Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-83/2022 09.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X5 və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2nə qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh1nə qarşı “mənzilə müdaxilənin qadağan edilməsi, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Nərimanov rayonu, C.Hacıbəyli küçəsi, ev 2 ünvanında yerləşən, ümumi sahəsi 172 kv.m olan 9 nömrəli mənzil sahəsinə müdaxiləsinin cavabdeh “N-Turan" Məhdud Məsuliyyətli Cəmiyyətinə qadağan olunması, 30000 (otuz min) manat maddi, 100000 (yüz min) manat mənəvi ziyan və ödənilmiş 30 (otuz) manat dövlət rüsumun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı 16.07.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, mülkiyyətində olan Nərimanov rayonu, C.Hacıbəyli küçəsi, ev 2 ünvanında yerləşən, ümumi sahəsi 172 kv.m olan 9 nömrəli mənzilin cavabdehlər tərəfindən sökülməsinin qanunsuz hesab edilməklə 790000 manat maddi, 100000 manat mənəvi ziyan və ödənilmiş 30 (otuz) manat dövlət rüsumun cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 MMC-dən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, mülkiyyətində olan Nərimanov rayonu, C.Hacıbəyli küçəsi, ev 2 ünvanında yerləşən, ümumi sahəsi 172 kv.m olan 9 nömrəli mənzilin cavabdehlər tərəfindən sökülməsinin qanunsuz hesab edilməklə mənzilə görə 720000 manat, mənzildə olan əşyalara görə 70000 manat, mənzilinin kirayə haqqına görə 27000 manat maddi, 100000 manat mənəvi ziyan və ödənilmiş 30 (otuz) manat dövlət rüsumun cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 MMC-dən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 172 kv.m olan 9 nömrəli mənzil onun mülkiyyətindədir. Bakı şəhər Nərimanov RİH başçısının 21 dekabr 2017-ci il tarixli 529 №-li Sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsində yerləşən 2 nömrəli evin yerləşdiyi ərazidə tikinti işlərinin layihələndirilməsi və aparılması üçün cavabdeh “N-Turan" MMC-yə icazə verilmişdir. Aşağıda sadalanacaq dəlillərə əsasən cavabdehə mülkiyyətində olan mənzil sahəsinə qanunsuz müdaxiləsi qadağan edilməli, ona dəymiş maddi və mənəvi zərər cavabdehdən alınaraq ona verilməlidir. Belə ki, cavabdeh “N-Turan" MMC tərəfindən söküntü işləri tam qanunsuz, təhlükəsizlik qaydalarına riayət olunmadan və onun qanuni mülkiyyətində olan mənzilinin sökülməsi barədə onun razılığı olmadan aparılır. Bunun da nəticəsində tam təmirli mənzilinə 30000 (otuz min) manatdan yuxarı ziyan dəyib. Bütün bunlar azmış kimi, ərazidə özbaşınalıqlar edən cavabdeh şirkət mənzilinə gələn kommunal xəttləri kəsib, mülkiyyətindən istifadəyə hər cür maneçiliklər yaradır. Bundan başqa, cavabdeh qanunsuz olaraq, mənzilinin qaz, işıq, su və internet xətlərini yararsız vəziyyətinə salmışdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində söküntü zamanı oğlu xəsarət almışdır. Bunu da qeyd edir ki, təhlükəsizlik qaydalarına riayət olunmaması ilə bağlı Fövqaladə Hallar Nazirliyi Cavabdeh1 MMC-yə rəsmi xəbərdarlıq da etmişdir. Göründüyü kimi cavabdehin qanunsuz hərəkətləri onun qanunla müdafiə olunan hüquqlarının kobud surətdə pozulması ilə nəticələnmişdir. Belə ki, mülkiyyətində olan mənzilin sökülməsində onun razılığı olmadan yararsız vəziyyətə salması, eyni zamanda söküntü zamanı ailə üzvlərinin xəsarət alması və s. Buna görə də mənəvi iztirablar keçirtmiş, səhhətində və ailə üzvlərinin səhhətində ciddi problemlər yaranmışdır. Ona görə də hesab edir ki, cavabdehdən ona dəymiş mənəvi ziyana görə 100000 manatın alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X5 və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehlərin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən əmlak İddiaçı adına 08.04.2016-cı il tarixdə xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Mənzilin sahəsi 68,6 kv.m-dir. ünvan 2 ünvanına dair tərtib edilmiş 07.09.2021-ci il tarixli Aktdan görünür ki, Nərimanov rayon icra şöbəsinin icra məmurları İmran Cəfərquliyev, Rafail Səfərov, İddiaçı etibarnamə üzrə nümayəndəsi X9, tələbkarın vəkili Vəkil, hal şahidləri 1) Bakı şəhəri Nizami rayonu, R.Rüstəmov 13 A mənzil 32-də yaşayan X7, 2) Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi 103, mənzil 23-də yaşayan X10 bu aktı ondan ötrü tərtib etmişlər ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2122/2021 saylı icra sənədinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi, ev 2 ünvanında İddiaçı mülkiyyətində olan mənzilə dair tikinti və söküntü işlərinin aparılması Cavabdeh1 MMC-yə qadağan edilməsi qərara alınmışdır. İcra sənədi 09.06.2021-ci il tarixdə icra edilmiş, Cavabdeh1 MMC-nin əməkdaşı, səlahiyyətli şəxs X1 tikinti söküntü işlərinin aparılmasına dair məsuliyyət izah edilmişdir. 07.07.2021-ci il tarixdə ünvan 4 ünvanında olan zaman məlum olmuşdur ki, mənzilin giriş qapısı, girişində yerləşən paltar şkafının qapıları, hamam və sanitar qovşağının qapıları, mətbəx girişinin 2 laylı qapısı, mətbəxin 2 qay 2 laylı pəncərələri, servantın qapıları, qonaq otağında yerləşən barın qapıları, geyim əşyaları yerdə dağılmış vəziyyətdə, “York” markalı 35 kv.lıq kondisioner çıxarılaraq aparılmış, mənzil dağınıq vəziyyətdə aşkar edilmişdir. "xxxx" MMC-nin 29.08.2019-cu il tarixli, 159/1-19 №-li ekspert rəyindən görünür ki, ünvan 4 ünvanında yerləşən mənzilin bazar dəyəri 627800 manat təşkil edir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-1648/2021 saylı, 12.08.2021-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh1 MMC-nin rəhbəri X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1200 (bir min iki yüz) manat məbləğdə cərimə edilmişdir. 13.05.2016-cı il tarixli, 089679 №-li Lisenziyadan görünür ki, X3 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsini həyata keçirməyə icazə verir. "xxxx" MMC-nin 01.02.2022-ci il tarixli, 15/0113 №-li rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən mebel və məişət əşyalarının 01.02.2022-ci il tarixinə hesablanmış bazar dəyəri 31140 manat müəyyən edilmişdir. Məhkəmə iclasında iddiaçının izahatı, təqdim etdiyi və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı ünvan 2 ünvanında yerləşən 172 kv.metr yaşayış sahəsinin hissəsinin mülkiyyətçisidir. Həmin ərazidə Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 21.12.2017-ci il tarixli, 529 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonunun Təbriz, Ceyhun Hacıbəyli küçəsi, 2 saylı evin yerləşdiyi ərazidə tikinti işlərinin layihələndirilməsi və aparılmasına icazə verilmişdir. Bununla belə "N-Turan” MMC İddiaçı ilə müqavilə bağlamadan, mülkiyyətində olan mənzilin giriş qapısı, girişində yerləşən paltar şkafının qapıları, hamam və sanitar qovşağının qapıları, mətbəx girişinin 2 laylı qapısı, mətbəxin 2 qay 2 laylı pəncərələri, servantın qapıları, qonaq otağında yerləşən barın qapıları, geyim əşyaları yerdə dağılmış vəziyyətdə, “York” markalı 35 kv.-lıq kondisioner çıxarılaraq aparılmış, mənzilin dağınıq vəziyyətə saldığı müəyyən edilmişdir. Həmin mənzildə yaşamaq qeyri-mümkündür. Cavabdeh "xxxx" MMC-nin hərəkətləri nəticəsində mənzilə və mənzildə olan əşyalara zərər vurulmuşdur. Bu hal mülki iş materillarında olan foto şəkillər və ekspert rəyi ilə də müəyyən edilmişdir. Cavabdeh tərəfindən həyata keçirilmiş söküntü işləri nəticəsində əmlakın bir hissəsi məhv edildiyindən iddiaçının hüquqları pozulmuş, mənzili barəsində sərbəst şəkildə sahiblik, istifadə və sərəncam imkanı tam aradan qaldırılmışdır. Məhkəmə iş üzrə gəldiyi nəticənin aşağıdakılarla əsaslandırılmasını məqbul hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İİİ hissəsinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Göstərilən qanunvericilik normalarının tələblərini rəhbər tutmaqla qeyd olunur ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. Məhkəmə hesab edir ki, iddia tələbi şəxsin daşınmaz əmlaka hüquqla bağlı olduğundan Avropa presedentlərinin tətbiqi baxımından da bəzi məsələlər təhlil olunmalıdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da “mülkiyyət” hüquqları sayıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən-mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 178.1-ci maddəsinə əsasən-daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiət etibarilə nəinki mülkiyyətçinin hüququ təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlak hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İşin hallarından göründüyü kimi İddiaçı ünvan 2 ünvanında yerləşən 68,6 kv.metr yaşayış sahəsinin mülkiyyətçisidir. Bununla belə Cavabdeh1 MMC ünvan 6 ünvanında yerləşən əmlaka dair İddiaçı ilə razılaşmadan, müqavilə bağlamadan, mənzilin dəyərini bazar qiymətinə uyğun ədalətli şəkildə qabaqcadan ödəmədən, onun mülkiyyətində olan mənzilin giriş qapısı (seyf qapı), girişdə yerləşən paltar şkafının qapıları, hamam və sanitar qovşağının qapıları, mətbəxin iki laylı qapısı və pəncərələri, qonaq otağında yerləşən barın qapıları söküb dağıtmaqla mənzili yararsız vəziyyətə salmışdır. Bu hal 09.06.2021-ci il və 07.07.2021-ci il tarixli aktlarda da müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının mənzilinə zərər dəyməsi arasında səbəbli əlaqə vardır. 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göründüyü kimi cavabdehin təşkilatın təqsirli hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan dəymiş, əmlakı bərpası mümkünsüz olan vəziyyətə gətirilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən əmlakın dəyərinin iddiaçıya ödənilməsi ədalətli və əsaslı hesab edilməlidir. "xxxx" MMC-nin 29.08.2019-cu il tarixli, 159/1-19 №-li ekspert rəyindən görünür ki, ünvan 4 ünvanında yerləşən mənzilin bazar dəyəri 627800 manat təşkil edir. Məhkəmə müvafiq ekspert rəyini işin digər halları ilə birlikdə qiymətləndirərək əmlaka vurulmuş maddi zərərə görə 627800 (altı yüz iyirmi yeddi min səkkiz yüz) manat məbləğində pulun iddiaçıya cavabdeh tərəfindən ödənilməsini məqbul hesab edir. Həmçinin "xxxx" MMC-nin 01.02.2022-ci il tarixli, 15/0113 №-li rəyində mənzildə yerləşən mebel və məişət əşyalarının dəyəri 31140 manat müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə əşyalara dəymiş zərərin əvəzi kimi 31140 manat məbləğində pul vəsaitinin Cavabdeh1 MMC-dən tutulmasını ədalətli hesab edir. Məhkəmə Cavabdeh2nə münasibətdə iddia tələbini əsassız hesab edərək qeyd edir ki, iddia tələbi Cavabdeh2nə münasibətdə əsaslandırılmadığından və zərərin vurulmasında onun da hüquqazidd təqsirli hərəkətlərinin olmasını sübuta yetirilmədiyindən bu hissədə rədd edilməlidir. Məhkəmə iddiaçının mənəvi zərər tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı 14.03.2009-cu il tarixli Aralıq qətnaməsində (CM) Respublika DH (2009) qeyd etmişdir ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Avropa Məhkəməsi “Koinq Almaniyaya qarşı” işdə ərizəçiyə mənəvi narahatlıq yetirilməsinə, “Artiko İtaliyaya qarşı” işdə tənhalıq və kimsəsizlik hisslərinə, “Younq, James və X2rşı” işdə alçaldıcı və təhqiredici hərəkətlərə görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfin əməllərində mülki hüquq pozuntuları, deliktlər nəticəsində, iddiaçı şəxsin mənəvi sarsıntı keçirməsi ilə bağlı səbəli-əlaqə də aşkar edilməmişdir. Ona görə də məhkəmə işin hallarını nəzərə alaraq, cavabdehlərdən mənəvi ziyana görə 100000 (yüz min) manat məbləğində pulun İddiaçı xeyrinə tutulmasını əsassız hesab edir. Lakin məhkəmə araşdırılması zamanı iddiaçı mənəvi sarsıntı və iztirab keçirməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə iddia tələbini mənəvi zərərin tutulması hissəsində əsassız hesab edir və rədd edilməsi qənaətinə gəlir. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçının maddi ziyan tələbinin qismən təmin olunması iddiaçıya münasibətdə ədalətli kompensasiyanı əvəz edir. Belə ki, “Kletsova Rusiyaya qarşı” iş üzrə 12.04.2007-ci il tarixli X12 Hüquqları Məhkəməsi də mübahisənin mahiyyətini, pozuntunun xarakterini nəzərə alaraq iddiaçının iddiasının təmin edilməsi barədə məhkəmə aktının qəbul edilməsini mənəvi zərərin ödənilməsinin ədalətli kompensasiyası hesab etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin oxşar mövqeyi «Bokova Rusiya qarşı» işi üzrə 16.04.2019-cu il tarixli Qərarında da mövcuddur. Qərarda qeyd olunur: «ərizəçiyə qarşı işə baxılarkən məhkəmə tərəfindən pozuntunun olmasının aşkar edilməsi ərizəçinin irəli sürdüyü mənəvi zərərə görə ədalətli təzminatı özünə ehtiva edir». Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddiaçının iddia tələbinin qismən təmin edildiyini, habelə hazırki iddia tələbinin cavabdehin yol verdiyi xətanın nəticəsində irəli sürüldüyünü nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin olunmalı, Cavabdeh1 MMCdən mənzilə görə 627800 manat, mənzildəki əşyalara görə 31140 manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan Nərimanov rayonu, C.Hacıbəyli küçəsi, ev 2 ünvanında yerləşən, ümumi sahəsi 172 kv.m olan 9 nömrəli mənzilin Cavabdeh1 MMC tərəfindən sökülməsi qanunsuz hesab edilməklə mənzilə görə 627800 (altı yüz iyirmi yeddi min səkkiz yüz) manat, həmin mənzildəki əşyalara görə 31140 (otuz bir min yüz qırx) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-83/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-83/2022
09.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver