Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-681/2025 24.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbi) Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Hüseynli Umuxanım Cavid qızının katibliyi, İddiaçı, X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi: Təsviri hissə: a. Tələb: İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mebel dəsti cavabdehə təhvil verilməklə, mebelin dəyəri olan 1600 manat, mənəvi ziyana görə 1000 manat pul vəsaitinin, həmçinin ödənilmiş 46 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslandırıldığı hallar: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 14 dekabr 2023-cü il tarixdə Cavabdeh MMC-nin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ünvanında yerləşən mağazasından 1600 manat dəyərində yataq dəsti almışdır. Mebel evə gətirildikdən bir gün sonra Rusiyada yaşayan anasının ölüm xəbəri ilə əlaqədar təcili Rusiyaya getməli olmuşdur. Bir müddətdən sonra qayıdıb gələrkən aldığı mebeldə çoxlu istehsalat qüsurları olduğunu aşkar etmişdir. Belə ki, mebeldə çoxlu sayda əsassız dəliklər, tumbalarda vakum qüsuru, qapıların bağlanılmasında qüsurlar (xətalar) və sair çatışmamazlıqlar mövcud olmuşdur. Bununla bağlı, həm baş ofisə, həm də mebeli aldığı mağaza müdiriyyətini məlumatlandırmışdır. Lakin, mağazalardan göndərilən ustalar hər dəfə müəyyən qüsurları dəyişsələr də, ümumən bütünlüklə problem həll olunmamış qalmışdır. Beləliklə, aldığı mebel yararsız olduğundan onu mağazaya təhvil verib həm mebelin dəyərini, yəni 1600 manat, həm də mənəvi zərər olaraq 1000 manat məbləğində pul vəsaitini cavabdeh tərəfdən almaq niyyətindədir. Belə ki, bu müddət ərzində dəfələrlə mağaza işçiləri ilə mübahisələr etmiş, onları hər dəfə gözləməli olmuş, deyilən vaxtlarda gəlmədikləri üçün əsəb sistemi korlanmalı olmuşdur. Mübahisəli məsələnin həlli məqsədi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etsə də, həmin təşkilatın xx.xx.2024-cü il tarixli cavabı ilə mübahisə öz həllini tapmamışdır. İddia ərizəsinə qarşı etirazın dəlilləri: Cavabdeh MMC məhkəməyə iddia tələbi ilə bağlı yazılı etiraz təqdim edərək, 14 dekabr 2023-cü il tarixində Cavabdeh MMC-yə məxsus mebel salonu tərəfindən iddiaçıya “Yataq dəsti” adlı mebel dəsti satılmışdır. Satışdan sonra İddiaçı tərəfindən məhsulda qüsurlar olduğu iddia edilmiş və mağaza əməkdaşları dəfələrlə iddiaçının mənzilinə baxış keçirmiş, iddiaçının tələbinə uyğun olaraq müvafiq dəyişikliklər həyata keçirilmişdir. Lakin İddiaçının sonuncu müraciəti zamanı mağaza əməkdaşları müvafiq baxış keçirmək üçün mənzilə getdikdə, iddiaçı tərəfindən süni maneələr yaradılmış, əməkdaşların mənzilə daxil olmasına icazə verilməmişdir. Bunun nəticəsində mağaza əməkdaşlarının şikayətlə bağlı əlavə tədbirlər görməsi qeyri-mümkün olmuşdur. Daha sonra iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etmişdir. Həmin müraciət əsasında İnzibati Orqan tərəfindən göndərilən məktuba cavab verilmiş, cavabımız İnzibati Orqan tərəfindən qəbul edilmiş və hər hansı bir etiraz və ya əlavə göstəriş bildirilməmişdir. Belə ki, iddiaçının iddiaları əsassızdır və haqsız yerə şikayət edərək süni maneələr yaratmaqla məhsulu qaytarmağa və əlavə pul vəsaiti əldə etməyə çalışır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. İş materialları: - Cavabdeh MMC-nin İddiaçı adına verilmiş xx.xx.2023-cü il tarixli, SF01137 sifariş nömrəli çıxarışından göründüyü kimi, İddiaçı tərəfindən dəyəri 674 manat olan 4 qapılı güzgülü RİMİNİ İCE DOLAB, dəyəri 301 manat olan sadə RİMİNİ İCE RİMİNİ MOKKO ÇARPAYİ, dəyəri 290 manat olan RİMİNİ İCE KOMOD, dəyəri 238 manat olan RİMİNİ İCE TUMBA və dəyəri 97 manat olan RİMİNİ İCE RİMİNİ BOSCO GUZGU ASQİLİ-ya görə 1600 manat məbləğində nağd beh ödənişi edilmişdir. - Cavabdeh MMC-nin İddiaçı adına verilmiş zəmanət vərəqindən göründüyü kimi, Viona Bakıxanov mağazası tərəfindən müştəri İddiaçı RİMİNİ İCE 410 adlı mebelə görə zəmanət vərəqi verilmişdir. - Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli, 697 nömrəli qəbzindən göründüyü kimi, 01 ədəd mebelə görə 1600 manat məbləğində ödəniş edilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Elena Lebedevaya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-21-112-2-xxxx/2024/3 nömrəli məktubuna əsasən, aparılmış araşdırma zamanı Cavabdeh MMC tərəfindən Dövlət Xidmətinə təqdim edilmiş məktubda mağaza əməkdaşları tərəfindən mebel dəstinə mənzildə dəfələrlə baxış keçirildiyi, istəyə uyğun müvafiq dəyişikliklər edilməsinin qeyd edildiyi, lakin sonuncu dəfə mağaza əməkdaşlarının mənzilə daxil olmağına icazə verilmədiyi, bu səbəbdən yeni məhsulun (tumba) təhvil verilməsinin və digər müvafiq tədbirlərin görülməsinin mümkün olmadığı, sözügedən halın aktlaşdırıldığı barədə məktubda məlumat verildiyi, müvafiq akt və fotoşəkillərin Dövlət Xidmətinə təqdim edildiyi, məsələ ilə əlaqədar Dövlət Xidmətinin əməkdaşı tərəfindən telefon əlaqəsi (***-***-**-**) saxlanılmasına cəhd edilsə də, (q.n.:3882, xx.xx.2024-cü il, 3966, xx.xx.2024-cü il), bunun mümkün olmadığı və Cavabdeh MMC-nin mövqeyi ilə razılaşmadığı təqdirdə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 26-cı və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən, məhkəməyə müraciət edə bilmək imkanının mövcud olduğu bildirilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi tərəfindən əldə edilmiş kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışa əsasən, Viona” MMC-nin qanuni təmsilçisi X4, dövlət qeydiyyatına alındığı tarix xx.xx.2020-ci il, reyestrdən son dəfə verilmiş çıxarışın tarixi isə xx.xx.2024-cü ildir. Əsaslandırıcı hissə: b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: Məhkəmə iclasında işin faktiki hallarından müəyyən edilmişdir ki, iddiaçı cavabdeh mebel mağazasının xidmətindən istifadə etmək üçün müraciət etmiş və Cavabdeh MMC-dən 1600 manat dəyərində mebel dəsti almışdır. Mübahisəli mebel dəstinin satışından sonra iddiaçı tərəfindən qüsurlar aşkar edilmiş və bununla bağlı iddiaçı mebel dəstini əldə etdiyi cavabdeh MMC-yə məxsus mağazaya, eyni zamanda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etmişdir. Cavabdehin etiraz ərizəsindən həmçinin müəyyən edilir ki, iddiaçının şikayəti üzrə cavabdehin əməkdaşları dəfələrlə iddiaçıya məxsus ünvanda ona satdıqları mebelə baxış keçirərək, mebeldə müəyyən düzəlişlər etmişdirlər. Məhkəmə hesab edir ki, cavabdehin əməkdaşlarının mebeldə iddiaçının istəyinə uyğun dəyişikliklər etməsi iddiaçının cavabdehdən aldığı mebeldə qüsurların olmasını və həmin qüsurların cavabdeh tərəfindən dəfələrlə aradan qaldırılmasına cəhd göstərməsi ilə öz təsdiqini tapır. Məhkəmə tərəfindən təyin edilmiş əmlakın qiymətləndirilməsi ekspertizası üzrə "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli, UNİ/M 49-266/2025 saylı ekspert rəyinə əsasən, mebelə baxış keçirərkən yataq dəstinin predmetləri arasında vizual uyğunsuzluq, rəng fərqinin olduğu, yataq dəstinin bir rəngdə sifariş verilməsinə baxmayaraq, dəstin predmetləri arasında rəng fərqliliyi olduğu, bunun da ilk baxışda nəzərə çarpdığı, tumbalardan birinin komodla, digərinin güzgü asqılı boscoyla eyni rəngdə olduğu, bununla da məhsulun uyğunsuz, rəng və material fərqliliyinin, qüsurlu olduğunu göstərdiyi, mebelin qapılarında olan ilgələrin komodun gövdəsinə bərkidilməsi üçün nəzərdə tutulmuş dəliklərin normadan (ehtiyacdan) artıq açıldığı, birləşdirici elementlərin üstü mebelin səthinin (içinin) rənginə uyğun yapışdırıcılar istifadə edilmədiyi və bunun mebelin estetik görünüşünə mənfi təsir göstərdiyi, mebelin komodunun qapılarının düzgün montaj edilmədiyindən, qapılar açıq vəziyyətdə olduqda qüsurların nəzərə çarpdığı, İddiaçı Vasilyevin rəflərin siyirtmələrinin montaj edilən arxalıqlarında (dolabın, tumbanın, rəflərin arxasına bağlanan faner. Taxta lifli lövhələr) qopmaların mövcudluğunu göstərdiyi və baxış zamanı bu qopmaların müəyyənləşdirildiyi, bu qopmaların materialın istehsalı və yaxud yığılma, montaj prosesində baş verən xırda qüsurlar olduğu, qüsurların mövcudluğunun mebelin istifadəsinə və görünüşünə ciddi xələl gətirmədiyi, yataq mebel dəstinin bir hissəsi olan dolabların çəkilərək çölə çıxarıla bilən və içəriyə doğru sürülə bilən siyirmələrin raylı sistemlərinin fərqli olduğu, güzgü asqılı bosconun siyirtmə rəflərinin rənglənmiş səthində yüngül cızıqlar olduğu və bu cızıqların böyük ehtimalla daşınma və yaxud montaj zamanı yarandığı, İddiaçı Vasilyev ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023cü il tarixli alqı-satqı müqaviləsinə əsasən, əldə olunmuş yataq dəstində (4 qapılı güzgülü dolabda, mokko sadə çarpayıda, komodda, güzgü asqılı bosco və tumbada) mövcud olan qüsurlar malın sifariş edilən xüsusiyyətlərə tam uyğun olmadığından, fərqli rəngdə və mexanizmlərdə olduğundan eyni keyfiyyətli və uyğun rəngli məhsulla əvəzlənməsi, mövcud qüsurlar və çatışmazlıqlarının aradan qaldırılması üçün mebellərin hazırlanması, təmiri, satışı bazarının monitorinqinin aparıldığı və təhlil olunduğu, bununla yanaşı istehsal müəssisələrində bu sahə üzrə ixtisaslı, təcrübəli ustalarla görüşüldüyü, yataq dəstinin mövcud qüsurlar və çatışmazlıqlarının aradan qaldırılması üçün tələb edilən pul vəsaitinin məbləğinin müəyyən edildiyi bildirilmiş və İddiaçı Vasilyev ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən, əldə olunmuş yataq dəstinin predmetlərinin fərqli rəngdə quraşdırılması (sifariş zamanı eyni rəng qeyd olunubsa), eyni zamanda fərqli mexanizmlərlə quraşdırılması, dolabın gövdəsində qapılarının ilgələrinin bərkidilməsi üçün açılmış dəliklər istehsal qüsuru hesab oluna bilməsi, güzgü asqılı bosconun səhtində mövcud cızıqların əvvəldən, montaj prosesində və yaxud düzgün istifadə qaydalarına əməl olunmadığından, meydana gəldiyini müəyyənləşdirməyin mümkün olmadığı (yataq dəstinin quraşdırılmasından 2 ilə yaxın müddət keçdiyindən və mənzildə quraşdırılan zamanı real vəziyyətinin tam dəqiq bilinməməsi) və əldə olunmuş yataq dəstində (4 qapılı güzgülü dolabda, mokko sadə çarpayıda, komodda, güzgü asqılı bosco və tumbada) qüsurların aradan qaldırılması üçün 480 manat məbləğində pul vəsaitinin tələb olunduğu müəyyən edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxsona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpaetmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiəedilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinəvə ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1128.1. Malın, işin və ya xidmətin konstruksiya, resept və ya digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq, ödəməlidirlər. Malın, işin və ya xidmətin qüsurları nəticəsində əmlaka zərər vurulan hallarda bu qayda yalnız o şərtlə tətbiq edilir ki, keyfiyyətsiz məhsul digər əmlaka zərər vurmuş və həmin digər əmlak öz təyinatına görə əsasən istehlak məqsədi üçün istifadə edilmiş olsun. Maddə 1128.3. Əgər məhsul bütün hallar nəzərə alınmaqla ondan gözlənilən etibarlığı təmin etmirsə, keyfiyyətsiz məhsul sayılır. Maddə 1128.6. Bu Məcəlləyə görə son məhsulu, məhsulun əsas ünsürünü və ya hissəsini istehsal etmiş şəxs istehsalçı sayılır. Öz adından, əmtəə nişanı ilə və ya digər fərqləndirici nişanla istehsalçı kimi çıxış edənlərin hamısı istehsalçı sayılırlar. Maddə 1129.1. Malın qüsurları nəticəsində vurulmuş zərərin əvəzini zərərçəkənin seçimi üzrə məhsulun satıcısı və ya istehsalçısı ödəməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun: Maddə 3. İstehlakçı istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olması hüququna malikdir. Maddə 5. İstehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir. Maddə 7. İstehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüqüquna malikdir. Satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan, malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur. Maddə 11. Malın (işin, xidmətin) konstruksiya, istehsal, resept və başqa qüsurları nəticəsində istehlakçının həyatına, sağlamlığına və ya əmlakına dəymiş zərər, qanunvericilikdə daha yüksək məsuliyyət nəzərdə tutulmayıbsa, günahkar tərəfindən istehlakçıya tam ödənilməlidir. Malın, işin və ya xidmətin qüsurları nəticəsində əmlaka zərər vurulan hallarda bu qayda yalnız o şərtlə tətbiq edilir ki, keyfiyyətsiz məhsul digər əmlaka zərər vurmuş və həmin digər əmlak öz təyinatına görə əsasən istehlak məqsədi üçün istifadə edilmiş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə ilk növbədə iddia tələbinin “mebel dəsti cavabdehə təhvil verilməklə, mebelin dəyəri olan 1600 manat pul vəsaitinin ödənilməsi” hissəsinə münasibətdə hesab edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, maddi zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbinin qanuni və əsaslı hesab edilməsi üçün, iddia ərizəsində vurulduğu irəli sürülən maddi zərərin cavabdehin hərəkət, yaxud hərəkətsizliyi nəticəsində vurulması, iddiaçının hüquqi vəziyyətinin cavabdehin öz vəzifəsini yerinə yetirməməsi ilə pisləşmiş olması, cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə vurulduğu güman edilən zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması sübut olunmalıdır. Məhkəmə qeyd edir ki, hazırki vəziyyətdə cavabdehin qüsurlu mal təqdim etməsi nəticəsində iddiaçıya zərər dəyməsi sübuta yetirildiyindən, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olmaqla, hazırki tələbi irəli sürməkdə haqlı olmuşdur. İddiaçının cavabdehin qanunsuz hərəkətinə görə hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də öz təsdiqini tapmışdır. Cavabdeh tərəfindən iddiaçıya göstərilmiş xidmətdə qüsurlar olduğundan, onun tərəfindən keyfiyyətli xidmət göstərilməsinə dair öhdəlik lazımınca icra edilməmiş və bunun nəticəsində iddiaçıya zərər dəymişdir. Cavabdeh Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkəti nəticəsində iddiaçıya maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, cavabdeh Mülki Məcəllənin 1097.1 və 1128.1-ci maddələrinə əsasən vurduğu maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan iddiaçıya ödəməlidir. Belə ki, məhkəmə tərəfindən təyin edilmiş əmlakın qiymətləndirilməsi ekspertizası üzrə "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli ekspert rəyi ilə mübahisəli mebel dəstində bir sıra qüsurların aşkarlandığı və həmin qüsurların istehsal qüsuru hesab oluna bilməsi, eyni zamanda sözügedən qüsurların (4 qapılı güzgülü dolabda, mokko sadə çarpayıda, komodda, güzgü asqılı bosco və tumbadakı mövcud qüsurlar) aradan qaldırılması üçün tələb olunan vəsaitin 480 manat məbləğində olduğu müəyyən edilmişdir. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, hazırkı iş üzrə qeyd edilən ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olduğundan və ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən ekspert rəyi sübut kimi qəbul edilməlidir. Eyni zamanda, iddiaçı mübahisəli mebel dəsti cavabdehə təhvil verilməklə, mebelin dəyəri olan 1600 manat pul vəsaitinin ona ödənilməsini, dolayısı ilə tərəflər arasındakı münasibətlərin ilkin vəziyyətə gətirilməsini tələb etsə də, məhkəmə sözügedən qüsurların aradan qaldırılması üçün tələb olunan 480 manat məbləğində pul vəsaitinin ona ödənilməsi ilə iddiaçının pozulmuş hüquqlarının bu qaydada bərpasını ağlabatan və ədalətli hesab edir. Odur ki, məhkəmə ekspert rəyini iş üzrə toplanmış digər sübutlarla yanaşı qiymətləndirərək və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərini rəhbər tutaraq, belə qənaətə gəlir ki, cavabdehin hazırki mübahisə üzrə mülki hüquq məsuliyyət daşıması müəyyən olunduğundan, ekspert rəyi ilə təsdiq olunan mövcud qüsurların aradan qaldırılması məqsədilə tələb olunan 480 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Digər tərəfdən, məhkəmə iddia tələbinin “mənəvi zərərin ödənilməsi” hissəsi ilə bağlı işin hallarını nəzərə alaraq və qeyd olunanlara əsaslanaraq belə qənaətə gəlir ki, cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçının mənəvi sarsıntı, əsəb, stress keçirməsi iş materialları ilə öz təsdiqini tapmadığından, iddiaçı mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlı olmamışdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli xx.xx.2008-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. AR Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə iddiaçı ona dəymiş mənəvi zərərlə bağlı hər hansı bir sübut təqdim etməmiş və dəymiş mənəvi ziyanın hansı səbəblərdən məhz 1000 manat məbləğində müəyyən olunmasını əsaslandırmamışdır. Belə olan halda, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbinin “mənəvi zərərin ödənilməsi” hissəsi əsassız olduğundan, təmin edilməməlidir. Nəticə: Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh MMC-dən 480 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 30 manat hissəsi cavabdehdən alınaraq ona ödənilməli, qalan hissəsi isə onun özünə aid edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə aparılmış qiymətləndirmə hesabatı üzrə çəkilmiş 100 manat xərc Cavabdeh MMC-dən tutularaq, "xxxx" MMC-nə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 480 manat məbləğində dəymiş ziyana görə pul vəsaiti və 30 manat dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış qiymətləndirmə hesabatı üzrə çəkilmiş 100 manat xərc Cavabdeh MMC-dən tutularaq, "xxxx" MMC-nə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-681/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-681/2025
24.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver