Məhkəmə qərarları › İş №2(006)-1069/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1069/2021

16.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1069/2021 16.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı1 Ümüd oğlu iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X1 ona vermiş olduğu 13.000 ABŞ dolları və 200 manatın, 2 il müddətinə beş faizini təşkil edən 1344 ABŞ dolları və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli qərardadı ilə işə mahiyyəti üzrə baxılıb qurtaranadək Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 82 ünvanındakı 21,1 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi üzərinə həbs qoyulmuşdur. İddiaçı1 Ümüd oğlu 17 dekabr 2020-ci ildə vəfat etdiyindən onun prosesual hüquqi varisi kimi İddiaçı2 iddiaçı ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etdiyini bildirərək, izahatında göstərdi ki, 05.08.2018-ci il tarixində uzun müddət İddiaçı1 Ümüd oğlunun tanıdığı Cavabdeh 10.000 ABŞ dolları borca pul vermişdir. Cavabdeh bu məbləği həmin ilin sentyabr ayının 30-dək qaytaracağını bildirməklə məbləğin təminatı olaraq öz əlyazması ilə İddiaçı1 Ümüd oğluna borcu, həmin məbləği sentyabrın 30-dək qaytaracağına dair iltizam verdi. Eyni zamanda cavabdeh özünə məxsus və mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 82 ünvanındakı 21,1 m²-dən ibarət olan qeyri-yaşayış sahəsinin mülkiyyət hüququna dair çıxarışının və həmin qeyri-yaşayış sahəsinin texniki pasportunun əslini də İddiaçı1 Ümüd oğluna təqdim etdi. Öz əlyazması ilə yazdığı iltizamda bildirmişdir ki, əgər bu məbləği sentyabr ayınadək qaytara bilməsə İddiaçı1 Ümüd oğlu, qeyri-yaşayış sahəsini sata bilər və bu barədə onun heç bir narazıçılığı olmayacaqdır. Hətta bu iltizamda pulu qaytara bilməyəcəyi təqdirdə, mülkiyyətində olan qeyri-yaşayış sahəsinin satılmasına ailəsinin də heç bir etirazının olmadığını bildirmişdir. Sonradan İddiaçı1 Ümüd oğlundan 1000 ABŞ dolları, bir müddət sonra isə 2000 ABŞ dolları və 200 manat pul almışdır. Ümumilikdə bu günə cavabdeh İddiaçı1 Ümüd oğluna 13.000 ABŞ dolları və 200 manat pul borcludur. Bu səbəbdən İddiaçı1 Ümüd oğlu məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Beləliklə, Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edib və aşağıda qeyd olunan maddi və prosessual hüquq normalarına uyğun olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçının təqdim etdiyi 05 avqust 2018-ci il tarixli əlyazmada qeyd olunur: “Mən Cavabdeh qonşum və dostum İddiaçı1 Ümüd oğluna əl borcu sentyabr 30-na dək 10000 ABŞ dolları əl borcu götürdüm, özümə məxsus olan şəxsi diş kabineti, yəni 21,8 kv.m olan yeri kupçasını girov qoydum. Əks təqdirdə Məcid müəllim istədiyi qiymətə sata bilər. Bu barədə heç bir narazılıqlar ola bilməz”; “aramızda 13000 ABŞ dolları təmiz borc”. Həmin qəbzlərin sonunda cavabdehin adından imza qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 82 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 112 nömrəli reyestr kitabının 10410 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 739-cu maddəsinə əsasən «borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür». Həmin Məcəllənin 740-cı maddəsilə borc müqaviləsinin forması müəyyən edilmişdir. Belə ki, həmin maddəyə görə, «borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər». Beləliklə, iddiaçı İddiaçı1 Cavabdeh 13000 ABŞ dolları məbləğində pulu borc verdiyini məhkəmə iclasında sübuta yetirir. Həmin pulun qaytarmasını sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşsə də, cavabdeh isə məhkəmə iclasında iştirak etməyərək buna dair Məhkəməyə heç bir sübut təqdim etməmir. Odur ki, iddia həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikasının MM-nin 425.1-ci maddəsinə əsasən «öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinə görə “əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir”. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq “borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır”. Azərbaycan Respublikasının Mülki Məcəllənin 385.1-ci maddəsinə görə «öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». İddiaçı cavabdehdən 200 manat və 2 il müddətinə beş faizini təşkil edən 1344 ABŞ dolları məbləğində pulu tələb etsə də, buna dair hər hansı bir mötəbər sübutları məhkəməyə təqdim etmir. Halbuki, həmin halları sübut etmək vəzifəsi MPM-nin 77.1-ci maddəsinə əsasən məhz onun üzərinə düşür. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olaraq cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 13000 (on üç min) ABŞ dolları məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğindən dövlət rüsumu tutularaq İddiaçı2 xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar