Məhkəmə qərarları › İş №2(006)-1110/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1110/2025

07.03.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1110/2025 07.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1-də yerləşən mənzil ******* saylı çıxarışa əsasən İddiaçı mülkiyyətindədir. Onun oğlu Cavabdeh həmin aldığı mənzildə pasport qeydiyyatındadır. Lakin oğlu bu mənzildə yaşamır. Oğlu hazırda evdən çıxıb gedib. Oğlu hazırda iddiaçının mənzilində yaşamadığı üçün istifadə hüququ hesab edir ki, tam itmişdir. Ona görə də istifadə hüququna xitam verilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Göstərilənlərə əsasən, Cavabdeh ünvan 1-də olan istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etdi. 4.Məhkəmə iclasında Cavabdeh məhkəməyə yazılı ərizə təqdim edərək bildirdi ki, iddia tələbini tam həcmdə qəbul edir. Belə ki, o anasına məxsus mənzildə qeydiyyatda olsa da, artıq uzun müddətdir ki, ailəsi ilə birlikdə başqa mənzildə yaşayır. Ona görə də iddia tələbinin təmin edilməsinə etirazı yoxdur. 5.Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 6.Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, ünvan 1 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Cavabdeh isə iddiaçının oğlu olmaqla həmin mənzildə qeydiyyatda olsa da, həmin mənzildə yaşamır. İddiaçı hazırda cavabdehin həmin mənzildən istifadə hüququna xitam verilməsini tələb edir, cavabdeh isə iddia tələbini qəbul edir. b) Mülki işin materialları: 7.Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilən MH seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində istifadədə olan 0.13105 ha torpaq sahəsində yerləşən 103 nömrəli evin 51 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 8.Mülki işin materiallarında olan AR Daxili İşlər Nazirliyi tərəfindən verilən ******* nömrəli Arayışdan görünür ki, ünvan 1 ünvanında İddiaçı və Cavabdeh qeydiyyatdadırlar. 9.Mülki işin materiallarında olan AR Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi tərəfindən verilən cavab məktubundan görünür ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin tələblərinə əsasən müraciətdə göstərilən şəxslərin ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə məhkəmə qətnaməsi əsasında həyata keçirilir. Məlumat üçün bildirilir ki, məhkəmə orqanlarına müraciət edilmək hüququ vardır. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 10.Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 11.Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 12.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 29 mart 2016-cı il tarixli Qərarında göstərmişdir ki, “Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür.” 13.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 14."Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin məzmununa görə yaşayış yerini dəyişmiş, başqa ölkədə yaşayış yeri seçmiş, istifadə hüququna xitam verilmiş şəxs qeydiyyatdan çıxarılmalıdır. 15.Hazırki iş üzrə iş materialları ilə müəyyən edilmişdir ki, ünvan 1 iddiaçının xüsusi mülkiyyətindədir. Sözügedən mənzildə qeydiyyatında olan cavabdeh faktiki olaraq da iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən çıxıb getməklə həmin mənzildə yaşamır. Göründüyü kimi cavabdehin uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı bir üzrlü səbəblərlə əlaqədar olmayıb, onun daimi yaşaması üçün başqa yaşayış sahəsinə köçməsi ilə əlaqədardır ki, bu da yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsinin müvafiq qərarına uyğun olaraq kompensasiya verilməməsi anlayışına uyğun olmuşdur. Bundan əlavə, cavabdeh iddianı tam həcmdə qəbul edir. Odur ki, məhkəmə Cavabdeh mübahisə predmeti olan evdən uzun müddət fasiləsiz olaraq istifadə etməməklə həmin hüququn əldə edilməsini zəruri edən əsasın (həmin yaşayış sahəsinə ehtiyacının) mövcudluğunu göstərən hər hansı hərəkətinin olmamasını, o cümlədən istifadə hüququnun həyata keçirilməsinə iddiaçı tərəfindən maneələrin törədilməsinin müəyyən edilməməsini, həmçinin cavabdehin iddia tələbini etiraf etməsini nəzərə alaraq hesab edir ki, bu hallar məhz cavabdehin həmin hüquqdan istifadə etməsini zəruri edən əsasın aradan qalxması kimi qəbul edilməli və cavabdehin mübahisəli mənzildən kompensasiya ödənilmədən istifadə hüququna xitam verilməlidir.

16. Məhkəmə həmçinin qeyd edir ki, mülki iş üzrə cavabdeh məhkəmə iclası zamanı ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini tam həcmdə qəbul etdiyini bildirmişdir. 17.Beləliklə, məhkəmə qeyd edilənləri və cavabdehin iddianın etirafı barədə ərizəsini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 103 nömrəli evin 51 saylı mənzilə olan istifadə hüququna xitam verilməlidir. 18.Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 19.Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 20.Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 21.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 103 nömrəli evin 51 saylı mənzilə olan istifadə hüququna xitam verilsin. Bu qətnamə Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 103 nömrəli evin 51 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar