Məhkəmə qərarları › İş №2(005)-661/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-661/2025

11.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-661/2025 11.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMMC-yə qarşı “sağlamlığa vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMMC-yə qarşı “sağlamlığa vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin vurduğu maddi ziyana görə 32.000 manat, mənəvi ziyana görə 10.000 manat, sonrakı dövrdə reabilitasiya, digər əməliyyatlar və başqa əlavə xərclərə görə isə 5.000 manat olmaqla, ümumilikdə 47.000 manat pul vəsaitinin cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı və digər 4 şəxs xx.xx.2022-ci il tarixində qonaq getdikləri ünvan 1 ünvanında ("xxxx" MMMC) yerləşən binanın 1-ci girişində olan liftdə yaranmış nasazlıq nəticəsində müxtəlif növ bədən xəsarətləri almışdır. 2 böyük və 3 nəfər uşaq olmaqla ümumilikdə 5 nəfər liftə minmiş, lift binanın 10-cu mərtəbəsində qalmış və qapıları açıldıqdan sonra dərhal yenidən bağlanaraq sürətlə düşməyə başlamışdır. Daha sonra hansısa mərtəbədə zərblə nəyəsə çırpılaraq dayanmış, bu zaman İddiaçı xəsarət almışdır. yalnız binanın sakinlərinin köməyi ilə lift 13-cü mərtəbədə dayandırılıb və iddiaçı ilə yanaşı 4 nəfər sakinlərin köməyi ilə çıxarılmışdır. Hadisə zamanı ən ağır xəsarəti İddiaçı almış, liftdən çıxarıldıqdan sonra dərhal “Medi Club” klinikasına aparılmışdır. Orada iddiaçı əməliyyat olunmuş və ayaqlarına implant qoyulmuşdur. Klinikada 5 gün müddətində qalmalı olmuşdur. Həm klinika xərcləri, həm də sonrakı müalicəsi ilə bağlı bütün xərclər İddiaçı tərəfindən ödənilmişdir. Hadisə nəticəsində iddiaçı yeriyə bilmədiyi üçün ona baxıcı tutulmuş və baxıcıya 500 manat əmək ödənilmişdir. Həmçinin o, işlədiyi "xxxx" ASC-də olan işinə gedə bilməmişdir. Baş vermiş hadisə səbəbindən iddiaçı və onunla birgə olan digər şəxslər ciddi mənəvi sarsıntı keçirmişlər, iddiaçı şəxsən ağır xəsarət alsa da, cavabdeh tərəfindən laqeyd münasibət bəslənmiş və heç bir köməklik göstərilməməsi ona kifayət qədər maddi zərər vurmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, liftə daxil olarkən eyni anda neçə nəfərin istifadəsində olması ilə bağlı xəbərdarlığı görmədiyini, hadisə baş verdiyi vaxt liftdən 5-6 nəfər çıxdığını, onlar çıxdıqdan sonra liftə daxil olduqlarını, liftin nasazlığı səbəbindən xəsarət aldığını, həmin vaxt 13-cü mərtəbədə artıq uzanıqlı vəziyyətdə olanda liftin yuxarı hissəsində “2 nəfərdən artıq minmək olmaz” xəbərdarlığını gördüyünü, 2 il müddətində ildə 2 dəfə olmaqla 6 aydan bir müayinə olunub müalicə almaq məcburiyyətində qaldığını bildirib, iddianın təmin edilməsini xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, bildirdi ki, iddiaçı keçən müddət ərzində ona dəymiş maddi və mənəvi ziyanın tutulmasını xahiş edir. Hadisədən sonra ayağında ağrı var və müalicəyə ehtiyacı vardır. Göstərilənlərə əsasən, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh "xxxx" MMMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddələrinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, işdə iştirak edən şəxsin izahatını və çıxışını dinləyib, təqdim edilmiş sübutları araşdırıb, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsi tərəfindən verilmiş KEŞ-563 saylı xx.xx.2023-cü il tarixli ekspertiza rəyinin surətindən görünür ki, İddiaçı mütəxəssis müayinəsi zamanı hal-hazırda onda “sağ qamış sümüyünün distal ucunun bitişmiş sınığı, sol qamış və incik sümüyünün distal ucunun bitişmiş sınığı, hər iki aşıq-baldır oynağının travmadan sonra osteartrozu, hər iki daban sümüyünün şporu, osteoporozu, daimi ağrı sindromu”nun olduğu müəyyən edilmişdir. Bununla əlaqədar onun fizioterapiya müalicəsinə ehtiyacı vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarının surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən "xxxx" MMMC-nin balansında olan 16 mərtəbəli binanın 1-ci blokunda olan sərnişin liftinin sınması nəticəsində liftdə olan İddiaçı xəsarət alması hadisəsində cinayət tərkibi müəyyən edilmədiyi üçün CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarının surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən "xxxx" MMMC-nin balansında olan 16 mərtəbəli binanın 1-ci blokunda olan sərnişin liftinin sınması nəticəsində liftdə olan İddiaçı xəsarət alması hadisəsində cinayət tərkibi müəyyən edilmədiyi üçün CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. Həmin qərardan həmçinin görünür ki: - İlkin araşdırma zamanı izahatı alınmış X4 bildirmişdir ki, xx.xx.2020-ci ildən etibarən ünvan 5 ünvanında yerləşən “ünvan 6dən aylıq kommunal ödənişlərin yığılmasından, həmin ödənişlər vasitəsi ilə binada çalışan digər işçilərinə aylıq maaşların verilməsindən, kommunal xərclərin ödənilməsindən, o cümlədən binanın avadanlıqlarında (lift və s.) görülən bərpa işlərinin qarşılanmasından ibarətdir. Komendantı olduğu binanın liftlərində nasazlıq yaranan zaman, binada litflərin təmiri ilə məşğul olan . “Hyundai Service" MMC aralarında olan müqavilə əsasında liftlərdə baş vermiş nasazlığı aradan qaldırmışdır. Binada olan liftlərə mütəmadi olaraq baxış keçirilib sənədlər tərtib olunmuşdur. Binanın liftləri 2002-ci ildə quraşdırılmış və həmin vaxtdan da binada yaşayış olduğundan istifadə olunmuşdur. Həmin şirkət tərəfindən liftlərə baxılan zaman bildirmişlər ki, liftlərin motorları getdikcə zəiflədiyindən yeni motorlar alınmalıdır. Liftlərin mühərrikləri alınması üçün külli miqdarda vəsait tələb olunduğundan sakinlərə müraciət etmişdir. Lakin onlar kommunal xərcləri ödəmədiklərindən, vəsait ayırmadıqlarına görə liftlərin mühərriklərinin alınması gecikmişdir. Qəza baş verən liftin texniki pasportuna əsasən üç nəfərdən artıq minmək qadağandır. Lakin liftin mühərriki zəif işlədiyindən, sakinlər də pul verib yenisini almadığından, o, liftin qarşısına 2 nəfərdən artıq minmək qəti qadağandır lövhəsi asmışdır. Lakin buna baxmayaraq hadisə baş verən gün liftə 4 nəfər minmiş və liftin mühərriki yükləndiyindən liftdə sürüşmə əmələ gəlmiş və qəfildən liftin əyləc sistemi işə düşərək lifti saxlamışdır. 04 iyul 2022-ci il tarixdə təxminən saat 19:00 radələrində binanın mühafizəçisi X6 ona zəng edərək binanın 1-ci blokunda olan liftdə yaranmış nasazlıq səbəbindən, yəni liftin 13-cü mərtəbədən sürüşərək 10-cu mərtəbədə olan məhdudlaşdırıcıya dəyməsi nəticəsində liftdə olan sərnişin X1 müxtəlif dərəcəli bədən xəsarətlərinin alması barədə ona məlumat vermişdir. O, hadisə yerinə gələndə artıq həmin qadını təcili tibbi yardım vasitəsi ilə xəstəxanaya çatdırmışlar. - İlkin araşdırma zamanı hadisənin baş vermə səbəbləri, hadisə ilə əlaqədar qüvvədə olan normativ aktların tələblərinin pozulub-pozulmaması və iş üçün əhəmiyyət kəsb edən edən sair halların aydınlaşdırılması məqsədi ilə məhkəmə-təhlükəsizlik texnikası ekspertizası təyin edilmiş və materiala əlavə olunmuş xx.xx.2022-ci il tarixli 10/448 saylı rəydən göründüyü kimi, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi 6 ünvanında yerləşən “Nərimanov 24 MMC-nin balansında olan 16 mərtəbəli binanın ci blokunda olan sərnişin liftində yaranmış nasazlıq səbəbi barədə təqdim edilmiş materiallarında hər hansı məlumat olmadığına, eləcə də ekspertin iştirakı ilə baxış zamanı müəyyən edilmədiyinə görə baş vermiş hadisənin texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Baş vermiş hadisənin texniki səbəbini müəyyən etmək mümkün olmadığına görə baş vermiş hadisə ilə əlaqədar təhlükəsizlik texnikası üzrə normativ aktların tələblərinin pozulubpozulmamasını müəyyən etmək mümkün olmamışdır. - Aparılmış təkrar araşdırma zamanı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023- cü il tarixli qərarında qeyd edilmiş göstərişlərin icrası ilə əlaqədar olaraq əlavə məhkəmə tibbi ekspertizası təyin edilmiş və materiala əlavə olunmuş xx.xx.2023-cii il tarixli 08-838 saylı rəydən göründüyü kimi, İddiaçı bədən səthi üzərində sol aşıq baldır oynağı və ayağın kapsul bağ aparatının çıxığı, gərilməsi və zədələnməsi ilə müşayiət olunan sol baldır sol qamış, sol aşıq, topuq sümüklərinin sağ baldır və sağ qamış sümüklərinin distal ucunun yerini dəyişmiş qapalı sınıqları (osteosintez cərrahi əməliyyatından sonrakı vəziyyət) - küt əşyanın (əşyalapn) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd edilən xx.xx.2022-ci ildə və şəraitdə əmələ gələ bilər, dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsinə səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. - Eyni zamanda təkrar araşdırma zamanı hadisənin baş vermə səbəbləri, hadisə ilə əlaqədar qüvvədə olan normativ aktların tələblərinin pozulub-pozulmaması və iş üçün əhəmiyyət kəsb edən sair halların aydınlaşdırılması məqsədi ilə təkrar məhkəmətəhlükəsizlik texnikası ekspertizası təyin edilmiş və materiala əlavə olunmuş xx.xx.2023-cü il tarixli 10/4067 saylı rəydən göründüyü kimi, ünvan 5 ünvanında yerləşən "Nərimanov 24 MMCv-nin balansında olan 16 mərtəbəli binanın 1-ci blokunda olan sərnişin liftində yaranmış nasazlıq səbəbi barədə təqdim edilmiş iş materiallarında hər hansı məlumat olmadığına görə baş vermiş hadisənin texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Baş vermiş hadisənin texniki səbəbini müəyyən etmək mümkün olmadığına görə baş vermiş hadisə ilə əlaqədar təhlükəsizlik texnikası üzrə normativ aktların tələblərinin pozulub-pozulmamasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iddianın əsaslarının təsdiqi kimi istinad edilən və sübut əhəmiyyətli hesab edilən hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə mötəbər nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmədə müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən binanın 1-ci girişində olan liftdə olan zaman liftin sınması nəticəsində yuxarı mərtəbədən sürətlə aşağı enməsi nəticəsində iddiaçı hər iki ayağından xəsarətlər almışdır. Göstərilən fakt üzrə Nərimanov rayon Prokurorluğu tərəfindən araşdırma aparılmış, xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarları ilə fakt üzrə "xxxx" MMMC-nin direktoru X2 əməllərində cinayət tərkibi olmadığından, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Hazırda iddiaçı tərəfindən mübahisələndirilən hal ondan ibarətdir ki, ayaqlarının xəsarət alması nəticəsində keçirilmiş əməliyyat və xəstəxana xərclərinə görə ona həm maddi, həm də mənəvi zərər dəymişdir. İddiaçının iddia tələbinin əsasını isə cavabdehlərin qanunazidd hərəkətləri nəticəsində onun sağlamlığına dəymiş zərərə görə dəymiş maddi və mənəvi zərərin kompensasiyası təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətin və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Qanunverici təqsiri maddi məsuliyyətin yaranmasının vacib şərti kimi göstərməklə təqsirin sübuta yetirilmə vəzifəsinin kimin üzərinə qoyulması məsələsini də müəyyən etmişdir. Mülki Məcəllənin 21.2, 1096, 1097.1-ci maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Beləliklə, cavabdehin iddiaçıya vurduğu ziyana görə maddi məsuliyyəti ilə bağlı məsələlərdə qanunvericilikdə təqsirlilik prezumpsiyası prinsipi nəzərdə tutulmuşdur. Həmin prinsipə əsasən iddiaçı cavabdehin təqsirliliyini sübuta yetirmək öhdəliyini daşıyır. Beləliklə yuxarıda qeyd edilən mülki prosessual normaların tətbiqi nəticəsində müəyyən edilir ki, hazırki mübahisədə ona dəymiş zərərin, o cümlədən həmin zərərin məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində vurulmasını, habelə vurulmuş zərərlə zərərvuranın hərəkətləri arasında səbəbli əlaqənin olmasını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Göründüyü kimi, cavabdehin məsuliyyəti yalnız təqsirli olduğu halda yarana bilərdi. Təqsir məsələsi isə yuxarıda qeyd olunan qaydada aparılan istintaqın nəticəsində müəyyən oluna bilərdi. Təqsir müəyyən edilmədən cavabdehin məsuliyyətinin müəyyən edilməsi yolverilməzdir. Belə ki, Nərimanov rayon Prokurorluğu tərəfindən baş vermiş hadisə ilə bağlı ilkin və təkrar araşdırmalar aparılmış, lakin təhlükəsizlik texnikası üzrə normativ aktların tələblərinin cavabdehin qanunsuz əməlləri nəticəsində pozulubpozulmaması müəyyən edilməmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli bədbəxt hadisə iddiaçının ehtiyatsızlığından baş verdiyindən və həmin hadisənin baş verməsində cavabdehin təqsiri müəyyən edilmədiyindən, iddiaçının səhhətinə vurulmuş ziyana görə cavabdehin məsuliyyətindən söhbət gedə bilməz, ona görə də iddia tələbi təmin edilməməlidir. Göründüyü kimi, baş vermiş hadisə nəticəsində iddiaçının sağlamlığına zərər vurulsa da, mövcud zərərin cavabdeh tərəfindən qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması halları məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. Məlum olduğu kimi mülki prosessual qanunvericiliyin tələblərinə əsasən, müəyyən sübutetmə vasitələri ilə sübutedilməli hallar başqa sübutlarla təsdiq oluna bilməz. Bu baxımdan iddiaçı tərəfindən məhkəməyə iddia tələblərini təsdiqedici hər hansı dəlillər təqdim edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı iddia tələbləri əsassız olduğundan və məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilmədiyindən, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" MMMC-yə qarşı “sağlamlığa vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar