Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1019/2023 23.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı X8in nümayəndəsi və vəkili - Vəkil iştirakı ilə, İddiaçı X8in cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X8 cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız yerə cinayət məsuliyyətinə cəlb olunmasına, 10 ay müddətində həbsdə saxlanılmasına və 17 ayadək müddətə vətəninə dönə bilməməsinə görə ona dəymiş maddi və mənəvi ziyanın müqabilində – maddi ziyana görə 55.250 manat və mənəvi ziyana görə 20.000 manat məbləğində kompensasiya ödənilməsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırılmışdır ki, iddiaçı X6 Rusiya Federasiyası vətəndaşıdır. Dağıstan Respublikası Levaşinskiy rayonu Ulluaya kəndində yaşayış qeydiyyatındadır. Onun barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin istintaq və təhqiqat idarəsi istintaq şöbəsi tərəfindən 21 aprel 2021-ci il tarixdə ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə cinayət işi başlanmış, həmin tarixdə də Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə haqqında 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və 17 avqust 2021-ci il tarixli qərarı ilə isə həbsdə saxlama müddəti 3 ay müddətinə, 20 noyabr 2021-ci il tarixədək uzadılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli qərarı ilə X2 idarə etdiyi «Renault Maqnum» markalı P159TL05 dövlət qeydiyyat nişanlı yük avtomobilinin qoşqusu ilə birlikdə üzərinə həbs qoyulmuşdur. X1rşı irəli sürülmüş ittihamda göstərilmişdir ki, o, külli miqdarda narkotik vasitəni tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq İran İslam Respublikasında əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhəddində gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə tranzit qaydasında keçirib Rusiya Federasiyasına daşımaqla qanunsuz dövriyyəsini təşkil etmə barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, bu məqsədlə «Renault Maqnum» markalı «Pİ59TE05/AK712905» dövlət qeydiyyat nişanlı yük avtomobili ilə 10 aprel 2021-ci il tarixdə Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin «Astara» gömrük postundan keçməklə İran İslam Respublikasına getmiş, cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvlərinin İran İslam Respublikasında istintaqa məlum olmayan mənbədən və istintaqla müəyyən edilməmiş vaxtda satış məqsədi ilə qanunsuz olaraq əldə etdikləri külli miqdarda, 43645 qram (43 kq. 645 qr.) həşiş qətranı narkotik vasitəni malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə üzəriləri «silver» və «silver export» etiketləri yapışdırılmış 72 ədəd düzbucaqlı sellofan paketləri 34 bağlamaya qablaşdırıb İran İslam Respublikasının «mepehr Anerji datis» şirkətindən X9 şəhərinə X11 adına mebel yükünün 6 ədəd kreslosunun və 2 ədəd divanının qolaltı hissələrində gömrük nəzarətindən gizlədərək yerləşdirmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq 19 aprel 2021-ci il tarixdə İran İslam Respublikasının Astara şəhərində onun iştirakı ilə idarə etdiyi yük nəqliyyat hissəsinin qoşqusuna yüklədərək satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib saxlamış, İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımış və 19 aprel 2021-ci il tarixdə saat 19.00 radələrində Astara rayonu ərazisində yerləşən Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük idarəsinin «Astara» gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və həmin gün «Astara» gömrük postunda idarə etdiyi nəqliyyat vasitəsinə keçirilmiş baxış zamanı qaçaqmalçılıq yolu ilə keçirilmiş qeyd edilən narkotik vasitə aşkar edilərək götürülmüşdür. X1rşı irəli sürülmüş ittiham tam əsassız olmuş və iş materialları, o cümlədən məhkəmə baxışı zamanı araşdırılan sübutlarla öz təsdiqini tapmamışdır. İttihama mahiyyəti üzrə baxan Lənkəran Ağır Cinayətlər Məhkəməsi çıxardığı 31 yanvar 2022-ci il tarixli hökmlə X4 Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət vermişdir. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, təqsirləndirilən şəxs M.K.Maqomedovun ona verilmiş ittihamda göstərildiyi kimi, külli miqdarda narkotik vasitə olan həşiş qatranını satış məqsədi ilə qanunsuz olaraq İran İslam Respublikasında əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədində gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirib Rusiya Federasiyasına daşımaqla qanunsuz dövriyyəsini təşkil etmə barədə hər hansı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməsi, idarə etdiyi yük avtomobilinin qoşqusuna yüklənmiş İran İslam Respublikasından Rusiya Federasiyasının Moskva şəhərinə aparmalı olduğu mebel yükünün tərkibində olan 6 ədəd kreslonun və 2 ədəd divanın qoltuqlatılarının daxilinə 43645 qram (43 kg 645 qr) həşiş qətranı narkotik vasitənin yerləşdirilməsi barədə əvvəlcədən məlumatının olması, həmin miqdarda narkotik vasitəni əldə etməsi və qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən bilərəkdən keçirməsi heç bir sübutla təsdiq olunmamışdır. Belə ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxs M.K.Maqomedova verilmiş ittihamın əsaslandırılması üçün narkotik vasitə olan külli miqdarda həşiş qatranının onun idarə etdiyi avtomobilə yüklənmiş mebel yükündə 6 ədəd kresloların və 2 ədəd divanın qoltuqaltılarının daxilindəki metal hissələrin boşluqlarında aşkar olunmasından əlavə heç bir sübut göstərməmişdir. Halbuki, M.K.Maqomedovun naməlum şəxslər tərəfindən ayrı-ayrılıqda mebelin hissələri olan 6 ədəd kresloların və 2 ədəd divanın qoltuqaltılarının metal hissələrinin içərisindəki boşluqlara narkotik yerləşdirilməsi və həmin metal hissələrin digər hissələrlə birləşdirilməklə divan və kresloların istehsalı ilə heç bir əlaqəsi olmamış, o, yalnız nə zamansa istehsal edilməklə hazır məhsul olan divan və kresloları idarə etdiyi avtomobil ilə daşımaq üçün qəbul etmişdir. M.K.Maqomedovun daşımaq üçün qəbul etdiyi mebel yükünə gömrük yoxlaması tətbiq edilərkən aparılmış və məhkəmə baxışında nümayiş etdirilmiş videogörüntülərdən məlum olur ki, avtomobilin qoşqusunda olan 6 ədəd kreslonun və 2 ədəd divanın qoltuqaltılarının üz hissələrindəki qalın parça gömrük əməkdaşları tərəfindən kəsici alətlə kəsilməklə açıldıqda parçanın alt hissəsində qalın maçalka qatının olması müəyyən edilir. Həmin maçalka qatı da sökülməklə çıxarıldıqda alt hissədə taxta qatının olması müəyyən edilir. Üzəri taxta qatı ilə örtülmüş qoltuqaltıları xüsusi alətlərdən istifadə edilməklə digər hissələrdən ayrılaraq çıxarılır. Sonra həmin taxta qatı balta və digər çapıcı alətlərin köməkliyi ilə kəsilməklə onun içərisində olan metal hissə çıxarılır. Daha sonra qoltuqaltının möhkəm metal hissəsi xüsusi alətlərin vasitəsi ilə kəsildikdə metal hissəsənin içərisində olan boşluqlarda içərisində narkotik vasitə olan bağlamaların yerləşdirilməsi müəyyən edilir. Məhkəmə göstərilən həmin hallara əsasən belə nəticəyə gəlir ki, içərisində həşiş qətranı olan bağlamalar divan və kresloların qoltuqaltılarının metal hissələrindəki boşluqlara onların istehsalı prosesində və ya bundan əvvəl yerləşdirilə bilərdi. Belə olan halda M.K.Maqomedov divan və kresloların istehsalı zamanı və ya ondan əvvəl onların qoltuqaltılarının əsasını təşkil edən və dərinlikdə yerləşməklə üzərində taxta, maçalka və parça qatları olan metal hissələrinin boşluqlarına narkotik yerləşdirilməsini bilə bilməzdi. Çünki, narkotik vasitənin aşkar olunması üçün mütləq divan və kreslolar sökülməli və metal hissələr xüsusi alətlə kəsilməklə daxilinə baxılmalı idi. Bu isə əmlakın məhv edilməsi deməkdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş «Avtomobil nəqliyyatı ilə yüklərin daşınması» Qaydalarının 35.1-ci maddəsinə əsasən (Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaların təşkili) avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları, o cümlədən tranzit daşımaları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq yerinə yetirilir. Həmin Qaydaların 38.3-cü maddəsinə əsasən daşıyıcı yükü qəbul edərkən CMR-də (Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları zamanı beynəlxalq nümunəli əmtəənəqliyyat qaiməsi) olan yük yerlərinin sayı, onların ınarkalanması və nömrələnməsi, həmçinin yükün və onun qablaşdırılmasının xarici vəziyyətinə aid məlumatları yoxlamalıdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «Beynəlxalq yükdaşımaları müqaviləsi haqqında» 19 may 1956-cı il tarixli Cenevrə Konvensiyasının 8-ci maddəsinin 1 -ci hissəsinə görə beynəlxalq yükü qəbul edən sürücü yalnız yük yerlərini, yükün və onun qablaşdırılmasının xarici görünüşünü yoxlamalıdır. Həmin maddəyə əsasən daşınan məhsulun adı barədə məlumatlar beynəlxalq avtomobil daşıyıcısının (sürücünün) nəzarət sahəsinə aid deyildir. Göründüyü kimi, avtomobil nəqliyyatı ilə benyəlxalq yükdaşımaları tənzimləyən normalara əsasən sürücü yalnız yük yerlərini, yükün və onun qablaşdırılmasının xarici görünüşünü yoxlamalıdır. Sürücünün yükün tamlığını pozmaqla, sökməklə və sair üsullarla yükün daxilini yoxlamaq hüquq və vəzifəsi yoxdur. Eyni zamanda gömrük sənədlərindən görünür ki, avtomobilə yüklənmiş və möhürlənmiş yükün möhürlənmə tamlığı da pozulmamışdır. Bundan əlavə, Maqomed Maqomedovun ona daşıması üçün mebel yükünü tapmış Rza, mebel yükünü göndərən Navid adlı şəxslərlərlə, mebel yükünü Moskva şəhərində qəbul etməli olan X13 ilə və başqa hansısa bir şəxslə daşıma üçün qəbul etdiyi mebel yükündə narkotik vasitə olmasına dair danışıq aparması və ya razılaşması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs M.K.Maqomedovun telefon danışıqları və istifadəsində olan telefonun «Whatsapp» proqramı vasitəsi ilə göndərdiyi və qəbul etdiyi sms-lər də məhkəmə baxışında tədqiq edilmiş, onun idarə etdiyi avtomobilə yüklənmiş, Rusiya Federasiyası Moskva şəhərinə aparmalı olduğu mebel yükündə narkotik olmasını bilməsini təsdiq edən hallar müəyyən edilməmişdir. M.K.Maqomedov saxlanılarkən onun üzərində olan +**********2 nömrəli sim kart quraşdırılmış «iPhone 7» markalı mobil telefona baxış keçirilməsi barədə 22 aprel 2021-ci il tarixli protokoldan görünür ki, telefonun «mesajlar», «zənglər», «fotoşəkillər» və digər bölmələrində, həmçinin «Whatsapp Messenger» ani mesajlaşma tətbiqində cinayət işi üçün əhəmiyyət kəsb edən hər hansı hallar müəyyən edilməmişdir. Həmçinin müəyyən edilir ki, 19 aprel 2021-ci il tarixədək olan müddətdə M.K.Maqomedovun istifadəsində olan +**********2 mobil telefon nömrəsi ilə Navid adlı şəxsin istifadəsində olmuş +**********61 və mebeli Moskva şəhərində qəbul etməli olan Rafiq Cavadovun istifadəsində olan +**********2 telefon nömrələri arasında danışıqlar aparılmamışdır. Beləliklə də, məhkəmə tədqiq edilmiş sübutlara əsasən belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs M.K.Maqomedovun satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 43645 qram çəkidə narkotik vasitə həşiş qətranının əldə edilməsi, İran İslam Respublikasında onun idarə etdiyi avtomobilə yüklənmiş, Azərbaycan dövlətinin ərazilərindən tranzit keçməklə Rusiya Federasiyasına aparmalı olduğu mebel yükündə altı ədəd kreslonun və iki ədəd divanların qoltuqaltı hissələrində yerləşdirilməsi və qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirilməsi cinayətlərinin törədilməsində təqsirliliyi sübuta yetirilməmişdir. İttiham tərəfi bəraət hökmü ilə razılaşmayaraq hamin hökmdən apellyasiya protesti vermiş və Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyası apellyasiya protestinə baxaraq 27 aprel 2022-ci il tarixli qərarı ilə onu təmin etmədən, iş üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin çıxardığı 31 yanvar 2022-ci il tarixli bəraət hökmünü dəyişdirmədən saxlamışdır. İttiham tərəfi bu dəfə də Şirvan Apellyasiya Məhkəməsi cinayət kollegiyasının iş üzrə çıxardığı 27 aprel 2022-ci il tarixli qərarı ilə razılaşmayaraq həmin qərardan kassasiya protesti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası kassasiya protestinə baxaraq 22 noyabr 2022-ci il tarixli qərarı ilə kassasiya protestini təmin etmədən və iş üzrə Şirvan Apellyasiya Məhkəməsi cinayət kollegiyasının çıxardığı qərarı dəyişdirmədən saxlamışdır. Təqdim olunan materiallardan göründüyü kimi, iddiaçı X6 əsassız yerə cinayət məsuliyyətinə alınması, 10 ay müddətində həbsdə saxlanılması və uzun müddət barəsindəki cinayət işinə bütün məhkəmə instansiyalarında baxılması səbəbindən Bakı şəhərini tərk edib doğma vətəninə dönə bilməmiş və məhrumiyyətlər içərisində yaşamağa məhkum edilmişdir. Ailəsinin yeganə qazanc gətirəni olmasına rəğmən işsiz qalması səbəbindən ailəsi və özü ehtiyac içərisində yaşamağa məcbur olmuşdur. X7 cinayət məsuliyyətinə cəlb olunduğu, həbsdə saxlanıldığı və ümumiyyətlə barəsindəki cinayət işinə baxılanadək, yəni ötən 17 ay müddətində çəkdiyi məhrumiyyətlərlə yanaşı qazancından da məhrum olmuş, ona və ailəsinə böyük məbləğdə maddi ziyan dəymişdir. Üstəlik xəstəliyi ilə bağlı müayinə və müalicə olunması üçün maddi imkanı olmaması həyatı və sağlamlığı üçün ciddi təhlükə yaratmışdır. Bu təhlükə pandemiya ilə əlaqədar ölkə ərazisində elan olunmuş karantin dövrünə düşdüyündən təbii olaraq daha da artmışdır. Odur ki, X2 Beynəlxal Hüquq normaları və Azərbaycan Respublikası qanunvericiliyi ilə təsbit olunmuş hüquq və azadlıqları barəsində ibtidai araşdırmanı həyata keçirmiş istintaq orqanı və ona nəzarət edən prokurorluq orqanı tərəfindən ciddi şəkildə pozulmuş və o, bu pozuntular səbəbindən almış olduğu maddi və mənəvi zərərə görə kompensasiya ödənilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Mövcud dövr üçün X6 işləmədiyi 17 ay ərzində 40.000 manat civarında qazancdan məhrum olmuşdur. X6 Bakı şəhərində qalarkən mehmanxanalarda qalmağa, yeməkxanalarda qidalanmağa və şəhər nəqliyyatından, karantin vəziyyətində metro və şəhərarası avtobuslar işləmədikdə isə taksilərdən istifadə etməyə məcbur olmuş, mehmanxanalara hər ay orta hesabla 900 manat olmaqla 7 ay ərzində 6.300 manat, yeməkxanalara hər ay orta hesabla 750 manat olmaqla 7 ay ərzində 5.250 manat, şəhər nəqliyyatından istifadəyə görə hər ay orta hesabla 300 manat olmaqla 7 ay ərzində 2.100 manat civarında pul xərcləmişdir. X3 əsassız yerə cinayət məsuliyyətinə cəlb olunmasına görə çəkmiş olduğu iztirab və sarsıntılar səbəbindən mübtəla olduğu xəstəliklər də ağırlaşmışdır. Müayinə və müalicə üçün hələ Azərbaycan Respublikası ərazisində olarkən tibb müəssisələrinə müraciət etmiş və almış olduğu dərmanlar və tibbi ləvazimatlar daxil müayinə və müalicələrə 1.600 manat xərcləməli olmuşdur. Qeyd olunan maddi ziyan isə 15.250 manat təşkil etmişdir. X6 əsassız yerə cinayət məsuliyyətinə cəlb olunması və barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə əlaqədar doğma yurdundan, ailəsindən və iş kollektivindən uzaq düşməsi, həmçinin ağır cinayət əməli törətməkdə təqsirləndirilməsinə görə ailəsi, dostları və yaxınları, iş kollektivi və həmyerliləri arasında barəsində mənfi fikirlər formalaşmış və onu əhatə edən şəxslərlə münasibətlərinə və nüfuzuna ciddi xələl dəymiş, şərəf və ləyaqəti ləkələnmiş, ailə üzvləri ağır xəstəliklərə yoluxmuş olsa da, onlara qayğl göstərmək imkanından məhrum olmuş, yaxın qohumlarından dünyasını dəyişmiş insanlar olsa da onların dəfnində və yas marasimlərində iştirak eda bilməmişdir ki, buna görə çəkdiyi mənəvi iztirablara və sarsıntıya görə almış olduğu mənəvi ziyanı 20000 manat məbləğində dəyərləndirmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmumuna uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi C.Qəmbərova məhkəməyə iddiaya etiraz göndərərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli 1(099)-62/2022 saylı hökmündən görünür ki, X5 Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilmiş, barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilərək məhkəmə iclası zalından dərhal həbsdən azad edilmiş, icrası ölkə ərazisində məcburi olan digər göstərişlər qeyd edilmişdir. Hökmdən göründüyü kimi, X8 19 aprel 2021-ci il tarixdən 31 yanvar 2022-ci il tarixədək, cəmi 9 ay 12 gün həbsdə saxlanılmışdır. - Şirvan Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 27 aprel 2022-ci il tarixli 1(106)-380/2022 saylı hökmündən görünür ki, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli 1(099)-62/2022 saylı hökmü dəyişiklik edilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 22 noyabr 2022-ci il tarixli 1(102)-1448/2022 saylı qərarından görünür ki, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməmiş, iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 27 aprel 2022-ci il tarixli 1(106)-380/2022 saylı hökmü dəyişiklik edilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi kifayət qədər uzun müddət ərzində əsassız yerə istintaqa cəlb edilmiş, barəsində həbs qətimkan tədbiri seçilərək, hüquqları məhdudlaşdırılmışdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Mülki Məcəllənin 1100-cü madəsinin tələblərinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Mülki Məcəllənin 1101.1-ci madəsinin tələblərinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Mülki Məcəllənin 1101.2-ci madəsinin tələblərinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 57.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.2-ci maddəsinin tələbinə görə fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır. Həmin Qanunun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Qeyd edilən Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Məhkəmə, iddiaçının istintaq orqanının səhvi nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia həmin hissədə qismən təmin edilməli və iddiaçının xeyrinə ədalətli həddə, yəni 10.000 (on min) manat məbləğində mənəvi ziyan tutulmalıdır. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələbinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Həmin Qanunun 12-ci maddəsinin tələbinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X10rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Məhkəmə iddiaçıya ödənilməli mənəvi ziyanın həcmini 10.000 manat müəyyən edərkən, bütün diqqətəlayiq məqamları (9 ay, 12 gün müddətinə həbsdə olması) nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı X5 vurulmuş mənəvi zərərə görə 10.000 (on min) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Belə ki, iddiaçı ona daha artıq həddə mənəvi zərər vurulmasına, habelə ona maddi zərər vurulmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı X5 vurulmuş mənəvi zərərə görə 10.000 (on min) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-1019/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1019/2023
23.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver