Məhkəmə qərarları › İş №2(006)-1113/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(006)-1113/2025

14.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1113/2025 14.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi, İddiaçının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4400 (dörd min dörd yüz) manat pul məbləğinin alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Mirzəyev X1 şəhərindən məcburi köçkün olmaqla, ünvan 1 ünvanında Lal-Kar uşaqlar üçün 3№-li xüsusi internat məktəbində ailəsi ilə birlikdə məskunlaşıb. Ailəsini mal-qara saxlamaqla dolandırır. Cavabdeh ilə uzun müddətdir ki, tanışdırlar. O, ət satışı ilə məşğuldur və ondan daima heyvan alıb, aparıb satıb və onun pulunu gətirib verirdi. Sonuncu dəfə 2023-cü ilin sentyabr ayında ondan 2 baş iribuynuzlu heyvan (inək) alıb aparıb satıb amma onun pulunu gətirib verməyib. O həmin heyvanları 4400 (dörd min dörd yüz) manata razılaşmışdırlar. O vaxtdan da onu aldadır və pulunu qaytarmır. Aralarında daim telefon danışıqları və yazışmalar olub, hər dəfə də müxtəlif bəhanələrlə, vaxt istəmələrlə işi uzadıb və pulu qaytarmayıb. Aralarında olan yazışmalar və səs yazıları da onun iddiaçıya borclu olduğunu təsdiqləyir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, işə qiyabi icraat qaydasında baxılmasını, qiyabi qətnamə çıxarılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə, qeyd edilən qanunvericilik normalarının tələblərinə uyğun olaraq, mülki işə cavabdehin iştirakı olmadan və qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X2 izahatında bildirdi ki, o, İddiaçı tanışıdır. Cavabdeh qəssabdır və iddiaçıya 4-5 min borcu var. Ona verilmiş heyvanları satıb pulu verməli idi, lakin 3-5 gün ərzində pulu ödəyəcəyini bildirsə də, 6-7 aydır ki, pulu qaytarmır. Məhkəmə iddiaçının izahatını, şahid ifadəsini və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Mülki işin materiallarına əlavə edilmiş Xətai və Nizami rayonu üzrə Baytarlıq Xidmətinin xx.xx.2022-ci il tarixli məlumatından görünür ki, aparılmış proflaktiki və qabaqlayıcı tədbirlərə (peyvəndləmələrə), kliniki baxışlara cəlb olunmuşdur. İri buynuzlu heyvanlar halhazırda kliniki sağlamdır. Mülki işin materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ümumi 4400 manat olan iri buynuzlu heyvanın pulunun ödənilməməsi ilə bağlı araşdırma aparılmış, lakin göstərilən xüsusatların mülki xarakterli olduğu üçün aidiyyatı üzrə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarına səs yazıları və votsap yazışmaları olan disk əlavə edilmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: Beləliklə də məhkəmə iclasında olunmuşdur ki, Cavabdeh alqı-satqı məqsədi ilə iddiaçıdan 2 baş iribuynuzlu heyvan (inək) almışdır. Aralarındaki razılığa əsasən Cavabdeh həmin 2 baş iribuynuzlu heyvanları (inək) satıb pulunu iddiaçıya təqdim etməli idi. Lakin iddiaçının müraciətlərinə baxmayaraq cavabdeh həmin pulu geri qaytarmamışıdır. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329-cu maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Belə ki, məhkəmə araşdırması zamanı iş materiallarına əlavə edilmiş CD-diskdə mövcud olan səs yazıları və şahid ifadələri ilə müəyyən edildi ki, İddiaçı alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan 2 baş iribuynuzlu heyvanı cavabdehə vermiş, lakin cavabdeh alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir və nəticədə onun icra edilməmiş pul öhdəliyi yaranmışdır. Odur ki, iddiaçı 4400 manat məbləğində borcun qaytarılmasını tələb etməkdə haqlıdır. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddiası təmin edilməli, Cavabdeh 4400 (dörd min dörd yüz) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 4400 (dörd min dörd yüz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qiyabi qətnamə alındığı gündən 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ərizə verilə bilər. Qiyabi qətnamədən həmin qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar