Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1060/2022 22.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai prospekti, 10 ünvanda yerləşən iki otaqdan ibarət olan fərdi yaşayış evini 2008-ci ildə orada yaşayan bir qadından 37.000 ABŞ dolları məbləğində alıb, üç övladı və yoldaşı ilə birgə həmin evə köçərək orada yaşamağa başlmışlar. Fərdi yaşayış evinin müvafiq sənədləri olmadığından və bu ev köhnə tikili olduğundan, evin sənədləşdirmə işləri dövlət tərəfindən aparılacağını onlara bildirərək, hər il evin özəlləşdirməsi növbəti ilə qalır. 2019-cu ilin təxminən payız aylarında cavabdeh təşkilatın strukturu tərəfindən dəmir yolunun genişləndirilməsinin aparılması və surət qatarlarının xətlərinin çəkilişi ilə əlaqədar olaraq iddiaçının yaşadığı evin qonşuluğunda yerləşən evlər plana düşdü və dəmir yolu idarəsi onlara evlərinin dəyərini ödəyərək, onların evlərini sökmüşlər. Cavabdeh tərəfə məxsus olan müvafiq texnikalar vasitəsi ilə iddiaçının qonşuluğunda olan evin söküntüsü zamanı, cavabdeh təşkilatın əməkdaşları iddiaçının da evinin bir hissəsini dağıdaraq, yaşadığından evi yararsız vəziyyətə salmışlar. Evinin bərpa olması ilə bağlı iddiaçı cavabdeh təşkilatın Dəmir Yol İdarəsinin infrastruktur şöbəsinə yaxınlaşaraq, iddiaçıya dəymiş ziyanı və yararsız vəziyyətə saldıqları əmklakını bərpa etmələrini xahiş etmişdir. Cavabdeh orqanın əməkdaşları iddiaçını müxtəlif bəhanələrlə aldadaraq, yəni «narahat olma qısa müddət ərzində evi bərpa edəcəyik, sonradan isə dedilər bərpa edilməsinə ehtiyac yoxdur, sənin də evin planına düşər onun dəyərini ödəcəyik» kimi bəhanələr gətirməklə, ona hər dəfə gözləməsini xahiş edirdilər. İddiaçıya məxsus olan fəxri yaşayış evi yararsız vəziyyətə düşdüyündən, həmin vaxtdan, yəni 2019-cu ilin payız ayından məcburiyyət qarşısında qalaraq, qaynına məxsus olan yuxarıda qeyd etdiyi Masazır kəndində yerləşən evdə ailə üzvləri ilə birgə müvəqqəti yaşamağa başlamışdır. 2019-cu ildən hazırki vaxtadək, artıq iki il müddət keçdiyindən və cavabdeh orqan iddiaçıya dəymiş ziyanı ödəmədiyindən və yararsız vəziyyətə saldıqları əmlakını bərpa etmədiyindən, ona dəymiş ziyanın müəyyən edilməsi məqsədilə qiymətləndirici təşkilata müraciət etmək məcburiyyətində qalmışdır. "xxxx" MMC-nin əməkdaşları iddiaçının evinə baxış keçirərək, evində olan söküntüləri qeydə almışlar və müvafiq araşdırma apardıqdan sonra müəyyən etmişlər ki, iddiaçının evinin əvvəlki vəziyyətdə bərpa edilməsi üçün ümumilikdə 13.108,9 manat məbləğində pul vəsaiti lazımdır və bununla bağlı iddiaçıya 11.11.2021-ci il tarixli ƏFS/N-023/21 saylı mütəxəssis rəyi təqdim etmişlər. İddiaçının maddi vəziyyəti ağır olduğundan, həmçinin onun sahibliyində olan fərdi yaşayış evinə dəymiş ziyan cavabdehin əməkdaşları tərəfindən vurulduğundan, hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçıya məxsus evə ziyanın cavabdeh orqanın əməkdaşları tərəfindən vurulması, qonşularının tərtib etdikləri və 17 saylı MKİS-nin möhürü ilə təsdiq edilmiş 25.11.2021-ci il tarixli aktla da öz təsdiqini tapmışdır. 2019-cu ilin payın aylarında cavabdehin əməklaşları tərəfindən qeyd olunan hadisənin törətməsi, bu günə qədər qaynına məxsus olan evlə ona sığınaraq ailə üzvləri ilə birgə yaşaması, evsiz qalması nəticəsində iddiaçı sarsıntı keçirmiş, bayram günlərinə üzündə sevinc əvəzi kədər olur, hadisənin baş verməsi ilə əlaqədar onun sarsıntı keçirməsi ailə üzvlərinə də təsirsiz ötüşmür, bunun nəticəsində də ona mənəvi ziyan dəymişdir. Hesab edir ki, iddiaçıya dəymiş mənəvi ziyanın məbləği 5000 manat təşkil edir və həmin məbləğ də cavabdehdən onun xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən iddiaçıya dəymiş 13.108,9 manat maddi və 5.000 manat mənəvi ziyanın, ümumilikdə isə 18.108,90 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməmiş və bununla bağlı etiraz ərizəsi təqdim edərək, bildirmişdir ki, iddia ərizəsindən göründüyü kimi iddiaçı özünə məxsus olduğunu iddia etdiyi mənzilə dəymiş ziyanın ADY tərəfindən yetirildiyini sübut edəcək kifayət qədər mötəbər sübutlar əlavə etməmişdir. Bundan başqa iş materiallarından göründüyü kimi iddiaçının hazırki iddianı qaldırmağa ümumiyyətlə subyektiv hüququ yoxdur. Belə ki, iddiaçı öz iddia ərizəsində qeyd etmişdir ki, zədələnməsini iddia etdiyi ev özbaşına tikilidir. Göründüyü kimi iddiaçının öz mülkiyyətində olmayan əmlak barəsində məhkəmədə iddia qaldırmaq hüququ yoxdur. Cavabdehin nümayəndəsi həmçinin göstərmişdir ki, onlar həmin dövrdə hansı mənzillərə ziyan vurmuşlarsa, onların müraciətləri əsasında dəymiş ziyanı ödəmişlər. İddiaçı onlara bununla bağlı müraciət etməyib. Həmçinin sözügedən evin iddiaçıya məxsus olması ilə bağlı heç bir sübut yoxdur. Odur ki, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. Belə ki, iş materiallarında olan Nəsimi rayon MKTB-nin 17 saylı MKİS tərəfindən verilmiş 25.11.2021-ci il tarixli arayışndan görünür ki, İddiaçı Bakı şəhəri, Xətai prospekti, 10 saylı evdə qeydiyyatsız yaşayır. Kəlbəcər qaçqınıdır.
7. İş materiallarında olan ünvan 2 ünvanda məskunlaşmış sakinlər X3, X2 və X1 tərtib edilmiş 25.11.2021-ci il tarixli aktından görünür ki, uzun illərdir ünvan 3 ünvanda sakinlər öz imzaları ilə bu aktı ona görə tərtib etmişlər ki, Kəlbəcər rayonu, 20 Yanvar küçəsi, ev 107 qeydiyyatda olan İddiaçı həqiqətən də 5 nəfər ailə tərkibi ilə (özü, h/yoldaşı və 3 uşağı) ünvan 6 ünvanda qaçqın kimi məskunlaşmışdır. ünvan 5uktur şöbəsi tərəfindən söküntü işləri aparılan zaman İddiaçı məskunlaşdığı sahənin bir hissəsi uçmuş və ona maddi ziyan dəymişdir.
8. İş materiallarında olan İddiaçı sifarişi əsasında "xxxx" MMC tərəfindən tərtib edilmiş 11.11.2021-ci il tarixli, ƏES/03-023/21 saylı mütəxəssis rəyindən görünür ki, aparılmış hesablaşmalar və təhlillərə əsasən ünvan 7 ünvanında yerləşən 1 mərtəbəli, 2 otaqlı yaşayış sahəsinin təmirinin bərpasına çəkiləcək xərcin məbləği 13.108,9 manat təşkil etmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
9. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı mübahisəli evinin müvafiq sənədləri olmadığından 2008-ci ildə almışdır. 2019-cu ilin təxminən payız aylarında cavabdeh təşkilatın strukturu tərəfindən dəmir yolunun genişləndirilməsinin aparılması və sürət qatarlarının xətlərinin çəkilişi ilə əlaqədar olaraq iddiaçının yaşadığı evin qonşuluğunda yerləşən evlər planına düşmüş və dəmir yolu idarəsi onlara evlərinin dəyərini ödəyərək onların evlərini sökmüşlər. Cavabdeh tərəfə məxsus olan müxtəlif texnikalar vasitəsi ilə iddiaçının qonşuluğunda olan evin söküntüsü zamanı cavabdeh təşkilatın əməkdaşları iddiaçının da evinin bir hissəsini dağıdaraq yaşadığı evi yararsız vəziyyətə salmışlar. Hazırda iddiaçı maddi və mənəvi zərərin ödənilməsini məhkəmədən xahiş edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
10. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
11. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək – onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
12. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
13. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məzrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
14. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən mülkiyyətçi o şəxsə deyilir ki, o əmlak üzərində istifadə və sahiblik hüquqi ilə yanaşı həmin əmlak barəsində sərəncam vermək hüququna da malikdir.
15. Azərbaycan Respublikası Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).
16. Həmin Məcəllənin 146.2-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
18. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habeləhüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
19. Məhkəmə qeyd edir ki, mübahisəli ev hüquqi statusuna görə özbaşına tikilidir. Mübahisə predmeti daşınmaz əmlak olduğu üçün, qanunvericiliyin tələbinə əsasən həmin əmlak üzərində sərəncam vermək hüququnun həyata keçirilməsi üçün onun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda olması tələb olunur. İddiaçının mübahisəli ev üzərində sərəncam vermək hüquqları olmadığı üçün, yəni iddiaçı mübahisəli ev üzərində ixtiyar sahibi olmadığı üçün, onun hazırki tələblə çıxış etməyə subyektiv hüququ yoxdur.
20. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, mübahisəli əmlakla bağlı iddiaçının nəyinki sərəncam verici hüquqları mövcud olmamış, həmçinin qeyd olunan əmlaka dair qanuni sahibi də olmamışdır. Bu faktın əksinin sübut edən hər hansı mötəbər sübutlar (müvafiq dövlət orqanlarında icazə, sərəncam, icarə müqaviləsi və s) iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir.
21. Belə ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququna malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
23. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
24. Məhkəmə hesab edir ki, iddiaçının öz mülkiyyətində olmayan evin zədələnməsi ilə bağlı tələb irəli sürmək üçün subyektiv hüququ olmadığı üçün, onun maddi və mənəvi zərərin əvəzinin ödənilməsini tələb tələbi təmin edilə bilməz.
25. Yuxarıda qeyd olunan halları araşdıraraq, məhkəmə belə qənaətə gəlir ki, iş üzrə İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası təmin edilməməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
26. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.
30. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov