Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-83/2021 30.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 onun xeyrinə 12700 (on iki min yeddi yüz) manat və məhkəmə xərclərinin və 10000 manat mənəvi zərərin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 26.12.2019-cu il tarixdə İddiaçı Cavabdeh1 əsl Cavabdeh2 ilə əvəz edilməsinə dair ərizə təqdim etmişdir. Azərbaycan Respublikasının MPM-nin 54.1-ci maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. 26.12.2019-cu il tarixli məhkəmə iclasında Cavabdeh1 əsl Cavabdeh2 ilə əvəz edilməsi qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, 10.11.2019-cu il tarixdə saat 18:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq pr. 116, mənzil 224 ünvanında (9 mərtəbəli binanın 7-ci mərtəbəsi) yaşayan və qeydiyyatda olan Cavabdeh1 suyu açıq qoyaraq onun mənzil fonduna daxil olan yaşayış sahəsini (Bakı ş., Nərimanov r-nu Azadlıq pr. 116, mənzil 218 (9 mərtəbəli binanın 6-cı mərtəbəsi)) tamamilə yararsız hala salmışdır. Belə ki, həmin şəxsin səhlənkar yanaşması nəticəsində yaşayış sahəmiz və əmlakımız tamamilə su içində qalmış və nəticədə əmlakıma külli miqdarda maddi zərər dəymiş və onun bu hərəkəti nəticəsində yaşayış sahəsi və əmlakım istifadəsiz hala düşmüşdür. Hadisə baş verən günü saat 19:00 radələrində onların evinə daxil olduqları vaxt 7-ci mərtəbədən mənzillərinə hələ də su axınının davam etdiyini gördülər. Dərhal 7-ci mərtəbəyə qalxaraq hadisəni məlumat vermək üçün qapını döymüşdür, lakin qapını açan olmadı. O, suyun qarşısını almaq məqsədi ilə kooperativ binanın sədrinə (Mübariz Mustafayev) suyun bağlanması üçün müraciət etmişdir. Təxminən 19:30 radələrində 7-ci mərtəbədə yaşayan mənzilin sahibləri Cavabdeh1 və Preston Robertin evə qayıdışını görmüş və onlara məlumat vermişdir. Onlar qapını açan zaman onlara məxsus evin dəhlizini su içində gördü. Aşağı axan suyun tez yığışdırılması üçün kömək etməklərini təklif etmiş, lakin ev sahibi onları içəri buraxmayaraq, küçə söyüşləri ilə təhqir edərək qapını içəridən bağladı. Cavabdeh1 qapının arxasından həyat yoldaşı X13 Britaniya vətəndaşı olduğunu qışqıraraq kimsənin onlara heç nə edə bilməyəcəyini ifadə edirdi. O, məcbur olaraq, 102 xidmətinə məlumat vermişdir. Təxminən saat 20:00 radələrində 2 nəfər polis zabiti (Nərimanov rayonu 16-cı polis bölməsinin əməkdaşları) onların mənzilinə gəldi onlar hadisə barədə polisləri əyani olaraq, məlumatlandırdı. Onların mənzilinə baxış keçirərək mənzilin əşyaları ilə birlikdə tamamilə su içində olduğunun canlı şahidi oldular. Polis zabitləri sonra isə 7-ci mərtəbəyə qalxaraq qapını döyməyə başladılar. Bir müddət qapını açmadılar, polisin təkidi ilə qapı açıldı və polislər mənzilə daxil oldular. Ev sahibləri subasmanın səbəbi kimi su borularında yaranmış nasazlığı göstərsə də polisin müşahidəsi zamanı suyun nasazlıq nəticəsində deyil, ev sahiblərinin səhlənkarlığı nəticəsində su krantının açıq qoyulması səbəbindən yarandığı məlum olmuşdur. Daha sonra onları Nərimanov rayonu 16-cı polis bölməsinə dəvət etdilər. Polis bölməsində onlardan ifadə alınmış, Cavabdeh1 izahatında iddiaçının həyat yoldaşının ona xəsarət yetirdiyini bildirmişdir. Bölmənin tədqiqatçısı tərəfindən Cavabdeh1 tibbi ekspertizadan keçirilməsi təklif edilsə də, həmin şəxs tibbi ekspertizadan keçməkdən imtina etmişdir. Bu da həmin şəxsin məsuliyyətdən yayınmaq üçün şər-böhtan atdığının bariz nümunəsidir. Dəymiş zərərin cari bazar dəyəri 4000 azn olan 4 pm1-lik mətbəx mebeli, dəyəri 1000 azn olan mətbəxdəki stol-stul dəsti, mətbəxin təmiri dövründə alınan və dəyəri 1500 azn həcmində olan təmir materialları, dəyəri 1000 azn həcmində olan dəhlizin parketi, yataq otağının 1500 azn həcmindəki təmiri və parketin yenilənməsi, hamam və sanitar qovşağın 1200 azn həcmindəki təmiri, elektrik naqillərinin 1000 azn həcmindəki yenidən qurulması və 1500 azn dəyərindəki yataq otağınır təmiri və yatacaq dəstinin tamamilə yararsız hala düşməsini nəzərə alaraq yenilənməsindən ibarətdir. (Əlavə edilir- Mənzilin yaşayışa yararsız olduğunu təsdiq edən fotoşəkillər və videoçəklişlər). Nərminaov rayon Mənzil istismar kommunal xidmətinin əməkdaşları baş vermiş hadisə ilə əlaqədar hadisə yerinə cəlb edilmiş və baş vermiş hadisə aktlaşdırılmışdır. (Əlavə edilir-MKİS-in əməkdaşlarının tərtib etdiyi Akt) Qeyd edir ki, Cavabdeh1 və onun həyat yoldaşı X9 akademiyası və XXİ əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində müəllimlik edirlər. Onlar əmlakına vurduğu zərərə görə üzr istəyib baş verən hadisəyə görə təəssüflənmək əvəzinə müəllim adına yaraşmayan şəkildə onu və ailəsini qonşuluq və vətəndaş cəmiyyəti prinsiplərinə zidd olaraq etik normalara uyğun olmayan ifadələrlə təhqir etmiş və böhtan atmışlar. Bu təhqirləri ilə o, AR X5 Əsas Hüquqlar Azadlıqlar və Vəzifələr 3-cü fəsli Əsas insan və vətəndaş hüquqları və azadlıqları Maddə 24 İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi İ. İnsan ləyaqəti qorunur və ona hörmət edilir. - normasını pozmuşdur. Onun yüksək səs tonu ilə ünvanılarına səsləndirdiyi nalayiq, etik, qonşuluq və ictimai-sosial qaydalara uyğun olmayan ifadələri şəxsiyyətinin, şərəf və ləyaqətinin alçaldılmasına səbəb olmuşdur. Preston X3 qeyd edilən tələbini pozaraq ona məxsus olan ünvan 2 ünvanındakı daşınmaz əmlakını-mülkiyyətini suya basmaqla yararsız hala salmış və dolayısı ilə həmin evdə yaşayış hüququnu və əmlakından təkbaşına və ya başqaları ilə birlikdə istifadə etmək hüququnu pozmuşdur. Cavabdeh1 qanunvericiliyin qeyd edilən tələbini kobud pozaraq onun mənzil hüququnun tərkib hissəsi olan həmin mənzildə yaşayış hüququnun həyata keçirilməsinə və qanuni mənafeyimə zidd hərəkət etmişdir. Cavabdeh1 və onun həyat yoldaşı Preston Robert eyni zamanda Mənzil Məcəlləsinin 15-ci Maddəsinin (Yaşayış sahəsindən istifadə) tələblərinə zidd olaraq həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir prinsipinə zidd olaraq bizim yaşayış sahəsindən istifadə hüquqlarımızı məhdudlaşdırmışdır. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkyyət hüququnun və əmlakının Cavabdeh1 və onun həyat yoldaşı Preston Robert tərəfindən zədələnməsi ilə əlaqədar ona maddi zərər dəymişdir. Hal-hazırda 6 nəfər ailə üzvü ilə o, həyat yoldaşı , 2 oğlu, 84 yaşlı atası və anası ilə bərabər onun mənzilində yaşayışın mümkün olmadığından çıxılmaz vəziyyətdə qalmışlar. Baş vermiş hadisədən 10 gün keçməsinə baxmayaraq, Azadlıq pr. 116, mənzil 224 ünvanında yaşayan və qeydiyyatda olan Cavabdeh1 tərəfindən mənzilinin əvvəlki vəziyyətinə bərpa olunması barədə hər-hansı müsbət addım atılmamışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X7 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, lakin Cavabdeh2 məhkəmə dəftərxanası vasitəsilə 27.04.2021-ci il tarixli ərizə ilə müraciət edərək, səhhəti ilə bağlı yaranan problemə əsasən verdiyi COVİD-19 testinin nəticəsi pozitiv çıxdığına görə 30 aprel 2021-ci il, saat 0935-ə təyin olunan məhkəmə iclasnda iştirak edə bilməyəcəyini bildirdi və məhkəmə iclasının təxirə salınmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə cavabdeh və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, təqdim edilən sübutları tədqiq edib, sübutların məcmusunda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin MH seriyalı, 033286 Qeydiyyat Vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Azadlıq prospekti 116 saylı yaşayış evinin 218 saylı mənzili X4 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 75 nömrəli reyestr kitabında 11687 səhifənin qeydəalınma 30 № 14596 nömrəsi ilə, 12.06.1996-cı il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan 11.11.2019-cu il tarixli aktdan görünür ki, Makarenko adına MTK-nın sədri M.Abdullayev, 53 saylı MKİS-in mühəndisi E.İmanov, texnik Y.Heydərli, ev sahibi İddiaçı bu aktı ona görə tərtib etmişlər ki, Azadlıq prospekti 116 saylı binanın 218-ci mənzilinə texniki baxış keçirilərkən bəlli oldu ki, 7-ci mərtəbədə yaşayan Cavabdeh1 224cü mənzilin vanna otaqğında su xəttinin nasaz olması səbəbindən və suyun vanna otağının döşəməsində daşması səbəbindən həmin binanın 6-cı mərtəbəsi 218-ci mənzilin vanna otağına, dəhlizə və otaqların tavan və döşəmə hissələrinə ziyan dəymişdir. İş materiallarında olan Nərimanov RPİ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ünvan 3 ünvanında paport qeydiyyatındadır. Məhkəmə baxışı zamanı tikinti-texniki ekspertiza təyin olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 sentyabr 2020-ci il tarixli, 924 №-li ekspert rəyi ilə Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 116 saylı evin, 218 saylı mənzilin döşəməsində, tavan və divarlarındakı su sızma ləkələrini, eləcə də mülki iş materiallarında olan 53 saylı MKİS-in əməkdaşları tərəfindən 218 saylı mənzilə baxış keçirmiş və bu barədə 11.11.2019-cu il tarixli aktın məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 116 saylı evin. 218 saylı mənzilinə yuxarı mərtəbədəki 224 saylı mənzildən suyun sızması müəyyən olunur. Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 116 saylı evin, 218 saylı mənzilinin tikililərində su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir bərpa işlərinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 6564.0 manat məbləğində olduğu müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı məhkəmə əmtəəşünaslıq ekspertizası təyin olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 mart 2021-ci il tarixli, 9/5353 №-li ekspert rəyi ilə ekspert baxışına təqdim edilmiş qismən yararsız vəziyyətə düşmüş əşyaların təmir-bərpa xərci və tamamilə yayarsız vəziyyətə düşmüş əşyaların istifadədə olması nəzərə alınmaqla zədələnməmişdən əvvəl təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə orta bazar qiyməti təxminən 1330,0 manat müəyyən olunmuşdur. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 116 saylı evin 218 saylı mənzilinə yuxarı mərtəbədəki 224 saylı mənzildən suyun sızması nəticəsində həmin mənzilə və mənzildə olan əşyalara zərər vurulmuş, Həmin zərərin ümumi məbləği ekspertlər tərəfindən 7894 manat dəyərində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətin və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Mülki Məcəllənin 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını əsas götürərək hesab edir ki, mülki hüquq pozuntusu nəticəsində maddi məsuliyyətin yaranması və zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Göründüyü kimi, hazırda iddiaçıya cavabdeh tərəfindən maddi ziyanın vurulduğu, habelə cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulduğu və bu hərəkətlərlə ziyanın arasındakı səbəbli əlaqənin mövcudluğu sübut olunur. Məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə görə vurulmuş zərər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə təqdim edilən sübutlara qiymət verərək qeyd edir ki, məhkəmə baxışı zamanı aparılmış ekspertiza ilə vurulmuş zərərin həcmi 7894 manat müəyyən edildiyindən iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində qismən təmin edilməli, Cavabdeh2 tərəfindən vurulmuş zərərin əvəzi olaraq 7894 manat İddiaçı xeyirinə tutulmalıdır. Məhkəmə iddia tələbinin mənəvi zərər hissəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərərə qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeydi-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 41-ci maddəsinin tələblərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərər vurulduqda ödənilə bilər. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, "İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. "İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum qərarının 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizliklə (mülki, cinayət, inzibati və s. hüquq pozuntularda) ifadə oluna bilər. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, "İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından "mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Mülki Məcəllənin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən əldən çıxmış faydanı təsdiq edən mötəbər sübutlar təqdim edilmədiyindən, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirinin olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərər hissədə təmin olunmamalıdır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçının hər hansı tələbi olmadığından iş üzrə ödənilmiş 30 (iyirmi) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Eyni zamanda Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul cavabdehdən tutularaq “Az.MEM, VÖEN **********, X6, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, Hesab AZ34CTRE********************” hesabına keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. X1 Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 116 saylı evin 218 saylı mənzilə su sızması nəticəsində dəymiş zərərin əvəzi olaraq 7894 (yeddi min səkkiz yüz doxsan dörd) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul Cavabdeh2 tutularaq “Az.MEM, VÖEN **********, X6, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, Hesab AZ34CTRE********************” hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-83/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-83/2021
30.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver