Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-896/2023 28.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı, X8 (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X8 cəlb olunmaqla) “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təsviri hissə İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin rəhbərliyinin səhvi və məsuliyyətsizliyi nəticəsində keçirdiyi mənəvi sarsıntı və iztirablara görə 1000 manat pul, maddi ziyanla bağlı 4000 manat olmaqla cəmi 5000 manat pul və ödənilmiş 70 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsəslandırmışdır ki, xx.xx.2020-ci il tarixdən əmək müqaviləsi əsasında Cavabdeh MMC-də mexanik vəzifəsində çalışmışdır. xx.xx.2022-ci il tarixdə MMC-də beton istehsalı qovşağında işləyərkən MMC-nin rəhbərliyinin səhvi və məsuliyyətsizliyi nəticəsində üzərində tikinti materiallarının hərəkətini təmin edən üfüqi konveynin baraban və lentinin arasına qum torbalarını salarkən bazu kələfinin zədələnməsi və sıxılma sindromu, sol qolun iflici ilə nəticələnən sol yuxarı ətrafın əzələ və yumşaq toxumalarının əzilməsi və hematoması xəsarətləri ilə müşayiət edilən sağlamlığına ağır zərər vurulmuşdur. Bunun nəticəsində AR X4 və Ortopediya İnstitutundan sol qolu əməliyyat olunmuş və mütəmadi müalicə edilməklə daim həkim nəzarətində saxlanması qərarına gəlinmişdir. Hal-hazırda qolu işlək vəziyyətdə deyil. Bununla bağlı institutun həkimləri tərəfindən yazılmış həkim reseptlərində yazılmış dərmanları mütəmadi olaraq alır və həkim nəzarətində müalicə olunur. Həkimlərin bildirdiyinə görə sol qolu əvvəlki vəziyyətə qaytarılması çox çətin və uzunmüddətli prosedurdur. Müalicəsi ilə bağlı dəfələrlə cavabdehə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən zərərçəkmiş şəxs kimi tanınmışdır və hadisənin törədilməsində təqsirləndirilən məsul şəxs X8 cinayət məsuliyyətinə cəlb edilmişdir. İş yerində məsul şəxsin səhvi üzündən müəyyən müddət pis vəziyyətə düşməklə psixoloji gərginlik keçirməklə mənəvi ziyan çəkmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə müraciət edərək, cavabdehdən vurulmuş maddi ziyana görə 4000 manat, mənəvi ziyana görə 30000 manat, vəkil xərcinə görə 2000 manat, dövlət rüsumuna görə 70 manat, cəmi 36070 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurulmuş maddi ziyana görə 4000 manat, mənəvi ziyana görə 1000 manat, vəkil xərcinə görə 2000 manat, dövlət rüsumuna görə 70 manat, cəmi 7070 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurulmuş maddi ziyana görə 4000 manat, mənəvi ziyana görə 50000 manat, vəkil xərcinə görə 2000 manat, dövlət rüsumuna görə 70 manat, cəmi 56070 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı izahatında bildirdi ki, sağlamlığına dəyən zərər iş yerində və iş vaxtında olmuşdur. Cavabdeh tərəfindən onun yol xərcləri qarşılanmış və müxtəlif tarixlərdə fərqli məbləğlərdə ona pul verilmişdir ki, bu pullar onun müalicəsinə sərf edilmişdir. Lakin müalicəsinin davam etdirilməsinə ehtiyac var. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil izahatında bildirdi ki, iddiaçının sağlamlığına dəymiş zərərin iş yerində və iş vaxtı ərzində baş verməsi məlumdur və sübuta ehtiyacı yoxdur. İddiaçı sağlamlığına dəymiş zərərlə bağlı daimi müalicələr alır ki, bu da əlavə ödənişlər tələb edir. Həmçinin iddiaçının bir qolundan istifadə edə bilməməsi və daimi ağrılarının olması ona mənəvi iztirab vermişdir. Bu səbəbdən də iddia təmin edilməlidir. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, cavabdeh MMC tərəfindən iddiaçıya ödənişlər edildiyini iddiaçının özü tərəfindən də təsdiq edilmişdir. Cavabdeh öz üzərinə düşən vəzifələri lazımınca icra etmiş və iddiaçının müalicəsində maddi cəhətdən lazımınca iştirak etmişdir. Məhkəmə iclasında mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 izahatında bildirdi ki, iddiaçı tərəfindən qeyd edilən ödəniş məbləğləri 2022-ci ilin dekabr ayına kimi ona ödənilmiş pullardır. Hazırki iş məhkəmənin icraatında olduğu zaman isə iddiaçıya müalicə xərclərinin qarşılanması üçün 1000 manat pul ödənilmişdir. Yəni iddiaçının müalicəsi tam qarşılanmışdır. İddiaçının aylıq əmək haqqı 400 manat məbləğində olmuş, işçilərə kömək məqsədilə ayrı-ayrı tarixlərdə pul məbləğləri ödənilmişdir ki, bu pullar əmək haqqı məbləğinə daxil deyil. Əsaslandırıcı hissə: a)Mülki işin materialları Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi Təqqiqat Travmatologiya və ortopediya İnstitutu tərəfindən verilmiş epikrizdə müalicəsi və əmək məsləhətləri olaraq “ətrafa hündür vəziyyət, günaşırı aseptik sarğı, həkim baxışı, iki həftədən sonra tikişlərin sökülməsi” qeyd olunmuşdur. Bakı Şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(007)-469/2022 saylı hökmündən müəyyən olunmuşdur ki: 1) İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X6 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 802 saylı rəyə əsasən vətəndaş 1962-ci il təvəllüdlü İddiaçı almış olduğu xəsarətlər bazu kələfinin zədələnməsi, sıxılma sindromu ilə müşaiət olunan, sol qolun iflici ile nəticələnən, sol yuxarı ətrafın əzələ yumşaq toxumaların əzilməsi və hematoması bərk küt əşya təsirindən törənə bilərdi. Qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə yəni, xx.xx.2022-ci il tarixdə baş vermiş hadisə zamanı alınmaları istisna edilmir, dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3 hissəsindən çox(40%) itirilməsinə səbəb olan sağlamlığa ağır zərər vurmaya aiddir; 2) İş üzrə təyin edilmiş əmək təhlükəsizliyinin tədqiqinə dair xx.xx.2022-ci il tarixli 10/6203 saylı rəyə əsasən ünvan 1 ünvanında yerləş “Harmoniya" MMC tərəfindən istifadə edilən beton istehsalının həyata keçirildiyi ərazidə istifadə olunan avadanlığın təhlükə mənbəyi olan hərəkətli hissələrinin üzərinin kip şəkildə qoruyucu vasitələrlə örtülməsinin təmin olunmaması baş vermiş hadisənin texniki səbəbi olmuşdur; 3) Baş vermiş hadisə ilə əlaqədar «İstehsalat avadanlıqları Ümumi təhlükəsizlik tələbləri». 12.2.003-91 DÜST-nin (Dövlət Standartının 1.2, 2.15 bəndlərinin, «İşçilərin əməyin mühafizəsi üzrə təlimin təşkili. Ümumi tələblər, 12.0.004-90 DÜST»-nin (Dövlət Standartının) 4.4 bəndinin və «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 11-ci bəndinin tələbləri pozulmuşdur; 4) Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X1 olan «Müəssisə direktorunun əmək funksiyəsı»nın tələblərinə əsaslanaraq, ünvan 2 ünvanında yerləşən beton istehsalının həyata keçirildiyi ərazidə istifadə olunan qurğunun mühafizə vasitələri ilə təchiz edilməsini təmin etmədiyinə və bliyi yoxlanılmamış işçi heyəti, o cümlədən İddiaçı işin icrasına buraxdığına görə, «İstehsalat; avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri». 12.2.003-91 DÜST-nin (Dövlət Standartının 1.2, 2.15 bəndlərinin, «İşçilərin əməyin mühafizəsi üzrə telimin təşkili. Ümumi tələblər, 12.0.004-90 DÜST»-nin (Dövlət Standartının) 4.4 bəndinin tələbləri Cavabdeh MMC-nin direktoru tərəfindən pozulmuşdur; 5) ünvan 1 ünvanında yerləşən Harmoniya MMC tərəfindən istifadə edilən beton istehsalının həyata keçirildiyi ərazidə istifadə olunan avadanlığın dayanmasını təmin etmədən taxta parçasını hərəkətdə olan lentin üzərinə salmaqla öz fərdi təhlükəsizliyini qorumadığına görə, «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 11-ci bəndinin tələbləri İddiaçı tərəfindən pozulmuşdur; 6) İş üzrə təyin edilmiş əmək təhlükəsizliyinin tədqiqinə dair xx.xx.2022-ci il tarixlr 10/6971 saylı əlavə rəyə əsasən ünvan 1 ünvanında yerləşən beton istehsalının həyata keçirildiyi ərazidə istifadə olunan avadanlığın təhlükə mənbəyi olan hərəkətli hissələrinin (barabanın) üzərinin kip şəkildə qoruyucu vasitələrlə örtülməsinin təmin olunmaması baş vermiş hadisənin texniki səbəbi olmuşdur. 7) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə istintaqı zamanı ifadə verən təqsirləndirilən şəxs X9 ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilmişdir; 8) Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs kimi dindirilmiş İddiaçı ifadəsində göstərmişdir ki, X9 tərəfindən ona 2033 manat məbləğində əmək haqqı və 2940 manat məbləğində müalicə xərcləri ödənilmişdir. Məhkəmə iclasından bir neçə gün öncə, əlavə olaraq, təqsirləndirilən şəxs tərəfindən ona 1000 manat məbləğində ödəniş edilmişdir; 9) Bakı Şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(007)-469/2022 saylı hökmü ilə X9 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi Ekspertiza və X6” X11 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, KEŞ-564 nömrəli ekspertiza rəyindən müəyyən olunur ki, 1962-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, özünün məhkəmə-tibbi və mütəxəssis müayinələrinə, iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: İddiaçı mütəxəssis müayinəsi zamanı ona “Sol yuxarı ətrafın travmadan və cərrahi əməliyyatdan sonrakı vəziyyəti, Ətrafın süst iflici, bazunun çıxığı, osteoporoz, çiyin qurşağı və yuxarı ətraf əzələlərinin atrofiyası, daimi ağrı sindromu, ətrafın funksiyasının pozulmasının olduğu müəyyən edilmişdir. Qeyd edilən ətrafın funksiyasını bərpa etmək mümkün deyil. “Azərbaycan Elmi Tədqiqat X10” X11 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 26 nömrəli arayışında 20.-0.2022-xx.xx.2023-cü il tarix aralığında müalicənin davam etməsi, təkrar fizioloji müalicə aparılmasının məsləhət görüldüyü qeyd olunur. xx.xx.2023-cü il tarixli hüquqi yardımın göstərilməsi haqqında müqavilədən müəyyən olunur ki, Vəkil ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, İddiaçı isə hüquqi yardıma görə haqq ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 2000 manat müəyyən olunur. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən müəyyən olunur ki, Yaqubov Vüsal adlı şəxs tərəfindən 2000 manat pul Vəkil bank hesabına köçürülüb. xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və s. tarixli tövsiyyə vərəqələri və resept blanklarından İddiaçı müxtəlif dərman vasitələrinin alınaraq istifadə edilməsi tövsiyə olunmuşdur. “AZEMİS” elektron məhkəmə informasiya sistemində İddiaçı gəlir məlumatlarından onun Cavabdeh MMC-də mexaniki yığma işlər üzrə çilingər vəzifəsində çalışdığı və aylıq əmək haqqının 400 manat təşkil etdiyi müəyyən olunur. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: xx.xx.2022-ci il tarixdə İddiaçı ünvan 1 ünvanında yerləşən Harmoniya MMC tərəfindən istifadə edilən beton istehsalının həyata keçirildiyi ərazidə - iş yerində «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 11-ci bəndinin tələblərini pozaraq istifadə olunan avadanlığın dayanmasını təmin etmədən taxta parçasını hərəkətdə olan lentin üzərinə salmaqla öz fərdi təhlükəsizliyini qorumamış, bununla da dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3 hissəsindən çox (40%) itirilməsinə səbəb olan sağlamlığa ağır zərərvurma baş vermişdir. Bununla bağlı cinayət işi başlanılmış və iş üzrə təqsirləndirilən şəxs X8 Bakı Şəhəri Nizami rayon Məhkəməsində cinayət işi üzrə dinlənilərkən ifadəsində işçilərin əməyinin təhlükəsizliyinin təmin edilməsi vəzifəsini daşıdığı halda bu vəzifəni lazımınca yerinə yetirmədiyi bildirərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə özünü təqsirli bildiyini qeyd etmişdir. Məhkəmənin qanuni qüvvəsini almış hökmü ilə X9 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. İddiaçı “Sol yuxarı ətrafın travmadan və cərrahi əməliyyatdan sonrakı vəziyyəti, Ətrafın süst iflici, bazunun çıxığı, osteoporoz, çiyin qurşağı və yuxarı ətraf əzələlərinin atrofiyası, daimi ağrı sindromu, ətrafın funksiyasının pozulmasının olduğu, Qeyd edilən ətrafın funksiyasını bərpa edilməsinin mümkün olmadığı müəyyən edilmişdir. Vaxtaşırı dərman vasitələri alır və istifadə edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 191.1-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 191.2-ci maddəsinə əsasən aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. 192.2-ci maddəsinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. 195-ci maddəsinə əsasən işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə işəgötürən işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır 197-ci maddəsinə əsasən işçi ona vurulmuş maddi ziyanın məbləğinin ödənilməsi barədə işəgötürənə ərizə ilə müraciət etməlidir. İşəgötürən işçinin ərizəsində göstərdiyi iddiasını araşdırmalı və 15 gün müddətində müvafiq qərar qəbul edərək ona yazılı cavab verməlidir. İşçi, bütövlükdə və qismən işəgötürənin qərarı ilə razılaşmadıqda, habelə müəyyən edilmiş müddət ərzində ona yazılı cavab verilmədikdə dəyən ziyanın ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Vurulan ziyanın ödənilməsi barədə məsələnin məhkəmə qaydasında həll edilməsindən çəkinmək məqsədi ilə tərəflər qarşılıqlı razılıqla belə mübahisələrin həlli üçün başqa qaydalar müəyyən edə bilərlər. Lakin bu qaydalar işçinin məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdıra bilməz. 207-ci maddəsinə əsasən işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ vardır. 215-ci maddəsinə əsasən Müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər və aşağıdakı tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər: əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsini; işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkil edilməsini və əməyin mühafizəsinin təbliğini; binaların, qurğuların, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyinə riayət edilməsini və s. 238-ci maddəsinə əsasən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti təmin edilmədikdə və kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlər yerinə yetirilmədikdə qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada işəgötürən inzibati və cinayət məsuliyyətinə cəlb edilir. 239-cu maddəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur. Məhkəmə qeyd edir ki, iş materialları ilə müəyyən olunmuşdur ki, istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində iddiaçının sağlamlığına zərər dəymiş və bu zərərin vurulmasında təqsirli bilinən X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. Araşdırılmış sübutlardan və tərəflərin o, cümlədən X7 məhkəmə iclasında verdiyi izahatlardan, iddiaçının 2940 manat məbləğində müalicə xərcləri ödənilmiş, sonradan isə ona yenidən 1000 manat məbləğində ödəniş edilmişdir. Bunu iddiaçı özü məhkəmə iclasında təsdiq etmişdir. Hazırda isə məhkəməyə müraciət edərək, maddi ziyana görə 4000 manat məbləğində pulun tələb edilməsini xahiş etsə də, bu məbləği hansı əsaslardan irəli gələrək istədiyini əsaslandıra bilməmişdir. Məhkəməyə iddiaçı tərəfindən bu istiqamətdə təqdim olunan sübutlar həkim tövsiyyə və resept blanklarıdır ki, bu vərəqələrdə qeyd edilən dərmanların cəmi dəyərinin ona müalicə xərcləri üçün ödənilmiş məbləğdən yuxarı olmasını sübut etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə hesab edir ki, iddiaçı onun sağlamlığa vurulmuş zərərə görə pul tələbi hissəsində iddiasını sübutlarla əsaslandıra bilmədiyinə görə iddia tələbi bu hissədə təmin edilə bilməz. Məhkəmə mənəvi zərərin tutulması hissəsində iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan respublikası Əmək Məcəlləsinin 196.5-ci maddəsinə əsasən işçiyə vurulan mənəvi ziyanın pul hesabı ilə məbləği bu Məcəllənin 290-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş qaydada müəyyən olunur. Həmin Məcəllənin 290.3-cü maddəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktiki hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. İşçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. Hazırki halda iddiaçının mənəvi zərərlə bağlı iddia tələbinin əsası onun çəkdiyi fiziki iztirabla bağlıdır. Fiziki iztirab isə Əmək Məcəlləsinin 290.3-cü maddəsində mənəvi ziyanın yaranma əsası kimi nəzərdə tutulmamışdır. Fiziki iztirabla bağlı mənəvi zərər mülki qanunvericilik ilə tənzimlənir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3-cü maddəsinə əsasən ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki mənəvi zərərin tutulması hissəsində iddia tələbininin əsası Mülki Məcəllənin 21, 23-cü maddələri təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına istinad edilməsini zəruri hesab edir. Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Həmçinin, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarından da göründüyü kimi, mənəvi zərər şəxsin pozulmuş hüququnun müstəqil nəticəsidir. «Pozulmuş hüquq» dedikdə məhkəməAzərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsində vurğulandığı kimi, «qanunla qorunan hüquq»ların pozulmasını nəzərdə tutur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında da oxşar mövqe tutulmuşdur. Ali Məhkəmənin Plenumu hesab etmişdir ki, “zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.” İş materiallarından aydın olur ki, X8 Bakı Şəhəri Nizami rayon Məhkəməsində cinayət işi üzrə dinlənilərkən ifadəsində işçilərin əməyinin təhlükəsizliyinin təmin edilməsi vəzifəsini daşıdığı halda bu vəzifəni lazımınca yerinə yetirmədiyi bildirərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə özünü təqsirli bildiyini qeyd etmişdir. Məhkəmənin qanuni qüvvəsini almış hökmü ilə X9 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. Yəni iddiaçının sağlamlığına zərər vurulmasında işəgötürənin təqsiri sübuta yetirilir. İddiaçının sağlamlığına dəymiş zərərlə bağlı uzun müddətli müayinə və müalicələr alması, əldə edilmiş tibbi rəylərdən onun daimi ağrılardan əziyyət çəkməsinin aydın görünməsini nəzərə alaraq məhkəmə mənəvi zərərin cavabdehdən iddiaçının xeyrinə tutulması üçün qanuni əsasların olduğu qənaətinə gəlir. Zərərin məbləğinə gəldikdə isə məhkəmə mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsirini, əmlak vəziyyətini nəzərə alaraq 2000 manat məbləğində müəyyən edilməsini qanuni və ədalətli hesab edir. Məhkəmə “hüquqlarının müdafiəsi üçün iddiaçının vəkilə ödənilmiş 2000 manat haqqın cavabdehdən alınıb ona ödənilməsi” hissəsində iddia tələbi ilə bağlı qeyd edir ki, iddiaçının vəkilin xidmətindən istifadə etməsi iş materiallarında olan vəkil orderindən, xidmət müqaviləsindən və qəbzdən aydın olduğu üçün məhkəmə vəkil xərcinin cavabdehdən tutulmasını qanuni hesab edir, lakin tutulmalı olan məbləğə münasibətdə tələb olunan vəkil xərcinin 200 manat məbləğində tutulmasını daha ağlabatan və ədalətli hesab edir. Belə ki, hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğundan, hüquqi yardıma görə xərclər, işin halları nəzərə alınmaqla, ağlabatan məbləğdə, yəni 200 manat məbləğində iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən mənəvi zərərə görə 2000 manat, vəkil xərcinə görə isə 200 manat pul iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, ödənilmiş 70 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən mənəvi zərərə görə 2000 manat, vəkil xərcinə görə 200 manat, ödənilmiş dövlət rüsumuna görə 70 manat, cəmi 2270 manat pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-896/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-896/2023
28.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver