Məhkəmə qərarları › İş №2(006)-1092/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1092/2022

18.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1092/2022 18.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı «öhdəliyin yerinə yetirilməməsi nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «öhdəliyin yerinə yetirilməməsi nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC şirkətindən öhdəlik götürdükləri işləri tam, vaxtında və keyfiyyətli icra etmədiklərinə görə ona dəymiş 4.000 manat maddi, 2.000 manat mənəvi ziyanın, 80 manat dövlət rüsumunun və ərizə yazılması üçün ödənilmiş 50 manat hüquqi xidmət haqqının, cəmi 6.130 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh MMC şirkəti ilə 30 iyul 2021-ci il tarixdə övladı X1 adına aldığı Bakı şəhəri Qaradağ rayonu Seymur Orucov küçəsi 48A saylı evin 6 saylı 100,49 m2-lik mənzili təmir etdirmək üçün müqavilə bağlamışdır. Müqavilə şərtlərinə əsasən o, sözügedən şirkətə 16.850 manat məbləğin ilkin olaraq 40 %-ni, təmir müddətində hissə-hissə 50 %-ni və təmirin sonunda isə təhvil-təslim prosesində 10 %-ni ödəməli idi. Şirkət isə evi 20 sentyabr 2021-ci il tarixə qədər ona təhvil verməli idi. O, müqavilə şərtlərinə əsasən bu məbləğin 90 %-ni, yəni təhvil-təslim prosesinə qədər ödəməli olduğu vəsaiti tam ödəmişdir. Ancaq bu günə qədər mənzil təmir olunaraq ona təhvil verilməmişdir. Görüləcək işlər müqavilənin 1.3-cü bəndində öz əksini tapmışdır. Bu müqavilənin əlavə razılaşma sənədi ilə tənzimlənir, yəni bağlanmış 55 nömrəli xidməti müqaviləyə əlavə edilmiş müqavilədə görüləcək işlərin siyahısı öz əksini tapmışdır. Görüləcək işlərin siyahısını iddia ərizəsinə əlavə etdiyi üçün siyahını bir daha ərizədə göstərməsinə lüzum görmür. Yalnız müqvilədə göstərilən, lakin «İcraçı» tərəfindən icra edilməyən və yaxud natamam icra edilən işləri qeyd etmək məcburiyyətində qalmışdır. Belə ki, «İcraçı» tərəfindən yerinə yetirilməli olan bir otaq və mətbəxə divar kağızının alınması və vurulmasını, döşəmənin cilalanaraq laminatın vurulmasını, 5 ədəd qapının alınması və quraşdırılmasını, mənzildə olan plastik qapı və pəncərələrin bərpasını, eyvanların boyalanmasını, elektrik şitinin qoyulması, çöl qapısının bərpasını, sanitar qovşağın tavanının işlənməsini öz vəsaiti hesabina icra etmişdir. Eyni zamanda, «İcraçı» tərəfindən görülən işlərin keyfiyyətində də ciddi problemlər var. Belə ki, vurulmuş isti döşəmə ilə laminat döşəmə arasında 2.5-3 santimetr fərq var, eyvana quraşdırılmış pəncərələrdən birinin şüşəsində çat var, mətbəxin divarlarında, otaqların və eyvanların divarları və tavanlarında işin keyfiyyətsiz görülməsi nəticəsində ciddi problemlər yaranmış və o, əlavə vəsait xərcləyərək qismən bərpa etmişdir. Sanitar qovşaqda kafel işləri yarımçıq görülmüşdür. Halbuki, müqaviləyə əsasən «İcraçı» işlərin keyfiyyətinə yeddi il zəmanət verirdi. Bütün bu yazılanları təsdiq etmək üçün videoçəkilişləri, evində işləyən ustaların şahid ifadələrini və «İcraçı»nın yuxarıda qeyd etdiklərini etiraf etməsi barədə səs yazılarını təqdim edə bilər. Bu səbəbdən, cavabdeh ona dəymiş 4.000 manat maddi zərəri ödəməlidir. Bundan başqa, mənəvi ziyana görə də 2.000 manat pul tələb edir. Belə ki, o, Cavabdeh MMC şirkətinin sahibi və əməkdaşları ilə dəfələrlə danışsa da, sonuncular ona məhəl qoymayaraq öhdəliklərini yerinə yetirməmiş və ona «get nə istəyirsən et» cavabını vermişlər. Beləliklə, ona maddi və mənəvi ziyan vurmuşlar. Nəticədə görülən işləri tamamlamaq üçün o, "xxxx" ASC-dən 5.000 manat məbləğində kredit götürmək məcburiyyəti ilə üzləşmişdir. Bu səbəbdən, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış 30 iyul 2021-ci il tarixli 55 saylı təmir işləri barədə müqaviləyə əsasən sifarişçi, ünvan 1 ünvanda yerləşən 100 m2 yaşayış mənzilinin təmiri xidmətlərinin göstərilməsini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada 100 m2 yaşayış mənzilinin təmiri işlərinin aparılmasını öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndinə əsasən görüləcək işlərin qarşılığında 16.850 manat ödənilməlidir. Müqavilənin 1.3-cü bəndinə əsasən göstərilən xidmətlərin həcmi bu müqaviləyə əlavə razılaşma sənədi ilə tənzimlənir. Müqavilənin digər bəndlərində ödəniş qaydası (4.5-ci bənd); müqavilənin müddəti (5-ci bənd) və s. müqavilə şərtləri təsbit olunmuşdur. Görüləcək işlərin siyahısı müqaviləyə əlavə olunmuşdur və həmin işlər aşağıda qeyd olunan həcmdədir: - divar kağızının sökülməsi; - mətbəxdə olan hörgü hissəsinin sökülməsi; - lambrinin sökülməsi; - sanitar qovşağın metlax və kafelinin sökülməsi; - sanitar qovşaqdan aksesuarların çıxarılması; - boruların yerlərinin çapılması; - tullantıların daşınması; - divarların yenidən bərpası; - divar kağızının vurulması; - döşəmənin cilovlanaraq laminat vurulması; - divar kağızının künclərinin işlənməsi; - tavana fiqurlu alçipan işlənməsi; - qapıların künc işləməsi; - qapıların quraşdırılması; - pəncərələrin quraşdırılması; - mənzildə olan pəncərələrin bərpası; - pəncərə altlıqlarının işlənməsi (mərmərlə yaxud qranitlə); - pərdəliklərin işlənməsi (alçipanla); - tavan qıraqlarının küncləri (paduqa); - dəhlizin isti döşəmə sistemi; - mətbəxin isti döşəmə sistemi; - sanitar qovşağın isti döşəmə sistemi; - dəhliz və mətbəxdə nazik beton örtük; - dəhliz və mətbəxin metlax işləri. Ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 5.700 manat, 2.000 manat, 1.200 manat, 3.056 manat, 3.180 manat olmaqla, cəmi 15.136 manat ödəniş edilmişdir. İşin faktiki hallarından göründüyü kimi, cavabdeh müqavilə öhdəliklərini tam və keyfiyyətli şəkildə icra etməmiş, təmir işləri yarımçıq görülərək, tam başa çatdırılmamış, icra edilmiş iş həcmi isə keyfiyyətlə görülməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 oktyabr 2022-ci il tarixli 10/2590 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri Qaradağ rayonu Seymur Orucov küçəsi 48A saylı evin 6 saylı 100,49 m2-lik mənzilinin müqavilə üzrə tamamlanmamış işlərin dəyəri 1.350 manat və aparılmış keyfiyyətsiz təmir-tikinti işlərinin aradan qaldırılması üçün görülməli tikinti işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 2.072 manat məbləğində müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göründüyü kimi, cavabdeh tərəfindən müqavilə öhdəliklərinin tam və keyfiyyətlə görülməməsi səbəbindən iddiaçıya maddi zərər vurulmuşdur. Belə ki, mənzildə müqavilə üzrə tamamlanmamış işlərin dəyəri 1.350 manat və aparılmış keyfiyyətsiz təmir-tikinti işlərinin aradan qaldırılması üçün görülməli tikinti işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 2.072 manat təşkil edir. Ümumi maddi zərər 3.422 manat təşkil edir. Bu səbəbdən, iddia vurulmuş maddi zərərin ödənilməsinə dair hissədə qismən əsaslı olmaqla, cavabdehdən iddiaçının xeyrinə vurulmuş maddi zərərə görə 3.422 manat pul vəsaiti tutulmalıdır. İddia vurulmuş mənəvi zərərin ödənilməsinə dair hissədə qismən əsaslıdır. Çünki, iddiaçı cavabdehlə müqavilə bağlayarkən ümid etmişdir ki, cavabdeh işləri vaxtında və keyfiyyətlə icra edəcək, o, mənzilə vaxtında köçüb təyinatı üzrə istifadə edəcək, başqa insanlar kimi rahat və şəraitli mənzildə ömür-gün keçirəcək. Lakin cavabdeh müqavilə öhdəliklərini tam və keyfiyyətlə icra etməmiş, mənzil uzun müddət ərzində təmirsiz vəziyyətdə qalmış, iddiaçı cavabdehin yarımçıq saxladığı işləri, həmçinin keyfiyyətsiz icra edilmiş işləri yenidən, keyfiyyətlə icra etdirmək üçün digər usta və fəhlələrlə razılığa gəlmiş, əlavə vaxt və vəsait sərf etmiş, bu da istənilən insanda olduğu kimi onun şüurunda mənfi psixi reaksiyaya səbəb olmuş, diskomfort hisslər keçirmiş, mahiyyət etibarı ilə mənəvi əzab (iztirab) çəkmişdir. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş mənəvi zərərə görə cavabdehdən iddiaçının xeyrinə işin hallarına uyğun adekvat həcmdə – 1.000 manat pul vəsaiti tutulmalıdır. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 80 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş 3.422 manat maddi zərər, 1.000 manat mənəvi zərər və ödənilmiş 80 manat dövlət rüsumu Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulmalıdır. 100 manat ekspertiza xərci Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Vurulmuş 3.422 manat maddi zərər, 1.000 manat mənəvi zərər və ödənilmiş 80 manat dövlət rüsumu Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulsun. 100 manat ekspertiza xərci Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar