Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-765/2023 21.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X4, İddiaçı Cabbar qızının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «ümumi paylı mülkiyyət hüququna xitam verilməsi və daşınmaz əmlakın naturada özünə aid hissədə mülkiyyət hüquqların dövlət qeydiyyatına alınması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən əmlak (mənzil) üzərində ümumi mülkiyyət hüquqlarına cavabdehlərin razılığı nəzərə alınmadan xitam verilməsi, həmin ünvanda olan daşınmaz əmlakın naturada özünə aid hissədə hüquqların dövlət qeydiyyatına alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi ev 7, 91-ci mənzil bütöv halda xüsusi mülkiyyət hüququ əsasında mülkiyyətində olmuşdur. Mənzil 3 otaqdan ibarət olmaqla həmin binanın birinci mərtəbəsində yerləşən 17,0 kv.m və həmin binanın üst mərtəbəsində yerləşən sahəsi 17,4 kv.m, 11,9 kv.m olan iki yaşayış otağından və yardımçı sahərdən ibarət olmuşdur. Birinci və 2-ci mərtəbədə yerləşən otaqlar fiziki olaraq bir-birindən ayrı olmuşdur. 09 fevral 1996-cı il tarixdə mülkiyyətində olan həmin yaşayış binasında yerləşən 3 otaqlı mənzilin 1-ci mərtəbəsidə yerləşən sahəsi 17.2 kv.m olan yaşayış otağını yardımçı sahələri ilə birlikdə alqı-satqı müqaviləsi əsasında vətəndaş X2 və müqavilə Bakı şəhəri 21 saylı dövlət notariat kontorunda 3.M-A-108 reyestr nömrəsi ilə qeydə alınmışdır. Həmin alqı-satqı müqaviləsinə əsasən xx.xx.1996-cı ildə, Tİ və MH qeydiyyatı idarəsi tərəfindən özünün və Cavabdeh2 Əli oğlunun adına ayrı-ayrı texniki pasportlar işlənilmişdir. Hazırda qeyd edilən ünvanda yerləşən mənzil paylı mülkiyyət hüququ əsasında ½ hissədə (iki otaq) özünə və ½ hissədə (bir otaq) cavabdehlərə məxsusdur. Hazırda mübahisənin predmeti olan və paylı mülkiyyətində olan iki yaşayış otağı yardımçı sahələrlə birlikdə tam olaraq digər payçılara yəni cavabdehlərə məxsus olan hissədən tam ayrıdır və müstəqil olaraq hər birinin öz hissəsinə aid olan yaşayış sahəsindən müstəqil bir-birilərinə mane olmadan istifadə etməkdədirlər. Paylı mülkiyyətdə olan əmlak üzərində sərəncam vermək mülki qanunvericiliyin tələblərinə görə bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirildiyindən, cavabdehlərlə olan ümumi paylı mülkiyyət hüquq xitam vermək qərarına gəlmişdir. Cavabdehlərlə olan ümumi paylı mülkiyyətə könüllü qaydada razılaşma şəraitində xitam verilməsi barədə edilmiş müraciət onlar tərəfindən təmin edilməmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaya etiraz edərək, məhkəmdən iddianın rədd edilməsini xahiş etdilər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. İş materiallarında olan Bakı Şəhər 21 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş, 3-M-A-108 saylı müqavilənin məzmunundan görünür ki, 09 fevral 1996-cı il tarixdə ünvan 1 ünvanda yerləşən əmlak (mənzil), 3 otaqlı mənzilin 1-ci mərtəbəsidə yerləşən sahəsi 17.2 kv.m olan yaşayış otağını yardımçı sahələri ilə birlikdə alqı-satqı müqaviləsi əsasında vətəndaş X1. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən əmlak (mənzil) üzərində X6 2 otaq xx.xx.2014-cü il tarixdə, Cavabdeh2 və X5 1 otaq üzərində ½ hissədə payları müvafiq olaraq xx.xx.2011 və xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən əmlak (mənzil) üzərində X6 2 otaq xx.xx.2014-cü il tarixdə, Cavabdeh2 və X5 1 otaq üzərində ½ hissədə payları müəyyən edilmiş və onların həmin paya mülkiyyət hüququ tanınmışdır. İşin materiallarından da aşkar surətdə göründüyü kimi iddiaçı mübahisəli evin müstəqil mülkiyyətçisidir, yəni, onun payı məlumdur, lakin, onun payı naturada ayrılmamışdır. Tərəflər paylı mülkiyyətçilər olaraq mübahisəli əmlak üzərində iddiaçının ½ hissədə, cavabdehlərin birgə ½ hissədə olmaqla payları müəyyən olunmuşdur. İddiaçının tələbi 2 hissədən ibarətdir:
1. ünvan 1 ünvanda yerləşən əmlak (mənzil) üzərində ümumi mülkiyyət hüquqlarına cavabdehlərin razılığı nəzərə alınmadan xitam verilməsi;
2. daşınmaz əmlakın naturada özünə aid hissədə hüquqların dövlət qeydiyyatına alınması Məhkəmə iclaslarında iddiaçı tərəfin hazırkı iddia tələbini irəli sürməkdə hüquqi marağının nədən ibarət olması aydınlaşdırılmış, lakin iddia tələbinə hər hansı dəyişiklik etmək hüququndan istifadə etməmişdir. Hazırda baxılan iddia üzrə iddiaçı tərəf əmlakın naturada bölünməsi tələbini irəli sürməmişdir. İşin materiallarından da aşkar surətdə göründüyü kimi, iddiaçı öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etməmiş, habelə iddiaçı öz paylının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçilərinə ödənilməsini tələb etmək hüququna malik olduğu halda, öz payının alınmasını təklif etməmişdir. Belə bir tələb olmadığı halda, əmlakın naturada özünə aid hissədə hüquqların dövlət qeydiyyatına alınması hissəsində iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.4-cü maddəsinə əsasən, ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində isə, paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması qaydaları müəyyən edilmişdir. Belə ki, həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Qeyd edilən Məcəllənin 220.4-cü maddəsinə əsasən, bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Göstərilən Məcəllənin 220.5-cü maddəsinə əsasən, mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Yenə həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində müəyyənləşdirilmiş qaydalarına riayət etmədən iddiaçının tələbi ilə əmlak (mənzil) üzərində ümumi mülkiyyət hüquqlarına cavabdehlərin razılığı nəzərə alınmadan xitam verilməsi qanunvericiliyin tələblərinə uyğun deyil və buna görə də iddia tələbi rədd edilməlidir. Bundan əlavə, Mülki Məcəllənin 220.4-cü maddəsində öz payının ümumi əmlakdan ayrılması tələbini irəli sürməyən mülkiyyətçinin əmlaka olan mülkiyyət hüququndan onun iradəsinə zidd olaraq digər mülkiyyətçilər tərəfindən kompensasiyanın ödənilməsi yolu ilə məhrum edilməsi nəzərdə tutulmamışdır. Həmçinin, Mülki Məcəllənin 220.6-ci maddəsində ümumi əmlakın bölünməsi ilə bağlı məhkəmənin həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməsi səlahiyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən belə qərarın qəbul edilməsi bütün paylı mülkiyyətçilərin razılığının alınması ilə şərtləndirilməmişdır. Həmin maddənin mənasına görə belə qərar paylı mülkiyyətçilərin birinin iddiası əsasında da qəbul edilə bilər. Digər tərəfdən, mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Bununla bağlı qeyd etmək vacibdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir. Beləliklə, Konstitusiyada təsbit edilmiş hər hansı hüquqların, o cümlədən mülkiyyət hüququnun məhdudlaşdırılması mütənasiblik prinsipi gözlənilməklə həyata keçirilməlidir. Məhkəmə hesab edir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu və 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «ümumi paylı mülkiyyət hüququna xitam verilməsi və daşınmaz əmlakın naturada özünə aid hissədə mülkiyyət hüquqların dövlət qeydiyyatına alınması» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən Aytən Novruzova