Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-761/2025 26.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı mənzilin dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərin təqdim edilməsi ödəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Pilot layihə” əsasında Nərimanov rayonu Qarabağ küçəsində inşa edilmiş 48 A nömrəli evin 4cü blokunda yerləşən və ona məxsus olan 29 saylı mənzilə çıxarış almaq üçün “Poleks" MTK-dan maliyyə arayışı və protokoldan çıxarış alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarı və Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 18 yanvar 2017-ci il tarixli 37 saylı sərəncamı əsasında mülkiyyətində olan 60 kvadrat metrdən ibarət təmirli və kupçalı mənzilinin "Pilot layihə" əsasında sökülməsi və yerindəcə inşa olunacaq hündürmərtəbəli yaşayış binasında 60 kvadrat metrdən ibarət təmirli mənzilin verilməsi şərti ilə razılaşaraq, Cavabdeh MTK ilə 12 may 2017-ci il tarixdə rəsmi qaydada yazılı müqavilə bağlayıb. 2020-ci ildə Cavabdeh MTK-nın ona verdiyi təzə mənzilin ümumi sahəsi 60 kvadrat metr deyil, 54.04 kvadrat metr olduğu üçün MTK-nı məhkəməyə verib. "Poleks” MTK bunu əsas götürüb onunla prinsip apararaq, verilmiş mənzilə "Çıxarış” alınması üçün maliyyə arayışının və protokoldan çıxarışın verilməsindən imtina etmişdir. Bununla bağlı, Cavabdeh MTK-ya xx.xx.2020-ci il tarixdə məktub ünvanlayıb, lakin nəticəsi olmadı. Dörd ildir ailəsiylə birgə yeni verilən mənzildə yaşasalar da, şəxsiyyət vəsiqəsində 2017-ci ildə sökülmüş (7 ildir), yox edilmiş köhnə ünvanlarında qeydiyyatdadırlar. MTK tərəfindən zəruri sənədlər verilməlidir ki, o da həmin sənədləri ASAN Xidmətə təqdim etsin, çıxarış alsın və ailəsiylə birgə yeni mənzilə qeydiyyata düşsün. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa müvafiq izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyərək, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş “Tikinti şirkəti” Cavabdeh MMC ilə “Əmlak mülkiyyətçisi” İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin surətindən görünür ki, “Əmlak mülkiyyətçisi” bu müqaviləyə əsasən xx.xx.1995-ci il tarixində, 30/3177 qeydiyyat nömrəsi ilə Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsi ilə öz mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 20.0 kv.metrdən ibarət yaşayış sahəsini sökülmək üçün Cavabdeh MMC-yə təhvil verməyi, bu Müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada “Tikinti şirkəti” tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi, “Tikinti şirkəti” Cavabdeh MMC ünvan 1 ünvanında yerləşən “Əmlak mülkiyyətçisi”nin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada 60.0 kv.m, təmirli mənzili “Əmlak mülkiyyətçisi”-nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı cavabdeh MMC ilə 12 may 2017-ci il tarixdə rəsmi qaydada yazılı müqavilə bağlayaraq, mülkiyyətində olan mənzili cavabdehə sökülmək üçün vermiş və müqabilində ona yeni mənzil verilmişdir. Hazırda iddiaçı binanın təhvil verilməsinə baxmayaraq, mənzilə mülkiyyət hüququnu təsdiq edən çıxarışın alınması, onun və ailə üzvlərinin mənzilə qeydiyyata düşə bilmələri üçün zəruri sənədlərin MMC tərəfindən ona verilməməsinə istinad edərək, məhkəmə tərəfindən həmin sənədlərin təqdim edilməsinin təmin edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Mülki Məcəllənin 139-1.1-ci və 139-1.1.6-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) əsas hesab olunur. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Eyni Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 404.1-ci maddəsinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Mülki Məcəllənin 442 və 448.1-ci maddələrinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 752.1-ci maddəsinə görə, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Hazırki mülki iş üzrə iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklərinin icra edilməsi işin mübahisəsiz halıdır. Belə ki, iddiaçı öz mənzilini vermiş, əvəzində isə yeni tikilən binadan ona mənzil verilmişdir. İşin mübahisəli halı sözügedən mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınması üçün zəruri sənədlərin cavabdeh tərəfindən verilməməsi, yəni müqavilə öhdəliklərinin tam şəkildə icra edilməməsi ilə bağlıdır. Belə ki, mənzilin təhvil verilməsi özlüyündə yalnız mənzilin fiziki olaraq təhvil verilməsini deyil, həmçinin mənzilə dair müvafiq rəsmiləşdirmənin aparılması üçün zəruri sənədlərin verilməsini də ehtiva edir. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Qeyd olunmalıdır ki, iddiaçının mülkiyyət hüquqları rəsmi reyestrdə qeydə alınmasa da, həmin mənzil sonuncunun qanuni sahibliyi və istifadəsindədir. Beləliklə, işin faktiki halları və təqdim edilmiş sübutlarla müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2017-ci il tarixdə müqavilə bağlanmış və bununla da onlar arasında öhdəlik münasibətləri yaranmışdır. İddiaçıya 2020-cil ildə mənzil verilmiş və həmin mənzil hazırda onun istifadəsindədir. İddiaçıya məxsus mənzilin yerləşdiyi bina isə istismara qəbul edilmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş çıxarışdan görünür ki, eyni binada yaşayan qonşusu mənzilə dair çıxarış almışdır. Belə olan halda iddiaçının qanuni sahibliyində və istifadəsində olan mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınması üçün zəruri sənədlərin cavabdeh MMC tərəfindən verilməsindən imtina olunması əsassızdır və bu hal iddiaçının qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının pozulmasına səbəb olur. O da qeyd olunmalıdır ki, iddiaçı iddia ərizəsində maliyyə arayışının və protokoldan çıxarışın verilməsini xahiş etsə də, tərəflər arasında bağlanmış müqavilədən görünür ki, müqavilə MTK ilə deyil, MMC ilə bağlanmışdır. MMC ilə bağlanmış müqavilə üzrə hüquqların qeydə alınması qaydası isə fərqli olduğundan, həmçinin iddiaçının əsas tələbinin çıxarışın alınması üçün zəruri sənədlərin təqdim edilməsi olduğundan, məhkəmə hesab edir ki, iddia təmin edilərək iddiaçının qanuni sahibliyində olan mənzilin dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərin təqdim edilməsi öhdəliyi cavabdeh MMC-nin üzərinə qoyulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, 48 A nömrəli evin 4-cü blokunda yerləşən 29 saylı mənzilin İddiaçı adına dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərin iddiaçıya təqdim edilməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulmalı, iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, 48 A nömrəli evin 4-cü blokunda yerləşən 29 saylı mənzilin İddiaçı adına dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərin iddiaçıya təqdim edilməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulsun. İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən tərəfə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-761/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-761/2025
26.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver