Məhkəmə qərarları › İş №2(005)-939/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-939/2025

16.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-939/2025 16.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh verdiyi 3.000 dollar (5.106 manat), ödədiyi qəbzlərlə: 1400 manat, qiymətlərin pulu:690 manat; dövlət rüsumu 70 manat; çəkdiyim stresslərə görə, aldığı travmalara görə, aldığı müalicəyə görə, vurduğu 7.266 manat maddi və mənəvi zərərə görə cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2006-cı ildə orta məktəbi bitirmiş və ali məktəbə daxil olmaq üçün imtahan verib kəsilmişdir. O ərəfədə anası Mahirə Məmmədova makler işləyirdi, evini kirayə verən Elbəyi adlı şəxslə tanış olur və iddiaçıya köməklik göstərməsini xahiş edir. O yeznəsi Emil müəllimə yönəldir və o Azərbaycan Beynəlxalq Universitetinin 2-ci tur, boş qalan yerinə 1-ci kursa keçirəcəyi barədə söz verir, bunun üçün 3.000 dollar pul istəyir. Pulu anası Gənclik metrosunun çıxışında yerləşən, univermağın binasının həyətində olan evinin yanında 3.000 dollar verir. Bir neçə gündən sonra anası onunla birlikdə həmin yerə getmiş və onlara iddiaçını qanuni tələbə kimi götürüləcəyinə söz verdi. Bir neçə gün keçdi o zənglərə cavab vermədi. Anası tanıdığı bir şəxsdən xahiş etdi ki, ona zəng etsin və pulu geri istəsin, pulu geri tələb etdikdə pullar verilib dedi, məsələni həll edəcəyini dedi. Əvvəlcə Moskva filialı ilə transfer edəcəyini, sonra isə güya Ukraynanın Xarkov şəhərində yerləşən İdarəçilik Akademiyasından 2-ci kursa transfer edəcəyini bildirdi. Çarəsizlikdən razılaşdılar (çünki pulları geri qaytarmırdı). 2010-cu ilin yazında Dövlət imtahanı olmadan Universiteti bağladılar. Oranın tələbələrini başqa Universitetlərə transfer etdilər. X11 kimi tanıdan adamı axtarmağa başladılar, kirayə verdiyi evindən nömrə almağa çalışdılar, vermədilər, nömrə verdilər əlaqə saxlasın, etmədi, verdiyi nömrələrə cavab vermirdi. Kirayədə olan şəxsin verdiyi məlumata görə o, həmin vaxtlar Gəncədə yaşayıb işləyirdi. Təhsil Nazirliyinə də dəfələrcə müraciət etmişdilər. Nazirlikdən rəsmi cavablar gəldi ki, adı Azərbaycan Beynəlxalq Universitetindən gələn sənədlərin içində yoxdur (Ukraynadan 1-ci kurs barədə akademik arayış olmadığı bildirildi. Yenidən Ali təhsil diplomu almaq zərurəti yarandığı üçün xx.xx.2023-cü ildə Yasamal rayonu 27-ci Polis bölməsinə ərizə ilə müraciət etdi, hadisə Nərimanov rayonunda baş verdiyinə görə göndərdilər Nərimanov rayonundakı 16-cı bölməyə, Asif Abışov tədqiqat işləri apardı. Səmədbəyli Emil kimi özünü tanıdan müəllim Cavabdeh müəyyən oldu. Həm Beynəlxalq, həm də İqtisadiyyat Universitetlərində işləyirdi. 16-cı bölmənin rəisi Cavid İsmayılzadə özünün ədalətdən yana olduğunu deyib və istintaqa göndərilməsini tapşırdı. 2 gündən sonra məlum oldu ki, müddətin keçməsi rəhbər tutaraq cinayət işinin açılması rədd edilib. Anası Cavabdeh özüylə əlaqə yaratdı, məlum oldu ki, 2013-cu ildə Təhsil Nazirliyinə müraciət etməyindən sonra o vaxt transfer işi ilə məşğul olan Elyar müəllim çağırıb onu Nazirliyə onun məsələsi ilə bağlı transfer məsələsində iştirak etməsini tələb edib. Və o məsələdən yayınıb, onlarla heç bir əlaqə yaratmayıb, anasının nömrəsinin 2015-ci ilə qədər işlək olduğu bir halda (onun bildiyi nömrə). Özü etiraf edib ki, pulların aldığı digər 7 nəfərin işini axıra kimi görüb, diplomları alınıb. Yenidən təhsilini davam etdirməsi üçün ilkin aldığı 3.000 dollar, saxta sənədlərlə tələbə olduğuna inandıraraq: xx.xx.2009-cu ildə 400 manat, xx.xx.2009-cu il 300 manat, xx.xx.2008-ci il 400 manat, xx.xx.2008-ci il 300 manat Universitetin balansına ödənişlər etmişdir. Qanunsuz tələbə olduğu üçün ondan imtahan götürmürdülər, pulnan qiymət yazırdılar. 3 qiymətləri 30 manatdan (30+30=60 manat), 4 qiymətləri 40 manatdan (12x40=480 manat), 5 qiymətlər 50 manatdan (3*50=150 manat) cəmi: 690 manat pul aldılar, qiymət yazdılar. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, izahatında göstərmişdir ki, cavabdehə pul verməkdə məqsədləri onu qanuni yolla Universitetə qəbul etmələri üçün olmuşdur. Lakin bu illər ərzində o, diplom ala bilməmişdir. Hazırda 35 yaşı var və 1-ci kurs tələbəsidir. Cavabdehin hərəkətlərinə görə o, oxuya bilməmiş, evlənməmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, izahatında göstərmişdir ki, iddia tələbi heç bir hüquqi əsasa söykənmir. Belə düzdür ki, iddiaçı təhsil üçün ona pul vermiş, lakin o, pulu müvafiq lazımı yerlərə ödənişlər etmişdir. İddiaçı tələbə kimi dərsə gedib-gəlmiş, oxumuşdur. Sonradan Universitet bağlandığı üçün və yəqin ki, maddi imkanları ucbatından başqa universitetə transfer ola bilməmişdir. Məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia tələbləri aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - MY B № 330362 nömrəli attestatın surətindən görünür ki, İddiaçı 2006-cı ildə Bakı şəhəri Sabunçu rayon 107 nömrəli müxtəlif qiymətlərlə bitirmişdir. - Azərbaycan Beynəlxalq Universiteti ilə X4 arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilənin surətindən görünür ki, Universitet İddiaçı əgər o, müsabiqədən keçərsə, İngilis dili ixtisası üzrə tələbə sırasına qəbul etməyi və onu ali təhsilli mütəxəssis kimi yetişdirmək üçün zəruri şərait yaratmağı öhdəsinə götürür. - Azərbaycan Beynəlxalq Universitetinin xx.xx.2008-ci il, xx.xx.2008-ci il, xx.xx.2009cu il və xx.xx.2009-cu il tarixli kassa mədaxil orderi qəbzlərinin surətlərindən görünür ki, İddiaçı tərəfindən 2007-2009-cu illər üçün 399,23 manat, 299,62 manat, 400 manat və 300 manat təhsil haqqı ödəmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İddiaçı ünvanlandığı xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, 16-cı X12 RPİ-nin 27-cı Polis Şöbəsinə yazmış olduğu və Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinə daxil olmuş müraciəti üzrə təhqiqat araşdırması aparılmışdır. Toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. - Cinayət işinin başlanmasının rədd edilməsi barədə Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənləri nəzərə alaraq, Azerbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə əsasən İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qərardan həmçinin görünür ki, araşdırma zamanı Nərimanov RPl-nin 16-cı PŞ-də izahatı alınmış X3 bildirmişdir ki, həyat yoldaşından rəsmi olaraq 2005-ci ildə ayrıldığından, qızı İddiaçı ilə birlikdə birdəfəlik Azərbaycan Respublikasına yaşamaq üçün köçmüşdür. Qızı İddiaçı orta məktəbin 11-ci sinfini 2006-cı ildə bitirmiş və elə həmin il ali məktəbə qəbul olunmaq üçün imtahan verməsinə baxmayaraq daxil ola bilməmişdir. O, 28 May adlanan yerdə ev alqı-satqısı ilə məşğul olduğu zaman işi ilə əlaqədar olaraq Elbəy adlı şəxslə tanış olmuş və söhbət əsnasında qızının ali məktəbə qəbul olunmamasını bildirmişdir. Bu zaman Elbəy adlı şəxs oğlu X2 müəllim olduğunu bildirərək qızının universitetə qəbul olunmasına köməklik edə biləcəyini qeyd etmişdir. 2006-cı ilin iyul ayında Emil adlı şəxslə bu barədə söhbət etdikdə, sonuncu ondan İddiaçı Azərbaycan Beynəlxalq Universitetin 1-ci kursuna düzəltməsi üçün 3.000 ABŞ dolları pul istəmişdir. Onlar razılaşmışlar və bu minvalla Emil adlı şəxsin yaşadığı ünvan 2 ünvanın həyətində görüşərək ona 3000 ABŞ dolları pul vermişlər. Lakin sonradan məlum olmuşdur ki, Emil adlı şəxs işi danışdıqları kimi etməyib və qızı İddiaçı ilk öncə Ukrayna Respublikasının Xarkov şəhərində yerləşən İdarəçilik Akademiyasına qəbul etdirmiş, sonra isə onu oradan Azərbaycan Beynəlxalq Universitetinin 2-ci kursuna köçürtdürmüşdür. İddiaçı universitetin 4-cü kursunda təhsil alarkən məlum səbəblərdən Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyəti dayandırılmış və qızının təhsili yarıda bilməmişdir. Bu səbəbdən Emil adlı şəxslə dəfələrlə görüşməkdən imtina etmişdir. İzahatı alınmış Cavabdeh barəsində qeyd olunanları qismən təsdiq edərək, qeyd etmişdir ki, 2006-cı ildə o, Azərbaycan Beynəlxalq Universitetində metodist işləmişdir. Qaynatası Elbəy adlı şəxsin vasitəsi ilə Mahirə Məmmədova ilə tanış olmuş və onun qızı İddiaçı Azərbaycan Beynəlxalq Universitetinə tələbə kimi düzəltmək üçün 3.000 ABŞ dolları pul almışdır. O da həmin pulu Universitetin daxilində olan Dağıstan filialının nümayəndəsinə vermişdir ki, İddiaçı tələbə kimi qəbul etdirsin. Bundan 1 il sonra İddiaçı Dağıstan filialından Azərbaycan Beynəlxalq Universitetinin 2-ci kursuna köçürmüş və orada təhsil almağa başlamışdır. Lakin ondan asılı olmayan səbəblərdən Universitet bağlanmış və bir çox tələbə kimi İddiaçı da diplom ala bilməmişdir. - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Elm və Ali Təhsil üzrə X5 Günel Mətləb qızına ünvanlandığı xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin Elm və Təhsil Nazirliyində saxlanılan arxiv sənədlərində onun şəxsi işin aşkar edilməmişdir. - Azərbaycan Respublikası X9nin İddiaçı ünvanlandığı xx.xx.2019-cu il tarixli məktubunun surətindən görünür ki, xx.xx.1989-cu il təvəllüdlü İddiaçı adlı şəxs 2006/2007ci tədris ilində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən ali təhsilin bakalavriat səviyyəsinə qəbulla bağlı İİİ ixtisas qrupu üzrə keçirilmiş test imtahanında iştirak etmiş, 700 ballıq şkala üzrə DT altqrupunda 180,947, XH altqrupunda 209,875 bal top amış, heç bir təhsil müəssisəsinə qəbul olmamış və barəsində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən hər hansı təhsil müəssisəsinə qəbul əmri verilməmişdir. İddiaçı 2017/2018-ci tədris ilində X9 tərəfindən ali təhsil müəssisələrinin V ixtisas qrupuna və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbulla bağlı keçirilmiş test imtahanında iştirak etmiş, 90 ballıq şkala üzrə 51 bal toplayaraq X10 Kollecinin “Poçt rabitəsi" ixtisasına əyani təhsilalma forması üzrə ödənişli əsaslarla qəbul olmuşdur. - Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2013-cü il tarixli İddiaçı ünvanlanmış məktubunun surətindən görünür ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin təqdim etdiyi tələbə kontingentinə aid məlumat bankında onun adı yoxdur. - Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2024-cü il tarixli İddiaçı ünvanlanmış məktubunun surətindən görünür ki, Təhsil Nazrliyinin razılığı olmadan X1 Akademiyasından Azərbaycan Beynəlxalq Universitetinə köçürüldüyünə və köçürülmə zamanı təqdim etdiyi akademik arayış dövlət nümunəli olmadığına görə təhsilinin başqa ali təhsil müəssisəsində davam etdirilməsi məsələsinin müsbət həlli imkan xaricindədir. - Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan Beynəlxalq Universiteti 07/428 nömrəli qiymət kitabçasının surətindən görünür ki, İddiaçı 2007-2009-cu illər üzrə təhsil aldığı üçün qiymətləndirilmişdir. Məhkəmə iddianın və iddiaya olan etirazlarının əsaslarının təsdiqi kimi istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə mötəbər nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə mülki işin materiallarında öz əksini tapan sənədlərdən və tərəflərin izahatlarından müəyyən edilir ki, İddiaçı anası Mahirə Məmmədova qızının təhsil müəssisəsinə qəbul olunması üçün cavabdehə 3.000 ABŞ dolları pul vəsaiti vermişdir. Cavabdeh isə məhkəmədə, həmçinin Nərimanov rayon 16-cı Polis şöbəsində aparılan araşdırma zamanı verdiyi izahatlarından iddiaçının anasından iddiaçını Azərbaycan Beynəlxalq Universitetinə tələbə kimi qəbul etmək üçün 3.000 ABŞ dolları pul vəsaiti aldığını qəbul etmişdir. Həmçinin bildirir ki, o, pulu almaqla yanaşı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmişdir. İddiaçı 4 il tələbə kimi universitetdə oxumuş və təhsil almışdır. Lakin ondan asılı olmayan səbəblərdən Azərbaycan Beynəlxalq Universiteti 2010-cu ildə bağlandıqdan sonra iddiaçı başqa universitetə transfer ola bilməmişdir. İş materiallarından həmçinin müəyyən edilir ki, iddiaçı Azərbaycan Beynəlxalq Universitetinin hesabına 2007-2009-cu illərdə pul məbləğləri köçürmüş və həmin illərdə orada onun qiymətləndirilməsi aparılmışdır. Göründüyü kimi, iddiaçının cavabdehdən tələb etdiyi pul məbləğləri: 3.000 ABŞ dolları onun anası tərəfindən cavabdehə verilmiş, ümumilikdə 1.400 manat pul məbləği Azərbaycan Beynəlxalq Universitetinə iddiaçı tərəfindən ödənilmiş, 690 manat qiymətlərin verilməsi üçün ödənilən pulun isə hər hansı şəxsə ödənilməsi barədə iş materiallarında hər hansı sənəd yoxdur. Məhkəmə ilk növbədə qeyd edir ki, 3.000 ABŞ dollarının iddiaçının anası Mahirə Məmmədova tərəfindən cavabdehə verilməsi sonuncunun etirafı ilə öz təsdiqini tapsa da, lakin iddiaçı anası tərəfindən verilən pulun cavabdehdən tələb etməsi üçün subyektiv hüquqa malik deyildir. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İkinci bir tərəfdən, tərəflər arasında olan razılaşma hüquqa zidd razılaşma olmuşdur. Belə ki, iddiaçının anası ilə cavabdeh arasında münasibətlər mülki hüquq pozuntusundan irəli gəlir. Onlar bu sövdələşmə ilə iddiaçının müsabiqədən kənar tələbə olmaq niyyətində olmuşdurlar. İddiaçının anası cavabdehə pul verən zaman bu əməlin qanunsuz olduğunu bilmiş və dərk etmişdir. Beləliklə onlar aralarında mülki qanunvericiliyə zidd razılaşma əldə etmişdirlər. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə hesab edir ki, iddiaçının anası tərəfindən cavabdehə razılıq əsasında verilən vəsaitin hüquqa zidd hərəkətin həyata keçirilməsi üçün olduğundan, həmçinin həmin pulun cavabdehə verilməsi sonuncunu əsassız şəkildə varlandırmadığından, bundan başqa, iddiaçının diplom ala bilməməsinin cavabdehin hər hansı qanunsuz əməli nəticəsində baş verməsi müəyyən edilmədiyindən, 3.000 ABŞ dollarının cavabdehdən tutulması barədə iddia tələbini irəli sürməyə iddiaçının subyektiv hüququ olmadığından, həmin hissədə iddia tələbləri təmin edilməməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mövcud qanunvericilik hüquqa zidd hərəkətin edilməsi üçün verilmiş pulun geri qaytarılmasını tələb etməyi qadağan etməsə də, lakin hazırkı mübahisədə iddiaçının anası ilə cavabdeh arasında əldə edilmiş şifahi razılığın cavabdeh tərəfindən pozulması və nəticədə iddiaçıya zərər dəyməsi müəyyən edilməmişdir. İddianın 1.400 manat pulun cavabdehdən tutulmasına dair hissəsinə də hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən həmin pul cavabdehə deyil Azərbaycan Beynəlxalq Universitetinə ödənilmişdir. Yəni mövcud iddiaya cavab verməli olan şəxs Cavabdeh olmadığından iddia tələbi göstərilən hissədə də təmin edilməməlidir. Məhkəmə həmçinin iddiaçının 690 manat qiymətlər üçün ödənilən pulun cavabdehdən tutulmasına dair iddia tələbinə də qiymət verərək, hesab edir ki, iddia tələbləri göstərilən hissədə ümumiyyətlə iş materialları və işin araşdırılan halları ilə öz təsdiqini tapmır. İddiaçı 690 manat pul vəsaitini kimə və hansı məqsədlə verməsinə dair sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə iddianın həmin hissədə də təmin edilməməsi qənaətinə gəlir. Məhkəmə iddiaçının 7.266 manat sağlamlığına vurulmuş maddi və mənəvi zərərə görə pul vəsaitinin cavabdehdən tutulmasına dair iddia tələblərinə hüquqi qiymət verərək, hesab edir ki, cavabdehdən tərəfindən iddiaçıya belə maddi və mənəvi zərərin vurulması işin halları ilə öz təsdiqini tapmamış, üstəlik də həmin hissədə iddia tələbi qeyri-müəyyən olduğundan iddia tələbi göstərilən hissədə də təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilmədiyindən, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumları iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar