Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1042/2023 17.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı qanunsuz olaraq cinayət təqibinə məruz qalması nəticəsində həmin dövr ərzində ona dəymiş maddi və mənəvi zərərin əvəzi olaraq, ümumilikdə, 67.120 manat, maddi zərər-100.000 manat, mənəvi zərər-134.720 manat məbləğində vəsaitin kompensasiya kimi ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə (hakim Ülviyyə Şükürova) İddiaçı – Azərbaycan Respublikası CM-nin 34.2, 127.2.1, 34.2, 186.2.1, 34.2, 186.2.2, 34.2, 233, 34.2, 315-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, İddiaçı Azərbaycan Respublikası CM-nin 34.2, 127.2.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının CM-nin 34.2, 186.2.1, 34.2, 186.2.2-ci maddələri ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 34.2, 233-cü maddəsi ilə 02(iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 34.2, 315-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş , İddiaçı 22 iyul 2020ci il tarixdən 22 iyun 2021-ci il tarixədək həbsdə və ev dustaqlığında olması Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmaqla, 11 (on bir) ay ona təyin olunmuş cəzadan çıxılmaqla, üzərində 02 (iki) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, İddiaçı təyin edilmiş 02 (iki) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən 02(iki) il 03 (üç) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumların müdafiəçiləri tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə (hakimlər: V.Ə.Mursaqulov (sədrlik edən), M.Ə.Abbasov və R.A.Qaraqurbanlı) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-556/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə məhkum İddiaçı və onun müdafiəçisi tərəfindən birgə verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı məhkum İddiaçı aid hissədə ləğv edilmişdir. İddiaçı barəsində qanunsuz olaraq cinayət işinə başlanılması, cinayət təqibinə məruz qalması, qanunsuz və əsassız olaraq məhkəmə tərəfindən cəzaya məhkum edilməsi nəticəsində iddiaçıya çox böyük miqdarda maddi və mənəvi zərər vurulmuşdur. İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə və ev dustaqlığında olması ona maddi və mənəvi zərərin vurulması ilə nəticələnmişdir. Belə ki, İddiaçı arvadı X2 1-ci dərəcə əlildir, xx.xx.2001-ci il tarixində Dəmiryol Xəstəxanasında “sağ süd vəzisinin sectoral rezeksiyası” cərrahi əməliyyatı, 2004-cü il tarixdə isə Şəhərlərarası Onkoloji Dispanserdə “çapığın kəsilib götürülməsi” cərrahi əməliyyatı olunmuşdur. 2014-cü il tarixdə sol bud sümüyünün patoloji sınığına görə “sol bud-çanaq oynağının endoprotezləşdirilməsi” cərrahi əməliyyatı olunmuş, 2 kurs polikimyaterapiya və şüa müalicəsi almışdır. Bundan başqa davamlı olaraq müalicələr almış, müəyinə edilmişdir. İddiaçı həbsdə və ev dustaqlığında olduğu dövrdə arvadı Solmaz Seyfullayeva Milli Onkologiya Mərkəzinə control müayinələr üçün mürcaiət etmiş, ərinin köməkliyi olmadan kimyaterapiyalara getmək məcburiyyətində qalmışdır. Halhazırda da Solmaz Seyfullayevanın müalicəsi Milli Onkologiya Mərkəzində müalicəsi davam edir. Həmçinin, İddiaçı birinci dərəcə əlil olan Solmaz Seyfullayevaya qulluğa görə məsuldur, bununla bağlı təqaüd alır. Həm arvadının xəstəlikdən əziyyət çəkdiyi vaxtda ona dəstək ola bilmədiyi üçün, həm də həbsdə olduğu müddətdə atasının vəfat etməsi ilə əlaqədar onun dəfn mərasimində iştirak edə bilmədiyi üçün mənəvi iztirablar çəkmişdir. Avropa Məhkəməsinin “İlqar Məmmədov Azərbaycana qarşı” işinə dair qərarına əsasən, ərizəçi özbaşına və qanunsuz davranışı nəticəsində ciddi mənəvi əzab çəkməsindən və çarəsizlik hissindən doğan qeyri-maliyyə ziyanənın ona geri ödənilməsi üçün ərizəçi 20.000 euro tələb etmiş, məhkəmə də ərizəçinin bu tələbini təmin etmişdir. Hal-hazırda analoji hal İddiaçılə bağlı aparılan cinayət təqibində baş verdiyi üçün onun qanunsuz olaraq həbsdə və ev dustaqlığında saxlanıldığı müddətdə çəkdiyi mənəvi iztirab və əziyyətlərin kompensasiya edilməsi üçün İddiaçı mənəvi zərərin əvəzi kimi 20.000 euro (35720 manat) məbləğində vəsait ödənilməlidir. Bundan başqa, İddiaçı mülkiyyətində Saatlı rayonu, Soltanabad kəndi ərazisində 3,32 ha torpaq sahəsi vardır ki, qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilərək həbsə və ev dustaqlığı qətimkan tədbirlərinə məruz qalmamışdan əvvəl bu torpaq sahəsində davamlı olaraq təsərrüfat işləri apararaq maddi tələbatlarının ödəmək üçün gəlir əldə etmişdir. Lakin həbs və ev dustaqlığı dövründə təsərrüfat işləri ilə məşğul ola bilməmiş, həmin dövrdə əldə edə biləcəyi gəlirdən qanunsuz və əsassız olaraq məhrum olmuşdur. Ev dustaqlığı dövründə əkin sahəsi becərilsə də, əldə edilmiş məhsulu istifadə edə, sata bilməmişdir, həmçinin, təsərrüfat işlərinin yerinə yetirilməsinə görə işçilərə əmək haqqı verə bilməmişdir. Saatlı rayonu, Soltanabad İ.Ə.D üzrə nümayəndə X12, Soltanabad bələdiyyəsinin sədri X3, Aqranom Rzayev Vəkil Həmidağa oğlu, kənd sakini X13 iştirakı ilə tərtib edilmiş akta əsasən, həqiqətən də 3.32 ha torpaq sahəsinin İddiaçı məxsus olması təsdiq eilmiş və il ərzində əkilmiş kənd təsərrüfatı məhsullarının ümumi dəyəri 15.700 (on beş min yeddi yüz) manat məbləğində qiymətləndirilmişdir. İddiaçı həbsdə və ev dustaqlığında olduğu müddətdə iki illik kənd təsərrüfatı məhsullarının dəyərini əldə edə bilməmiş, beəliklə, ona 31.400 manat maddi ziyan dəymişdir. Daha sonra iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsindən 67120 manat məbləğində vəsaitin ona ödənilməsi ilə bağlı hissənin çıxarılmasını qalan hissədə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq, iddiaya etiraz edərək, iddanın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cinayət təqibinə məruz qalmış şəxsin bu təqibin qanunsuz olması sübuta yetirildiyi hallarda dəymiş ziyanın ödənilməsini tələb etmək hüququ vardır. Belə ki, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində hansı hallarda cinayət təqibinə məruz qalmış şəxsə dəyən ziyanın ödənilməsi müəyyən edilmişdir. İndiki halda iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 oktyabr 2021-ci il tarixli qərarı İddiaçı aid hissədə ləğv edilmiş və cinayət işi apellyasiya baxışına təyin edilmişdir. Bundan sonra Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş və ya işin icraatına dair yekun məhkəmə qərarı təqdim edilməmişdir. Bu baxımdan iddiaçının məruz qaldığı cinayət təqibinin qanunsuz olub-olmaması təqdim edilən sübutlardan aydın olmur. İlk növbədə iddiaçının cinayət təqibinin qanunsuz olub-olmaması məsələsinə aydınlıq gətirilməlidir. Digər tərəfdən iş materiallarından göründüyü kimi iddiaçı onun barəsində istintaq hərəkətlərinin aparılması və cinayət cəzasının tətbiqi ilə əlaqədar ziyanın ödənilməsi tələbi ilə çıxış edərkən Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini Maliyyə Nazirliyinə yönəltmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 8 №-li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Bundan əlavə Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.7-ci bəndinə əsasən Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını (kredit sərəncamçılarını) yalnız onların sifarişinə və məxaric cədvəllərinə əsasən onların xərc smetalarında nəzərdə tutulmuş vəsaitlər həddində maliyyələşməsini həyata keçirir. Maliyyə Nazirliyinin büdcə təşkilatları əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Mülki qanunvericiliyin tələblərinə əsasən hər hansı şəxsə zərər vurmuş şəxs (və ya şəxslər) ona münasibətdə mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Eyni zamanda burada onu da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası hüquq münasibətlərində orqanları (qurumları) vasitəsilə təmsil olunur. Bu mənada yalnız Maliyyə Nazirliyi dövləti təmsil etmir. Hər bir dövlət orqanı (qurumu) müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən və müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur, iddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən, müvafiq qərarlar qəbul edən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıdan qeyd olunan Qərarına əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Bundan başqa, maddi və mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir, (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 manatdır. İndiki halda isə iddiaçı tələb etdiyi mənəvi zərərin miqdarını heç bir meyara söykənmədən şəxsi istəyi ilə müəyyən etmişdir və ağlabatan deyildir. Bu baxımdan onun şəxsi mülahizələrinə söykənən kompensasiya iddiası təmin edilməməlidir. Eyni zamanda qeyd etmək lazımdır ki, iddiaçının maddi ziyanla əlaqəli tələbi təmin edilə bilməz. Belə ki, o müvafiq aktı təqdim etməklə orda müəyyən edilən məbləğin həbsdə olduğu iki il üçün ona ödənilməsini tələb edir. Bunun üçün ilk növbədə onun həbsə alınmadan öncə bu fəaliyyətlə məşğul olub-olmaması və onun nəticəsində hansı gəlirlərinin olması mümkün sübutlar əsasında müəyyən edilməlidir. İddiaçı tərəfindən indi məşğul olduğu təsərrüfat fəaliyyəti ilə əlaqələndirərək əvvəlki illərə görə kompensasiya tələb etməsi Mülki Məcəllədə qeyd olunan əldən çıxmış fayda anlayışı ilə uyğunsuzluq təşkil edir. Bu baxımdan iddiaçının tələbi təmin edilməməlidir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, X2 iddiaçının arvadıdır. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyası ünvan 1 ünvanlanmış xx.xx.2022-ci il tarixli, 4/1056-109 saylı məktubundan görünür ki, xx.xx.1966-cı il təvəllüdlü, ünvan 2 ünvanında qeydiyyatda olan xəstə X2 ilk dəfə Milli Onkologiya Mərkəzinə xx.xx.2011-ci il tarixində müraciət etmişdir. Anamnezindən məlum olmuşdur ki, xəstəyə xx.xx.2001-ci il tarixində Dəmiryol Xəstəxanasında “Sağ süd vəzisinin sektoral rezeksiyası” cərrahi əməliyyatı (histoloji nəticə: infiltrasiya edən axacaq karsinoması), 2004-cü il tarixində Şəhərlərarası Onkoloji Dispanserdə “Çapığın kəsilib götürülməsi” cərrahi əməliyyatı icra olunmuşdur. Xəstə daha sonra xx.xx.2013-cü il tarixində Milli Onkologiya Mərkəzinə müraciət etmiş, aparılan müayinələrə əsasən xəstəliyin proqressivləşməsi-sümüklə metastaz qeyd olunmuş, 6 kurs polikimyaterapiya aparılmış (xx.xx.2013-cü il tarixindən xx.xx.2013-cü il tarixinədək), bisfosfonatla müalicə təyin olunmuşdur. Xəstə davamlı olaraq kontrol müayinələrdən keçmiş, xx.xx.2014-cü il tarixində sol bud sümüyünün patoloji sınığına görə “sol bud-çanaq oynağının endoprotezləşdirilməsi” cərrahi əməliyyatı icra olunmuş, 2 kurs polikimyaterapiya və şüa müalicəsi aparılmışdır. xx.xx.2015-ci il tarixinədək xəstə mütəmadi olaraq kontrol müayinələrdən keçmiş, xx.xx.2015-cii l tarixində sağ bud sümüyndə ağrılar olduğundan sağ bud sümüynə tək fraksiya ilə şüa müalicəsi aparılmışdır. Xəstə davamlı olaraq Milli Onkologiya Mərkəzində kontrol müayinələrdən keçmiş, 2017-ci ilin fevral ayında PET-CT müayinəsinin nəticəsinə əsasən xəstəliyin proqressivləşməsi-sümüklərə, ağcıyərlərə, boyun, orta divararalığı limfa düyünlərində metastaz qeyd olunmuş, xx.xx.2017-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək İİİ kurs PKT aparılmışdır. 2017-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək xəstə Milli Onkologiya Mərkəzində davamlı olaraq müayinələrdən keçmiş, xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək daha İV kurs polikimyaterapiya aparılmışdır. xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək xəstə Milli Onkologiya Mərkəzində kontrol müayinələr üçün müraciət etmiş, yenidən polikimyaterapiya təyin olunmuş, xx.xx.2022-ci il tarixindən İİ Kimyaterapiya şöbəsinə hospitalizasiya olunmuşdur. Müalicəsi davam edir. ƏƏSMN Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 4 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********0 saylı Arayışdan görünür ki, İddiaçı Azəbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsiseminə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondundan İ dərəcə ümumi səbəbdən əlil X1 qulluğa görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alır. Saatlı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 106561 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Saatlı rayon İcra Hakimiyyəti başçısının Soltanabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 75 №-li, xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, İddiaçı və ailə üzvlərinin 3,32 ha pay torpaq sahəsi vardır. İş materiallarında olan Saatlı rayon İcra Hakimiyyəti başçısının Soltanabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş Aktdan görünür ki, Saatlı rayonu Soltanabad kəndində İddiaçı məxsus 3.32 hektar torpaq sahəsində 2022-ci il təsərrüfat ilində orta məhsuldarlıq, mövcümi orta satış qiymətləri cəmi 15700 manat təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)- 556/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarından görünür ki, məhkumlar X15, X14 və X5 müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Məhkum İddiaçı və onun müdafiəçisi tərəfindən birgə verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı məhkum İddiaçı aid hissədə ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(103)-1618/2022 saylı hökmündən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 iyun 2021 -ci il tarixli hökmü İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2, 127.2.1, 186.2.1, 34.2, 186.2.2, 34.2, 233, 34.2, 315-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib məhkum edilməsinə dair hissədə ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1, 34.2, 186.2.1, 34.2, 186.2.2, 34.2, 233, 34.2, 315-ci maddələri ilə təqsirinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi, İddiaçı barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməsi, məhkəmə ekspertizası tədqiqatı xərcinin müştərək qaydada tutulmasına dair müddəa İddiaçı aid hissədə hökmdən xaric edilməsi, tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası İddiaçı izah edilməsi hökm edilmişdir. Göründüyü kimi, iddia ərizəsində İddiaçı qeyd etdikləri xüsusatlar (təqsirləndirilən şəxs qismində cəlb edilməsi, barəsində həbs qətimkan tədbiri seçilməsi, iddia ərizəsində qeyd etdiyi kifayət qədər uzun müddət ərzində əsassız yerə həbsdə saxlanılması ilə bağlı gəlirindən məhrum olması və s.) doğrudur. İddiaçıya yuxarıda qeyd edilən hallarla bağlı həm mənəvi, həmçinin gəlirindən məhrum qaldığı dövr ərzindəkı qazancı miqdarında maddi ziyan vurulmuşdur. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Mülki Məcəllənin 1100-cü madəsinin tələblərinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Mülki Məcəllənin 1101.1-ci madəsinin tələblərinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Mülki Məcəllənin 1101.2-ci madəsinin tələblərinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 57.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.2-ci maddəsinin tələbinə görə fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır. Həmin Qanunun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Qeyd edilən Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Məhkəmə, iddiaçının istintaq orqanının səhvi nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və iddiaçının xeyrinə ədalətli həddə, yəni 20.000 (iyirmi min) manat məbləğində mənəvi ziyan tutulmalıdır. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələbinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Həmin Qanunun 12-ci maddəsinin tələbinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X6rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Məhkəmə iddiaçıya ödənilməli mənəvi ziyanın həcmini 20.000 manat müəyyən edərkən, bütün diqqətəlayiq məqamları nəzərə alır. İddiaçıya vurulmuş maddi ziyanla bağlı məhkəmə qeyd edir ki, təqdim edilmiş sənədlərə əsasən Saatlı rayonu Soltanabad kəndində İddiaçı məxsus 3.32 hektar torpaq sahəsində 2022-ci il təsərrüfat ilində orta məhsuldarlıq, mövcümi orta satış qiymətləri cəmi 15700 manat təşkil edir. Göründüyü kimi, iddiaçı öz gəlirindən məhrum olmuşdur. İddiaçıya vurulmuş maddi ziyan 15700 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı vurulmuş mənəvi zərərə görə 20.000 (iyirmi min) manat məbləğində pul və 15700 manat maddi ziyan cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı vurulmuş mənəvi zərərə görə 20.000 (iyirmi min) manat məbləğində pul və 15700 manat (on beş min yeddi yüz manat) maddi ziyan cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-1042/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1042/2023
17.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver