Məhkəmə qərarları › İş №2(006)-1100/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1100/2024

13.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1100/2024 13.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı Azərbaycan Respublikasının Nərimanov RPİ 18-ci PB və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Maliyyə Nazirliyindən ona dəymiş mənəvi ziyana görə 1000 manat və maddi ziyana görə 500 manat pul tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(005)-333/2021 saylı qərarı ilə təqdim olunan inzibati protokol Nərimanov RPİ 18-ci PB-nin əməkdaşı X8 tərəfindən tərtib edilib. İddiaçını hərbi formada, daha doğrusu, yalnız hərbi şalvarda olduğuna görə inzibati cəzaya cəlb ediblər. Onun qeyri-qanuni hərəkətləri nəticəsində əsgər yoldaşı ilə birlikdə zorla polis bölməsinə aparılaraq qanunu aşan şəxs kimi tanındığı üçün ruhi iztirab və stress keçirmişdir. İddiaçı 2-ci Qarabağ müharibəsinin iştirakçısı olub, üç medalla təltif olunmuş və saxlandığı gün Nərimanov rayon hərbi komissarlığından ilk medalını almağa dəvət almışdır. Müdafiə Nazirliyinə ilk təltif olunanlardan biri kimi onun və digər oğlanların şəklini çəkəcəkləri üçün hərbi komissarlığın zabiti təkidlə geyim formasında olmağını tələb etdi. İddiaçıya zəng vurub bir saat ərzində gəlməyini istədilər. Formanın bir hissəsi yuyulmuşdu, qurumağa vaxtı olmayacağı üçün xaki mülki sviter geyinmişdir. Komissarlıqdan medal və təbrik alaraq evə yollandı. Metronun yaxınlığında 2020-ci ilin oktyabr ayının sonunda döyüş bölgəsindən təxliyə olunmuş və bütün bunlar Papanin xəstəxanasında olan əsgər qardaşı ilə qarşılaşdığı vaxt skamyada oturmuşdu, onu görüb sevindi, dedi ki, anası xəstədir, rayondadır, xəstəxanada olduğunu bilmir, zəng edib, gələcəyini demədi ki, beynindən yaralıdır, çoxlu yaralı olduğundan avtobusu qarışdırıb Papanin xəstəxanasına çatmaq üçün kömək istəyib. Taksi maşını saxlamaq istəyəndə polislər onun yanına gəlib qaydanı pozduğunu dedilər. Polislər hamının gözü qarşısında onu kobud şəkildə polis maşınına mindirdi. Ofisə gətirdilər və oradan ayrıldılar. Onlara nə qədər başa salıb ki, müharibədən qayıdıb, bu onun hərbi geyimidir, hərbi komissarlıq mükafatlandırma mərasimində təkidlə hərbi formada iştirak edirdi. Polis əməkdaşı Yusifkənan Mirsəleh oğlu protokol tərtib edərək dedi ki, onu məhkəməyə çağıracaqlar. Həmkarı məhkəməyə həkim və tibb bacısı ilə gəldi, xəstəlik tarixçəsi, xəstəxananın dolu olduğunu, müşayiət etməyə vaxtlarının olmadığını izah etdilər, Diaqnostikaya göndərildiyini göstərdilər və bu, tibb müəssisəsinin baş həkimi ilə razılaşdırıldı. Məhkəmə iclası zamanı məhkəmə polis əməkdaşının hərəkətlərinin əsassız olduğu, səlahiyyətlərinin aşıldığı, saxlanmağının qanunsuz olduğu qənaətinə gəlib və onun protokolunu qanunsuz hesab edib. Ona görə də zorla şöbəyə gətirilməyi, qanunsuz saxlanmağı və 18-ci polis bölməsində cinayətkar kimi saxlanmağı ona ruhi iztirablar vurub. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçı barəsində qanuna zidd hərəkətlər edilmişdir. Bu səbəbdən onu polis şöbəsinə məcburi aparıb izahatlar alınmış və iddialar irəli sürmüşlər. Onlara sübut edənə kimi onlar iddiaçı ilə cinayət törətmiş şəxs kimi davaranmışlar. Bununla da, o, mənəvi iztirab keçirmiş və təqsirsizliyini sübut etmək üçün məhkəməyə müracaiət etmək məcburiyyətində qalmışdır. Orada müəyyən hərəkətlər etmək üçün müəyyən məbləğlər xərcləmiş və yollara da müəyyən məbləğdə pul xərcləmişdir. Tərəflərin iştirakı və izahatlar: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, onun oğlunu, yəni hazırki iş üzrə iddiaçını 25 yanvar 2021-ci il tarixdə günorta saatlarında saxlamış, polis bölməsinə aparmışlar. Həmin gəcə oğlu evə gəlməmişdir. Narahat olduğu üçün 102 xidmətinə şikayət etmişdir. X5 zəng edib demişlər ki, oğlunu yenidən Qarabağa aparmışlar, o da çox narahat olmuşdur. Lakin ona zəng edən şəxs zarafat etdiyini demişdir. Səhəri gün oğlu evə gələrək onun hərbi geyimdə olduğu üçün polis tərəfindən saxlanılmasını və məhkəməyə aparılmasını bildirmişdir. Bundan sonra oğlu mənəvi sarsıntı keçirmiş, həkimə müraciət etmişlər və həkim onun oğluna əsəb sakitləşdirici müalicə yazmışdır. Hazırda iddianın tam təmin edilməsini xahiş etmişdir. Cavabdeə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında öz nümayəndələrinin iştirakını təmin etməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən gəlməyən tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi məhkəməyə iddiaya etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı təhqiqat və ibtidai istintaq orqanlarının qanunsuz hərəkətləri nəticəsində dəymiş maddi ziyana görə 500 manat, mənəvi ziyana görə 1000 manat kompensasiya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyi bu prosesə cavabdeh kimi cəlb edilmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edilir ki, həmin iddia tələbi rədd edilməlidir. İddiaçı iddia ərizəsində heç bir əsas göstərmədən ona xeyli miqdarda ziyan vurulmasına görə zərərin əvəzinin ödənilməsini tələb edir. İddiaçı ərizəsində “müəyyən hərəkətlər” etdiyinə görə və yollarda müəyyən məbləğlər xərclədiyini qeyd edərək kompensasiya ödənilməsini tələb etmişdir. Lakin bu “müəyyən hərəkətlər”in nədən ibarət olduğunu qeyd etməmişdir. Qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının tələb etdiyi xərclərə görə hər hansı kompensasiya nəzərdə tutulmamışdır. İddiaçı həmçinin mənəvi ziyana görə 1000 manat kompensasiya ödənilməsini tələb edir. İddia ərizəsindən aydın olur ki, iddiaçı barəsində sadəcə inzibati xəta haqqında iş üzrə icraat aparılıb, həmin maddədə nəzərdə tutulan inzibati xətaya görə cərimə olunmayıb, azadlığı məhdudlaşdırılmayıb. Göründüyü kimi iddiaçıya qarşı ərizəsində şişirdilmiş formada vurğuladığı kimi onu ruhi və mənəvi iztirablara məruz qoyacaq hər hansı hərəkət olunmayıb. Qüvvədə olan qanunvericiliyə əsasən şəxsə vurulmuş mənəvi ziyan dedikdə, vətəndaşın fiziki və mənəvi iztirabları, onun şərəf və ləyaqətinin ləkələnməsi, ona böhtan atılması, ictimaiyyət arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayılması, habelə mənəviyyatına, əxlaq normalarına, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Hesab edilir ki, iddiaçı onun barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə dair əsaslı sübutlar göstərə bilməmişdir. Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 manatdır. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının iddia tələbində Maliyyə Nazirliyini cavabdeh qismində göstərməsinin əslində də heç bir hüquqi əsası yoxdur. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Göründüyü kimi cinayət prosesini həyata keçirən orqan (vəzifəli şəxs) hazırki iddia tələbi ilə bağlı təqsirkar sayılmalı və iddia sahibinə həmin orqana (vəzifəli şəxsə) münasibətdə baxılıb qətnamə qəbul edilməlidir. Ümumiyyətlə iddiaçı heç bir əsaslandırma və sübut göstərmədən maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edir. İddiaçının maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, onun iddia ərizəsində bu zərəri sübut edəcək heç bir fakt mövcud deyildir. İş materialları: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-333/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən İddiaçı əməlində Azərbaycan Respublikası İXM-nin 534-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından icraata xitam verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3700/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Bölməsi və X2 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsindən sorğu edilmiş İddiaçı barəsində aparılmış inzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: Nərimanov RPİ PPXB-nin polis nəfərləri Nihad Novruzov və Hümbət Cəlilli tərəfindən Nərimanov RPİ 18-ci PŞ-nin rəisinə ünvanlanmış raportda qeyd olunur ki, xx.xx.2021-ci il tarixində xidməti ərazidə xidmət apararkən təxminən 13:30 radələrində hərbi polisin piyada patrul əməkdaşları yaxınlaşaraq 2 nəfər şəxsi hərbi formada gəzdikləri üçün onları bölməyə təmin etməyi xahiş etmişlər. Onlar da həmin şəxsləri 18-ci PB-nə gətirib Növbətçi hissəyə təhvil vermişlər. Xahiş olunur ki, həmin şəxslər barəsində qanuni tədbir görülsün. İddiaçı tərəfindən Nərimanov RPİ 18-ci PŞ-nin rəisinə ünvanlanmış izahatda göstərilmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 13:00 radələrində hərbi geyimdə Nərimanov rayon metrosu yaxınlığında Təbriz küçəsində ola zaman hərbi polis əməkdaşı ona yaxınlaşıb hərbi geyimdə, yəni yalnız hərbi şalvarda olduğuna görə hərbiçi olubolmadığını müəyyən etmək üçün ondan sənədlərini təqdim etməsini tələb etmişdir. O da üzərində olan mobil telefonunda olan Müdafiə Nazirlyinə aid olan təyinat vərəqəsinin şəklini ona təqdim etmişdir. Sonra hərbi polis əməkdaşı ərazidə xidmət aparan PPX-nin əməkdaşlarına onu təhvil vermişlər və onlar onu 18-ci polis şöbəsinə dəvət etmişlər. Nərimanov RPİ-nin 18-ci PŞ-nin xx.xx.2021-ci il tarixli, MN №06290770 protokolundan (elektron sənəd versiyasında) görünür ki, İddiaçı barəsində hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşımağa görə AR İXM-nin 534-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi tarix olaraq xx.xx.2021-ci il günorta saatları göstərilmişdir. Nərimanov RPİ-nin 18-ci PŞ-nin xx.xx.2021-ci il tarixli, MN №06290770 protokolundan (müvafiq blank versiyasında) görünür ki, İddiaçı barəsində hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşımağa görə AR İXM-nin 534-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi tarix olaraq xx.xx.2021-ci il saat 13 radələri göstərilmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarının məzmunundan görünür ki, Nərimanov RPİ 18-ci PŞ tərəfindən xx.xx.2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas İddiaçı 25 yanvar 2021-ci il tarixdə saat 13:00 radələrində Bakı şəhəri Nərimanov rayonu,Təbriz küçəsində hərbi və xüsusi geyim formalarını daşımaq qaydalarını pozması olmuşdur. Qərarında məzmununda izahatları qeyd edilmiş Bakı şəhəri, Nərimanov RPİ 18-ci PŞ-nin polis sahə inspektoru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan İddiaçı izahatlarında İddiaçı tərəfindən törədilməsi ehtimal edilən inzibati xətanın xx.xx.2021-ci il tarixdə saat 13 radələrində aşkar edilməsi qeyd edilmişdir. Həmçinin Nərimanov Rayon Məhkəməsinin 3(005)-333/2021 saylı inzibati xəta haqqında iş üzrə məhkəmə iclasının protokolundan iclasın xx.xx.2021-ci il tarixdə keçirildiyi aydın olur. Nümayəndə Nikolayevnanın xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində 102 xidmət mərkəzinə müraciət edib-etməməsinə dair Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)1100/2024 nömrəli sorğu məktubuna Daxili İşlər Nazirliyi X3 Xidmətinin xx.xx.2024-cü il tarixli məktubundan göstərilmişdir ki, arxivlərin saxlanma müddəti bitdiyindən 2021-ci ilin yanvar ayı üzrə məlumatların araşdırılması mümkün deyil. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın verdiyi xx.xx.2023-cü il tarixli M/V seriyalı 124118 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Tətbiq edilməli qanunvericilik: Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin 7-ci hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. 7-ci maddəsinin 1-ci bəndinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Konstitusiya Məhkəməsinin göstərilən Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarından görünür ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi əsassız olaraq barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş və iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququ yaranmışdır. Lakin məhkəmə iddia tələbinin maddi və mənəvi zərərin ödənilməsi olmaqla iki hissədən ibarət olmasını nəzərə alaraq hər bir hissənin ayrıca sübutetmə predmetinə malik olmasını qeyd etməyi zəruri hesab edir. Məhkəmə iclasında mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, İddiaçı qanunsuz olaraq inzibati məsuliyyətə cəlb edilməsi, onun məhz Vətən Müharibəsində iştirakı ilə əlaqədar geyim formasına görə inzibati xəta törədən şəxs hesab edilməsi onun mənəvi sarsıntı keçirməsinə səbəb olmuşdur. Baş vermiş hadisə zərərçəkmişin şüuruna təsir göstərməklə onda mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Belə ki, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, A.A.X6 veteranıdır və onun inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq qaydada saxlanıldığı gün,yəni xx.xx.2021-ci il tarixdə onun hərbi geyimdən istifadə etməsinə həm zərurət olmuşdur və həmçinin də onun bu geyimə hüququ və mənəvi haqqı olmuşdur. Bununla bağlı məsələlər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə öz həllini tapmışdır. Hazırda iddiaçının mübahisələndirdiyi iki məqam ondan ibarətdir ki, iddiaçı bildirir ki, həm onun barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilməsi və həmçinin də xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək qanunsuz olaraq polisdə saxlanılması ona mənəvi zərər vurmuş və bunun nəticəsində sonrakı müddətdə həkimə müraciət edərək maddi zərərə düşdüyünü bildirmişdir. İddiaçının xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək qanunsuz olaraq saxlanması iş materiallarında olan inzibati xəta haqqında protokol, inzibati xəta haqqında iş üzrə icraat zamanı izahatı alınmış şəxslərin izahatları ilə daha yüksək ehtimala söykəndiyi üçün və bu dəlillər başqa arqumentlərlə təkzib edilmədiyi üçün məhkəmə bu halı nəzərə alır. Lakin iddia tələbinin şəxsin bu mənəvi sarsıntıya görə sonradan tibbi dəstək alması və buna görə 500 manat məbləğində maddi vəsait sərf etməsini qəbul etmir. Belə ki, bu hissədə tələb konkret mötəbər sübutlara əsaslanmalı olduğu halda buna dair sübutlar təqdim edilməmişdir. Məhkəmə, iddiaçının təhqiqat orqanının səhvi nəticəsində mənəvi sarsıntı çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçının barəsində əsassız olaraq protokol tərtib olunması, inzibati xəta haqqında iş üzrə icraat aparılmasıxüsusilə həmin an hərbi geyimdə olmağa hüququ və haqqı olması nəzərə alınmaqla- ona mənəvi əzab verən hallardır. Odur ki, iddia qeyd olunan hissədə qismən təmin edilməli və iddiaçının xeyrinə ədalətli həddə, 500 (beş yüz) manat məbləğində mənəvi ziyana görə pul tutulmalıdır. Məhkəmə iddiaçıya ödənilməli mənəvi ziyanın həcmini 500 manat müəyyən edərkən, bütün diqqətəlayiq məqamları nəzərə alır. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş iddiaya etirazda göstərilmiş məqamlarla bağlı qeyd edir ki, Maliyyə Nazirliyi özünün cavabdeh qismində göstərilməsini düzgün hesab etməmişdir, lakin nəzərə alınmalıdır ki, Maliyyə Nazirliyinin cavabdehliyi gələcəkdə qətnamənin icrası baxımından müəyyən edilən haldır. İddiaçı tərəfindən təqdim edilmiş, onun iddiasını əsaslandıran sübutlara isə məhkəmə müvafiq qiymətləndirmə aparmaqla öz qiymətini vermişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı vurulmuş mənəvi zərərə görə isə 500 manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı vurulmuş mənəvi zərərə görə 500 (beş yüz) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar