Məhkəmə qərarları › İş №2(006)-1050/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1050/2021

16.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1050/2021 16.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi ilə İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər X3, Cavabdeh2, Cavabdeh3 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinə qarşı «alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi, avtomobilə mülkiyyət hüququnun tanınması və avtomobilin qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X3, Cavabdeh2, Cavabdeh3 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinə qarşı «alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi, avtomobilə mülkiyyət hüququnun tanınması və avtomobilin qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddətdir ki, əmlakından məhrum olunmuşdur. Belə ki, 22 aprel 2018-ci il tarixli etibarnaməyə əsasən, “sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, onun üzərində sərəncəm vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədər adımdan ərizə vermək, digər hərəkətlər” səlahiyyətləri ilə Cavabdeh1 ümumi etibarnamə vermişdir. Sonradan, Cavabdeh1 təcili pul lazım olduğundan iddiaçının mülkiyyətində olan “X9” markalı ** NN *** dövlət nömrə nişanı olan avtomobili Cavabdeh3 01 ay müddətinə girov verməklə ondan borca pul götürmək üçün iddiaçıya məlumat vermişdir. Bunun üçün 12 dekabr 2018-ci il tarixdə Cavabdeh1 eyni səlahiyyətləri ilə Cavabdeh3 etibarnamə vermişdir. Lakin, bir ay keçdikdən sonra tələb etdikdə, Cavabdeh1 iddiaçıya demişdir ki, Cavabdeh3 borc qaytarsa da, o avtomobili qaytarmaq istəmir. Bundan sonra müəyyən olunmuşdur ki, Cavabdeh3 22 dekabr 2018-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında avtomobili Cavabdeh2 satmışdır. İddiaçı mülkiyyətində olan avtomobilini geri qaytarmaq üçün 14 aprel 2020-ci il tarixdə Nəsimi rayon polis bölməsinə müraciət etmişdir, ərazi aidiyyəti baxımından şikayət ərizəsi Nizami rayon polis şöbəsinə göndərilmişdir. Bakı şəhəri Nizami RPİ İŞ-nin müstəntiqi X7 tərəfindən imzalanmış 24 sentyabr 2020-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi” barədə qərarı ilə məlum olmuşdur ki, 11 iyul 2020-ci il tarixdən avtomobil Cavabdeh3 oğlunun adına sənədləşdirilmişdir. Həmin qərarın Cavabdeh1 izahatından müəyən olunur ki. “ 2018-ci il dekabr ayında pul lazım olduğundan Cavabdeh3 borc pul istəmiş, sonuncu pul əvəzində onun idarə etdiyi "Toyota Solara” markalı ** NN *** dövlət nömrə nişanlı avtomobilin girov qoymasını demişdir. Bundan sonra Fariz ona 5400 manat pul vermişdir Cavabdeh3 avtomobili borca görə girova vermişdir. O, Farizə 1 ay ərzində faiz olmaqla həmin pulun əvəzinə 10600 manat pul qaytarmağa söz vermişdir.” Həmin qərarın Cavabdeh3 izahatından müəyən olunur ki, Vüqara verdiyi ilk 5400 manat pulu Araz adlı şəxsdən Vüqarın avtomobilini 24 aylıq girov qoyaraq alıb vermişdir. Həmin 5400 manat pulu 24 ay ərzində ümummilikdə 16000 manatı Şirvan adlı şəxsə ödəməklə avtomobili girovdan çıxaracaqdı. 2020-ci ilin iyun ayında 10000 manat pul ödəməklə avtomobili girovdan götürmüş və avtomobili öz adına keçirmişdir. Gördüyünüz kimi, iddiaçı avtomobilin satılması üçün hər hansı alqı-satqı müqaviləsinin bağlanması dair heç bir razılıq vermədiyindən bağlanılan bütün alqı-satqı müqavilələr “girov” müqaviləsini pərdələmək məqsədi ilə rəsimləşdirilmişdir. Bu səbəbdən də mülkiyyətində olan “X9” markalı ** NN *** dövlət nömrə nişanı olan avtomobilə dair 22 aprel 2018-ci il tarixdən sonraki aktlar və müqavilələr əhəmiyyətsiz olduğundan AD 383539 nömrləli 22 dekabr 2018-ci il tarixli şəhadətnamənin qeydiyyat üçün əsas olmuş alqı-satqı müqaviləsi, habelə bağlanılan sonrakı alqı-satqı müqavilələr etibarsız sayılmalıdır. Göstərilənlərə əsasən, Cavabdeh2 ilə bağlanılan “X9’’ markalı ** NN *** dövlət nömrə nişanı olan nəqliyyat vasitəsinin alqı-satqısına dair müqavilənin və bu müqavilədən sonrakı alqı-satqı müqavilələrinin etibarsız sayılması, alqı-satqı müqavilələri əsasında Cavabdeh2 və Cavabdeh3 adına verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrnin ləğv edilməsi, İddiaçı adına “X9” markalı avtomaşına dair əvvəlki, yəni, ** NN *** dövlət nömrə nişanlı müvafiq nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin verilməsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinə həvalə edilməsi, İddiaçı “X9” markalı ** NN *** dövlət nömrə nişanı olan nəqliyyat vasitəsinə dair mülkiyyət hüququnun bərpa edilməsi və həmin nəqliyyat vasitəsinin kimdə olmasından asılı olaraq İddiaçı qaytarılmasının cavabdeh X3 və Cavabdeh3 həvalə edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Odur ki məhkəmə, iddiaçının buna etiraz etməməsini və MPM 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq hazırki mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatını iddia ərizəsinə uyğun verərək qeyd edilən müqavilələrin etibarsız olduğunu bildirərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən X4 məhkəmədə izahat verərək bildirdi ki, iddiaçı onun doğma xalasıdır. Maşını etibarnamə ilə idarə etmiş və həmin etibarnamə əsasındada müəyyən əqdlər bağlamışdır. Məhkəmə tərəfin izahatını və iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan ƏN-Vİ seriyalı 245567 saylı 22 aprel 2018-ci il tarixli Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, iddiaçı tərəfindən cavabdeh X3 22 aprel 2018-ci il tarixdən 1 il müddətinə “Toyota Corolla” markalı ** NN *** dövlət qeydiyyat nişanlı avtomobilə dair sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, onun üzərində sərəncəm vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədər adından ərizə vermək, digər hərəkətlər səlahiyyətləri verilmişdir. İş materiallarında olan ƏN-Vİ seriyalı 592843 saylı 12 dekabr 2018-ci il tarixli Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, iddiaçının adından cavabdeh X4 tərəfindən Cavabdeh3 12 dekabr 2018-ci il tarixdən 4 ay 10 gün müddətinə “Toyota Corolla” markalı ** NN *** dövlət qeydiyyat nişanlı avtomobilə dair sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, onun üzərində sərəncəm vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədər adından ərizə vermək, digər hərəkətlər səlahiyyətləri verilmişdir. İş materiallarına əlavə olunmuş ƏN-Vİ seriyalı 712639 saylı 22 dekabr 2018-ci il tarixli Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, Cavabdeh2 tərəfindən Cavabdeh3 22 dekabr 2018-ci il tarixdən 3 ay müddətinə “Toyota Corolla” markalı ** NN *** dövlət qeydiyyat nişanlı avtomobilə idarə etmək səlahiyyəti verilmişdir. İşə əlavə olunmuş 24 sentyabr 2020-ci il tarixli Cinayət işi başlanmasının rədd edilməsi barədə qərarın surətindən müəyyən olunur ki, X5 Abdullayevə 4335 manat pul alması barədə qəbz vermiş, Talıbova X2 Vüqar Elçin oğluna “Toyota Corolla” markalı avtomobili baş etibarnamə əsasında vermiş və sonuncunun digər şəxsə etibar etməsinə razılıq vermiş, “Toyota Corolla” markalı ** NN *** dövlət qeydiyyat nişanlı avtomobil Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsində 11.07.2020-ci il tarixdən Cavabdeh3 adına sənədləşdirilmişdir. İşdə olan AD seriyalı 383539 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Toyota Corolla” markalı ** NN *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinin 16.01.2021-ci il tarixli 016-2386-1221 saylı məktubuna əlavə olunmuş qeydiyyat hərəkətləri barədə məlumatdan görünür ki, “Toyota Corolla” markalı ** NN *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətində olmuş, 22.12.2018-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına qeydiyyata alınmış, 11.07.2020-ci il tarixdə alqısatqı müqaviləsi əsasında Cavabdeh3 adına qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, “Toyota Corolla” markalı ** NN *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının mülkiyyətində olmuş, iddiaçı 22 aprel 2018-ci il tarixli etibarnamə ilə cavabdeh X3 avtomobilə dair sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, onun üzərində sərəncəm vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədər adından ərizə vermək, digər hərəkətlər səlahiyyətləri vermişdir. X1 12 dekabr 2018-ci il tarixli etibarnamə ilə avtomobilə dair onun etibarnaməsində nəzərdə tutulan hüquqları Cavabdeh3 vermiş, Cavabdeh3 avtomobili 22.12.2018-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 satmış, Cavabdeh2 isə avtomobili 11.07.2020-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 satmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünkü iddia tələbinin əsası kimi istinad olunan Cavabdeh2 ilə bağlanılan nəqliyyat vasitəsinin alqı-satqısına dair müqavilə, iddiaçı tərəfindən X3, həmçinin sonuncu tərəfindən Cavabdeh3 verilmiş və iddiaçının adından sərəncam vermək səlahiyyəti nəzərdə tutulan etibarnamə əsasında bağlanması iş materialları ilə təsdiq olunur. Həmçinin verilən etibarnamə həmin tarixlərdə qüvvəsində olmasıda məhkəmə tərəfindən sübuta yetirilir. Bundan əlavə, məhkəmə tədqiqatı zamanı Cavabdeh2 ilə bağlanılan nəqliyyat vasitəsinin alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi üçün əsas müəyyən edilməmiş, eyni zamanda iddiaçı müqavilənin etibarsız hesab edilməsi üçün hər hansı əsas olan sübutu məhkəməyə təqdim etməməklə iddiasını sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllənin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Göründüyü kimi, qanunverici tərəfindən əqdin etibarsız hesab edilməsi əsasları subyekt, iradə ifadəsinin sağlamlığı, forma və məzmun tələbləri və s. baxımdan təsnifləşdirilmişdir. Tərəfin iradəsi qüsurlu olan əqd, özündə əqd bağlanarkən daxili iradənin lazımi olmayan şəraitdə formalaşmasını və ya iradənin xaricən düzgün ifadə olunmamasını ehtiva edir. Bu baxımdan, məhkəmə qeyd edir ki, hər hansı əqdin (o cümlədən kredit kartı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (tam fəaliyyət qabiliyyətli və səlahiyyətli şəxslərin) iştirakı, onların sağlam (zədələnməmiş) iradəsinin mövcudluğu və bu iradənin doğru ifadə edilməsi zəruridir. Məhz göstərilən qaydalara əməl edilməklə bağlanmış əqd etibarlı hesab edilir. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. Bundan əlavə, məhkəmə qeyd edir ki, hazırda mübahisələndirilən və iddia tələbinin əsası olan Cavabdeh2 ilə bağlanılan nəqliyyat vasitəsinin alqı-satqısına dair müqavilə 22 dekabr 2018-ci il tarixdə bağlanmış, lakin həmin tarixdən təqribən 1 il 10 aydan artıq müddət keçdikdən sonra iddiaçı hazırkı tələblə məhkəmədə iddia qaldırmışdır. Həmçinin iddiaçı iddia ərizəsində maşınından uzun müddətdirki məhrum olduğunu da qeyd etmişdir. Məhkəmə həmçinin kəsici müddəti tətbiq edərkən müddətinin axımı keçməmiş olsaydı belə iddiaçının bu hüquqla məhkəmə müraciəti ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən cavabdeh İslamzadə Vüqara verilən etibarnamədə sərəncam vermək səlahiyyəti ötürülmüş və həmin verilən etibarnamə iddiaçı tərəfindən mübahisələndirilməmiş və qüvvəsində olmuşdur. Cavabdeh X4 həmin eitbarnamədən çıxış edərək əqdlər bağlamış və İslamzadə Vüqarın özü həmin əqdləri mübahisələndirməmişdir. Odur ki, cavabdeh İslamzadə Vüqar qeyd olunan nəqliyyat vasitəsini rəsmiləşdirərkən hər hansı bir qanun pozuntusuna yol verməsi müəyyən edilməmişdir. Bu halda məhkəmə qeyd edir ki, iddiaçının cavabdehə qarşı nəqliyyat vasitəsinin satışından əldə edilmiş gəliri tələb etmək hüququ vardır. Qüvvədə olan mülki qanunvericiliyə görə, müddətin keçməsinə görə müqavilənin ləğv edilməsi üzrə tələblərə iddia müddəti tətbiq oluna bilər, müqavilənin etibarsızlığına dair tələblərə isə bundan fərqli olaraq qanunda nəzərdə tutulan “kəsici müddətlər” tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Yuxarıda qeyd olunduğu kimi, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bu kimi hallarda iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Qanunvericliyə edilmiş dəyişikliklərdən müəyyən edilir ki, həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Məhkəmə qeyd edir ki, mülki hüquq anlamında müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır, göstərilən maddədə həm əhəmiyyətsiz, həm də mübahisə edilən əqdlərin etibarsızlıqları ilə bağlı müddətlər müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, əgər mübahisə edilən əqdin etibarlı olubolmamasının mübahisə edilməsi müddəti müəyyən edilmişsə, əhəmiyyətsiz əqdin isə etibarsızlığı nəticəsinin tətbiqi haqqında iddia müddəti müəyyən edilmişdir. Maddədə həm əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqini tələb etmək üçün, həm də mübahisə edilən əqdin mübahisələndirilməsi üçün bir illik müddət müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tələblə məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş bir illik kəsici müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbinin digər hissələri olan qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi, avtomobilə mülkiyyət hüququnun tanınması və avtomobilin qaytarılması hissəsində qeyd edir ki, iddianın əsas hissəsini təşkil edən alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi hissəsi məhkəmə tərəfindən təmin edilmədiyindən və digər üç tələb ilkin tələblə bağlı olduğundan prosessual qənaət prinsipini nəzərə alaraq əlavə araşdırılma aparılmadan iddia tələbləri həmin hissələrdə də təmin edilməməlidir. Yuxarıda qeyd olunan işin hallarını müzakirə edib, onlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər X3, Cavabdeh2, Cavabdeh3 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinə qarşı «alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi, avtomobilə mülkiyyət hüququnun tanınması və avtomobilin qaytarılması» tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə, iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Eyni Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda hazırki iş üzrə məhkəmə xərcləri də iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər X3, Cavabdeh2, Cavabdeh3 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinə qarşı «alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi, avtomobilə mülkiyyət hüququnun tanınması və avtomobilin qaytarılması» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar