Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-806/2021 27.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi və dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi və dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurduğu maddi ziyana görə 2.000 (iki min manat) və vurduğu mənəvi ziyana görə 15.000 (on beş min) manat pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, təxminən 2020-ci ilin iyul ayının əvvəlində iddiaçı yaşadığı Bakı şəhəri Sabunçu rayonu, B.ünvan 1 ünvanında qardaşı Cavabdeh ilə aralırında yaranmış mübahisə zamanı sonuncu səbəbsiz yerə iddiaçıya məxsus olan 2 ədəd noutbuku götürərək evdən getmiş və sonradan onlardan birini sındırmışdır. Nəticədə həmin noutbuk tam yararsız hala düşmüşdür, hazırda ondan istifadə etmək, təmir etmək qeyri mümkündür və noutbuk sınmış vəziyyətdə iddiaçıdadır, zərurət olarsa məhkəməyə təqdim edə bilər. Bundan başqa iddiaçı qeyd edim ki, baş vermiş hadisə ilə bağlı Bakı şəhər Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Şöbəsinə müraciət etmişdir. Polis Şöbəsində iş araşdırılaraq mülki xarakterli olduğundan 11 iyul 2020-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarda Cavabdeh hadisəni törətməsini etiraf etdiyi göstərilmişdir, bu səbəbdən də mülki iş üzrə hadisənin baş verməsini təsdiq etdiyindən qərarın surətini də iddia ərizəsinə əlavə edir. Həmçinin, iddiaçı qeyd edir ki, həmin noutbukun modeli “HP povilion” olub hazırda yenisinin bazar qiyməti 2.000 (iki min) manat civarındadır. Bundan başqa iddiaçı qeyd edir ki, göstərilən noutbukun sındırılmasında iddiaçıya qarşı vurulan ən böyük ziyan noutbukun daxilində yerləşən məlumatlara çatımlılığ imkanının aradan qalxması olmuşdur. Belə ki, 2014-ci ildən etibarən istifadə etdiyi noutbuk tam yararsız hala düşdüyündən onu təmir etmək mümkün deyildir. Bu səbəbdən noutbukun daxili yaddaşında olan məlumatları bərpa etmək olmur. Həmin məlumatlar isə iddiaçı üçün həm şəxsi əhəmiyyət daşıyır, həm də sırf peşəsi ilə bağlı olub iş həyatı ilə bağlıdır. Nəticədə həmin məlumatlarən məhv olması iddiaçının mənəvi sarsıntı keçirməsinə səbəb olmuşdur. Belə ki, noutbuk bir neçə ildir ki, iddiaçının istifadəsində idi, bu səbəbdən də özünə aid olan bütün məlumatlar, olduğu ölkələrdə olan və digər fotoşəkillər, videolar, tanışlıqları, əlaqələri həmin noutbukun daxilində idi. Bundan başqa iddiaçı özü 12 yaşından etibarən, təxminən 15 ildən çoxdur ki kulinar sənəti ilə məşğuldur və maddiməişət ehtiyaclarını bu sənətdə sərf etdiyi əmək sahəsində qazandığı vəsait hesabına ödəyirə. İddiaçı bildirmək istəyir ki, kulinar olaraq yüzlərlə çeşid yemək məhsulu tərkibi, hazırlanması, təqdim edilməsi barədə məlumatı olmalıdır. Qeyd etdiyi kimi peşə fəaliyyəti davam etdirmək sırf bundan asılıdır. İddiaçı da öz növbəsində peşəsində sərf etdiyi 15 ildən çox müddət ərzində boş dayanmamış, daim özünü inkişaf etdirmiş, indiyədək peşsi ilə bağlı 70-ə qədər ölkədə olmuşdur. Həmin ölkələrdə o cümlədən işlədiyi yerlərdə topladığı təcrübəni, zəruri məlumatları, menyu reseptləri, pdf kitablar hansı ki, dəyəri 2000 avrodan, manatla müqayisə etdikdə 4000 manatdan civarında qiymətləri var, iştirak etdiyi onlayn kursların hansı ki, ödənişi minimal 200 manatdan başlayır, həmin sertifiktların sayı da 20-25 ədəd idi, qyməti 300 manatdan çox olan işlə bağlı təlim diskləri və hazırda hər birini xatırlamadığı məlumatların hamısını cavabdeh tərəfindən sındırılan noutbukun yaddaşına daxil etmişdir. İddiaçı onu da qeyd edir ki, hər bir çeşid yeməklərdən və sertifikatlardan işlədiyi yerlərdə tələb oluna bilər ki, bu zaman da əldə edilmiş məlumatlardan istifadə etmək ehtiyacı yaranacaq. Həmçinin prestijli müəssisələrdə işləmək istədikdə işə müraciət ərizəndə mütləq iştirak etdiyin onlayn təlimlərlə bağlı sertifikatları da əlavə etmək tələb olunur. Cavabdeh isə məlumatların olduğu noutbuku məhv etdiyindən hazırda bu imkan aradan qalxmışdır. Nəticədə topladığı təcrübə məhv olmaqla yanaşı peşə fəaliyyətini də uğurla davam etdirmək ciddi təhlükə qarşısında qalmışdır və göründüyü kimi iddiaçıya böyük maddi-mənəvi ziyan dəymişdir. Əvvəlki məhkəmə iclaslarında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh bildirmişdir ki, iddiaçı onu evdən qoymüş və səhərisi gün evə gəlib evdə olan iki notbuku götürüb sındırmışdır. Notbuklardan biri ona məxsus idi. Bundan başqa 27.10.2021-ci il tarixdə məhkəmə iclasında ərizə təqdim edərək, iddiaçının iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Həmçinin qeyd edmişdir ki, iddiaçıya məxsus köhnə işləməyən notbukun qiyməti 150 manatdan artıq deyildir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; 26.11.2020-ci il tarixli DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. Sabunçu RPİ-nin 12-ci PŞ-nin Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 11.07.2020-ci il tarixli Qərarın surətindən görünür ki, İddiaçı 30.06.2020-ci il tarixdə Sabunçu RPİ-nin 12-ci PŞ-yə ərizə yazaraq bildirmişdir ki, birlkdə yaşadığı qardaşı Cavabdeh ona məxsus 2 ədəd HP notbukunu oğurlamışdır. Faktla bağlı Cavabdeh izahat verərək bildirmişdir ki, 01.07.2020-ci il tarixdə aralarında mübahisə yarandığını, Naibin onu evdən qovduğunu, oda əsəbləşib stolun üzərində olan 2 ədəd notbukları götürdüyünü və birini sındırdığını bildirmişdir. AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görülür ki, İddiaçı ünvan 4 ünvanında qeydiyyatdadır. 20.05.2021-ci il tarixli, 9/1791-5/324 nömrəli Məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında məlumatdan görünürki, ekspert qarşısında qoyulmuş sualların həll edilməsi üçün qərarda göstərilən “HP povilion” markalı notebookun təqdim olunması barədə məhkəməyə 02.03.2021-ci il tarixli vəsatət göndərilmiş, lakin həmin vəsatət təmin edilməmişdir. 30.09.2021-ci il tarixli Məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında məlumatdan görünürki, ekspert qarşısında qoyulmuş sualların həll edilməsi üçün qərarda göstərilən “HP povilion” markalı notebookun təqdim olunması barədə məhkəməyə 06.08.2021-ci il tarixli vəsatət göndərilmiş, lakin həmin vəsatət təmin edilməmişdir. 28.09.2021-ci il tarixli Aktdan görünür ki, Məhkəmə Ekspertizası Mərkəzinin Elmitədqiqat və metodiki iş şöbəsinin məsləhətçisi X3, Sənədlərin texniki ekspertizası şöbəsinin böyük eksperti X5, İqtisad ekspertizaları şöbəsinin eksperti X2 bu aktı tərtib edirik ondan ötrü ki, vətəndaş İddiaçı ərizəsinə əsasən 17-30 aprel 2021-ci tarixlərində onun tərəfindən “HP Povillion" markalı maddi sübut olan noutbukun ekspertizaya təhvil verilməsinin araşdırılması məqsədilə 28.09.2021-ci il tarixdə saat 14:30 radələrində vətəndaş inzibati binaya dəvət edilərək təyin edilən ekspertiza üzrə icrası tapşırılmış Sənədlərin texniki ekspertizası, İqtisad ekspertizaları şöbələrinin əmtəəşünas ekspertlərinə və Katibliyin əməkdaşlarına noutbukun təqdim edilməməsi müəyyən edildi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının mənzilinə zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iş materiallarını əsas götürülməklə iddia qismən təmin edilməlidir. İş materiallarından müəyyən olunur ki, iddiaçı ilə cavabdeh aralarında mübahisə baş vermiş və sonuncu iddiaçıya aid notbuku sındırmışdır. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia predmeti olan notbuku qiymətləndirilməsi və dəymiş ziyanı müəyyən etmək üçün mülki iş üzrə məhkəmə ekspertizası təyin olunmuşdur. Lakin məhkəmə ekspertizasının keçirilməsindən, qeyd olunan notbuk təqdim olunmaması səbəbi ilə imtina edilmişdir. İddiaçı əvvəlkiməhkəmə iclasında notbuku məhkəmə ekspertizasına təqdim etdiyini bildirsə də, buna dair sübut təqdim edə bilməmişdir. Bununla belə 28.09.2021-ci il tarixli Aktdan görünür ki, Məhkəmə Ekspertizası Mərkəzinin Elmi-tədqiqat və metodiki iş şöbəsinin məsləhətçisi X3, Sənədlərin texniki ekspertizası şöbəsinin böyük eksperti X5, İqtisad ekspertizaları şöbəsinin eksperti X2 bu aktı tərtib edərək vətəndaş İddiaçı ərizəsinə əsasən 17-30 aprel 2021-ci tarixlərində onun tərəfindən “HP Povillion" markalı maddi sübut olan noutbukun ekspertizaya təhvil verilməsinin araşdırılması məqsədilə 28.09.2021-ci il tarixdə saat 14:30 radələrində vətəndaş inzibati binaya dəvət edilərək təyin edilən ekspertiza üzrə icrası tapşırılmış Sənədlərin texniki ekspertizası, İqtisad ekspertizaları şöbələrinin əmtəəşünas ekspertlərinə və Katibliyin əməkdaşlarına noutbukun təqdim edilməməsini müəyyən etmişlər. Bununla da iddiaçı ziyanın məbləğinin müəyyənləşdirilməsi ilə bağlı məhkəməyə sübut təqdim edə bilməmişdir. Lakin məhkəmə iclasında cavabdeh iddiaçıya məxsus notbuka ziyan vurduğunu etiraf etmiş, həmçinin qeyd etmişdir ki, notbuk köhnə və işlək deyil, 150 manat qiymətində idi. Odur ki, iddiaçı tərəfindən iddiasını sübut edə biləməməsi və cavabdeh tərəfindən yalnız iddianın 150 manat həcmində etiraf etməsini nəzərə alaraq, məhkəmə iddianın 150 manat hissədə təmin olunmasını daha əsaslı hesab edir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə iddiaçının mənəvi zərər tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, iddiaçı tərəf mənəvi zərəri tələb etməsinə əsas olan və onu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin Vİİ hissəsinə görə isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Bu prinsip Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Krçmarın Çex Respublikasına qarşı” işi üzrə 03 mart 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, ədalətli araşdırma anlayışını daha da genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi hər tərəfə, onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şəraitdə qoymayan şəkildə öz işini təqdim etmək imkanının verilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Yakovlev Rusiya Federasiyasına qarşı işdə” qeyd etmişdir ki, Konvensiya nəzəri və ya xəyali hüquqların deyil, praktiki və səmərəli hüquqların təmininə yönəlmişdir. Məhkəmədə çəkişmə prinsipi prosessual funksiyaların ciddi olaraq fərqləndirilməsində, tərəflərin prosessual bərabərliyində və məhkəmənin tərəflərə münasibətdə müstəqil vəziyyətində təzahür edir. Çəkişmə və tərəflərin bərabərliyi prinsipi tərəflərə bərabər prosessual imkanların verilməsini nəzərdə tutmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh iddiaçıya məxsus “HP povilion” markalı notbuka dəymiş maddi zərərin əvəzi olaraq 150 manat dəymiş ziyan və iddianın təmin olunmuş hissəsinə mütanasib olaraq, 5 (beş) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus “HP povilion” markalı notbuka dəymiş maddi zərərin əvəzi olaraq 150 manat məbləğində pul və iddianın təmin olunmuş hissəsinə mütanasib olaraq 5 (beş) manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-806/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-806/2021
27.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver