Məhkəmə qərarları › İş №2(005)-84/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-84/2024

14.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-84/2024 14.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və sair tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X8 və Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 116 ünvanında yerləşən 45 saylı mənzilə dair pozulmuş mülkiyyət hüququnun bərpa edilməsi, cavabdehlərin özlərinə məxsus əşyaları ilə birlikdə sözügedən xüsusi mülkiyyətində olan evdən çıxarılması, otaqlar arasında sökülmüş divarın, giriş qapısının cavabdehlərin hesabına bərpa edilməsi və sözügedən mənzilin əvvəlki vəziyyətə qaytarılması və mübahisəli mənzilin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə ərizə təqdim edərək, X2 cavabdehlər sırasından çıxarılmasını, xüsusi mülkiyyətində olan, ünvan 7ə dair pozulmuş mülkiyyət hüququnun bərpa edilməsi, Cavabdeh iki azyaşlı uşaqları ilə, özlərinə məxsus olan əşyaları ilə birlikdə sözügedən xüsusi mülkiyyətində olan evdən çıxarılması, otaqlar arasında sökülmüş divarın, giriş qapısının Cavabdeh hesabına bərpa edilməsi və sözügedən mənzilin əvvəlki vəziyyətə qaytarılması və mübahisəli mənzilin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, iddiaçı, iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, Cavabdeh xüsusi mülkiyyətində olan, ünvan 7ə dair pozulmuş mülkiyyət hüququnun bərpa edilməsi, bütün maneələrin aradan qaldırılması, evdə olan digər şəxslərin, cavabdeh azyaşlı uşağı ilə birlikdə özlərinə məxsus olan əşyaları ilə ona aid olan evə dair hissəsindən çıxarılması və sözügedən evin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun X1 uzun illərdir ki, xüsusi mülkiyyətində olan ünvan 7də fasiləsiz olaraq yaşamışdır. X1 xx.xx.2020-ci il tarixdə ürəyin alerosklerotik xəstəliyindən vəfat etmişdir. Atasının vəfatından sonra, atasından ona miras qalmış sözügedən mübahisəli ünvan 7ə dair, o qanun üzrə vərəsiliyi qəbul etdikdən sonra, Bakı şəhəri 27 saylı notariat ofisi tərəfindən ona xx.xx.2021-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bundan sonra Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən, ünvan 7ə dair xx.xx.2021-ci il tarixdə Çıxarış verilmişdir. O, xüsusi mülkiyyətində olan, ünvan 7ə gedərək mənzilinə daxil olmaq istədikdə, görüb ki, qapı qonşu mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsi, ev 116, mənzil 44 xüsusi mülkiyyətində olan ünvan 7in giriş qapısını hörərək, evin daxilində konstruksiya dəyişikliyi etmiş, öz evini onun xüsusi mülkiyyətinə birləşdirmişdir. O, qapı qonşuya, yəni cavabdehlər, Cavabdeh və X4 müraciət edərək, xüsusi mülkiyyətində olan, ünvan 7in giriş qapısını və mənzilin daxilində otaqlar arasında olan otağın öz mənzilinə birləşdirməsini bərpa edərək əvvəlki vəziyyətinə qaytarmasını xahiş etmişdi, lakin X8 ona bildirmişdir ki, guya o sözügedən xüsusi mülkiyyətində olan mənzilə dair pulun bir hissəsini atasına ödəniş etmiş və gələcəkdə həmin mənzili almalı idi. Cavabdeh X2 danışıqları cəfəngiyyatdır. Cavabdehlər onun xüsusi mülkiyyətində qanunsuzluq edərək, otaqlar arasında ara kəsmələr edərək ünvan 7də qanunsuz sahibkarlıq edərək oradan hazırda istifadə edirlər, bir sözlə bir mülkiyyətçi kimi onun mülkiyyət hüquqlarını pozurlar. Cavabdehlərin günahı ucbatından bir mülkiyyətçi kimi mülkiyyət hüquqları pozulur, öz xüsusi mülkiyyətindən istifadə, sahiblik və sərəncam vermək hüququndan demək olar ki, məhrum olmuşdur. Bu da onun konstitusion hüquqlarının pozulması deməkdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa müvafiq izahat verərək bildirmişdir ki, onlar uzun müddətdir ki, məhkəmədə çəkişirlər, onun çıxarışının etibarsızlığı cavabdeh tərəfindən mübahisələndirilsə də, kassasiya instansiyası məhkəməsinə qədər iş getmiş, lakin iddiaları təmin edilməmişdir. Hal-hazıradək ona məxsus mənzildə cavabdeh uşaqları ilə birlikdə yaşayır. Ona məxsus mənzili öz mənzilinə birləşdirmişlər. Əvvəl cavabdehin hesabına arakəsmə divarın, giriş qapısının bərpa edilməsini istəsə də, bu yaxınlarda həmin məhlədə yaşayan bir neçə tanış şəxslə söhbət edərkən cavabdehin müəllimə işlədiyini, 400-500 manat maaş aldığını öyrənmiş, onun vəziyyətini anlayaraq, ərinin vəfat etdiyini nəzərə alaraq həmin arakəsmə və giriş qapısını öz hesabına düzəltmək qərarına gəlmişdir. Buna görə də iddia tələbinin həcmini həmin hissədə azaltmışdır. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək bildirmişdir ki, cavabdeh mənzili alarkən birləşdirilmiş vəziyyətdə almışdır. Həmin mənzilə heç bir dəyişiklik etməmişdir. Eyni zamanda iddia tələbinin həcminin azaldılması barədə ərizənin baxış iclasında icraata qəbul edilməsi qanunvericilik tələblərinə ziddir. Belə ki, həmin ərizə baxış iclasında verilmişdir və bu mərhələdə verilməsinin səbəbləri əsaslandırılmamışdır. Məhkəmə prosesdə iştirak edən tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir; - Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2021-ci il tarixli şəhadətnamədən görünür ki, X6 vərəsələri: ünvan 1 ünvanında qeydiyyatda olan arvadı: X5, Azərbaycan Respublikası, ünvan 2 ünvanında qeydiyyatda olan oğlu: X9, ünvan 3 ünvanında qeydiyyatda olan oğlu: İddiaçıdur və onların hər biri miras əmlakdan 1/3 hissələrlə irs almalıdırlar; - xx.xx.2021-ci il tarixli miras payın bölüşdürülməsi müqaviləsinin surətindən görünür ki, X5, X9 və İddiaçı ünvan 4 ünvanında yerləşən mənzilin və ünvan 5 ünvanında yerləşən mənzilin X9nun adına, ünvan 6 ünvanında yerləşən mənzilin və ünvan 7in İddiaçı adına qeydə alınması razılığına gəlmişlər; - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 116, mənzil 45 ünvanında yerləşən mənzil İddiaçı adına xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır; - ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir; - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1947/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, iddiaçı Cavabdehlər İddiaçı, X7, Bakı şəhəri 9 saylı Notariat Ofisi, 24 saylı Notariat Ofisi, 27 saylı Notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri 24 saylı DNK-da mübahisəli mənzil 44 və mübahisəli mənzil 45-ə dair cavabdehlər X7 ilə X11 arasında bağlanaraq təsdiq edilmiş 4Ə-2-232 və 4Ə-2-231 reyestr nömrəli xx.xx.2009-cu il tarixli alqı-satqı müqavilələrinin və həmin müqavilələr əsasında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X10 verilmiş mülkiyyət hüququna dair çıxarışların və həmin çıxarışların hüquqi nəticələrinin etibarsız hesab edilməsi, göstərilən mənzillərə dair X6 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların və onların hüquqi nəticələrinin ləğv edilməsi, cavabdeh Bakı şəhəri 27 saylı Notariat Ofisində Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 116-da yerləşən 45 saylı bir otaqlı mənzil barəsində rəsmiləşdirilmiş xx.xx.2021-ci il tarixli 2V-175 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”nin və eyni tarixli “Miras payın bölüşdürülməsi Müqaviləsi”nin göstərilən mənzilin İddiaçı adına qeydə alınması barədə vərəsələrin razılığı hissəsində və göstərilən hüquqverici sənədlər əsasında göstərilən mənzil barəsində İddiaçı DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi, daşınmaz əmlak üzərində hüquq barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın isə ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2126/2023 nömrəli, 9 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1062/2024 saylı, 5 fevral 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2126/2023 nömrəli, 9 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia rədd edilmişdir. Qətnamədən verilən kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1062/2024 nömrəli 5 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı mübahisələndirilən mənzil atasından miras əmlak olaraq qalmış və onun adına rəsmiləşdirilmişdir. Cavabdeh isə mənzilin alğı-satqı müqaviləsini, vərəsəlik hüququ haqqında şəhadətnaməni, iddiaçının adına verilmiş çıxarışı mübahisələndirmiş, lakin iddia işə baxan məhkəmələr tərəfindən təmin edilməmişdir. Hazırda iddiaçı mülkiyyət hüququnun pozulmasına istinad edərək, ona məxsus mənzili, öz mənzilinə birləşdirmiş cavabdeh və onunla birlikdə yaşayan şəxslərin onun evindən çıxarılmalarını məhkəmədən xahiş edir. Məhkəmə ilk növbədə iddia tələbinin həcminin azaldılması barədə ərizənin icraata qəbul edilməsi məsələsinə münasibət bildirilməsini zəruri hesab edir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-587/2023 saylı qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-2126/2023 saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək, İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququnun bərpası və s. tələbinə dair 2(005)-587/2023 nömrəli mülki iş üzrə icraat dayandırılmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadına əsasən, qeyd edilən iş üzə yekun məhkəmə aktı qanuni qüvvəyə mindiyindən hazırki iş üzrə icraat təzələnmişdir. Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixində hazırlıq iclası keçirilmiş, xx.xx.2024-cü il tarixinə ilk baxış iclası təyin edilsə də cavabdehin nümayəndəsi və vəkilinin ərizəsi əsasında baxış iclası təxirə salınmışdır. Daha sonra iddiaçı elektron kabinet vasitəsilə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək “otaqlar arasında sökülmüş divarın, giriş qapısının Cavabdeh hesabına bərpa edilməsi və sözügedən mənzilin əvvəlki vəziyyətə qaytarılması” hissəsində iddia tələbinin həcmini azaltmışdır. Məhkəmə iclasında iddiaçı “keçən həftə həmin məhlədən olan şəxslərdən cavabdehin məvacibinin az olmasını öyrənməsi, tək qadın olması səbəbindən” hazırki mərhələdə bu cür ərizə verdiyini, arakəsmələri öz vəsaiti hesabına bərpa edəcəyini bildirmişdir. Məhkəmə iddia tələbinin həcminin azaldılması barədə ərizənin cavabdehin hər hansı mənafeyini pozmadığını, işə mahiyyəti üzrə təsir etmədiyini və iddiaçının qeyd etdiyi halları nəzərə alaraq həmin ərizəni icraata qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan Hüquqlarının və X3 Haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir, heç kəs cəmiyyətin maraqları naminə, qanuna və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5 və 157.2-ci maddələrinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsı Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Hazırki mülki iş materiallarından görünür ki, iddiaçının mübahisələndirilən mənzil üzrə xüsusi mülkiyyət hüququ mövcuddur. Həmin mülkiyyət hüququ cavabdeh tərəfindən mübahisələndirilmiş, lakin hər üç instansiya məhkəmələri tərəfindən iddiası təmin edilməmişdir. Bu baxımdan məhkəmə qeyd olunan qanunvericilik normalarından və daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasından çıxış edərək hesab edir ki, Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtləri mövcud olduğundan, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Cavabdehin əmlakdan istifadə və ona sahiblik etmək üçün hər hansı hüquqi əsasının olması müəyyən edilməmişdir. İstifadə və sahiblik hüququnun olması isə cavabdehin əmlakda yalnız bilavasitə yaşaması (fiziki baxımdan mövcudluğu) ilə əlaqələndirilə bilməz. İddiaçının, mülkiyyətçi olmasına baxmayaraq, cavabdehin ailə üzvləri və əşyaları ilə birlikdə mübahisəli mənzildə məskunlaşması, iddiaçını mülkiyyətindən faktiki olaraq məhrum etmiş olur və hüquqi nəticə etibarı ilə onun konstitusion hüququ olan mülkiyyət hüququnu pozur. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdehin mübahisəli mənzili öz evinə birləşdirilmiş vəziyyətdə alması belə mövcud vəziyyəti dəyişdirmir. Cavabdehin azyaşlı övladları və əşyaları ilə birlikdə mənzildən çıxarılmaları tələbi ilə bağlı qeyd olunmalıdır ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə görə on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən isə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, cavabdeh hazırda iddiaçıya məxsus mənzildə (öz evinə birləşdirilmiş vəziyyətdə) yaşayır. Mübahisəli mənzil iddiaçının mülkiyyətində olduğundan, qanunvericiliyə görə mülkiyyət hüququ istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə edilməli olduğundan və onun mülkiyyətindən sərbəst istifadəsi başqa şəxslərin hüquqlarını pozmadığından, cavabdehin isə mövcud vəziyyətdə mənzildən istifadə hüququ olmadığından iddia təmin edilməlidir. Digər şəxslərin mənzildən çıxarılması ilə bağlı məhkəmə qeyd edir ki, həmin ifadə qeyrimüəyyən olsa da, cavabdehin hüquqlarından sui-istifadəsinin, əsassız məhkəmə araşdırmalarının qarşısını alınması və mülkiyyətçinin hüquqlarının daha səmərəli qorunması baxımından iddia həmin hissədə də təmin edilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh uşaqları və əşyaları, eləcə də mənzildə yaşayan digər şəxslərlə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 116 ünvanında yerləşən 45 saylı mənzildən çıxarılmalı və həmin mənzil (birləşdirilmiş mənzilin iddiaçıya aid hissəsi) boşaldılaraq İddiaçı təhvil verilməli, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 116 ünvanında yerləşən 45 saylı mənzildən istifadəsi ilə bağlı maneələrin aradan qaldırılması vəzifəsi Cavabdeh üzərinə qoyulmalıdır. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh uşaqları və əşyaları, eləcə də mənzildə yaşayan digər şəxslərlə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 116 ünvanında yerləşən 45 saylı mənzildən çıxarılsınlar və həmin mənzil (birləşdirilmiş mənzilin iddiaçıya aid hissəsi) boşaldılaraq İddiaçı təhvil verilsin. İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 116 ünvanında yerləşən 45 saylı mənzildən istifadəsi ilə bağlı maneələrin aradan qaldırılması vəzifəsi Cavabdeh üzərinə qoyulsun. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar