Məhkəmə qərarları › İş №2(005)-61/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-61/2022

27.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-61/2022 27.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Məhkəmə iclas katibi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" ASC və Cavabdeh2 qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər "xxxx" ASC və Cavabdeh2 qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, avtomobilinə vurulmuş 1607 manat maddi zərərin, 5000 manat mənəvi zərərin, həmçinin ödədiyi 30 manat dövlət rüsumunun, cəmi 6637 manat məbləğinin cavabdeh "xxxx" ASC-dan və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, 20.10.2020-ci il səhər saat 10 radələrində avtomobilini Badamdar qəsəbəsi Bayıl yolu 95 ünvanında saxlayaraq öz işinə getmişdir. Saat 13 radələrində ona məlumat vermişlər ki, avtomobilinə başqa avtomobil tərəfindən zərər vurulumuşdur. Bu zaman avtomobilinin yanına gedərək həqiqətən də mülkiyyətində olan **-ZK-*** dövlət nömrə nişanlı Range Rover markalı avtomobilə **-HD-*** dövlət nömrə nişanlı Mersedes G klass markalı avtomobil tərəfindən zərər vurulduğunu müşahidə etmişdir. Nəticədə avtomobilinin sağ arxa farası tam yararsız vəziyyətə düşmüşdür. Avtomobilinə xəsarət yetirən avtomobilin sahibi əvvəlcə zərəri özünün qarşılayacağını bildirmiş və polisə müraciət etməməyini xahiş etmişdir. Səhəri gün, yəni 21.10.2020-ci il tarixdə avtomobilinə zərər vuran şəxs onun iş ünvanına gələrək avtomobilinə dəyən zərəri ödəməyəciyini və hara istəyirsə şikayət etməyini bildirmişdir. Bundan sonra 102 qaynar xəttinə müraciət etmişdir. Səbail rayon X9 İdarəsi tərəfindən həmin şəxsə hadisə yerindən qaçmağa görə inzibati xəta haqqında protokol tərtib olunmuş və ona sığorta ödənişinin ödənilməsi istənildi. Artıq 1 aya yaxındır Meqa sığorta onun sığorta ödənişini ödəmir müxtəlif bəhanələrlə ödənişi gecikdirir. Range Rover markalı avtomobilinin təmiri üçün arxa sağ farası üçün 1607 manat, arxa sağ stopun dəyişdirilməsi üçün 12 manat, nömrə altlığı üçün 30 manat, ƏDV(18%) üçün 251.54 manat və yekun məbləğə 130.96 manat endirim edilməklə cəmi 1.518 manat ödəmişdir. Buna baxmayaraq zərərə qarşı Meqa sığorta ona ümumi 410 manat məbləği təklif etmişdir. Göründüyü kimi, təklif edilən qiymətlə real qiymət arasında böyük fərq vardır. Bu isə hüquqlarının pozulmasına səbəb olur. Meqa sığorta bilərəkdən əlavə ekspertlər cəlb edərək ödənişin etməkdən yayınır. Hadisə nəticəsində ona vurulmuş maddi zərərin qaytarılmaması, hər dəfə bəhanə ilə vaxtın gecikdirilmə və cavabdeh tərəfin bu məsuliyyəti dərk etməməsi nəticəsində dəfələrlə əsəbləri pozulmuş və ağır mənəvi zərər almışdır. Bu da öz növbəsində psixologiasına mənfi təsir edib. Vurulmuş mənəvi zərəri 5000 manat qiymətləndirir. Qeyd edilən məbləğ cavabdeh təşkilatın maddi vəziyyətinə uyğun olmaqla ona vurulmuş ağır mənəvi zərərə görə ədalətlidir. Pozulmuş hüquqlarının bərpası üçün yeganə çıxış yolunun məhkəmə olduğunu gördüyü üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında "xxxx" ASC-nin nümayəndəsi X6 iddia ərizəsinə etiraz ərizəsi təqdim edərək, iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə baxışı iclasına gəlməmiş, məhkəmə iclasında səlahiyyətli nümayəndəsi vasitəsilə təmsil olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndə və vəkilinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; "xxxx" ASC-nin İddiaçı ünvanlanmış məktubdan görünür ki, 20.10.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi baş vermiş və zərərçəkmiş avtomobilə 410 manat zərər məbləği hesablanmışdır. "xxxx" MMC-nin 29.10.2020-ci il tarixli qüsur aktından görünür ki, **-ZK-*** dövlət qeydiyyat nişanlı “X10 Rover” markalı avtomobilin təmiri üçün yekun məbləğ 1518 manat qeyd olunmuşdur. “Avtolüks Azərbaycan” MMC-nin qəbzindən görünür ki, İddiaçı tərəfindən cəmiyyətin hesabına 1518 manat ödənilmişdir. Bakı şəhəri Səbail rayon Polis idarəsinin İddiaçı ünvanlanmış məktubdan görünür ki, qeyd olunan hadisədə “Mercedes Benz C240” markalı, **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobilə sərnişin qismində əyləşən Cavabdeh2 təqsirkar şəxs olduğuna görə barəsində Azərbaycan Respublikası İXM-nin 338.3-cü maddəsinə uyğun İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək icraata alınmışdır. X3 Səbail rayon Polis idarəsində verdiyi izahatdan görünür ki, 20.10.2020-ci il tarixdə etibarnamə ilə idarə etdiyi “Mercedes Benz C240” markalı, **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkətsiz dayandığı zaman sərnişin qismində əyləşən bacısı Cavabdeh2 avtomobilə minərkən hava küləkli olduğu üçün qapını açanda külək qapını əlindən almış və yanlarında dayanan Range Rover markalı avtomobilin arxa tərəfinə dəymişdir. Həmin avtomobilin sahibini axtarıb tapmışdır. Avtomobilin sahibi arxa stop işiğının sındığı üçün yenisi ilə əvəz olunmasını istəmiş, qiymətini maraqlanan zaman 1607 manat olduğu müəyyən olunmuşdur. Yenisinə maddi imkanı olmadığı üçün zəzər dəymiş arxa stop işiğının bərpasını təklif etmiş, lakin Range Rover markalı avtomobilin sahibi razılaşmamışdır. Cavabdeh2 X3 Səbail rayon Polis idarəsində verdiyi izahata uyğun izahat vermişdir. 13.11.2020-ci il tarixli, İXP ******* nömrəli İnzibatı xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 338.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Range Rover markalı, **-ZK-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. Məhkəmə Ekspertiza Mərkəzinin 16.12.2021-ci il tarixli, 9/7706 nömrəli ekspert rəyindən görünür ki, “Avtolüks Azərbaycan” MMC-nin 29.10.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı “Land Rover” markalı, **-ZK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 1313 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının mənzilinə zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iş materiallarını əsas götürülməklə iddia qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçıya dəymiş ziyanı qarşılamaq Cavabdeh2 üzərinə düşür. Belə ki, yol-nəqliyyat hadisəsi baş verən zaman sərnişin Cavabdeh2 iddiaçıya məxsus avtomobilə ehtiyatsızlıqdan zərər vurmuşdur. İddiaçının avtomobilinə zərəri digər avtomobilin sahibi deyil, sərnişini vurduğundan, sığorta şirkəti tərəfindən zərərin əvəzi ödənilməsi tələb edilə bilməz. Ona görə də, iddia "xxxx" MMC münasibətdə iddia rədd edilməlidir. Həmçinin Məhkəmə Ekspertiza Mərkəzinin 16.12.2021-ci il tarixli, 9/7706 nömrəli ekspert rəyində zərərin həcmi 1313 manat müəyyən edildiyi qeyd edilmiş, bu səbəbdən məhkəmə hesab edir ki, 1313 manat məbləğində pul Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. “İcbari Sığortalar” haqqın Qanunun 53.1-ci maddəsinə əsasən mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu“icarə və ya digər əşya hüquqlarına dair müqavilə“və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Bundan başqa məhkəmə iddianın vəkil üçün xərclənən 90 manat pulun cavabdehlərdən tutulması hissəsində qeyd edir ki, iddiaçı qeyd olunan məbləğin ödənilməsi barədə məhkəməyə hər hansı sübut təqdim etmədiyi üçün, iddia həmin hissədə rədd olunmalıdır. Məhkəmə iddiaçının mənəvi zərər tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, iddiaçı tərəf mənəvi zərərin əvəzini tələb etməsi əsassızdır. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin Vİİ hissəsinə görə isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Bu prinsip Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Krçmarın Çex Respublikasına qarşı” işi üzrə 03 mart 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, ədalətli araşdırma anlayışını daha da genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi hər tərəfə, onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şəraitdə qoymayan şəkildə öz işini təqdim etmək imkanının verilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Yakovlev Rusiya Federasiyasına qarşı işdə” qeyd etmişdir ki, Konvensiya nəzəri və ya xəyali hüquqların deyil, praktiki və səmərəli hüquqların təmininə yönəlmişdir. Məhkəmədə çəkişmə prinsipi prosessual funksiyaların ciddi olaraq fərqləndirilməsində, tərəflərin prosessual bərabərliyində və məhkəmənin tərəflərə münasibətdə müstəqil vəziyyətində təzahür edir. Çəkişmə və tərəflərin bərabərliyi prinsipi tərəflərə bərabər prosessual imkanların verilməsini nəzərdə tutmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 tərəfindən iddiaçıya məxsus “Range Rover” markalı **-ZK-*** dövlət nömrə nişanlı avtomaşına dəymiş maddi zərərin əvəzi olaraq 1313 manat məbləğinin və iddianın təmin olunmuş hissəsinə mütanasib olaraq 5,90 manat dövlət rüsumunun əvəzi Cavabdeh2 alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manat məbləğində pul Cavabdeh2 tutularaq (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “Range Rover” markalı **-ZK-*** dövlət nömrə nişanlı avtomaşına dəymiş maddi zərərin əvəzi olaraq 1313 manat məbləğində pul və iddianın təmin olunmuş hissəsinə mütanasib olaraq 5,90 manat dövlət rüsumunun əvəzi Cavabdeh2 İddiaçı xeyrinə tutulsun. Aparılmış əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manat məbləğində pul Cavabdeh2 tutularaq (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar