Məhkəmə qərarları › İş №2(006)-1025/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1025/2021

24.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1025/2021 24.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Tağıyeva Ofelya Telman qızının katibliyi, İddiaçı qanuni nümayəndəsi X6, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə, “çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərməklə “çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14.11.2019-cu il tarixdə **********34-05101-093089 nömrə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmış çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 14 aprel 1998-ci il tarixli 254 saylı Sərəncamına əsasən Bakı Tikinti və Şəhərin İnkişafı Departamentinin balansında olan ünvan 1 ünvanında yerləşən (hazırki ünvan 7) ailəvi yataqxana Mənzil-Kommunal Təsərrüfatı Birliklərinin balansına verilmişdir. Həmin sərəcama əsasən Bakı Tikinti və Şəhərin İnkişafı Departamentinə göstərilən ailəvi yataqxananın sakinlərinin yaşadıqları mənzillərin onların adına rəsmiləşdirilməsini üçün müvafiq komissiyanın yaradılması tapşırılmışdır. Tapşırığa uyğun olaraq yaradılmış mərkəzi komissiyasının 22 noyabr 2003-cü il tarixli, 18 saylı Sərəncamına əsasən mübahisə edilən 7-ci mkr, Xarici Darəvi küçəsi, ev 76, mənzil 5 ünvanında yerləşən 2 otaqlı yaşayış sahəsinin (39,2 kv.m) daimi çıxarışı İddiaçı adına verilməsi haqqında qərar qəbul edilmişdir. Bundan başqa yaşayış sahəsinin istismara icarəsi üçün 22 sentyabr 2002-ci il tarixli müqaviləyə əsasən icarəçi Bakı Tikinti və Şəhərin İnkişafı Departamenti Bakı şəhəri Binəqədi rayonu 7-ci mkr, Xarici Dairəvi küçəsi 76 saylı binada yerləşən mənzili 2002-ci ilin sentyabr ayından 2020-ci ilin yanvar ayına qədər icarədar İddiaçı icarəyə vermişdir. İddiaçı 24.01.2019-cu il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır. İddiaçı qanuni nümayəndəsi X11 ərizə təqdim edərək, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti kimi deyil, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti kimi qeyd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı qanuni nümayəndəsi X11 iddianı müdafiə edib, mübahisəli mənzildə uzun müddət məcburi köçkünlərin məskunlaşması səbəbindən atası İddiaçı orada yaşamasının qeyri münkün olduğunu, İddiaçı 2020-ci il tarixdə mənzilə dair çıxarış almaq üçün müraciət etdikdə ona həmin mənzilin başqa şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığını və çıxarışın verilməsinə isə 19.03.2004-cü il tarixində Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsinin olduğunu, göstərilənləri nəzərə alaraq 14.11.2019-cu il tarixdə **********34-05101-093089 nömrə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmış çıxarış ləğv edilməli olduğunu bildirdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyib, iddiaçının tələbinin əsassız olduğunu, mübahisələndirilən ünvan 2 ünvanında yerləşən mənzili Cavabdeh2 19.03.2004-cü il tarixli alqısatqı müqaviləsinə əsasən aldığını, sonradan isə mənzilin daşınmaz əmlakın dövlət reyestrində onun adına rəsmiləşdirildiyini bildirdi, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq digər Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti nümayəndənin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının qanuni nümayəndəsinin və Cavabdeh1 izahatını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 14 aprel 1998-ci il tarixli 254 saylı Sərəncamından görünür ki, Bakı Tikinti və Şəhərin İnkişafı Departamentinin tabeliyində olan 7-ci mikrorayon 4 №-li binada yerləşən 9 №-li ailəvi yataqxanasının Sənayeləşdirilmiş evtikmə istehsalat birliyinin balansından Binəqədi rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansına verilməsi qərara alınmışdır; Yaşayış sahəsinin istismara icarəsi üçün bir tipli 22 sentyabr 2002-ci il tarixli müqavilədən görünür ki, icarə verən Bakı Tikinti və Şəhərin İnkişafı Departamenti Bakı şəhəri, 7-ci MKR, X.Dairəvi küçəsi, 76 saylı binada yerləşən 2 otaqdan ibarət yaşayış sahəsi 39.2 kv.m olan 5 nömrəli mənzili 2002-ci ilin sentyabr ayından 2020-ci ilin yanvar ayına qədər İddiaçı icarəyə vermişdir; Bakı Tikinti və Şəhərin İnkişafı Departamentinin 22 aprel 1998-ci il tarixli 50 saylı Sərəncamı ilə yaradılmış mərkəzi komissiyanın 22 noyabr 2003-cü il tarixli, 18 saylı Sərəncamından görünür ki, Bakı Tikinti və Şəhərin İnkişafı Departamentinin tabeliyində olan Bakı şəhəri, 7-ci mikrorayon, Xarici Dairəvi küçəsi, 76 saylı binada yerləşən 2 otaqdan ibarət yaşayış sahəsi 39.2 kv.m olan 5 nömrəli mənzilə görə İddiaçı çıxarışın verilməsi qərara alınmışdır; AZE seriyalı 19168365 №-li şəxsiyyət vəsiqəsindən, habelə DİN-nin 31.08.2020-ci il tarixli Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışından müəyyən edilir ki, İddiaçı 24.01.2019-cu il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır; Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 11 noyabr 1999-cu il tarixli 813 saylı Sərəncamından görünür ki, Bakı şəhəri, 7-ci mkr-n, Xarici dairəvi küçəsində yerləşən 7 saylı binanın 2 otaqdan ibarət 5 nömrəli mənzilə dair Cavabdeh2 ailə tərkibi 4 nəfərlə (həyat yoldaşı X7, uşaqları X14 və X12) daimi order verilməsi qərara alınmışdır; 040589 №-li, 11noyabr 1999-cu il tarixli mənzilə dair orderin surətindən görünür ki, Bakı şəhəri, 7-ci mkr-n, Xarici dairəvi küçəsində yerləşən 7 saylı binanın 2 otaqdan ibarət 5 nömrəli mənzil Cavabdeh2 və ailə üzvlərinə verilmişdir; X3 və X9 ərizələrindən görünür ki, Bakı şəhəri, 7-ci mkr-n, Xarici dairəvi küçəsində yerləşən 7 saylı binanın 2 otaqdan ibarət 5 nömrəli mənzil Cavabdeh2 adına özəlləşdirilməsinə razılıq vermişlər; Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 068067 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Xarici Dairəvi küçəsi, 76 saylı evin 39,2 kv.metr yaşayış sahəsindən ibarət 2 otaqlı 5 nömrəli mənzili Cavabdeh2 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir, bu barədə1146 saylı reyesr kitabında 172084 səhifədə, 30/172084 nömrə ilə, 22.03.2001-ci il tarixdə qeydə alınmışdır; Ərizələrdən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Xarici Dairəvi küçəsi, 76 saylı evin 5 nömrəli mənzilində qeydiyyatda olan şəxslər – X4, X14 və X7 həmin mənzilin Cavabdeh2 tərəfindən heç bir etirazlarının olmadıqlarını qeyd etmişlər; 19 mart 2014-cü il tarixli AN-İ ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən 16.03.2004-cü il tarixdə verilmiş 30/6829 nömrəli arayışa əsasən Bakı şəhəri 7-ci mkr, Xarici Darəvi küçəsi, 76 saylı binada yerləşən 2 otaqdan ibarət yaşayış sahəsi 39.2 kv.m olan 5 nömrəli mənzil Cavabdeh1 satılmışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş reyestr nömrəsi **********34-05101-093089 olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən mənzil 14.11.2019-cu il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır; Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 018-5054-1221 №-li məktubunda qeyd edilmişdir ki, İddiaçı 24.01.2019-cu il tarixdə ünvan 5 ünvanında yerləşən mənzilə yaşayış yeri üzrə qeydiyyata alınaraq Binəqədi RPŞ tərəfindən AZE seriyalı 19168365 №li şəxsiyyət vəsiqəsi ilə təmin edilmiş, həmin vəsiqənin verilməsinə əsas olan sənədlər polis şöbəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətində aşkar edilməmişdir. Məhkəmədə müəyyən edilən işin halları ondan ibarətdir ki, ünvan 7 ünvanında yerləşən mənzil onun mülkiyyətçisi Cavabdeh2 tərəfindən 19.03.2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X2, nəticədə həmin əmlaka dair X10 tərəfindən çıxarış alınmışdır. İddiaçı sözügedən əmlaka dair verilmiş 14.11.2019-cu il tarixdə **********34-05101-093089 nömrə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmış çıxarışı mübahisələndirir və ləğv edilməsini tələb edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinin tələbinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 29-cu maddəsinin İ və İİ hissələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə qeyd edir ki, reyestrdən çıxarış daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın əsasında verilir. Cavabdeh X5 adına verilmiş 14.11.2019-cu il tarixli, **********34- 05101-093089 nömrəli reyestr çıxarışının ləğv edilməsi məsələsi müzakirə edilərkən ilk növbədə “daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı”nın hüquqi əhəmiyyətinin nədən ibarət olması müəyyən edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Göründüyü kimi, dövlət qeydiyyatının hüquqi əhəmiyyəti yalnız dövlət tərəfindən tanınma və təsdiq etmədən ibarətdir, yəni hüququn əmələ gəlməsi, məhdudlaşdırılması, başqasına keçməsi və hüquqa xitam verilməsi dövlət tərəfindən tanınır və təsdiq edilir. Məhkəmə iddianı nəzərə alaraq qeyd edir ki, cavabdeh X1 daşınmaz əmlaka mülkiyyət hüququ mübahisələndirilmədən, bu hüququn əmələ gəlməsinin tanınması və təsdiqi (yəni dövlət qeydiyyatı və həmin qeydiyyatın əsasında verilən reyestrdən çıxarış) ləğv edilə bilməz. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından göründüyü kimi iddiaçı tərəfindən ləğv edilməsi tələb olunan çıxarışın əldə edilməsinə əsas olmuş Cavabdeh2 ilə X8 arasında bağlanmış alqı-satqı müqaviləsini mübahisələndirilməmişdir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə mübahisələndirilən çıxarışın ləğv edilməsi üçün qanuni əsaslar müəyyən edilməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının çıxarışın ləğv ilə bağlı irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Beləliklə, yuxarıda qeyd olunan hallara qiymət verərək məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı «çıxarışın ləğv edilməsi tələbi»nə dair iddiası əsassız olduğu üçün təmin oluna bilməz. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı 14.11.2019-cu il tarixdə **********34-05101-093089 nömrə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmış çıxarışın ləğv edilməsi barədə iddia tələbi təmin edilməməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 124.2-ci maddəsinə əsasən,iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Hazırki iş üzrə İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddiaçı iddia tələbi təmin edilmədiyindən, ödədiyi 10 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə 10 (on) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar