Məhkəmə qərarları › İş №2(006)-1059/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1059/2025

31.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1059/2025 31.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı *5.11.2*24-cü il tarixində Tbilisi prospektində 3**1-də yerləşən Oskar Plazanın "xxxx" şirkətinə Şevrolet Kobalt avtomobili almağa getmiş, ofisdə Vüsal, Vüqar və Şamil ilə görüşmüş və Vüsal ilkin ödəniş olaraq 19** manat ondan almışdır. O, şərtlərin ona uyğun olub-olmaması məqsədilə müqaviləni tələb etmiş və müqaviləni oxuduğu zaman heç bir şərtin onu qane etmədiyini görmüşdür. Bu zaman iddiaçı pulun qaytarılmasını tələb etdikdə qarşı tərəf pulu müdirə verdiyini bildirmiş, müdirdən verdiyi pulu tələb etdikdə pulun ödəniş üçün verildiyini almaq üçün sabah yaxınlaşmağını bildirmişdir. Ofisin işçisi Vüqar pulun ona sabah qaytarılmasına dair kağız yazıb vermişdir. İddiaçı tərəfindən 19** manat Vüsala, 6* manat isə Şamilə verilmişdir. Müqavilədə isə 18** manat göstərilib. Vüqar səs yazısında da bildirir ki, müdirə 19** manat vermişdir. İddiaçı Bankdan 2*** manat götürüb onlara vermişdir. 2* gündür ki, onlardan pulunu geri ala bilmir. 16 noyabrda maşını Vüqar, Vüsal və Şamilə təhvil verdi. Sabahı gün pulu tələb elədi, dedilər müdir yoxdur, gələndə verəcəklər. 2* gündür ki, müdir gizlənir, iddiaçının pulunu vermir. Odur ki, göstərilənlərə əsasən cavabdehdən 196* manat məbləğində pulun iddiaçıya qaytarılması, iddiaçının Bank faizlərinin ödənilməsinin təmin edilməsi və iddiaçıya vurulan ziyana görə təzminat ödənilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda pulu müqaviləni bağlamazdan əvvəl cavabdehə verdiyini, pulu verdiyini təsdiq etmək üçün müqaviləni imzaladığını, cavabdehə təqdim etdiyi 19** manat pulu bankdan kredit götürdüyünü, cavabdeh pulunu geri qaytarmadığı üçün bankda faizlərin yığıldığını, o, həmin faizlərin cavabdeh tərəfindən ödənilməsini tələb etdiyini, cavabdeh şirkətin uzun müddətdir ki, onu süründürdüyünü və pulunu qaytarmadığını, onu incitdiyini, buna görə də bununla bağlı ziyanın da məhkəmə tərəfindən müəyyən edilmiş məbləğdə cavabdehdən tutularaq ona ödənilməsini tələb etdiyini bildirdi. 4.Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini etiraf etməyərək bildirdi ki, iddiaçı yaxınlaşaraq avtomobil götürmək istədiyini, daha sonra isə müqaviləni vəkilə göstərmək istədiyini bildirmişdir. Onlar bununla razılaşmışlar. Səhəri gün iddiaçı yenidən yaxınlaşaraq ilk öncə bildirmişdir ki, müqaviləni bağlamaq istəmir, daha sonra isə müqaviləni bağlamaq istədiyini bildirmiş və aralarında avtomobillə bağlı müqavilə bağlanmışdır. Avtomobil də *5.11.2*24-cü il tarixində iddiaçıya təhvil verilmişdir. Bununla bağlı əllərində videogörüntülər də vardır ki, məhkəməyə təqdim edilmişdir. 16.11.2*24-cü il tarixində isə iddiaçı avtomobili geri qaytararaq pulunun ona geri qaytarılmasını tələb etmişdir. Buna səbəbinin isə daha aşağı məbləğə başqa yerdən avtomobil tapması olduğunu bildirmişdir. Onlar tərəfindən hər hansı qanunsuzluğa yol verilməmişdir. Ona görə də iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Eyni zamanda iddiaçının onlara 18** manat ilkin ödəniş, 1** manat sənədləşmə ilə bağlı xərclərə görə, 6* manat isə öz istəyi ilə işçilərə hədiyyə kimi verdiyini bildirdi. 5.Məhkəmə tərəflərin izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 6.Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasında bağlanan *5.11.2*24-cü il tarixli Nəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən iddiaçı tərəfindən avtomobil icarəyə götürülmüş, daha sonra avtomobil geri qaytarılmışdır. Hazırda iddiaçı pulu müqaviləni bağlamazdan əvvəl cavabdehə verdiyini, pulu verdiyini təsdiq etmək üçün müqaviləni imzaladığını iddia edərək, cavabdehə ödədiyi pulun ona geri qaytarılmasını, həmçinin pulu Bankdan götürdüyü üçün Bankda yığılan faizlərin ödənilməsini tələb edir. b) Mülki işin materialları: 7.Mülki işin materiallarında olan icarəçi İddiaçı ilə icarəyəverən "xxxx" MMC arasında bağlanan *5 noyabr 2*24-cü il tarixli, 711 nömrəli Nəqliyyat vasitəsinin icarə müqaviləsindən görünür ki, icarəyəverən qanuni əsaslarla ona məxsus olan “Chevrolet Cobalt” markalı minik nəqliyyat vasitəsini icarəyə verir, icarəçi isə həmin nəqliyyat vasitəsini taksi fəaliyyəti üçün istifadəsinə qəbul edir. 8.Mülki işin materiallarında olan *4.11.2*24-cü il tarixli Aktdan görünür ki, İddiaçı *5.11.2*24-cü il tarixdə şəxsi icazəsi ilə aparılan çəkiliş zamanı öhdəliyinə götürdüyü “Chevrolet Cobalt” minik markalı, 9*-YF-978 dövlət qeydiyyat nişanlı avtomobili tam saz vəziyyətdə qəbul edib hər hansı bir yol nəqliyyat hadisəsi zamanı təmiri və gündəlik ödənişlərin öhdəlik olaraq qəbul edib idarə etdiyi avtomobili 2-ci bir şəxsə verməyəcəyini və verərsə, avtomobili şirkətə geri qaytaracağına söz verir və verdiyi 1587 manat məbləğin depozit, 2* manat etibarnamə, 17* manat sənədləşmə, 123 manat komissiya məbləği olaraq qəbul edib gündəlik 35 manat (36 ay) ödəməklə avtomobil sahibi olmağı şəxsi iradəsi ilə qəbul edir və müqavilədə qeyd olunan şərtlərlə razıdır. Şərtləri pozduğu zaman verdiyi avtomobili tam saz vəziyyətdə geri qaytarıb depozit məbləğini heç bir halda geri istəməyəcəkdir. 9.Mülki işin materiallarında olan hər iki tərəfin təqdim etmiş olduğu” CD” disklər. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 1*.Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Ona görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 11.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7**.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 12.Həmin Məcəllənin 7**.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 13.Mülki Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 14.Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 15.Həmin Məcəllənin 389-cu maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 16.Həmin Məcəllənin 4*5-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 17.Həmin Məcəllənin 4*7.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. 18.Hazırki iş üzrə müəyyən edilmiş hallardan göründüyü kimi tərəflər arasında *5 noyabr 2*24-cü il tarixdə 711 nömrəli Nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanmış, həmin müqaviləyə uyğun olaraq cavabdeh tərəfindən “Chevrolet Cobalt” markalı nəqliyyat vasitəsi iddiaçıya icarəyə verilmiş, iddiaçı isə həmin nəqliyyat vasitəsini taksi fəaliyyəti üçün qəbul edərək, icarə haqqını bu müqaviləyə əlavə edilmiş ödəniş şərtlərinə əsasən təyin olunmuş müddətdə və məbləğdə ödəməyi öhdəsinə götürmüşdür. 19.Hazırda iddiaçı sözügedən müqaviləni bağlamazdan əvvəl cavabdehin əməkdaşlarına 196* manat məbləğində pulu ödədiyini, pulun verilməsinin təsdiqi kimi müqaviləni imzaladığını, həmin pulun cavabdeh tərəfindən qaytarılmalı olmasına baxmayaraq hələ də qaytarılmadığını iddia edir. Halbuki, iddiasını əsaslandıra biləcək mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçı tələbinin əsası kimi müqavilənin təkcə 7.2-ci bəndinə istinad edir ki, həmin bənddə əgər sürücünün müqavilə şərtləri ilə razılaşmadığı təqdirdə verdiyi 19** manat ödəniş ona geri qaytarılacağı əks etdirilmişdir. Məhkəmə bunu mötəbər sübut kimi qəbul etmir. Belə ki, iş materiallarından göründüyü kimi tərəflər arasında bağlanmış *5 noyabr 2*24-cü il tarixli Nəqliyyat vasitəsinin icarə müqaviləsi 7.1-ci bəndlə yekunlamış və sonda icarəçi və icarəyəverənin imzası və icarəyəverənin möhürü ilə rəsmi şəkildə təsdiq edilmişdir. Sonradan iddiaçı müqavilənin davamı kimi 7.2-ci bəndi də əlavə olaraq iş materiallarına əlavə etsə də, həmin vərəqdə nə icarəçinin, nə də ki icarəyəverənin imzası olmamış və möhürlə təsdiq edilməmişdir. 2*.Göründüyü kimi iddiaçının tələbinin hüquqi əsası kimi istinad etdiyi yeganə dəlil sözügedən bənd olmuşdur ki, bu da məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilmir. 21.Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 22.Həmin Məcəllənin 8*-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 23.İstinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. 24.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2**6-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». 25.Lakin iddiaçının əksinə məhkəmə qeyd edir ki, müqavilənin 2.1*-cu bəndində qeyd edilir ki, hər hansı bir tərəfin təşəbbüsü ilə müqaviləyə vaxtından əvvəl (1 ildən əvvəl) xitam verilərsə, sürücü verdiyi depozit məbləğini 1587 manat pulu və ödədiyi gündəlik icarə pullarını heç bir halda tələb edə bilməz. İddiaçı isə icarəyə götürdüyü maşını 16 noyabr 2*24-cü il tarixdə cavabdehə geri qaytarmışdır (tərəflərin izahatlarına əsasən). Bundan başqa, iş materiallarında olan *4 noyabr 2*24-cü il tarixli akta əsasən iddiaçı avtomobili tam saz vəziyyətdə qəbul etdiyini, şərtləri pozduğu təqdirdə avtomobili saz vəziyyətdə geri qaytarıb depozit məbləğini heç bir halda geri istəməyəcəyinə dair iradə ifadəsini yazılı qaydada öz imzası ilə təsdiq etmişdir. Həmçinin, iş materiallarına əlavə edilmiş cd-diskə də baxış zamanı müəyyən edilmişdir ki, müqavilə bağlandıqdan sonra avtomobil iddiaçıya tam saz vəziyyətdə, heç bir texniki qüsur olmadan təhvil verilmişdir. Bütün bunlar isə onu deməyə əsas verir ki, iddiaçının hazırki tələbi tam əsassız olmuşdur. 26.Bundan əlavə isə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş CD-diskdə səs yazıları mövcud olmuş, lakin həmin səs yazıları iddiaçı ilə digər 3-cü şəxs arasında keçdiyindən mötəbər sübut kimi qəbul edilə bilməz. Həmçinin, həmin səs yazıları belə iddiaçı tərəfindən yalnız pulun tələb edilməsi ilə bağlı olmuşdur. 27.Məhkəmə əlavə olaraq onu da qeyd edir ki, iddia tələbi əsas hissədə, yəni iddiaçı tərəfindən ödənilən 196* manat pulun qaytarılması hissəsində əsassız hesab edilməklə rədd edildiyindən və qalan hissələr əsas tələblə bağlı (196* manat pulun ödənilməməsinə görə gecikən faiz borcu, pulun qaytarılmamasına görə iddiaçıya maddi ziyan dəyməsi) olduğundan prosessual qənaət prsinsipi baxımından iddia tələbi digər hissələrdə də təmin edilməməlidir. 28.Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı «pul» tələbinə dair iddiası əsassız hesab edilməklə rədd edilməlidir. 29.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 3*.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 31.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 32.Həmin Məcəlləniin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 33.Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 34.Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 35.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 227, 233 və 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı «pul» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar