Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1087/2024 16.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclas katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı «sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh QSC-yə qarşı «sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin təqsiri üzündən onun sağlamlığına vurulmuş xəsarət nəticəsində itirdiyi qazancın əvəzi olaraq hər ay 550 manat olmaqla, xx.xx.2023-cü il tarixdən etibarən Cavabdeh QSC-dən onun xeyrinə tutulması, cavabdehin təqsiri üzündən onun sağlamlığına vurulmuş xəsarət nəticəsində onun tərəfindən çəkilmiş əlavə xərclərin miqdarı olaraq 15.000 manat, mənəvi zərərə görə 30.000 manat pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Zəngilan rayonu, Məmmədbəyli kəndində daimi qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayır. O, işə düzəlmək üçün Cavabdeh QSC-yə müraciət etmişdir və müraciəti əsasında ona Şuşa şəhərində aparılan tikinti işində kran sürücüsü işi təklif edilmişdir. O, edilən təklifi qəbul edərək etibarnamə ilə ona verilmiş KC45717 K-1 xüsusi təyinatlı kran ** RC *** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2022-ci il tarixdə Bakı şəhərindən Şuşa şəhəri istiqamətində yola düşmüşdür. Yola çıxmazdan əvvəl rəhbərliyə bildirmişdir ki, bu çox ağır texnikadır, onu başqa texniki vasitə ilə oraya aparmaq lazımdır. Ona bildirilmişdir ki, təmirdən yenicə çıxmışdır və tam yoxlanılmışdır. O, Füzuli rayonundan Şuşa şəhərinə gedən hərbi qulluqçu Səfayıl Məmmədovu da yolda götürmüşdür. O, Xocalı rayonu Çanaqçı kəndi ərazisində Zəfər yolunun 80-ci kilometrliyində enişli yolla hərəkətdə olarkən sağ tərəfə sərt döngədə avtomobilin əyləc sistemi imtina etdiyindən maşını saxlaya bilməmiş və idarəetməni itirməsi nəticəsində avtomobil yolun sol kənarında olan dəmir maneəni əzdikdən sonra ağaclara çırpılmış və sağ yan tərəfinə aşmışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində o, «Travmatik hemorragik şok, QKBT, baş beyin silkələnməsi, baş beynin travmatik ödemi, burun sümüklərinin sınığı, sağ orbitanın yerdəyişmiş sınığı, əng sümüyünün, sol və sağ almacıq sümüklərinin yerdəyişmiş sınığı, alt çənə sümüyünün mental nahiyəsinin yerdəyişmiş sınığı, döş qəfəsinin əzilməsi, sağ yuxarı ətrafın biləkdən fleksor karpo ulnaris vətər, ulnar arteri və sinir kəsilməsi, toxuma defekti, göz almasının qopub çıxması» xəsarətləri almışdır. Hadisə baş verərkən o, avtomobili təxminən 20 km/saat sürətlə idarə etmişdir, əyləc imtina etdiyindən avtokranı idarə etmək mümkün olmamışdır. Xəsarət alaraq ağır vəziyyətdə Bakı şəhərinə gətirilmişdir. Əvvəl-əvvəl Cavabdeh QSC-nin rəhbərliyi tərəfindən ona baş çəkilmiş və ona müxtəlif vədlər verərək şikayətinin olmamasını bildirmişlər və ona hər cür kömək edəcəklərini bildirmişlər. Lakin bir müddət keçdikdən, yəni cinayət işi bağlandıqdan sonra cavabdeh tərəf bildirmişdir ki, onların işçisi olmamışdır. Bundan sonra o, müxtəlif orqanlara şikayət ərizəsi ilə müraciət etmişdir. Lakin heç bir nəticəsi olmamışdır. Bundan sonra o, X6 müraciət edərək, ona yardım göstərilməsi barədə kömək etmək üçün Cavabdeh QSC-nin rəhbərliyinə göstəriş verilməsini xahiş etmişdir. Cavabdeh QSC-nin rəhbərliyi tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli 097/23 nömrəli məktubda QSC ilə fiziki şəxs X5 arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən KC 45717 K-1 xüsusi təyinatlı qaldırıcı kran avtomobilinin icarəyə götürüldüyü, müqavilə şərtlərinə əsasən icarəyə verən tərəfin kran avtomobilini icarəyə götürənin iş sahəsinə təhvil verməli olduğunu, bununla əlaqədar avtomobilin şirkətin tikinti sahəsinə çatdırılması üçün sahibkar tərəfindən ona etibarnamə verildiyi və onun Şuşa şəhərinə buraxılmasının razılaşdırılması üçün şəxsiyyətini təsdiq edən sənədlərin QSC-yə təqdim olunduğu, sənədləri barədə məlumatları DİN-in «İşğaldan azad olunmuş ərazilərə buraxılışların qeydiyyatı» sisteminə daxil etməklə yanaşı səhvən "xxxx" altsistemində də qeydiyyata alındığı, bu səhv nəticəsində onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər "xxxx" altsistemində heç bir əmək münasibətləri olmadan QSC-nin işçisi kimi göstərildiyi bildirilmişdir. Hadisə xx.xx.2023-cü il tarixdə baş vermişdir. Təqdim edilmiş sənədlərə əsasən məlum olmuşdur ki, Cavabdeh QSC (sifarişçi) ilə fiziki şəxs X5 (İcraçı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli «İcarə müqaviləsi»nin şərtlərinə əsasən «İcraçı» icarə obyektini «Sifarişçi»yə iş sahəsində təhvil verməyi öz öhdəsinə götürmüşdür. İcarə müqaviləsində olan fiziki şəxs X3 məlumatlarının olmaması səbəbindən həmin fiziki şəxsin müəyyən edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "xxxx" altsisteminə baxış keçirilərkən onunla Cavabdeh QSC arasında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qüvvədə olan əmək müqaviləsinin bağlanmasına dair məlumatların mövcud olduğu, hadisə baş verən dövrdə hər hansı işəgötürənlə əmək müqaviləsinin bağlanmasına dair məlumatların mövcud olmadığı məlum olmuşdur. O, hesab edir ki, xidməti vəzifəsini yerinə yetirərkən ona əmək xəsarəti yetirilmişdir. Başına gələn bədbəxt hadisədə cavabdehin təqsiri qanunvericiliyə uyğun təsdiq olunur. TSEK-in keçirdiyi ekspertizanın nəticəsinə əsasən o, istehsalatda baş verən bədbəxt hadisə nəticəsində peşəkar əmək qabiliyyətini itirməklə, gözdən əlil olaraq üçüncü qrup əlil hesab olunmuşdur. Baş vermiş bədbəxt hadisədən sonra o, heç bir yerdə işləmir. Baş vermiş bədbəxt hadisədən əvvəl onun orta əmək haqqının miqdarı 1.000 manat təşkil edirdi. Hazırda onun gəliri yoxdur. 240 manat miqdarında müavinət əldə edir. Bundan başqa, bədbəxt hadisə nəticəsində onun müalicəyə, əlavə qidalanmaya, davadərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna və s. 20.000 manat miqdarında əlavə xərci çıxmışdır. Beləliklə, hesab edir ki, xəsarətdən qabaq mövcud olan və itirilmiş orta qazancının əvəzi və həmçinin bədbəxt hadisə nəticəsində çəkdiyi əlavə xərclərin əvəzi cavabdeh tərəf ona ödəməyə borcludur. Hazırki iş üzrə qeyd olunan xüsusatlar tamamilə təsdiq olunur və bu, mülki hüquq pozuntusu ilə bağlı məsuliyyətin yaranmasını göstərir. Çəkdiyi əlavə xərcin və itirilmiş orta qazancının əvəzinin ödənilməsi üçün cavabdehə sifarişli məktub göndərmişdir. Həmin məktub bu günə qədər cavabsız qalmışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi Vəkil2 məhkəmə iclasında iddia tələbini təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, iddia tamamilə əsassızdır. Həmçinin, iddiaçı öz tələbini iddia ərizəsində də əsaslandıra bilməmişdir. Belə ki, Cavabdeh QSC ilə iddiaçı arasında heç bir müqavilə, şifahi əqd və razılaşma olmamışdır. İş materialları: 14 iyul 2022-ci il tarixdə bağlanmış kran avtomobilinin icarəsi haqqında müqavilədən görünür ki, KC 45717 K-1 markalı ** RC *** dövlət qeydiyyat nişanlı kranın icraçı X5 müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə sifarişçi Cavabdeh QSC-nin iş sahəsində sonuncunun istifadəsinə verməyi, sifarişçi isə icarə obyekti olan kranı istifadəsinə qəbul edib əvəzində icraçıya müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə icarə haqqını ödəməyi, həmçinin həmin kranın sazlığını və salamatlığını təmin etməyi öhdəsinə götürmüşdür. ƏN-Vİ seriyalı, 163501 nömrəli xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, kran mülkiyyətçisi olan X5 “KC45717 K-1” markalı **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi üçün İddiaçı etibarnamə verilmişdir. K.Zakirinin xx.xx.2022-ci il tarixli ərizəsindən və Cavabdeh QSC-nin 27 iyul 2022-ci il tarixli 065/2/22/K saylı əmrindən görünür ki, K.Zakiri iş masasında olan sənədlərdə baş vermiş qarışıqlıq nəticəsində fiziki şəxs İddiaçı Əmək və Məşğulluq altsistemində səhvən ilməkçki vəzifəsinə qeydiyyata almış, bu səbəbdən işəgötürən tərəfindən ona Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən töhmət verilmişdir. Xocalı rayon polis şöbəsinin İstintaq qrupunun baş müstəntiqi, polis kapitanı S.Salmanzadənin 30 avqust 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı barəsində toplanmış HK-1/280 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı əməlində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində qeyd olunan maddə ilə inzibati protokol tərtib edilməsi üçün qərarın surəti RPŞ-nin DYPB-yə verilmişdir. Azərbaycan Respublikası Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə çıxarışdan görünür ki, sonuncu müayinə xx.xx.2023-cü il tarixdə keçirilmiş, İddiaçı orqanizminin 50% pozulmasına görə ona müddətsiz üçüncü dərəcəli əlillik verilmiş və ona “Q11.1 Anoftalmın digər növü, Travmatik-hemoraggik şok. Qapalı kəllə beyin travması. Baş beynin əzilməsi. Baş beynin travmatik ödemi. Burun sümüklərinin sınığı. Sağ orbitanın yer dəyişmiş sınığı. Əng sümüyünün, sol və sağ almacıq sümüklərinin yer dəyişmiş sınığı. Alt çənə sümüyünün mental nahiyəsinin yer dəyişmiş sınığı, Döş qəfəsinin əzilməsi. Sağ yuxarı ətrafın biləkdə fleksor karpo ulnaris vətər, ulnar arteri və sinir kəsilmə Ağırlaşma M24.5 Oynaqların kontrakturast. Əzələlərin atrofiyası Oynaqların kontrakturası Ağırlaşma H54.4 Monokulyar koduq. Monokulyor korluq” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin 30 avqust 2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Cavabdeh Qapalı Səhmdar Cəmiyyətində iş vaxtı xəsarət alması ilə bağlı pozulmuş hüquqlarının bərpa olunmasına köməklik göstərilməsi barədə xx.xx.2023-cü il tarixli müraciəti əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsində araşdırma aparılmışdır. Aparılan araşdırma zamanı Cavabdeh QSC-nin rəhbərliyi tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli 097/23 nömrəli məktubda QSC ilə fiziki şəxs X5 arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən KC 45717 K-1 xüsusi təyinatlı qaldırıcı kran avtomobilinin icarəyə götürüldüyü, müqavilə şərtlərinə əsasən icarəyə verən tərəfin kran avtomobilini icarəyə götürənin iş sahəsinə təhvil verməli olduğu, bununla əlaqədar avtomobilin şirkətin tikinti sahəsinə çatdırılması üçün sahibkar tərəfindən İddiaçı etibarnamə verildiyi və İddiaçı Şuşa şəhərinə buraxılmasının razılaşdırılması üçün şəxsiyyətini təsdiq edən sənədlərin QSC-yə təqdim olunduğu, sənədlər barədə məlumatların Daxili İşlər Nazirliyinin «İşğaldan azad olunmuş ərazilərə buraxılışların qeydiyyatı» sisteminə daxil etməklə yanaşı səhvən "xxxx" altsistemində də qeydiyyata alındığı, bu səhv nəticəsində İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər "xxxx" altsistemində heç bir əmək münasibətləri olmadan QSC-nin işçisi kimi göstərildiyi bildirilmişdir. Təqdim edilmiş sənədlərə əsasən məlum olmuşdur ki, Cavabdeh QSC (Sifarişçi) ilə fiziki şəxs X5 (İcraçı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli «İcarə müqaviləsi»nin şərtlərinə əsasən «İcraçı» icarə obyektini «Sifarişçi»yə iş sahəsində təhvil verməyi öz öhdəsinə götürmüşdür. İcarə müqaviləsində olan fiziki şəxs X3 məlumatlarının olmaması səbəbindən həmin fiziki şəxsin müəyyən edilməsi mümkün olmamışdır. «X14» tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 78 nömrəli məktubda İddiaçı xx.xx.2023cü il tarixdə çoxsaylı bədən xəsarətləri ilə müraciət etməsi, İddiaçı «Travmatik hemorragik şok, QKBT, baş beyin silkələnməsi, baş beynin travmatik ödemi, burun sümüklərinin sınığı, sağ orbitan yerdəyişmiş sınığı, əng sümüyünün sol və sağ almacıq sümüklərinin sümüklərinin yerdəyişmiş sınığı, alt çənə sümüyünün mental nahiyəsinin yerdəyişmiş sınığı, döş qəfəsinin əzilməsi, sağ yuxarı ətrafın biləkdən fleksor karpo ulnaris vətər, ulnar arteri və sinir kəsilməsi, toxurra defekti, goz almasının qopub çıxması» diaqnozu qoyulduğu, İddiaçı yaxınlarının deməsinə görə Şuşa yolunda avtokran ilə qəza keçirdiyi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "xxxx" altsisteminə baxış keçirilərkən İddiaçı ilə Cavabdeh QSC arasında xx.xx.2022-ci il tarixdən 26.07 2022-ci il tarixədək qüvvədə olan əmək müqaviləsinin bağlanmasına dair məlumatların mövcud olduğu, hadisə baş verən dövrdə hər hansı işəgötürənlə əmək müqaviləsinin bağlanmasına dair məlumatların mövcud olmadığı məlum olmuşdur. Bildirilmişdir ki, xx.xx.2023 tarixli 3-17-5/2-İ-21594/2023 nömrəli məktubla İddiaçı izahata dəvət olunmuş, lakin izahata gəlməmişdir. xx.xx.2022-ci il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə zamanı İddiaçı ilə işəgötürən arasında Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək münasibətləri yaranmadığından baş vermiş hadisə X8 Xidməti tərəfindən təhqiq edilmir. Qeyd etdiyi məsələlərlə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olduğu İddiaçı izah edilmişdir. Bakı 2 saylı Mediasiya Təşkilatının 14 dekabr 2023-cü il tarixli MŞB/2-04044 saylı mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, iddiaçının nümayəndəsi Vəkil1 18 dekabr 2023-cü il tarixə saat 12:30-a təyin edilmiş mediasiya sessiyasına gəlsə də, cavabdeh tərəfin nümayəndəsi həmin sessiyaya gəlməmişdir. İddiaçı tərəfindən 61 manat mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikası DİN Baş İctimai Təhlükəsizlik İdarəsinin 13 aprel 2024-cü il tarixli 31313/2-9040/2024 saylı məktubundan görünür ki, İddiaçı barəsində olan məlumatlar «Cronos» şirkəti vasitəsi ilə «İşğaldan azad olunmuş ərazilərə buraxılışların qeydiyyatı» sisteminə daxil edilərək, onun 2022-ci ilin 30-31 iyul tarixlərində Şuşa şəhərinə girişinə icazə verilmişdir. AA seriyalı 433961 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı məcburi köçkündür və ona vəsiqə Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən verilmişdir. İş materiallarına əlavə edilmiş “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” PHŞ-nin xx.xx.2022-ci il tarixli arayışında, X13 X2 Laboratoriya xx.xx.2022-ci il tarixli müayinə protokolunda, X10 adına Milli Oftalmologiya Mərkəzinin xx.xx.2022-ci il tarixli Tibib rəyindən,X11 xx.xx.2022-ci il tarixli Kompüter EES müayinəsində, Ortoped MMC X12 xx.xx.2022-ci il tarixli Epikrizindən, Respublika Pxisiatriya xəstəxanası PHŞ-nin xx.xx.2022-ci il tarixli elektroensofaloqramma adlı sənədində və ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışda İddiaçı xəstəlik diaqnozları, müayinə və müalicələri qeyd edilmişdir. Azərbaycan Vətən Müharibəsi X4 86696 nömrəli vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən birliyin Zəngilan rayon şöbəsində üzv kimi qeydiyyatdadır. “Avadanlıq Layihə Quraşdırma” X1 tərəfindən verilmiş A/AKM-139 nömrəli serfitikata əsasən müəyyən edilir ki, İddiaçı şirkətdə Avtomobil kran maşinisti ixtisası üzrə təlim kursunu bitirmişdir və imtahan komissiyasının qərarına əsasən ona Avtomobil kran maşinisti peşəsi üzrə Vİ ixtisas dərəcəsi verilmişdir. Seriya AA 433961 nömrəli məcburi köçkün vəsiqəsinə əsasən İddiaçı 1993-cü il tarixdən Zəngilan rayonundan məcburi köçkündür. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1117-ci maddəsinə əsasən müqavilə öhdəliklərinin icrası zamanı, habelə hərbi qulluq, polisdə qulluq vəzifələrinin və digər müvafiq vəzifələrin icrası zamanı fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzi, əgər qanunda və ya müqavilədə daha yüksək məsuliyyət ölçüsü nəzərdə tutulmayıbsa, bu Məcəllənin bu fəslində nəzərdə tutulmuş qaydalar üzrə ödənilir. 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. 1118.2-ci maddəsinə əsasən itirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qazanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. 1119.1-ci maddəsinə əsasən zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir. 1119.2-ci maddəsinə əsasən zərərçəkənin itirdiyi qazancın (gəlirin) tərkibinə onun həm əsas iş yerində, həm də əvəzçilik üzrə əmək və mülki hüquq müqavilələri əsasında əməyinin ödənilməsinin gəlir vergisi tutulan bütün növləri daxil edilir. Birdəfəlik xarakterli ödənclər, o cümlədən istifadə edilməmiş məzuniyyətə görə kompensasiya və işdən azad edilərkən işdənçıxma müavinəti nəzərə alınmır. Müvəqqəti əmək iqtidarsızlığı və ya hamiləliyə və doğuşa görə məzuniyyət dövrü üçün ödənilmiş müavinət nəzərə alınır. Sahibkarlıq fəaliyyətindən götürülən gəlir, habelə müəllif qonorarı itirilmiş qazancın tərkibinə daxil edilir, bu zaman sahibkarlıq fəaliyyətindən götürülən gəlir müvafiq icra hakimiyyəti orqanının məlumatına əsasən daxil edilir. Qazancın (gəlirin) bütün növləri vergilər tutulanadək hesablanmış məbləğlərdə nəzərə alınır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 191-ci maddəsinin müddəaları:
1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.
2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. 195-ci maddəsinin c) yarımbəndinə əsasən işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. 239-cü maddəsinin müddəaları:
1. İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir.
2. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir.
3. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir.
4. İstehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır.
5. Bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Təqdim olunmuş sənədlərdən göründüyü kimi, İddiaçı ** RC *** dövlət qeydiyyat nişanlı KC45717 K-1 xüsusi təyinatlı kranı xx.xx.2022-ci il tarixdə Bakı şəhərindən Şuşa şəhərinə apararkən və Xocalı rayonu Çanaqçı kəndi ərazisində Zəfər yolunun 80-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verərkən Cavabdeh QSC-nin nə rəsmi qaydada, nə də faktiki olaraq işçisi olmamış, tərəflər arasında əmək müqaviləsi bağlanmamışdır.İdidaçının istinad etdiyi kimi onunla cavabdeh arasında əmək müqaviləsinin olmasına dair dəlilləri ilə bağlı müəyyən edilmişdir ki, iddiaçıya məxsus sənədlər əsasında o, səhvən hazırki iş üzrə cavabdeh tərəfindən işçi kimi qeydiyyata alınmışdır.Aparılmış araşdırma zamanı iddiaçı ilə cavabdeh arasında hər hansı əmək, xidmət, tapşırıq münasibətlərinin olmaması, belə ki, cavabdehə icarəyə verilmiş kran maşınının sahibi tərəfindən həmin kranın idarə edilməsi üçün iddiaçıya etibarnamə verilməsi, həmin etibarnamə əsasında iddiaçının həmin kran maşınını idarə edərək yolnəqliyyat hadisəsi törətməsi və nəticədə xəsarət alması müəyyən edilmişdir. Cavabdehin iddiaçının həmin yol-nəqliyyat hadisəsini törətməsində, nəticədə isə iddiaçının xəsarət almasında təqsirli olması öz təsdiqini tapmadığından ona qarşı irəli sürülmüş iddia təmin edilməməlidir. Həmçinin iddiaçının tələbi özlüyündə qeyri-dəqiq olmuş, ona dəymiş ziyana hansı əsaslara görə məhz aylıq 550 manat pulun tutulması, habelə sağlamlığına vurulmuş xəsarətlərə görə tərəfindən çəkilmiş xərclərin miqdarının 15000 manat, mənəvi zərərin isə 30000 manat dəyərləndirilməsinə dair mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olduğu təqdirdə, iddia əsaslı hesab oluna və təmin edilə bilməz. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh QSC-yə qarşı «sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 61 manat mediasiya xərci iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddiaçı Cavabdeh QSC-yə qarşı «sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 61 manat mediasiya xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Vüsalə Musayeva