Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-80/2022 21.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı, Cavabdeh Sığorta Şirkəti ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən ona vurulmuş 3.000 (üç min) manat məbləğində maddi və 1.500 (min beş yüz) manat məbləğində mənəvi ziyanın və 30 (otuz) manat dövlət rüsumunun, cəmi 4.530 (dörd min beş yüz otuz) manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, özünə məxsus Bakı şəhəri Nərimanov rayonu Atatürk prospekti-3 ünvanında 5-ci mərtəbədə yerləşən 71 və 72 saylı mənzilləri 2020- 2021-ci illər ərzində Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığorta etdirmişdir. 2020-ci ilin noyabr və dekabr aylarında aramsız yağan yağışlar Bakı şəhəri Nərimanov rayonu Atatürk prospekti 3 ünvanında 5-ci mərtəbədə yerləşən 71 və 72 saylı mənzillərinə damcılayaraq, pəncərələrin suvağını, aynabəndləri və döşəməni sıradan çıxarmışdır. Mənzillərinə yağan yağış hətta 4-cü mərtəbədə yaşayan alt qonşunun evinə də damcılamışdır. Bu barədə qonşusu narazıçılığını ona bildirmişdir. O, yağışın yağıb mənzillərə axması nəticəsində baş vermiş hadisə ilə əlaqədar Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə zəng edib məlumat verdikdən sonra, 11 yanvar 2021-ci il tarixdə şirkətin nümayəndəsi gəlib mənzillərə baxış keçirməklə akt tərtib etmiş və ona tezliklə məlumat veriləcəyini bildirmişdir. Lakin bir müddət sonra ondan heç bir xəbər çıxmadığını görüb 940 xidmətinə zəng edib, bu barədə soruşduqda, onlar mənzillərə qiymətləndirmə komissiyasının gələcəyini bildirmişlər. Lakin bir neçə müddət gözləyərək, heç bir komissiyanın gəlmədiyini görüb, yenidən Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti ilə əlaqə saxlamaq üçün zəng etsə də, zənglərinə cavab verməkdən yayınmışlar. Dəfələrlə Cəmiyyətin direktorunun qəbuluna getsə də, oranın əməkdaşları onu getgələ salaraq, xahişini nəzərə almayıb, direktorun qəbuluna düşüb şikayətini deməyə imkan verməmişlər. Şəxsən Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyinə bu barədə məlumat vermək istəsə də, rəhbərlik onu qəbul etməmişdir. O, Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 54 saylı MKİS-nə müraciət edib yağışın yağması nəticəsində mənzillərinin pis vəziyyətə düşməsi barədə məlumat verdikdən sonra 54 saylı MKİS-in mühəndisi T.İsgəndərov, sahə texniki T.Əhmədov və çilingər M.Əliyev tərəfindən Bakı şəhəri Nərimanov rayonu Atatürk prospekti-3 ünvanında 5- ci mərtəbədə yerləşən 71 və 72 saylı mənzillərinə baxış keçirilərək, binanın mansart damından yağış yağarkən yağış sularının axması nəticəsində adı çəkilən mənzillərdə divarın aboy kağızlarının qopması, otaq və mətbəx pəncərələrinin yan divarının suvağı və vurulmuş emusiya rənginin qoparaq tökülməsi, ağacdan olan pəncərələrin şişməsi, mənzillərin otaqlarında tavanın emusiya rənglərinin qopması və mənzillərin təmirinin yararsız hala düşməsi barədə AKT tərtib olunmuşdur. Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti üzərinə düşən öhdəliklərini yerinə yetirmədiyindən, o, mənzilləri sığortalı olmasına baxmayaraq, yağışın yağması nəticəsində mənzillərə dəymiş zərərlə əlaqədar, məcbur olub 200 kv.metr damı təmir etdirmək üçün dəmir təbəqələr alaraq, ustalar dəvət edib damı təmir etdirmişdir. Damın təmirinə təxminən 3000 manat xərci çıxmışdır. Mənzillərinin damının düzəldilməsinə görə dəvət etdiyi ustalar X4 və X8 məhkəməyə şahid qismində dəvət edilərək qeyd etdiklərimi bir daha sübuta yetirə bilər. Qeyd edilənlərlə əlaqədar, Bakı şəhəri Nərimanov rayonu Atatürk prospekti -3 ünvanında 5-ci mərtəbədə yerləşən 71 və 72 saylı mənzillərə dəymiş zərərlə əlaqədar xərclədiyi 3.000 (üç min) manat pulun Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən ona ödənilməsi barədə “Atəşgah" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə rəsmi olaraq müraciət etsə də, onlar ona Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıqlarını və hadisənin səbəbləri müəyyən edildikdən sonra iş üzrə qanunamüvafiq qərar qəbul ediləcəyi barədə cavab məktubu göndərsələr də, bu günə qədər heç bir tədbir görməmişlər, qərar qəbul etməmişlər. Qeyd edir ki, mübahisəli mənzilinin yerləşdiyi bina çoxdan özəlləşmiş və İcra Hakimiyyətinin balansından çıxmışdır. Mənzillərinə axan yağışın onun mənzillərindən qonşularının mənzillərinə keçməsi nəticəsində qonşuların ona iradlarını bildirməsi və qonşularının yanında onun və xəstə olan həyat yoldaşının pis vəziyyətə düşməyi nəticəsində mənəvi sarsıntılara məruz qalaraq, əsəbləri pozulmuş, həmin günlər ərzində qan təzyiqləri yüksəlmiş, həkimə müraciət etmək məcburiyyətində qalaraq, müayinə və müalicə olunmuşlar. Müayinə və müalicə nəticəsində ona və həyat yoldaşına 1.500(min beş yüz) manat mənəvi ziyan dəymişdir. Beləliklə, cavabdehin hüquqa zidd təqsirli hərəkətləri nəticəsində ona 3.000 min (üç min) manat məbləğində maddi ziyan və 1.500 (min beş yüz) manat məbləğində mənəvi ziyan dəymişdir. Cavabdehin hərəkətləri nəticəsində güclü mənəvi sarsıntı keçirməyini nəzərə alınaraq, cavabdehdən ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsini tələb edir. Qeyd edilənləri nəzərə alaraq iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh Sığorta Şirkəti ASC-nin nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbinin tam əsassız olduğunu bildirərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. 30.11.2020-ci il tarixli qaimədən görünür ki, İddiaçı məxsus Atatürk prospekti ev 3, mənzil 71- 72-nin məxbəxinin təmirinə lazım olan vəsait 1593 manat təşkil edir. 09.02.2021-ci il tarixli Aktdan görünür ki, aktı imza edənlər-54 saylı MKİS-in mühəndisi T.İsgəndərov, sahə texniki T.Əhmədov, çilingər M.Əliyev bu aktı tərtib edərək göstərmişdir ki, M.Atatürk prospekti-3, mənzil 71 sakini X6 və M.Atatürk prospekti 3, mənzil 72 sakini İddiaçı şikayətləri əsasında onların yaşadıqları ünvanda olmuşlar. Mənzilə baxış keçirərkən məlum olmuşdur ki, son zamanlar binanın mansart damından yağış yağarkən yağış suları göstərilən mənzillərə axmışdır. Yağış sularının axması nəticəsində 71 və 72-ci mənzillərdə divar oboy kağızları qopmuş, otaq və mətbəx pəncərələri qoparaq tökülmüş, ağacdan olan pəncərələr şişmiş, mənzilin otaqlarında tavanın emusiya rəngləri qopmuş, mənzillərin təmiri yararsız hala düşmüşdür. Göstərilən əsasda akt tərtib edilmiş və imzalarla təsdiq edilmişdir. Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsindən görünür ki, “Sığortaçı”- Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən “sığortalı” İddiaçı məxsus Bakı şəhəri, Nərimanov Rayoni, Atatürk pr, ev 3, mənzil 72 18.02.2021-ci il tarixdən 31.12.2021-ci il tarixədək sığortalanmışdır. Şəhadətnamə üzrə sığorta haqqı 50 manat, sığorta məbləği 25000 manat təşkil edir. Cavabdeh Sığorta Şirkəti ASC-nin 11.02.2021-ci il tarixli İddiaçı ünvanlanmış məktubundan görünür ki, “Atəşgah" Sığorta Şirkətinə daxil olmuş 25 yanvar 2021-ci il tarixli məktubuna baxılmışdır. Bildirir ki, məktubu əsasında əmlaka dəymiş zərərin xarakteri və səbəbinin müəyyən edilməsi üçün ASC tərəfindən 05 fevral 2021-ci il tarixli O-AP-2021-0560 saylı məktubla Nərimanov rayon İcra hakimiyyətinə sorğu ünvanlanmışdır. Hadisənin səbəbləri müəyyən edildikdən sonra iş üzrə qanunamüvafiq qərar qəbul ediləcəkdir. 26.08.2021-ci il tarixli, 10/1634 nömrəli Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 3, 71 saylı mənzilin tavanında boya qatının şişməsi, sarımtıl su sızma ləkələrinin olması, divar kağızının qopması, pəncərənin kənarında boya qatının şişməsi, qopması, 72 saylı mənzilin dəhlizinin tavanında boya qatının şişməsi, qopması, divar kağızının üzərində sarı suzma ləkələrinin olduğu müşahidə olundu. Mülki iş materiallarında olan 54 saylı MKİS-in əməkdaşları tərəfindən, 09 fevral 2021-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 3, 71 saylı mənzilin sakini X2 və həmin binanın 72 saylı mənzilin sakini İddiaçı yaşadıqları mənzillərin binanın mansardından yağış yağarkən yağış suları axmışdır. Lakin baxış zamanı binanın mansardının taxta konstruksiyanın üzərində su sızma ləkələrin olmadığını nəzərə alaraq, 71 və 72 saylı mənzillərinə su sızması konkret olaraq hansı texniki səbəb və ya səbəblərdən baş vediyini müəyyən etmək mümkün olmadı. Su sızmadan yaranan qüsurların yaranma müddətinin müəyyən olunmasına dair metodika olmadığından qərardadın bu sualı üzrə təhqiqat aparılmamışdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış müqaviləyə əsasən Bakı şəhəri Nərimanov rayonu Atatürk prospekti-3 ünvanında 5-ci mərtəbədə yerləşən 71 və 72 saylı mənzilləri 2020-2021-ci illər ərzində sığorta edilmiş və buna dair İddiaçı sığorta şəhadətnaməsi verilmişdir. 2020-ci ilin noyabr və dekabr aylarında aramsız yağan yağışlar nəticəsində Bakı şəhəri Nərimanov rayonu Atatürk prospekti 3 ünvanında 5-ci mərtəbədə yerləşən 71 və 72 saylı mənzillərinə su axmış və nəticədə mənzillərin pəncərələrinə, abnabəndə və döşəməyə zərər dəymişdir. Qeyd edilən mənzillər üzrə sığorta hadisəsi baş vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 898.1-ci maddəsinə əsasən icbari sığorta qanunlarında və könüllü sığorta növləri üzrə sığorta müqavilələrində şərtli və ya şərtsiz azadolma məbləği, həmçinin gözləmə müddəti müəyyən oluna bilər; 898.4-cü maddəsinə əsasən şərtsiz azadolma məbləği nəzərdə tutulduqda həmin məbləğ hər bir halda tətbiq edilir; 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 922.3. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun: 13.1-ci maddəsinə əsasən icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. 35.1-ci maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. “İcbari sığortalar haqqında” Qanunun 35.4-cü maddəsinə əsasən, yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortası onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir 36.1.8-ci maddəsinə əsasən Daşınmaz əmlakın təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi tələb olunan maddi zərər hissəsində qismən təmin edilməli, Bakı şəhəri Nərimanov rayonu Atatürk prospekti-3 ünvanında 5-ci mərtəbədə yerləşən 71 və 72 saylı mənzillərə dəymiş zərərə görə 30.11.2020-ci il tarixli qaimə əsas tutulmaqla 1593 manat məbləğində təmin edilməli, qalan hissədə sübuta yetirilmədiyindən rədd edilməlidir. Məhkəmə iddia tələbinin “mənəvi zərərin tutulması” hissəsində belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarında Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin qərarın 8-ci bəndində həmçinin qeyd edilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxıldıqda mülki məsuliyyətin yaranması əsasları müəyyən edilməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsi, zərərvuran şəxsin təqsiri, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsi, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsi aydınlaşdırılmalıdır. Lakin məhkəmə araşdırılması zamanı iddiaçı mənəvi sarsıntı və iztirab keçirməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə iddia tələbini mənəvi zərərin tutulması hissəsində əsassız hesab edir və rədd edilməsi qənaətinə gəlir. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçının maddi ziyan tələbinin qismən təmin olunması iddiaçıya münasibətdə ədalətli kompensasiyanı əvəz edir. Belə ki, “Kletsova Rusiyaya qarşı” iş üzrə 12.04.2007-ci il tarixli X12 Hüquqları Məhkəməsi də mübahisənin mahiyyətini, pozuntunun xarakterini nəzərə alaraq iddiaçının iddiasının təmin edilməsi barədə məhkəmə aktının qəbul edilməsini mənəvi zərərin ödənilməsinin ədalətli kompensasiyası hesab etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin oxşar mövqeyi «Bokova Rusiya qarşı» işi üzrə 16.04.2019-cu il tarixli Qərarında da mövcuddur. Qərarda qeyd olunur: «ərizəçiyə qarşı işə baxılarkən məhkəmə tərəfindən pozuntunun olmasının aşkar edilməsi ərizəçinin irəli sürdüyü mənəvi zərərə görə ədalətli təzminatı özünə ehtiva edir». Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Hazırki iş üzrə məhkəmə hesab edir ki, ekspertiza xərcinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən 1500 (bir min beş yüz) manat məbləğində maddi zərər tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Keçirilmiş məhkəmə ekspertizası xərci olaraq 100 (bir yüz) manat Cavabdeh Sığorta Şirkəti ASC-dən tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-80/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-80/2022
21.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver