliklə onların risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduqlarından, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, vurduğu zərərin əvəzini iddiaçıya ödəməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi digər Cavabdeh1 münasibətdə təmin edilə bilməz. Belə ki, iş materiallarından Cavabdeh1 məsuliyyət daşıması, iddiaçılara maddi ziyanm vurması halı müəyyən edilməmişdir. Cavabdeh1 iddiaçılarla hər hansı müqavilə bağlamamış, öz üzərinə hər hansı öhdəlik götürməmişdir. İddiaçı tərəf də Cavabdeh1 hazırda baxılan mübahisə üzrə öhdəlik daşıdığını təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. 400 manat məbləğində pulun poçt vasitəsilə Cavabdeh1 ödənilməsi işin mübahisəsiz halı olsa da (mədaxil qəbzi ilə təsdiq edilir), cavabdeh həmin pulu Cavabdeh2 ödədiyini bildirmiş, özünün də həmin şəxsdən şikayətçi olduğunu qeyd etmişdir. İddiaçılar heç vaxt Cavabdeh1 ilə birbaşa münasibətdə olmamış, onu tanımamış, hər hansı pul məbləğini ödəməmişdirlər. Cavabdehin dediklərini təkzib edəcək sübutları məhkəməyə təqdim edə bilməmişlər. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu normanın mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə tərəflərin mənəvi zərər tələbləri ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə öz öhdəliklərini icra etməməsi iş materialları ilə öz təsdiqini tapdığından iddia mənəvi zərərin ödənilməsi hissəsində də təmin edilməlidir. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Cavabdeh2 maddi zərərə görə 1150 manat pul məbləği və 30 manat dövlət rüsumu İddiaçı1 və İddiaçı2 xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Cavabdeh2 maddi zərərə görə 1150 manat pul məbləği və 30 manat dövlət rüsumu İddiaçı1 və İddiaçı2 xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar