Məhkəmə qərarları › İş №2(005)-885/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-885/2021

28.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-885/2021 28.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı oğlunun vəkili Vəkil1, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı oğlunun Cavabdeh MMC-nə qarşı “mənzilin təhvil verilməsi, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı oğlunun Cavabdeh MMC-nə qarşı “mənzilin təhvil verilməsi, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mənzili müqavilədə qeyd olunmuş tarixdə İddiaçı təhvil verməməsi nəticəsində əldən çıxmış faydanın, 31.03.2018-ci ildən bu günədək, təqribən 16 000 (on altı min) AZN məbləğində real zərərin və 5 000 (beş min) AZN məbləğində mənəvi zərərin toplamda 21 000 AZN-in Cavabdehndən tutularaq İddiaçı ödənilməsi, ünvan 1 ünvanında yerləşən binanın tərkib hissəsi sayılan İİ blokda ümumi sahəsi 58.00 kv.m. olan, 13-cü mərtəbəsindəki 270 saylı mənzilin İddiaçı təhvil verilməsini barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, bildirir ki, İddiaçı ilə Cavabdeh arasında 25 dekabr 2017-ci il tarixində 308/17 №-li müqavilə bağlanmışdır. Müqavilənin predmetindən də aydın olur ki, satıcının mənzilin əsaslı tikintisinin lazımı qaydada apararaq mənzilin gələcəkdə mülkiyyətçisi ola biləcək Alıcıya əsaslı tikilmiş formada, lazımı qaydada və hazırki müqavilədə göstərilmiş müddətdə təhvil verilməsi, Alıcının isə mənzilin tərəflər arasında razılaşdırılmış məbləğini Satıcıya ödəməsi təşkil edir. Tərəflər razılaşırlar ki, mənzil alıcıya təmir olunmuş vəziyyətdə təhvil veriləcək. 25 dekabr 2017-ci il tarixli 308/17 №-li maliyyə arayışından da göründüyü üzrə İddiaçı ünvan 2 ünvanında yerləşən binanın tərkib hissəsi sayılan İİ blokda ümumi sahəsi 58.00 kv.m. olan, 13-cü mərtəbəsindəki 270 saylı mənzilə görə 71400.00 (Yetmiş bir min dörd yüz) manatı tam şəkildə ödəyib və Cavabdeh MMC-yə heç bir borcu yoxdur. Eyni zamanda müqavilədə də qeyd olunduğu kimi, satıcı Alıcıya mənzili 31.03.2018-ci il tarixinədək təhvil verməyi öhdəsinə götürmüşdür. Lakin, bu günə kimi mənzil təhvil verilməmişdir. Müqavilədə tərəflərin hüquq və öhdəlikləri qeyd olunarkən alıcının pulu gecikdirdiyi təqdirdə 0,5% (sıfır tam onda beş faiz) məbləğində dəbbə pulu ödəməli olduğu göstərilmişdir. Lakin, Satıcının mənzilin təhvil verməsini gecikdirməsi halında ödəməli olduğu məbləğ müəyyənləşdirilməmişdir. Buna baxmayaraq, 25 dekabr 2017-ci il tarixində bağlanmış 308/17 №-li müqavilənin 4.1-ci maddəsində qeyd olunmuşdur ki, müqavilə imzalandıqdan sonra tərəflərin biri öz müqavilə öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, o cümlədən icranı gecikdirdikdə o, bununla bağlı digər tərəfə dəbbə pulu ödəməlidir. Dəbbə pulunun miqdarını tərəflər müəyyən edə bilərlər. Beləliklə müvafiq internet saytlarındakı çıxarışlardan da göründüyü kimi, mənzilin yerləşdiyi ərazidə olan digər mənzillərə uyğun olaraq aylıq ortalama 450-500 AZN dəyərində mənzillər kirayə verilmişdir. Nəzərə alınsa ki, mənzil təhvil verilsə idi yeni təmirli və yaşanmamış halda kirayə veriləcəkdi hər ay üçün 500 AZN pul vəsaitinin Cavabdehndən öhdəliklərini yerinə yetirməməsi və mənzilin təhvil verilməsini 2 ildən çox müddətə gecikdirdiyi üçün İddiaçı xeyrinə tutulması labüddür. Bildirir ki, bundan əlavə, bu dövr ərzində İddiaçı keçirdiyi stress, gərginlik və həyəcana görə, eyni zamanda mənzili təhvil ala bilməməsi nəticəsində ailəsi ilə birlikdə kirayə qalmasını göz önündə tutaraq, iddiaçıya maddi zərərlə yanaşı mənəvi zərər də vurulmuşdur. Məhkəmə iclasında İddiaçı oğlunun vəkili Vəkil1 iddia ərizəsinin dəlilləri üzrə izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, iddia tələbinə yazılı etiraz etdi. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh MMC-nə qarşı mənzilin təhvil verilməsi, maddi və mənəvi zərərin ödənilməsi tələbi barədə iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Bununla bağlı bildirir ki, İddiaçı iddia ərizəsində qeyd etdikləri həqiqəti əks etdirmir, cəfəngiyyat və söz yığınından ibarətdir. Qeyd edirlər ki, iddiaçının tələbləri nə tərəflər arasında bağlanan 25 dekabr 2017-ci il tarixli müqavilədə göstərilməyib, nə də ki, maddi hüquq normalarında buna dair tələb yoxdur. İddiaçı özü bir neçə dəfə müraciət edərək ona veriləsi mənzilin təmiri qaydasının dəyişdirilməsini xahiş etmişdir. Şirkət tərəfindən onun bu xahişləri yerinə yetirilərək mənzilin layihədə olan forması dəyişdirilmiş, məhz onun istəyinə uyğun təmir edilmişdir ki, müştəri məmnun qalsın. İddiaçının iddia ərizəsində qeyd etdiyi gecikmə məhz onun özünün mənzilin təmirinin dəyişdirilməsindən yaranmışdır. Məhz iddiaçının mənzilin layihəsinin dəyişdirilməsi tələbinə görə “Cavabdeh’’ MMC tərəfindən 1533,83 (bir min beş yüz otuz üç manat. 83 qəpik) manat məbləğində əlavə təmir xərcləri çəkilmişdir. Bu isə şirkət üçün həm əlavə xərclərə səbəb olmuş, həm də vaxt itkisi olmuşdur. Amma yenə də müştərinin istəyi üstün tutulmuşdur. Bundan əlavə olaraq, hamıya məlum olan haldır ki. 2020-ci ilin fevral ayından Covid-19 pandemivası səbəbindən bir çox iş yerləri ya işləməyib, ya da ki məhdud iş rejimində işləyibdir. Nəzərə alınsa ki, tikinti sektorunda işləyənlərin əksəriyyəti regionlardan gəlib işləyirlər. Pandemiya şəraitində isə işçilərin çoxunun rayonlarda gedib qalması, Bakı şəhərinə gediş-gəlişində məhdudiyyətlər səbəbindən vaxtı- vaxtında iş yerlərinə gələ bilmirlər. Bu da özlüyündə müəssisələrin fəaliyyətinin zəifləməsinə səbəb olur. Digər tərəfdən isə iddiaçıya təhvil veriləsi mənzil hazırdı, lakin təhvil almaqdan özü imtina edir, gəlib mənzili qəbul etmir. İddiaçının kirayə haqqı almaqla əlavə qazanc əldə edə biləcəyi də həqiqəti əks etdirmir. Buna dair hər hansı sübut yoxdur. Ən əsası isə tərəflər arasında bağlanan müqavilədə “Cavabdeh“ MMC iddiaçı qarşısında hər hansı maddi-mənəvi məsuliyyət daşımır. Amma bu müddət ərzində heç bir şikayət etməyib. Əgər həqiqətən də o hüquqlarının pozulmasını iddia edirdisə o zaman mənzilin layihədə olan formadan fərqli formada təmir edilməsini xahiş edən zaman bu barədə müraciət etməli idi. Lakin iddiaçı onun mənzilinin istəyinə uyğun olaraq tam hazır olduqdan sonra əsassız bir iddia irəli sürmüşdür. Məhkəmə proses iştirakçılarının izahatlarını, çıxışlarını dinləyib və mülki işin materiallarını araşdırıb, aşağıda qeyd olunanlara əsasən, iddia tələbinin qismən təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 25.12.2017-ci il tarixli 308/17 №-li müqaviləyə əsasən, müqavilənin predmetini Satıcının mənzilin əsaslı tikintisinin lazımi qaydada apararaq mənzilin gələcəkdə mülkiyyətçisi ola biləcək Alıcıya əsaslı tikilmiş formada lazımi qaydada və hazırki müqavilədə göstərilmiş müddətdə təhvil verməsi, Alıcının isə Mənzilin tərəflər arasında razılaşdırılmış məbləğini Satıcıya ödəməsi təşkil edir. Tərəflər razılaşır ki, mənzil Alıcıya təmir olunmuş vəziyyətdə təhvil veriləcək. (1.1. bəndi) Satıcı mənzili 71400.00 (Yetmiş bir min dörd yüz) manata satır, Alıcı isə həmin qiymətə alır.(1.2 bəndi) Satıcı “Alıcı”ya mənzili 31.03.2018-ci il tarixinədək təhvil vermək (müddət 6 təqvim ayı müddətinə qədər uzadıla bilər) öhdəliyini götürür. Satıcı tərəfindən mənzilin Alıcıya təhvil verilməsi hər iki tərəf ilə imzalanmış təhviltəslim aktına uyğun olaraq həyata keçirilir. (2.2.6 bəndi) Alıcı tərəfindən ilkin ödəniş və ya aylıq ödənişlər ödəmə tarixindən 15 (on beş) təqvim günündən artıq müddətə gecikdirilərsə, Satıcının birtərəfli qaydada bu müqaviləyə xitam vermək hüququ var. (2.2.7 bəndi) İş materiallarında olan 25.12.2017-ci il tarixli maliyyə arayışından görünür ki, Verilir İddiaçı (AZE seriyalı № 15875226, ASAN 1 tərəfindən 24.08.2015 tarixdə verilmişdir) ondan ötəri ki, həqiqətən o, ünvan 1 ünvanında yerləşən binanın tərkib hissəsi sayılan İİ blokda ümumi sahəsi 58.00 kv.m. olan, 13-cü mərtəbəsindəki 270 saylı mənzilə görə 71400.00 manatı tam şəkildə ödəyib və Cavabdeh MMC -yə heç bir borcu yoxdur. İş materiallarında olan ünvan 3 ünvanında yaşayış binasının 270 №-li mənzilin tamamlama işlərinin mənzil sahibinin təkidi ilə layihədən kənarlaşmanın qiymətləndirmə hesabtından görünür ki, layihə üzrə görülmüş işin məbləği 7996,61 manat, faktiki olaraq 9530,44 manat, əlavə xərc 1533,83 manat təşkil edir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı oğlu ilə Cavabdeh MMC arasında 25.12.2017-ci il tarixli 308/17 №-li Müqavilə bağlanmışdır. Müqavilənin 1.1ci bəndinə görə müqavilənin predmetini Satıcının mənzilin əsaslı tikintisinin lazımi qaydada apararaq mənzilin gələcəkdə mülkiyyətçisi ola biləcək Alıcıya əsaslı tikilmiş formada lazımi qaydada və hazırki müqavilədə göstərilmiş müddətdə təhvil verməsi, Alıcının isə Mənzilin tərəflər arasında razılaşdırılmış məbləğini Satıcıya ödəməsi təşkil edir. Tərəflər razılaşır ki, mənzil Alıcıya təmir olunmuş vəziyyətdə təhvil veriləcək. Müqavilənin 1.2-ci bəndinə əsasən Satıcı mənzili 71400.00 (Yetmiş bir min dörd yüz) manata satır, Alıcı isə həmin qiymətə alır. Müqavilənin 2.2.6-cı bəndinə görə Satıcı “Alıcı”ya mənzili 31.03.2018-ci il tarixinədək təhvil vermək (müddət 6 təqvim ayı müddətinə qədər uzadıla bilər) öhdəliyini götürür. Satıcı tərəfindən mənzilin Alıcıya təhvil verilməsi hər iki tərəf ilə imzalanmış təhvil-təslim aktına uyğun olaraq həyata keçirilir. 25.12.2017-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı oğlu ünvan 1 ünvanında yerləşən binanın tərkib hissəsi sayılan İİ blokda ümumi sahəsi 58.00 kv.m. olan, 13-cü mərtəbəsindəki 270 saylı mənzilə görə 71400.00 manatı tam şəkildə ödəyib və Cavabdeh MMC -yə heç bir borcu yoxdur. Məhkəmədə mübahisələndirilən hal ondan ibarətdir ki, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən bildirir ki, satıcı Alıcıya mənzili 31.03.2018-ci il tarixinədək təhvil verməyi öhdəsinə götürmüşdür, lakin, bu günə kimi mənzil təhvil verilməmişdir. Cavabdeh isə qeyd edir ki, iddiaçı özü bir neçə dəfə müraciət edərək ona veriləcək mənzilin təmiri qaydasının dəyişdirilməsini xahiş etmişdir. Şirkət tərəfindən onun bu xahişləri yerinə yetirilərək mənzilin layihədə olan forması dəyişdirilmiş, məhz onun istəyinə uyğun təmir edilmişdir ki, müştəri məmnun qalsın. Lakin iddiaçı onun mənzilinin istəyinə uyğun olaraq tam hazır olduqdan sonra əsassız bir iddia irəli sürmüşdür. Odur ki, iddiaçının tələblərinin əsassız olduğunu qeyd edərək, iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 2-ci hissəsinə görə Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqlar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 428.2-ci maddəsinə əsasən öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin vaxtından əvvəl icrasına yalnız öhdəliyin vaxtından əvvəl icrasının mümkünlüyü bu Məcəllədə və ya öhdəlik şərtlərində nəzərdə tutulduqda və ya işgüzar dövriyyə adətlərindən və ya öhdəliyin mahiyyətindən irəli gəldikdə yol verilir. 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 430.2-ci maddəsinə əsasən Öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin icrasından birtərəfli imtinaya və ya belə öhdəliyin şərtlərinin birtərəfli dəyişdirilməsinə, əgər bu Məcəllədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, müqavilədə nəzərdə tutulan hallarda da yol verilir. 445.2-ci, 445.2.1-ci və 445.2.2-ci maddələrinin tələblərinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə qeyd edir ki, öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə hesab edir ki, ilk növbədə tərəflər arasında bağlanmış müqavilənin qanuniliyi yoxlanılmalı, həmin mübahisəyə qiymət verilməlidir. Odur ki, müqavilə münasibətləri çərçivəsində yaranan mübahisəyə qanuni əsaslarla qiymət verildikdə ümumi mübahisənin düzgün həllinə nail olmaq mümkündür. Məhkəmə qeyd edir ki, tərəflər arasında 25.12.2017-ci il tarixli 308/17 №-li bağlanmış müqavilənin 2.2.4-cü maddəsinə əsasən Cavabdeh MMC iddiaçıya əsaslı tikilmiş formada lazımi qaydada və müqavilədə göstərilmiş müddətdə mənzili (31.03.2018-ci il tarixinədək təhvil vermək (müddət 6 təqvim ayı müddətinə qədər uzadıla bilər)) təhvil verməyi, iddiaçı isə Mənzilin tərəflər arasında razılaşdırılmış məbləğini yəni 71400 manatı cavabdehə ödəmək öhdəliyini götürmüşdür. Ancaq müqavilə üzrə tikinti şirkəti Cavabdeh MMC müqavilə öhdəliklərini tərəflərin razılaşdıqları müddət bitənədək yerinə yetirməmişdir. Bununla belə iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tam yerinə yetirilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı 25.12.2017-ci il tarixli müqavilə üzrə öhdəliklərini tam icra edərək, cavabdehin tikdiyi binada ona ayrılmış mənzilin dəyərini elə həmin tarixdə ödədiyindən, cavabdeh MMC həmçinin müqavilə üzrə öhədliklərini icra etməli və mənzili iddiaçıya təhvil verməlidir. Məhkəmə iddiaçının “əldən çıxmış fayda və real zərərin ödənilməsi”nə dair tələbinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Beləliklə yuxarıda qeyd edilən mülki prosessual normaların və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinin tətbiqi nəticəsində müəyyən edilir ki, hazırki mübahisədə ona zərərin (əldən çıxmış fayda və ya real zərərin) dəyməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı bu hissədə tələbini internet saytlardan əldə edilmiş məlumatlara əsaslanmaqla sübut etməyə çalışmışdır. İlk öncə məhkəmə qeyd edir ki, iddiaçı cavabdeh MMC-nin hərəkət və ya hərəkətsizliyi nəticəsində əldə edə biləcəyi gəlirlərdən məhrum olmasını sübut edəcək mötəbər dəlillər təqdim etməmişdir. Bu mənada məhkəmənin qənaətinə görə iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək qeyd olunan əldən çıxmış faydanın və real zərərin nədən ibarət olmasını, daha əvvəllər də adi mülki dövriyyə şəraitində əldə etdiyi gəlirlərinin olmasını göstərəcək dəlilləri təqdim etməklə, istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməlidir. Məhz bu halla bağlı yalnız onun izahatı mövcuddur ki, həmin izahatlar da mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilir. Belə ki, onun izahatları iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Belə olan halda isə iddiaçı öz izahatında bildirdiyi kimi, yəni 16000 manat məbləğində əldən çıxmış fayda və ya real zərərə məruz qaldığını qeyd etsə də bu dəlillər açıq-aşkar əsassız olmuşdur. Çünki, məhkəmə həqiqəti müəyyən etmək üçün tərəflərin təqdim etdiyi sübutları qiymətləndirməlidir. Belə bir razılığın olmasına dair mötəbər sübut isə iddiaçı tərəfindən təqdim edilməmişdir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Məhkəmə iddia tələbinin mənəvi zərər hissəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərərə qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeydi-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 41-ci maddəsinin tələblərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərər vurulduqda ödənilə bilər. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, "İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. "İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum qərarının 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizliklə (mülki, cinayət, inzibati və s. hüquq pozuntularda) ifadə oluna bilər. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, "İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından "mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, məhkəmə araşdırması zamanı iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirinin olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərər hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun müvafiq olaraq iddiaçının özünə aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 4 ünvanında yerləşən binanın tərkib hissəsi sayılan İİ blokda ümumi sahəsi 58.00 kv.m. olan, 13-cü mərtəbəsindəki 270 saylı mənzil İddiaçı təhvil verilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar