Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-6/2020 26.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, İmaməliyev Hüseyn Qeyrət oğlunun katibliyi Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 9 saylı Notariat Kontoruna və Cavabdeh1 qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 9 saylı Notariat Kontoruna və Cavabdeh1 qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2016-cı il tarixdə Cavabdeh1 ilə onun arasında Bakı şəhəri 9 saylı Notariat Kontorunda bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Rusiyada yaşayan Cavabdeh1 iddiaçı bir neçə ildir ki, tanıyır. Tanışlıqları ticarət qurulması ilə bağlı olub. Belə ki, meyvə-tərəvəz ticarətinin təşkili ilə bağlı Cavabdeh1la iddiaçı arasında 2014-ci il tarixdə razılaşma olmuşdur. Razılaşmaya görə, Türkiyədən meyvə-tərəvəz alınması, Rusiyaya göndərilməsi və satılması işini birlikdə təşkil etməli idilər. Bu işin maddi təchizatını, yatırımını o etməli, meyvə-tərəvəzin alınmasım və göndərilməsini iddiaçı həyata keçirməli idi. Ticarətin qurulması ilə bağlı söhbətlərində Cavabdeh1 bildirmişdi ki, özünün pulu olmadığı üçün, başqa şəxsi, yaxın dostunu bu işə cəlb edəcək, yatırımı da o edəcəkdir. Beləliklə, razılaşmaları əsasında Cavabdeh1 tatar millətindən olan dostu ticarət üçün lazım olan pulu Avropadakı banklardan biri vasitəsilə İstanbuldakı öz nümayəndələrinin də işlədiyi bir şirkətə göndərdi və hətta aralarında bir etibarlılıq olsun deyə iddiaçını də həmin şirkətə payçı qismində ortaq etdilər. Pul İstanbuldakı şirkət hesabına hissə-hissə köçürülürdü. Həmin şirkətdən isə ümumi ticarətləri üçün lazım olan miqdarlar imza səlahiyyəti olan başqa bir şirkətə köçürülürdü. Qeyd edim ki, iddiaçıya lazım olan pul miqdarı köçürüldükdən sonra bu pullar meyvə-tərəvəz alınmasma, nəqlinə, bununla bağlı olan işlərə sərf olunurdu. Bəzən, elə olurdu ki,Cavabdeh1 özü də ümumi işlər və gələcək ticarətlərinin təşkili, mövcud ticarətin gələcəkdə genişləndirilməsi ilə bağlı zəruri məsələlər üçün bu puldan müəyyən miqdar istəyir, iddiaçı da etiraz etmədən verirmiş. 2014-cü ilin sentyabr ayından 2015-ci ilin avqust ayına kimi təxminən bir il ərzində ******* ABŞ dolları məbləğində pul hesablarına yatırıldı. Daxil olan puldan Cavabdeh1 təxminən cəmi 280000 ABŞ dollarına yaxın nağd pul verilmişdir. Digər pulları isə razılaşdırılmış ticarət üçün zəruri olan işlərin görülməsinə, ticarətin qurulmasına sərf etmişlər. İşlərinin gedişində obyektiv səbəblərdən bir sıra uğursuzluqlar oldu. Həmçinin, işlərin gedişində məlum oldu ki, bu işi qurmaq üçün öncədən düşündükləri yatırım məbləği azlıq edir, əlavə yatırıma ehtiyac vardır. Lakin işlərin uğursuz alındığı üçün Cavabdeh1 pul yatıran dostundan yatırım üçün əlavə pul ala bilmədi. Onlar birlikdə yollar axtarır, yeni investisiya mənbələri düşünürdülər. 2016-cı ilin fevral ayında bununla bağlı Bakıda olarkən Cavabdeh1 bildirdi ki, tatar dostundan ticarətin davamı üçün əlavə pul ala bilər. Lakin bildirdi ki, tatar dostunu bu dəfə pulun batmayacağına nə iləsə inandırmaq lazımdır. O bildirdi ki, "gəl notariusda görünüş üçün bir borc müqaviləsi bağlayaq, guya mən sənə borc pul vermişəm, mən də həmin müqaviləni tatara göstərərəm ki, bu dəfə yatıracağın pul barəsində narahat olma, Faiqlə iddiaçı arasında borc müqaviləsi var ", Qeyd edir ki, həmin vaxt iddiaçının Samirlə münasibətləri yüksək səviyyədə idi, can deyib, can eşidirmişlər. Bu üzdən onların iddiaçıya qarşı düşünülmüş hər hansı bir planının olması və yaxud ola biləcəyi iddiaçının heç ağlına belə gəlmir, yaxud bu fikri ağlına belə gətirmir. Bu səbəbdən bildirmiş ki, "sən necə məsləhət bilirsənsə, o cür də edək”. Hətta, iddiaçı onu o dərəcədə güvənirmiş ki, müqavilədə formal olaraq yazılan pulun məbləğinə belə önəm verməmiş. Özü-özlüyündə düşünmüş ki, dostu Samir aralarında formal olaraq bağlanacaq müqavilənin nə cür yazılmasını, məbləğin nə qədər göstərilməsini zəruri bilirsə, qoy o cür də yazılsın. nə olacaq ki, təki tatar dostu ilə anlaşa bilsin, onu ticarətə ayrılacaq pulun batmayacağına inandıra bilsin ki, əlavə pul ala bilsin və axsayan ticarətlərini dirildə bilsinlər. Onu da qeyd edir ki, Cavabdeh1 hər dəfə bildirirdi ki, "tatar dostunun pula ehtiyacı yoxdur, bu pullar onun üçün qəpik-quruşdur, pulun bata biləcəyindən də narahat deyil, hər ticarətin öz risqi vardır, pul batsa belə söz-söhbət olacağını düşünmür, çünki ticarət qarşılıqlı etibarlılıq üzərində qurulub. Amma bildirdi ki, "tatar dostunun bir xüsusiyyəti vardır ki, o, dürüstlüyə qiymət verir, buna görə də aramızda etibarlılıq üçün bir müqavilə bağlasaq onu daha da inandırmış olar. Beləliklə, xx xxxxxx 2016-cı il tarixdə Bakı şəhərində 9 saylı notariat kontorunda Cavabdeh1la iddiaçı arasında uydurma borc müqaviləsi bağlandı. Müqavilənin məzmununu Cavabdeh1 sözləri ilə notarius işçiləri tərtib etdilər. Sonra iddiaçı heç gözünün ucu ilə də baxmadan müqaviləyə imza etmişdir. Samirə o dərəcədə inanırmış ki, heç müqavilənin surətini belə götürməmişdir. Hal-hazırda məhkəməyə təqdim etdiyi müqavilənin surətini notariat kontoruna müraciət edərək əldə etmişdir. Elə həmin gündə də birlikdə Bakıdan İstanbul şəhərinə gəlmiş və ticarətin davamı üçün pul gözləməyə başlamışlar. Hər dəfə Cavabdeh1la görüşüb, yaxud telefonla danışıb gələcək pul köçürülməsi barədə soruşduqda o, bu gün-sabah söyləyir, dostunun investisiya yatırımını davam etdirəcəyini, pulu köçürəcəyini bildirmişdir. Lakin aylar keçsə də pul yatırılmadı, ticarəti də davam etdirə bilməmişlər. Cavabdeh1la aralarında soyuqluq yarandı və münasibətləri korlandı. İşləri yarımçıq qaldı, ticarətləri isə iflas oldu. Hal-hazırda, Cavabdeh1la münasibətləri soyuq olan bu vaxtında hesab edir və düşünür ki, onunla aralarında görünüş üçün bağladıqları uydurma müqavilədən o, iddiaçıya qarşı istifadə edə bilər. Buna görə də həmin müqaviləni məhkəmə qaydasında etibarsız hesab etdirmək niyyətindədir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, həmin müqavilə məzmunca mülki-hüquqi xarakterli deyildir, hüquqi nəticələr yaratmaq üçün bağlanmamışdı. Həmin məbləğdə borc pula iddiaçının Bakı şəhərində ehtiyacı yox idi, bu məbləğdə pulun borc alınması istəyi, fikri, iradəsi ümumiyyətlə, heç vaxt olmamışdır, yəni müqavilənin bağlanması həqiqi iradəsinin ifadəsi deyildi. Müqavilə üzrə iddiaçıya nağd olaraq Bakı şəhərində həmin gün və ya ondan əvvəlki günlərdə heç bir borc məbləği ödənilməyib, bu məbləğdə pulu iddiaçı nə qəbul etmiş, nə almış, nə dəki özü ilə xaricə aparmışdır. Bunu gömrük orqanlarına sorğu verməklə də təsdiq etmək mümkündür. Həmçinin, əgər 9 saylı notariat kontorunda video-müşahidə qurğularının qeydləri ilə bağlı arxivləşmə aparılırsa, bu görüntülər də təsdiq edə bilər ki, iddiaçı Cavabdeh1 notariat kontorunda pul qəbul etməmişdir. Müqavilə notariat orqanında imzalandıqdan sonra həmin müqavilə üzrə iddiaçının heç bir ödənişi olmayıb və tərəflər arasında ödənişlə bağlı belə bir niyyətlər də olmamışdır. Cavabdeh1 müqavilənin icrası və borcun ödənilməsi, ödənişlərin icra olunması və ya gecikdirilməsi, gecikdirilmənin səbəblərinin aydınlaşdırılması ilə bağlı olaraq iddiaçıya qarşı heç bir tələb, iddia irəli sürməyib, onun iddiaçıya ünvanlanmış hər hansı şəkildə, şifahi və ya yazılı formada hər hansı müraciətləri olmayıb. Müqavilə 3-cü şəxs qarşısında etibar qazanmaq üçün və gələcək yatırım təminatı üçün görünüş olaraq bağlanmışdı ki, belə bir yatırım da həyata keçməmişdir. Həmin müqavilə cavabdehlə iddiaçı arasında uydurma olaraq, saxta və formal olaraq, həqiqətə uyğun olmayan və həqiqəti əks etdirməyən məzmunda bağlanmışdı. Cavabdeh1 bu məbləğdə pulu olmayıb, həmin pula Bakıda malik olmasına dair, yaxud bu məbləğdə pulu Rusiyadan Bakıya gətirməsinə dair hər hansı sübutu-dəlili yoxdur. Məhkəmədən xx xxxxxx 2016-cı il tarixdə Cavabdeh1 ilə iddiaçı arasında Bakı şəhəri 9 saylı notariat kontorunda bağlanmış kredit müqaviləsinin etibarsız hesab olunmasına dair qətnamə qəbul etmənizi xahiş edir. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsi ilə eyniməzmunlu ifadə verərək iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı və Bakı şəhəri 9 saylı Notariat Kontoru məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Lakin Bakı şəhəri 9 saylı dövlət Notariat Kontoru məhkəmə iclasının iştirakı olmadan keçirilməsinə dair ərizə təqdim etmiş və məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini qəbul etməyərək, iddia tələbinin əsassız olduğundan rədd edilməsini xahiş etdi. İddiaçı və digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, iddiaçı və digər cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2016-cı il tarixli reyestrdə 3M-234 nömrə ilə qeyd edilmiş Kredit müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında Kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə görə “Borc verən” “Borc alana” ******* ABŞ dolları şəklində verilir, bugünki manatla kurs üzrə (1 ABŞ dolları=1.60) 2640000,00 AZN məbləğində pul borc verir. 2-ci bəndinə əsasən “Borc alan” krediti xx.xx.2017-ci il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürür. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, Cavabdeh1 ilə İddiaçı arasında xx.xx.2016-cı il tarixli reyestrdə 3M-234 nömrəli Kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə görə “Borc verən” “Borc alana” ******* ABŞ dolları şəklində verilir, bugünki manatla kurs üzrə (1 ABŞ dolları=1.60) 2640000,00 AZN məbləğində pul borc verir. 2-ci bəndinə əsasən “Borc alan” krediti xx.xx.2017-ci il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürür. İddiaçı ona cavabdeh tərəfindən həmin miqdarda pul vəsaitinin heç bir zaman verilməməsi, pulun iddiaçının adına mədaxil edilməsi ilə bağlı heç bir sənəd və sübut mövcud olmaması, müqavilənin 3-cü şəxs qarşısında etibar qazanmaq üçün və gələcək yatırımın təminatı üçün görünüş olaraq bağlanmışdı ki, belə bir yatırımın da həyata keçmədiyini, həmin müqavilənin cavabdehlə onun arasında uydurma olaraq saxta və formal həqiqətə uyğun olmayan və həqiqəti əks etdirməyən məzmunda bağlandığını, cavabdehin bu həcmdə pulunun olmadığını, həmin pula Bakıda malik olmasına dair, yaxud da bu məbləğdə pulu Rusiyadan Bakıya gətirməsinə dair hər hansı sübutu, dəlilinin olmadığını bildirir, bununla da qeydə alınmış kredit müqaviləsinin uydurma əqd olduğunu iddia edir. Cavabdeh tərəf istinad olunan hallara etiraz edərək, əqdin uydurma olmadığını,habelə iddia müddətinin tətbiq edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi ilə bağlı proseslər xx.xx.2016-cı il tarixdə yarandığından Azərbaycan Respublikası MPM-nin 217.2ci maddəsinə əsasən mübahisəli hüquq münasibətlərinin yarandığı zaman “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvədə olan müvafiq müddəaları tətbiq olunmalıdır. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun: 74-cü maddəsinə əsasən, notarius qanunvericilikdə nəzərdə tutulmuş hallarda kreditora verilmək üçün borcludan pul məbləğlərini və qiymətli kağızları depozitə qəbul edir. Notarius pul məbləğlərinin və qiymətli kağızların daxil olması haqqında kreditora məlumat verir və kreditorun tələbi ilə bu pul məbləğini və ya qiymətli kağızları ona verir. Pul məbləğlərini və qiymətli kağızları öhdəliyin icrası yerinin notariusu depozitə qəbul edir. Məhkəmə qeyd edir ki, xx xxxxxx 2018-ci il tarixli 1334-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, xx xxxxxx 2018-ci il, № 263, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2230) ilə 74-cü maddədə dördüncü, beşinci və altıncı hissələr müvafiq olaraq beşinci, altıncı və yeddinci hissələr hesab edilmişdir və yeni məzmunda dördüncü hissə əlavə edilmişdir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsi dəyişiklik edilməklə aşağıdakı redaksiyada verilmişdir. ....Daşınmaz əmlaka və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlaka sərəncam verilməsi, habelə pul bağışlanılması, beh və borc verilməsi, eləcə də ilkin müqavilə üzrə ödənilən məbləğlə bağlı müqavilələr notariat qaydasında təsdiq edilərkən, pul vəsaitinin tərəflərdən birinin digərinə verilməsi və qaytarılması notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilir. ....Notarius belə müqavilələri pul məbləğinin bankda açılmış depozit hesabına ödənilməsi barədə qəbz təqdim edildikdən sonra təsdiq edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2019-cu il tarixli qərarında qeyd olunur ki, ... Nəzərə alınmalıdır ki, hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikaının Mülki Məcəllənin: 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair xx xxxx 2019-cu il Qərarına əsasən... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarda formalaşdırdığı hüquqi mövqeyə görə... çəkişmə prinsipinin əsasını həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə görə, tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır...Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir....Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır... Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir... Bununla bağlı olaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, Konstitusiyada təsbit olunmuş tərəflərin çəkişməsi prinsipi və əsl (obyektiv) həqiqət bir araya sığmayan məfhumlardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə hesab edir ki, hazırki mübahisə ilə bağlı sübutetmə yükü İddiaçı üzərinə düşür. Məhkəmə qeyd edir ki, Bakı şəhəri 9 saylı dövlət Notariat Kontorunda xx.xx.2016-cı il tarixli “borc verən” Cavabdeh1 ilə “borc alan” İddiaçı arasında kredit müqaviləsi bağlanan zaman “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda iddiaçının qeyd etdiyi əsaslar üzrə, yəni ona cavabdeh tərəfindən həmin miqdarda pul vəsaitinin heç bir zaman verilməməsi, pulun iddiaçının adına mədaxil edilməsi ilə bağlı heç bir sənəd və sübut mövcud olmaması, müqavilənin 3-cü şəxs qarşısında etibar qazanmaq üçün və gələcək yatırımın təminatı üçün görünüş olaraq bağlanmışdı ki, belə bir yatırımın da həyata keçmədiyini, həmin müqavilənin cavabdehlə onun arasında uydurma olaraq, saxta və formal, həqiqətə uyğun olmayan və həqiqəti əks etdirməyən məzmunda bağlandığını, cavabdehin bu həcmdə pulunun olmadığını, həmin pula Bakıda malik olmasına dair yaxud da bu məbləğdə pulu Rusiyadan Bakıya gətirməsinə dair hər hansı sübutu, dəlilinin olmadığı, bu səbəbdən də xx.xx.2016-cı il tarixdə bağlanmış kredit müqaviləsinin uydurma, saxta və formal, həqiqətə uyğun olmayan və həqiqəti əks etdirməyən əqd olması və başqa məqsədlər üçün bağlanması halları sübuta yetmir. Məhkəmə iclasında Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış kredit müqaviləsinin görünüş üçün bağlanmasını, yəni uydurma əqd olmasını təsdiq edəcək hər hansı hal müəyyən edilməmişdir. Həmin əqdi mübahisələndirən İddiaçı da bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Göründüyü kimi kredit müqaviləsi ilə bağlı həyata keçirilən bütün əməliyyatlar qanunvericiliyin tələblərinə, MM-nin mülki qanunvericiliyin prinsiplərini əhatə edən 6-cı maddəsində nəzərdə tutulan mülki hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi və müqavilə azadlığı, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsində ifadə olunan hüquqi müəyyənlik, mütənasiblik və qanunilik prinsiplərinə uyğundur. Bundan başqa Cavabdeh1 səlahiyyətli nümayəndəsi (iddiaçının qardaşı) X2 tərəfindən iddia müddətinin ötürülməsinə dair ərizə təqdim edilərək, İddiaçı cavabdeh Bakı şəhəri 9 saylı Notriat kontoruna və Cavabdeh1 qarşı xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsinin etibarsız hesab olunması tələbinə dair iddia müddətinin tətbiq edilməsi və iddia tələbinin rədd edilməsi rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd etməyi zərur hesab edir ki, qüvvədə olan mülki qanunvericiliyə görə, müddətin keçməsinə görə müqavilənin ləğv edilməsi üzrə tələblərə iddia müddəti tətbiq oluna bilər, müqavilənin etibarsızlığına dair tələblərə isə bundan fərqli olaraq qanunda nəzərdə tutulan “kəsici müddətlər” tətbiq edilməlidir. Belə ki, MM-nin 354.2-ci maddəsinə görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Ali Məhkəmənin Mülki Kollegiyası Mülki Məcəllənin həmin maddəsinin hüquqi mahiyyəti ilə əlaqədar qeyd etmişdir ki, etibarsız əqdlər üzrə müddətlər qanunvericilik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. xx xxxx 2005-ci il tarixdə qəbul edilmiş və xx xxxxxx 2005-ci il tarixdə qüvvəyə minən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 949-İİQ nömrəli Qanunu ilə 354-cü maddənin adında “iddia müddətləri” sözləri “müddətlər” sözü ilə, 354.1-ci maddəsində “on gün” sözləri “bir il” sözləri ilə əvəz edilmiş və 354.2-ci maddəsinə “Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər” redaksiyası verilmişdir. Yuxarıda qeyd olunduğu kimi, MM-nin 354.2-ci maddəsinə əsasən, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Qanunvericliyə edilmiş dəyişikliklərdən müəyyən edilir ki, həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, mübahisələndirilən kredit xx.xx.2016-cı ildə tərəflərin iştirakı ilə, Bakı şəhəri 9 saylı dövlət Notariat Kontorunda bağlanmışdır. İddiaçı sözügedən müqavilənin etibarsız sayılmağa əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində mübahisələndirmiş və belə olan təqdirdə iddiaçı 1 il ərzində əqdin etibarsızlığını mübahisə etmək hüququndan istifadə etdiyinə görə müddətin keçməsinə görə subyektiv hüququndan məhrum olmamışdır. Beləliklə məhkəmə qeyd edir ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (MülkiMəcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə 10 həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, habelə uydurma və yalan əqdlər etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 340-cı maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən kredit (borc) müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göründüyü kimi, işin mübahisəsiz halı kimi müəyyən olunur ki, xx.xx.2016-cı il tarixli kredit (borc) müqaviləsinə əsasən “borc verən” Cavabdeh1 və “borc alan” İddiaçı kredit (borc) müqaviləsinin bağlanmasında iştirak etmiş, tərəflər müqavilə azaldığı şəraitində (AR MM-nin 390-cı maddəsi) müqaviləni bağlamış, müqavilənin forma və məzmununa qanunvericiliyin tələblərinə uyğun əməl olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.Adı çəkilən Məcəllənin 80cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Bakı şəhəri 9 saylı Notariat Kontoruna və Cavabdeh1 qarşı “əqdin etibarsız hesab edilməsi”nə dair iddia tələbi əsassız olduğundan və məhkəmə araşdırması sübuta yetirilmədiyindən təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 9 saylı Notariat Kontoruna və Cavabdeh1 qarşı “əqdin etibarsız hesab edilməsi”nə dair iddia tələbi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-6/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-6/2020
26.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver