Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-604/2021 10.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı “xxxx” ASC-nin nümayəndəsi X2, Cavabdeh2 iştirakları ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı “xxxx” ASC-nin Cavabdeh2 Hüseyin oğluna qarşı “subroqasiya qaydasında pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 Hüseyin oğlu və Cavabdeh3 910 (doqquz yüz on) manat məbləğində verilmiş sığorta ödənişinin və 30,40 (otuz manat qırx qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin “xxxx” ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxx” ASC-də xx xxxxxx 2018-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “Ford Transit” markalı 90SZ288 dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində xx xxxx 2019-cu il tarixdə Gəncə şəhərində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində X4 tərəfindən idarə olunan “VAZ-2106” markalı 57CA060 dövlət qeydiyyat nişanlı avtomobilə toqquşaraq onu zədələmişdir. Gəncə şəhər DYPŞ-nin qərarı ilə Cavabdeh2 Hüseyin oğlu qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verərəkən Cavabdeh2 Hüseyin oğlu avtomobili etibarnamə olmadan idarə etmişdir. Zərərçəkən avtomobilinin zədələnməsi əlaqədar 910 manat məbləğində sığorta ödənişi verilmişdir. İddiaçı “xxxx” ASC-nin nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərərk iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 Hüseyin oğlu xx.xx.2021-ci il tarixdə məhkəməyə dəftərxana vasitəsi ilə təqdim etdiyi ərizə uyğun izahat verərək bildirdi ki, nəqliyyat vasitəsi olan VAZ 2106 markalı **-CA-*** qeydiyyat nömrəli avtomobilə 910 manat zərər vurulması ilə bağlı razı olduğundan ekspertiza keçirlməsinin istəmir. Eyni zamanda digər cavabdehlər nəqliyyat vasitəsini etibarnamə ilə ona verdiyindən onların məsuliyəti yoxdur. Bununla belə nəqliyyat vasitəsini etibarnamə ilə idarə etdiyindən təqsirinin olmadığı üçün iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası 185.5-ci maddəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; xx.xx.2019-cu il tarixli TP3175064 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Gəncə şəhər Dövlət Yol Polisi Şöbəsi tərəfindən xx.xx.1985-ci ildə anadan olmuş ünvan 1 ünvanında qeydiyyatda olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Cavabdeh2 Hüseyin oğlu barəsində tərtib edilmiş xx.xx.2019-cu il tarixli XP2773828 nömrəli protokola və inzibati xəta haqqında digər materiallarına baxaraq Cavabdeh2 Hüseyin oğlunun xx.xx.2019-cu il tarixdə saat 15:00-da Gəncə şəhəri Ş.İ.Xətai prospekti ərazisində X8 markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə nəticədə Cavabdeh2 Hüseyin oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Nəqliyyat vasitəsinin AC077288 nömrəli qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-SZ-*** dövlət qeydiyyat nömrəli, buraxılış ili 1998-ci il, Ford markalı, avtomobili Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. xx.xx.2019-cu il tarixli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında xx.xx.2019cu il tarixdə saat 16:20-də verilmiş etibarnamənin surətindən görünür ki, Cavabdeh1 Cavabdeh2 Hüseyin oğluna X8 markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 1998-ci il olan nəqliyyat vasitəsi idarə etməyə verilmişdir. xx.xx.2019-cu il tarixədək etibarnamə qüvvədədir. “xxxx” ASC tərəfindən xx.xx.2019-cu il tarixli dəymiş zərərin hesablanmasına dair aktın surətindən görünür ki, **-CA-*** dövlət qeydiyyat nömrəli, buraxlış ili 1995-ci il, ağ rəngli, vaz 21060 markalı avtomobilə dəymiş zərərə görə 910 manat məbləğində pul vəsaiti hesablanmışdır. xx.xx.2019-cu il tarixli 02467 nömrəli sığorta ödənişinin surətindən görünür ki, sığortaçı sığorta hadisəsinə görə zərərvurulan X3 910 (doqquz yüz on) manat məbləğində sığorta ödənişi etmişdir. Daşkəsən RPŞ tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № 09147358 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, X4 xx.xx.1989-cu ildə Daşkəsən rayonu, Xoşbulaq kəndində anadan olmuş və Daşkəsən rayonu, Xoşbulaq kəndində qeydiyyatdadır. DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh3 xx.xx.1987-ci ildə ünvan 2 ünvanında qeydiyyatdadır. DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 xx.xx.1957-ci ildə Ağdaş rayonu, Gürcüvan kəndində anadan olmuş və ünvan 3 ünvanında qeydiyyatdadır. DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 Hüseyin oğlu xx.xx.1985-ci ildə Gəncə şəhərində anadan olmuş və ünvan 4 ünvanında qeydiyyatdadır. xx.xx.2020-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinə əsasən (Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) yol hərəkəti iştirakçıları üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə (yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi ( iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və ( və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. “İcbari sığortalar haqqında” Qanunun 23.1.6-cı maddəsində sığortaçının sadalanan hüquqları sırasında sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ da nəzərdə tutulmuşdur. Həmin Qanunun 25.1.3-cü maddəsində sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnun yarandığı hallar sırasında o da qeyd edilir ki, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2018-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “Ford Transit” markalı 90SZ288 dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində xx xxxx 2019-cu il tarixdə saat 15:00-da Gəncə şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X4 tərəfindən idarə olunan “Vaz-2106” markalı 57CA060 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. xx.xx.2019-cu il tarixdə xxxx tərəfindən tərtib olunmuş dəymiş zərərin hesablanmasına dair aktında avtomobilə dəymiş zərər 910 manat qiymətləndirilmiş və sığortaçıya bu məbləğ ödənilmişdir. Hadisə olan vaxtı nəqliyyat vasitəsini idarə etməyə etibarnamə verilməmişdir. Daha sonra hadisə olan tarixdə saat 16:20-də Cavabdeh2 adına etibarnamə qeydiyyatdan keçmişdir. Məhkəmə iddia tələbinin əsaslarını, həmçinin iddiaçı “xxxx” ASC-nin gətirdiyi arqumentləri araşdıraraq hadisə olan vaxtı saat 15:00-da nəqliyyat vasitəsini idarə etməyə etibarnamə verilmədiyini, hadisə sonra isə həmin gün saat 16:20-də Cavabdeh2 adına etibarnamə qeydiyyatdan keçdiyini və Cavabdeh2 vurulmuş zərərin həcmini ekspertiza keçirilmədən qəbul etdiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh2 Hüseyin oğlundan 910 (doqquz yüz on) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 Hüseyin oğlundan 910 (doqquz yüz on) manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu “xxxx” ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-604/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-604/2021
10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver