Məhkəmə qərarları › İş №2(005)-720/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-720/2020

01.12.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-720/2020 01.12.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı nümayəndəsi X6, İddiaçı vəkili X1, Cavabdeh “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər X15, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh3 qarşı “su axıdılması nəticəsində vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi, ödənilmiş dövlət rüsumunun və əlavə xərclərin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X7, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Nərimanov Rayon Sukanal İdarəsinə və Cavabdeh3 qarşı “su axıdılması nəticəsində vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi, ödənilmiş dövlət rüsumunun və əlavə xərclərin tutulması” tələbinə dair iddia ərizəsi ilə xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər X5, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Nərimanov Rayon Sukanal İdarəsindən və Cavabdeh3 müştərək qaydada 6.292,90 (altı min iki yüz doxsan iki manat doxsan qəpik) manat məbləğində dəymiş zərərin, 2.000 (iki min) manat məbləğində mənəvi zərərin, hüquqi xidmətə görə vəkilə ödədiyi 310 (üç yüz on) manat, iddia ərizəsi vermək üçün ödədiyi 30 (otuz) manat olmaqla, cəmi 8.632,90 (səkkiz min altı yüz otuz iki manat doxsan qəpik) manat məbləğində pul vəsaitinin tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli xx xxxxxx 2016-cı il tarixli reyestrdən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 151 nömrəli evin 51 nömrəli mənzil onun mülkiyyətində olmaqla üçüncü mərtəbədə yerləşir. xx xxxxxxx 2019-cu il tarixdə saat 19:30 radələrində qeyd edilən ünvanda, onun mənzilinin üst hissəsində dördüncü mərtəbədə Cavabdeh3 mülkiyyətində olan 54 nömrəli mənzilində mətbəx hissəsində divarda suvaq altında istifadəsiz qalmış su borusu ilə suyun verilməsini təmin edilməsi nəticəsində dördüncü mərtəbədə olan mənzilin döşəməsinə divarlarla axaraq su onun mənzilnə axmışdır. Suyun onun mənzilinə axması nəticəsində zərər vurmasını görüb dərhal anası X11 mobil telefon vasitəsi ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Nərimanov Rayon Su Kanal idarəsinə zəng vurmuş və qəza barəsində məlumat vermişdir, həmin yerə qəza xidmətindən cavabdeh şəxslərin gəlməsini və qəzanı aradan qaldırmaq üçün tədbir görülməsini xahiş etmişdir. Anası qəza barədə dərhal zəng vurub dərhal hadisə yerinə gəlib qəzanı aradan qaldıran işçilərin gəlməsini xahiş etsə də, qəzanı aradan qaldıran briqada anasının telefon zəngindən 1 saat sonra hadisə yerinə gəldilər. Artıq onun evini su basıb, maddi zərər yetirməklə su ilkin olaraq onun mənzilinin mətbəx hissəsinə daxil oldu və buna görə orada enerji xəttində qısa qapanma baş verdi, nəticədə həm mətbəxdə, habelə mənzilinin dəhlizində işıqlar sönərək, sıradan çıxmışdır. Daha sonra döşəməyə vurulmuş laminat şişərək qopmuş və yarasız vəziyyətə düşmüşdur. Divar kağızları nəmləşib öz ilkin vəziyyətini itirdi. Daha sonra mənzilində olan digər əşyaların nəmləşməklə faktiki olaraq öz keyfiyyətini itirmişdilər. Qəzanı aradan qaldırmaq üçün gələn bu təmir briqadası həmin gün saat 22:00 kimi hər hansı qəzanı aradan qaldıra bilmədilər, su böyük bir təzyiqlə dördüncü mərtbədəki mənzilə, oradan da onun mənzilinə axmağa davam edirdi. Qəzanı aradan qaldıra bilməyən birinci təmir briqadası ona və anasına heç bir məlumat vermədən çıxıb getmişlər. O və anasının həyəcan və böyük stress içində mənəvi əzablar keçirməklə bu qəzanın necə aradan qaldırmaq niyyəti ilə qohumlarını da bu məsələyə cəlb edib köməklik istəmişdir. Həmin gün saat 23:00 radələrində onun mənzilinə ikinci bir təmir briqadası gəldi. Onlar da bu qəzanın qarşısını ala bilmədilər. Su artıq mənzilini basıb küçəyə axmağa başladı və bu qəza nəticəsində ona çox böyük məbləğdə zərər dəymişdir. Həmin hadisə vaxtı suyu mühərrik vasitəsi ilə mərkəzləşdirilmiş qaydada vuran ikinci cavabdeh “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Nərimanov Rayon Sukanal İdarəsinin işçisini də saat 19:30-dan saat 00:00 kimi tapmaq mümkün olimamışdır. Suyun mühərrik ilə vurulması saat 00:00-da dayandırıldı, su artıq onun mənzilinə böyük ziyan vurmuşdur. xx xxxxxxx 2019-cu il tarixdə günortaya kimi həmin qəzanı təmir briqadası aradan qaldıra bilməmişdir. xx xxxxxxx 2019-cu il tarixdə saat 15:00-da üçüncü təmir briqadası gələndən sonra həmin ünvana nəzarətçi kimi xidmət edən X16 işarəsi və bildirməsinə müvafiq olaraq blokun daxilində quraşdırılmış Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 151 nömrəli evin 1-ci mənzilində xx xxxxxx 2010-cu il tarixli, 092841 nömrəli müqavələyə əsasən 19219524 nömrəli kod ilə qeydə alınmış bir su sayqacının mənfi işləməsini gördükdən sonra, həmin su sayğacdan keçməklə verilən su borusunun bir hissəsini təmir briqadası tərəfindən kəsdikdən və həmin boru ilə suyun verilməsi dayandırıldıqdan sonra qəza aradan qaldırılmışdır. Bütün bunlar onu çox ağır mənəvi sarsıntıya düçar etdi. Yuxarıda qeyd etdiyi qaydada onun mənzilinə zərər vurulması ilə bağlı onun xahişi ilə anası X11 tərəfindən mənzilə xidmət göstərən Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən 53 nömrəli Mənzil Kommunal İstismar Sahəsinə ərizə ilə müraciət edib, su təchizatı ilə baş vermiş qəza ilə bağlı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən bu hadisənin rəsmləşdirməsinə dair akt tərtib edilməklə təqdim olunması xahiş olunmuşdur. Buna görə də, xx xxxxxxx 2019-cu il tarixdə Bakı şəhəri Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 53 nömrəli Mənzil Kommunal İstismar Sahəsinin mühəndisi X19, o və anası X11 Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq pospekti, 51 nömrəli evin, 3-cü mərtəbəsində yerləşən 51 nömrəli mənzilini müayinədən keçirib mənzilə vurulmuş zərərin qediyyatını apararkən, eyni zamanda istifadəsiz su borularına suyun verilişini təmin edən həmin binanın blokunda “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən quraşdırılmış 19219524 nömrəli abonent kodu adı altında qeydə alınmış su sayqacı ilə verilməsi müəyyən olunmuşdur. Həmin halın onun hüquqlarını müdafiə edən vəkilinə Azərbaycan Respubiikası “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Nərimanov Rayon Sukanal İdarəsindən ünvanlanan xx xxxxxx 2019-cu il tarixli 1/01-3/01-116 nömrəli məktubunda öz təsdiqini tapır. Bununla yanaşı ikinci cavabdeh vəkilin sorğusına tam həcmdə cavab verməmiş və təmir briqadalarda iştirak etmiş işçilərin soyadları, adları və atalarının adları barədə məlumat verməkdən yayınmışdır. Daha sonra bu hadisə ilə bağlı ikinci cavabdehin ünvanına onun xahişi ilə anası ərizə yazaraq, baş vermiş hadisə ilə əlaqədar qəzanın aradan qaldırılması ilə bağlı ərizə yazmaqla həmin hadisəyə dair tərtib olunmuş aktın təqdim edilməsini xahiş etmişdir. Lakin ikinci cavabdeh bu ərizəyə cavab verməmiş və müvafiq aktın təqdim edilməsini təmin etməmişdir. Elə həmin abonent olan X8 mənzlinə aid su sayğacı ilə suyun təchiz olunmasını təmin edən plastmas borunun bir hissənin kəsilməsi ilə suyun həmin istifadə olunmayan boruya verilməsi sübuta yetirilmişdir. Ona maddi zərərin vurulması ilə bağlı xx xxxxxxx 2019-cu il tarixdə akt tərtib olunmuşdur. Su axıdılması nəticəsində mənzilinə vurulmuş zərərin müəyyən olunması üçün “X21” Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət edərək, mütəxəssis rəyinin alınması üçün xx xxxxxxx 2019-cu il tarixdə müqavilə bağlanılmaqla xx xxxxxxx 2019-cu il tarixli ƏEM/052-904/19 nömrəli rəy alınmışdır. Həmin rəyə əsasən onun mənzilinə dəymiş zərərin bərpasını təmin etmək üçün 6.292,90 (altı min iki yüz doxsan iki manat doxsan qəpik) manat məbləğində pul vəsaiti tələb olunur. Beləliklə də, birinci və ikinci cavabdeh tərəfindən istifadədən çıxarılmış su boru su ilə təchizi nəticəsində onun mənzilinə maddi zərər vurmuşlar. İddiaçı xx xxxxxx 2020-ci il tarixdə iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər X5, “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən və Cavabdeh3 müştərək qaydada 6.292,90 (altı min iki yüz doxsan iki manat doxsan qəpik) manat məbləğində dəymiş zərərin, 2.000 (iki min) manat məbləğində mənəvi zərərin, hüquqi xidmətə görə vəkilə ödədiyi 310 (üç yüz on) manat, iddia ərizəsi vermək üçün ödədiyi 30 (otuz) manat olmaqla, cəmi 8.632,90 (səkkiz min altı yüz otuz iki manat doxsan qəpik) manat məbləğində pul vəsaitinin tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı xx xxxxxx 2020-ci il tarixdə iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər X12, “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən və Cavabdeh3 müştərək qaydada 6.292,90 (altı min iki yüz doxsan iki manat doxsan qəpik) manat məbləğində dəymiş zərərin, 2.000 (iki min) manat məbləğində mənəvi zərərin, hüquqi xidmətə görə vəkilə ödədiyi 310 (üç yüz on) manat, iddia ərizəsi vermək üçün ödədiyi 30 (otuz) manat olmaqla, cəmi 8.632,90 (səkkiz min altı yüz otuz iki manat doxsan qəpik) manat məbləğində pul vəsaitinin tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı xx xxxxxx 2020-ci il tarixdə iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər X12, “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən və Cavabdeh3 müştərək qaydada 6.292,90 (altı min iki yüz doxsan iki manat doxsan qəpik) manat məbləğində dəymiş zərərin, 2.000 (iki min) manat məbləğində mənəvi zərərin, əldən çıxmış fayda kimi xx xxxxxxx 2019-cu il tarixdən hər ay 500 (beş yüz) manat hesablamaqla 14 ay üzrə 7.000 (yeddi min) manat, hüquqi xidmətə görə vəkilə ödədiyi 310 (üç yüz on) manat, iddia ərizəsi vermək üçün ödədiyi 30 (otuz) manat olmaqla, cəmi 15.632,90 (on beş min altı yüz otuz iki manat doxsan qəpik) manat məbləğində pul vəsaitinin tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X11 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili X3 iddia ərizəsinin təmin edilməsi barədə müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddia ərizəsini hüquqlarını təmsil etdiyi cəmiyyətə münasibətdə qəbul etməyərək, iddia ərizəsinin müvafiq cəmiyyətə münasibətdə təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh X15, Cavabdeh3 qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh şəxslər heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh X14 və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 151 nömrəli evin 51 nömrəli mənzili İddiaçı mülkiyyətindədir; Bakı şəhəri Nərimanov rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin 53 nömrəli Mənzil Kommunal İstismar Sahəsinin xx xxxxxxx 2019-cu il tarixli aktının surətindən və məzmunundan görünür ki, xx xxxxxxx 2019-cu il tarixdə İddiaçı mülkiyyətində olan, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 151 nömrəli evin 51 nömrəli mənzilində “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Nərimanov Rayon Su-Kanal İdarəsi tərəfindən qeyd edilən ünvanda yerləşən binaya su təchizatını təmin edərkən suyun divarların suvaq altında istismardan çıxarılmış, lakin divarlarda saxlanılan köhnə su borusuna suyun təchizatını təmin etməklə həmin binanın dördüncü mərtəbəsində Cavabdeh3 mülkiyyətində olan 54 nömrəli mənzilində mətbəx hissəsində suyaq altında olan, istismardan çıxarılmış su borusuna su ilə təchiz edilməsi nəticəsində su həmin su borusundan birbaşa suvaq altında 54 nömrəli mənzilin döşəməsinə və daha sonra İddiaçı 51 nömrəli mənzilinin mətbəx, hamam otağına, dəhlizə, yataq və qonaq otaqlarına tökülməyi nəticəsində İddiaçı mənzilinə müvafiq qaydada ziyan dəymişdir; “X21” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxxx 2019-cu il tarixli ƏEM/) seriyalı 52- 904/19 nömrəli dəymiş maddi ziyanın müəyyən edilməsi barədə mütəxəssis rəyinin surətindən və məzmunundan görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 151 nömrəli evin 51 nömrəli mənzilinə subasması nəticəsində dəymiş maddi ziyan 6.292 (altı min iki yüz doxsan iki) manat məbləğindədir; Bakı şəhəri Nərimanov rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin 53 nömrəli Mənzil Kommunal İstismar Sahəsinin 254038 nömrəli xx xxxxxx 2019-cu il tarixli arayışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 151 nömrəli evin 54 nömrəli mənzil Cavabdeh3 məxsusdur; xx xxxxxxx 2019-cu il tarixli qəbzdən görünür ki, hüquqi yardıma görə (order və marka ilə birlikdə) İddiaçı nümayəndəsi X11 tərəfindən X1 vəkil olduğu Bakı şəhəri 15 nömrəli Vəkil Bürosunun hesabına 310 (üç yüz on) manat məbləğində pul vəsaiti köçürülmüşdür; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 4360 nömrəli xx xxxx 2020-ci il tarixli rəyinin məzmunundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 151 nömrəli evin 51 nömrəli mənzilinin tikililərində su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçü görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 3.138 (üç min bir yüz otuz səkkiz) manat məbləğində olduğu müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manatdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/2195 nömrəli xx xxxxxx 2020-ci il tarixli rəyinin məzmunundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 151 nömrəli evin 51 nömrəli mənzilin tavan və divarlarındakı su sızma ləkələrini, eləcə də mülki iş materiallarında olan 53 nömrəli Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx xxxxxxx 2019-cu il tarixli aktın məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 151 nömrəli evin 51 nömrəli mənzilinə suyun sızması müəyyən olunmuşdur. Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 151 nömrəli eyin 51 nömrəli mənzilinin tikililərində su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 6.131 (altı min bir yüz otuz bir) manat məbləğində müəyyən edilmişdir. Qeyd olunur ki, ilkin-ekspertiza ilə hazırkı ekspertiza arasında 2.993 (iki min doqquz yüz doxsan üç) manat (6.131-3.138) yaranan fərq, ilkin ekspertiza zamanı mənzilin hamam-ayaqyolu tikilisində yaranan qüsurların təqdim olunmaması səbəbindən izah olunur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manatdır; xx xxxxxx 2019-cu il tarixli qəbzdən görünür ki, müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün İddiaçı nümayəndəsi X11 tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 226.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ümumi paylı daşınmaz mülkiyyətə olan hüquqdur, yəni binanın müəyyən hissələrindən müstəsna istifadə etmək və onların içərisində bəzək-tamamlama işləri aparmaq üçün mülkiyyətçinin xüsusi hüquq əldə etməsidir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi öz otaqlarını idarə etməkdə, onlardan istifadə etməkdə və bəzək-tamamlama işləri aparmaqda sərbəstdir, lakin o, digər belə mülkiyyətçinin eyni hüquqları həyata keçirməsini çətinləşdirməməli və ümumi tikinti elementlərini, qurğuları zədələməməli və ya onların funksiyasını və ya zahiri görkəmini pisləşdirməməlidir. O öz otaqlarını bütün binanın qüsursuz vəziyyətdə saxlanması və ya onun yaxşı zahiri görkəminin qorunması üçün tələb edilən tərzdə saxlamalıdır; 226.2-ci maddəsinə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ona mənsub yaşayış otağına sahiblik, ondan istifadə və ona dair sərəncam hüquqlarını otağın təyinatına uyğun həyata keçirir; 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının mənzilinə zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1111.2-ci maddəsinə görə isə, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir; 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iş üzrə verilmiş sonuncu ekspertiza rəyi əsas götürülməklə iddia qismən, yəni maddi zərər hissəsində 6.131 (altı min bir yüz otuz bir) manat hissədə təmin olunmalıdır. Belə ki, iddia tələbinin hüquqi əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında, bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. Həmçinin maddi zərər hər üç cavabdehdən deyil, yalnız bir cavabdehdən, yəni Cavabdeh3 tutulmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı İddiaçı məxsus mənzilə Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 151 nömrəli evin 54 nömrəli mənzilindən susızma baş verməsi müəyyən edilmişdir. Məhkəmə İddiaçı 2.000 (iki min) manat məbləğində mənəvi ziyan tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X13 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə X20 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X13 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X20 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X13 Haqqında Konvensiya”nın müddəaları və X20 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, İddiaçı tərəfindən Cavabdeh3 təqsirli hərəkətlərinin təsirindən onun sağlamlığının pozulmasına dair iddia tələbinin dəlilləri öz təsdiqini tapmadığından, cavabdeh şəxsdən mənəvi zərərin əvəzinin tutulması üzrə iddia tələbi rədd olunmalıdır. Məhkəmə iddia tələbinin hüquqi xidmətə görə ödənilmiş 310 (üç yüz on) manat məbləğində pulun cavabdeh şəxsdən tutulması hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121-ci maddəsində nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Xərclər konkret hallar və təqdim olunmuş hesab nəzərə alınmaqla ağlabatan məbləğdə müəyyən edilməli və konkret hallar dedikdə göstərilən yardımın həcmi (məhkəmə hərəkətlərinin və iclaslarının sayı), müddəti, baxılan işin mürəkkəbliyi və sair bu kimi amillər nəzərə alınmalıdır. Xərclərin ağlabatan məbləğ anlayışı qiymətləndirilən anlayış olub, hər bir iş üzrə konkret hallar nəzərə alınmaqla onun məzmunu müəyyən edilməlidir. Belə ki, bir mülki iş üzrə ağlabatan olan məbləğ başqa iş üzrə ya həddən artıq, ya da hərdən az məbləğ kimi qəbul edilə bilər. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli, göstərilən hüquqi yardıma görə Cavabdeh3 İddiaçı xeyrinə 310 (üç yüz on) manat məbləğində pul vəsaiti tutulmalıdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası Cavabdeh3 münasibətdə qismən əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə qismən olaraq öz təsdiqini tapmışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, vurulmuş maddi zərərin əvəzi kimi 6.131 (altı min bir yüz otuz bir) manat və hüquqi xidmət haqqı olaraq ödənilmiş 310 (üç yüz on) manat məbləğində pul vəsaiti Cavabdeh3 tutulub İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (on) manat məbləğində dövlət rüsumu Cavabdeh3 tutulub İddiaçı xeyrinə ödənilməli, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaiti Cavabdeh3 tutulub dövlət nəfinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Vurulmuş maddi zərərin əvəzi kimi 6.131 (altı min bir yüz otuz bir) manat və hüquqi xidmət haqqı olaraq ödənilmiş 310 (üç yüz on) manat məbləğində pul vəsaiti, habelə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh3 tutulub İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə, həmçinin cavabdehlər X15 və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə münasibətdə təmin edilməsin. Ekspertiza tədqiqatlarının dəyəri 200 (iki yüz) manat məbləğində pul vəsaiti Cavabdeh3 tutulub dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar