Məhkəmə qərarları › İş №2(006)-1076/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1076/2022

01.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1076/2022 01.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş 1.176.000 manat məbləğində maddi, 1.000.000 manat məbləğində mənəvi ziyanın cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 187/3017 saylı, 25 yanvar 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 1 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1152/2018 saylı, 07 noyabr 2018-ci il tarixli qərarı ilə verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-1573/2019 saylı, 27.11.2019-cu il tarixli qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1152/2018 saylı, 07 noyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş və iş yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-267/2020 saylı, 02.09.2020 tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-187/2017 saylı, 25 yanvar 2017-ci il tarixli hökmü ləğv edilmiş, AR CPM-nin 42.1.4-cü maddəsinə əsasən barəsində bəraət hökmü çıxarılmışdır. Ona elan edilmiş ittiham aktı və məhkəmə hökmünə əsasən, 03.05.2016-cı il tarixdən 09.03.2017-ci il tarixədək (10 ay 6 gün) ümumi rejimli cəzaçəkmə müəsissəsində azadlıqdan məhrumetmə cəzasını çəkmişdir. Cəzanın qalan hissəsi isə ev dustaqlığı ilə əvəz edilmişdir. Həbs olunması, həmçinin barəsində çıxarılmış qanunsuz və ədalətsiz ittiham hökmü nəticəsində ona külli miqdarda maddi və mənəvi ziyan dəymişdir. Belə ki, həbsdə olduğu müddətdə ona qarşı edilmiş haqsızlığa dözmədiyi üçün 20 yaşlı X2 ürək tutmasından vəfat etmişdir. Onun ölümü nəticəsində həm ailəsi, həm də o çox ciddi sarsıntılar keçirmişdir. Həbsdə olduğu üçün ailə üzvləri ilə bu çətin günlərdə ayrı olmuş, bir-birilərinə mənəvi dəstək göstərə bilməmişlər. Övladı X1 çempionatında qızıl medal qazanmışdır. Bundan başqa "PAŞA Bank” ASC ilə aralarında 01 dekabr 2011-ci il tarixdə 5 il müddətinə K0464 saylı kredit müqaviləsi bağlanılmışdır. Yəni K0464 saylı kredit müqaviləsi 01.12.2016-cı il tarixədək qüvvədə olmuşdur. Müqaviləyə əsasən kredit məbləği 5.000.000 manat təşkil etmişdir. Kredit müqaviləsinə əsasən aylıq ödəniş 168.000 manat təşkil etmişdir. 03 may 2016-cı il tarixdə qanunsuz olaraq həbs edildiyi üçün 7 ay müddətinə kredit ödənilə bilməmişdir. Yəni həbsdə olduğu üçün banka 1.176.000 manat kredit məbləği ödənilməmişdir. Nəticə olaraq "xxxx" ASC məhkəməyə müraciət etmiş və məhkəmə qərarına əsasən kredit borcunun ödənilməsi üçün bütün mülkləri məhkəmə qərarı əsasında satılmışdır. Barəsində çıxarılmış qanunsuz ittiham hökmü əsasında işgüzar nüfuzuna xələl yetirilmiş, şərəf və ləyaqəti ləkələnmişdir. O, İ və İİ Qarabağ müharibələrində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Döyüşlər zamanı aldığı xəsarətə baxmayaraq düşmənə qarşı vuruşmağa davam etmişdir. Məhz Ali Baş X4 müvafiq sərəncamına əsasən, "Füzulinin azad olunmasına görə” və "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Bundan başqa Azərbaycan Respublikası “Qarabağ qaziləri” Birliyinin Füzuli rayonu üzrə sədridir. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi barəsində qanunsuz olaraq çıxarılmış ittiham hökmü nəticəsində ona mənəvi və külli miqdarda maddi ziyan dəymişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd olunan məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-187/3017 saylı, 25 yanvar 2017-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinmiş, ona qəti olaraq 1 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1152/2018 saylı, 07 noyabr 2018-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-187/3017 saylı, 25 yanvar 2017-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)- 1573/2019 saylı, 27.11.2019-cu il tarixli qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1152/2018 saylı, 07 noyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi və işin yenidən araşdırılması üçün apellyasiya istansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-267/2020 saylı, 02.09.2020 tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-187/2017 saylı, 25 yanvar 2017-ci il tarixli hökmü ləğv edilmiş, Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən İddiaçı təqsiri sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə bəraət verilməsi hökm edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 7(008)-153/2017 saylı, 09.03.2017-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı ərizəsinin təmin edilməsi, onun Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-187/3017 saylı, 25 yanvar 2017-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 6 ay (altı) müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 7 (yeddi) ay 24 (iyirmi dörd) gün hissəsini çəkməkdən şərti alaraq vaxtından əvvəl azad edilməsi qərara alınmışdır. "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanılmış 01 dekabr 2011-ci il tarixli, K0464 saylı kredit müqaviləsindən görünür ki, borc verən "xxxx" ASC borc alan "xxxx" MMC-yə 60 ay müddətinə illik 6% dərəcəsi ilə 5.000.000 manat məbləğində kredit verməyi, borc alan isə borcu qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 05.12.2016-cı il tarixdə verilmiş AZ-İ seriyalı, 848183 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 30.11.2016-cı il tarixdə təyin edilməyən səbəbdən Bakı şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 05.12.2016-cı il tarixdə 2077 nömrə ilə qeyd edilmişdir. İşin mübahisələndirilməyən hallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-187/3017 saylı, 25 yanvar 2017-ci il tarixli hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 1 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsə də, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-267/2020 saylı, 02.09.2020-ci tarixli hökmü ilə təqsirliliyi sübuta yetirilmədiyindən Cinayət Məcəlləsinin 228.1 və 234.4.3cü maddələri ilə bəraət almışdır. Qeyd edilən məhkəmə aktlarından İddiaçı 10 (on) ay 06 (altı) gün müddətində həbsdə saxlanıldığı müəyyən olunmuşdur. Hazırda iddiaçı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maddi ziyana görə 1.176.000 manat, mənəvi ziyana görə 1.000.000 manat, cəmi 2.176.000 manat məbləğində pulun dövlət büdcəsindən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə hazırkı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Cinayət Prosessual Məcəlləsinin 57.1-ci maddəsinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmin Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə vurulmuş mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçının izahatından və təqdim olunmuş sənədlərdən də aydın oldu ki, iddiaçı əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində mənəvi sarsıntı və iztirablar keçirmişdir. Belə ki, qanunsuz olaraq istintaqa cəlb olunması, cinayət işinin məhkəməyə verilməsi və təqsirsizliyinin uzun sürən məhkəmə çəkişmələrinin predmeti olması nəticəsində o, fəal ictimai həyat tərzindən məhrum edilmiş, onun azadlıq və digər bir sıra hüquqları məhdudlaşdırılmış, sağlamlığına, şərəf və ləyaqətinə zərər dəymişdir. Ona görə də İddiaçı vurulmuş mənəvi zərər ödənilməlidir. Eyni zamanda məhkəmə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd edir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir. Mənəvi zərərin tələb olunan məbləğdə deyil, 11.000 manat məbləğində təmin olunmasını məhkəmə ədalətli və ağlabatan hesab edir. Məhkəmə iddianın “vurulmuş maddi ziyanın ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı ona vurulmuş maddi ziyanla bağlı (əmək haqqı, pensiya, başqa gəlirlərin itirilməsi) hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin məhkəmə baxışı zamanı onun əmlakının müsadirə edilməsi və ya üzərinə həbs qoyulması, tərəfindən hökmün icrası zamanı cərimə ödənilməsi halları müəyyən edilməmişdir. İddiaçı uzun müddət həbsdə qalması səbəbilə 01.12.2011-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" MMC-nin üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra edə bilmədiyinə, bunun nəticəsində kredit müqaviləsi üzrə yaranmış borcun məhkəmə qətnaməsi ilə mülkiyyətçisi olduğu əmlakalara yönəldildiyinə istinad etsə də, maddi itkilərə məruz qalması ilə təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin hüquqazidd hərəkətləri arasında səbəbli əlaqənin mövcudluğunu sübuta yetirə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia bu hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Cinayət Prosessual Məcəlləsinin 58.3-cü maddəsinə görə bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslərə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri müdafiəçiyə ödənilmiş pul məbləği və hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cəriməyə görə kompensasiya verilir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikasının Mülki-Prpsessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən mənəvi zərərə görə 11.000 manat pul alınaraq İddiaçı ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Məhkəmə iddiaçının tələblərini cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə münasibətdə qismən təmin edərək həmçinin qeyd etməyi zəruri sayır ki, yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi, Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyanın ödənilməsi təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Belə ki, Аzərbаycаn Respublikаsı Prezidentinin 09 fevrаl 2009-cu il tаrixli, 48 nömrəli Fərmаnı ilə təsdiq edilmiş "Аzərbаycаn Respublikаsının Mаliyyə Nаzirliyi hаqqındа Əsаsnаmə"nin 1-ci bəndinə əsаsən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Оnа görə də mənəvi zərərin əvəzi оlаn 11.000 mаnаt məbləğində pul məhz Аzərbаycаn Respublikаsı Mаliyyə Nаzirliyi vаsitəsilə dövlət büdcəsindən alınıb iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: “Dövlət rüsumu haqqında” Qanunun 9.1.13-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında mübahisələr üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 112.1.3-cü, 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Mənəvi zərər olaraq 11.000 manat məbləğində pul Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən alınaraq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar