Məhkəmə qərarları › İş №2(006)-105/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-105/2021

09.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-105/2021 09.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzilə dəymiş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzilə dəymiş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzilə su axıdılması nəticəsində ona dəymiş 2.500 manat maddi və 300 manat mənəvi ziyanın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ona məxsus olan Nizami 73 mənzil 21-in üstündə cavabdehə məxsus olan 23 nömrəli mənzildən artıq bir neçə ildir ki, 18 dəfə 21 nömrəli mənzilə təmiz və çirkab suları axaraq mənzilinin döşəmə və tavanını elektrik xəttlərini mənzildə olan əşyalarını yararsız hala salır. Cavabdeh Firuz öz mənzilini ərəb mənşəlli sutkalıq insanlara kirayə verir və həmin adamlar su və kanalizasiya xəttlərinin istifadə qaydasını pozduqlarına görə onun mənzili təmiz və çirkab su basğılarına məruz qalır. Onun cavabdehə hər dəfə müraciətinə, “su aydınlıqdır, bu adi haldır, hamının başına gələ bilər, çirkab sularının axıdılmasına gəldikdə isə evin kanalizasiya boruları Mənzil İstismar Sahələrinin balansında olduğuna görə məsuliyyəti onlar daşıyırlar, onluq deyil” cavabını alır. Onun MİS-ə müraciətinə bildirdilər ki, Firuz öz mənzilini otel kimi Suriya, İraq, Pakistan kimi ölkələrdən ərəblərə kirayə verir. Həmin insanlar öz ölkələrində kənd həyatı yaşadıqlarından şəhər tipli hamam və tualetlərdən istifadə edə bilmirlər. Belə ki, onlar hamamın ortasında olan trapı tualet kimi, unitazı zibil qabı kimi istifadə edirlər. Bunun nəticəsində, mənzil 23-də kanalizasiya xəttləri tez-tez tutulur və buna da məsuliyyəti ev sahibi daşıyır. O, əlacsız qalıb dəfələrlə onun evində öz hesabına kanalizasiya borularını təmizlətdirib, sonra öz mənzilində təmir işlərini aparmışdır. Axrıncı dəfə 2019-cu ilin fevralın 23-də gecə saat 3-də mənzilin hamam və tualetində tavanın qopub asma tavanın üzərinə düşüb onu yararsız hala düşməsinin şahidi olmuşdur. O, təcili cavabdehlə əlaqə saxlamışdır. Onun bu işə heç bir aidiyyəti olmadığını, mənzilini müqaviləyə əsasən müdiri Əjdər adlı şəxs olan turizm şirkətinə verdiyini və məsuliyyəti onların daşıdığını bildirmişdir. O, həmin şirkətlə əlaqə saxlamışdır. Həmin şirkət evi yığışdıran xadiməni iki gündən sonra mənzilə göndərdi. Xadimə ilə mənzilə baxış keçirilən zaman evin su stoykanın kranından suyun axtığını görmüşdür. Xadimə suyun axdığını, uzun müddət belə olduğunu və heç kimin ona fikir vermədiyini bildirdi. O, bu mənzildə işə gələndən bura belədi cavabını verdi. Nəticədə, aylarla damla-damla axan su mərtəbələr arası ara kəsməyə yığılmış və onun mənzilinin tavanını dağıtmışdır. Nə cavabdeh, nə də şirkət nəinki ona dəymiş maddi ziyanın ödənilməsi, hətta öz mənzillərində 23 fevraldan bu günə qədər bir dəfə evə baxış keçirməmişlər və su kranını təmir etməmişlər. Onun cavabdehə yenə müraciəti, “su sənin başına axır mənim yox, lazımdı özün dəyişdir, mənim biznesimə mane olma, məndə evin açarı yoxdur” cavabını almışdır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında əvvəllər də iddiaçı ilə mübahisələrinin olduğunu bildirərək, hələ bir dəfə ona Aristonun təmiri üçün 500 manat pul ödədiyini də qeyd edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin və cavabdeh İddiaçı izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 73 saylı evin 21 saylı mənzili (Yeni qaydalarla: AZ 1005, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 81, M6, m2) İddiaçı mülkiyyətində, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 73 saylı evin 23 saylı mənzili (Yeni qaydalarla: AZ 1005, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 81, M7, m2) isə Cavabdeh1 mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 1432 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 73 saylı evin 21 saylı mənzilinin (Yeni qaydalarla: AZ 1005, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 81, M6, m2) saylı mənzilin hamam-ayaqyolu tikilisinin tavanında yaranmış qüsurlar, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 73 saylı evin 23 saylı mənzildən (Yeni qaydalarla: AZ 1005, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 81, M7, m2) suyun axımı nəticəsində baş verdiyi, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 73 saylı evin 21 saylı mənzilinin (Yeni qaydalarla: AZ 1005, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 81, M6, m2) saylı mənzilin hamam-ayaqyolu tikilisinin tavanında yaranmış qüsurlar, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 73 saylı evin 23 saylı mənzildən (Yeni qaydalarla: AZ 1005, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 81, M7, m2) suyun axımı nəticəsində baş verdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 73 saylı evin 21 saylı mənzilində (Yeni qaydalarla: AZ 1005, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 81, M6, m2) su sızması nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görüləcək təmir-tikinti işlərinin xərci 264 manat məbləğində müəyyən olunur. Rəyə 1 vərəqdən ibarət smeta əlavə olunmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşin faktiki hallarından göründüyü kimi, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 73 saylı evin 21 saylı mənzilinə (Yeni qaydalarla: AZ 1005, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 81, M6, m2) 264 manat məbləğində ziyan dəymişdir. Ziyan məhz 23 saylı mənzildən suyun sızması nəticəsində vurulmuşdur. Cavabdeh1 tərəfindən iddiaçıya pul ödənildiyi qeyd edilsə də, buna dair məhkəməyə hər hansı sübut təqdim etməmiş, habelə həmin pulun hazırki iddia tələbi ilə bağlı olduğunu sübuta yetirə bilməmişdir. Beləliklə, maddi zərərin ödənilməsi tələbinə dair hissədə iddia qismən təmin edilməli, qeyd olunan maddi ziyan qanunvericiliyə əsasən Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Habelə məhkəmə tərəfindən müəyyən olundu ki, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 73 saylı evin 21 saylı mənzili (Yeni qaydalarla: AZ 1005, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 81, M6, m2) Cavabdeh1 mülkiyyətindədir. Belə olan halda məhkəmə hesab edir ki, 21 saylı mənzilə su sızması nəticəsində dəymiş maddi ziyan üzrə məsuliyyəti Cavabdeh1 daşıdığından ziyan məhz ondan tutulmalı, iddia digər Cavabdeh2 münasibətdə isə rədd edilməlidir. Vurulmuş mənəvi ziyanın ödənilməsi tələbinə münasibətdə məhkəmə qeyd edir ki, həmin hissədə iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı iddia tələbini həmin hissədə əsaslandıra və buna dair hər hansı sübutlar təqdim edə bilmədiyinə görə iddia ərizəsi mənəvi ziyanın tutulması hissəsində təmin oluna bilməz. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş maddi zərərə görə 264 manat pul Cavabdeh1 tutularaq İddiaçı ödənilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməlidir. İddianın qalan hissəsi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Vurulmuş maddi zərərə görə 264 manat pul Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilsin. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar