Məhkəmə qərarları › İş №2(006)-1118/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1118/2024

14.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1118/2024 14.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "maddi və mənəvi ziyanının ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı "maddi və mənəvi ziyanının ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ailəsi ilə birlikdə yaşayır. O, Cavabdeh qızı ilə qonşuluqda yaşayır. Onu təxminən 2009-cu ildən tanıyır. 2022-ci ildə iddiaçı özünə məxsus olan 6600 manat dəyərindəki qızılları nisyə olaraq Cavabdeh qızına satmışdır. Cavabdeh isə həmin qızılların 1600 manatını ödəsə də, qalan 5000 manat məbləğində pulu ayda 1000 manat olmaqla hissə-hissə ödəcəyinə söz verdi və onlar öz aralarında şifahi olaraq razılaşdılar. Lakin, sonradan Cavabdeh iddiaçıya qızıl almaq üçün Türkiyəyə getdiyini və 2500 dollara ehtiyacı olduğunu, faizə pul verən adam tanıyıbtanımadığını soruşdu. O da ona kömək məqsədilə faizsiz 2022-ci ilin avqust ayında 2500 dollar məbləğində pul verdi və ona bildirdi ki, Türkiyədən qayıtdıqdan sonra pulunu ödəsin. Sonra isə cavabdehə 2022-ci ilin oktyabr ayında 700 dollar, həmin ayın axırında isə 500 dollar və 500 manat məbləğində pul verdi. İddiaçıdan həmin pulları Göyçay rayonunda torpaq almaq məqsədi ilə aldı. Cavabdeh iddiaçıdan borca götürdüyü puldan 700 dollar və 500 manat məbləğində pulu qaytarmışdır. Cavabdeh iddiaçıya borclu olduğu 10000 məbləğində pulu çox yaxın zamanlarda qaytaracağına söz verdi. Qonşu olduğu üçün yaxşı münasibət və etibar yaranmışdı. İddiaçi ona etibar etdiyi üçün əlavə olaraq kömək məqsədilə pul ödədi. Lakin, sonradan 1 il keçməsinə baxmayaraq Cavabdeh iddiaçının pulunu ödəmədiyini görüb aldadıldığını başa düşdü. Təxminən 1 il sonra onun evinə gedəndə iddiaçıya məlum oldu ki, cavabdeh Türkiyəyə getməyib. Cavabdeh onun etibarından sui-istifadə edərək onu aldatmışdı. Sonradan hətta iddiaçıya məlum oldu ki, Cavabdeh qızı yalnız onu yox, bir çox insanı bu şəkildə aldatmışdır. İddiaçı nə qədər pulun ödənilməsini tələb etsə də, cavabdeh müxtəlif bəhanələr və yalanlarla onu aldatmışdır. Ümumiyyətlə, o vaxtdan etibarən öz qanunsuz əməllərini davam etmişdir. Buna görə də iddiaçı şikayət ərizəsi ilə Abşeron Rayon Polis İdarəsinə müraciət etmişdir. Abşeron rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı X1 tərəfindən araşdırma aparılmış, müraciəti əsasında toplanmış HK-1/6238 nömrəli material üzrə 15 iyul 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Abşeron rayon Polis İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən araşdırma aparılmış, iddiaçının və cavabdehin izahatı alınmış, aralarında yaranmış mübahisə mülki hüquq münasibətlərindən yaranan mübahisə olduğu üçün cinayət işinin başlanması rədd edilmişdir. Bundan əlavə, cavabdeh polis idarəsində tamamilə yalan izahat vermiş, yenə də qanunsuz əməllərini davam etdirmişdir. Cavabdeh ona olan 11600 manat məbləğində borcundan sadəcə 1600 manatını qaytarmış, borcunun qalan hissəsini iddiaçını aldadaraq qaytarmamışdır. Hətta cavabdeh öz hərəkətləri ilə ona mənəvi olaraq zərər vuruşdur. İddiaçı təxminən bir ildir ki, psixoloji olaraq müalicə alır. Nəticədə, artıq onun qanunsuz hərəkətlərindən təngə gəlmiş, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən, Cavabdeh qızından iddiaçıya dəymiş maddi ziyana görə 10.100 (on min yüz) manat, mənəvi ziyana görə 1.000 (min) manat olmaqla, cəmi 11100 (on bir min yüz) manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 123,30 (yüz iyirmi üç manat, otuz qəpik) manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Əvvəlki məhkəmə iclasında Cavabdeh iddiaçıdan borc pul aldığını və iddiaçıdan aldığı borca görə faizlə bağlı sübutunun olmadığını etiraf etmişdir.

4. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq qeyd etmişdir ki, anası rəhmətə gedəndə atası ona onun qızıllarını vermişdi ki, ev alanda satıb evin pulunun üzərinə qoyar. O da həmin qızılları saxlayırdı. Daha sonra cavabdeh ona dedi ki, o, qızıl işi ilə məşğul olur. Ramanıda yaşayan iki bacı var. Onlara bu qızılları versinlər. Onlar da aylıq 1000 manat ona pul versin. O da razılaşdı və qızılları cavabdehə verdi. Bundan sonra isə cavabdeh ona dedi ki, Türkiyəyə gedir, ona borc pul verə bilərmi. Həmin vaxt da onların evdə dollarla pulu var idi. Bibisinin pulu da onda idi. İddiaçı cavabdehə 3000 ABŞ dolları pul verdi və ona bildirdi ki, faizə ehtiyac yoxdur. Ancaq onlar ev alacaqlar. Ona görə də pulu ona tez qaytarsınlar. Daha sonra isə o bildirdi ki, noyabr ayında pulunu qaytara caqdır. Hətta üstündə əlavə olaraq ona 500 manat pul və qızıl komplekt də verəcəkdir. Lakin, üzərindən uzun müddət keçsə də, cavabdeh ona pulu qaytarmadı, qızılların pulundan isə sadəcə axrıncı olaraq 800 manat, ümumilikdə 1600 manat pul qaytarıldı. O, bununla bağlı dəfələrlə ona müraciət etsə də, o, müxtəlif bəhanələrlə borcu qayatmaqdan boyun qaçırdı. O da məcbur qalıb məhkəməyə müraciət etdi. Odur ki, göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirərək izahatında qeyd etmişdir ki, o, iddiaçı ilə 25 ildir ki, qonşudur. Ona pul lazım idi. İddiaçı dedi ki, xalasının pulu ondadır. Ona faizlə verə bilər. O da razılaşdı və ondan ayrı-ayrılıqda 2500 ABŞ dolları və 500 ABŞ dolları, ümumilikdə 3000 ABŞ dolları pul aldı. Həmin pula görə də iddiaçıya 1 il müddətinə, ayda 200 manat faiz ödəmişdir. Bundan başqa, iddiaçıda köhnə, ona qohumundan qalma qızılı var idi. Onun bir tanışı var idi. O iddiaçıya həmin qızıllar barədə dedi. O da bildirdi ki, iddiaçı ilə danşsın aylıq 200 manat ödəməklə qızılları ona verməyə razıdırsa, qızılları almaq istəyir. İddiaçı da razılaşdı. Birlikdə qızılların dəyərini zərgərdə müəyyən etmişlər. Onun dəyəri olan puldan qızılları alan qadın ona 1600 manat pul verib. O da onu iddiaçıya vermişdir. Yerdə qalan məbləği də həmin qadın aylıq ödəyəcəkdir. İddiaçıdan aldığı borca gəlincə isə, onu da bildirir ki, iddiaçı bilirdi ki, onun alacağı var. İddiaçı ona demişdir ki, həmin alacağını alan kimi onun borcunu qaytaracaqdır. Lakin, sonradan iddiaçının həyat yoldaşı ev aldı. İddiaçı da ona bildirdi ki, o, həmin pulu həyat yoldaşından gizli vermişdir. Buna görə də pulu qaytarmalıdır. Belə olan halda da o, borcu qaytara bilməmişdir. O, borc aldığını danmır. Göstərilənlərə əsasən, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a)Məhkəmə tərəfindən müəyyən edilən hallar:

7. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı tərəfindən Cavabdeh ümumilikdə 10.100 manat məbləğində borc pul verilmişdir. Hazırda iddiaçı həmin borc pulun və əlavə olaraq ona dəymiş 1.000 manat məbləğində mənəvi ziyanın və 123,30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən tutulmasını tələb edir. Cavabdeh isə iddia tələbini qismən qəbul edir.

b) Mülki işin materialları:

8. Mülki işin materiallarında olan Abşeron rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı X1 tərəfindən İddiaçı müraciəti əsasında toplanmış HK-1/6238 nömrəli material üzrə qəbul edilmiş 15 iyul 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərardan görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.

9. Həmin qərarda qeyd edilmişdir ki, izahatı alınmış Cavabdeh qızı bildirmişdir ki, barəsində şikayət edən İddiaçı onun qonşusudur. Təxminən 1 il əvvəl Nigardan 3000 ABŞ dolları pulu aylıq 200 manat faiz ödəmək şərti ilə almışdır. Həmin vaxtdan Nigara faiz qaytaracağına söz vermiş, bundan başqa Nigar anasından qalan qızıl-zinyət əşyalarını yaxşı qiymətə satmaq üçşün ona vermişdir. Sonuncuda həmin qızılları tanığıdı şəxsə 6600 manata satdığını, həmin şəxsin o puldan 1600 manat verdiyini, daha sonra qızılların tərkibində dəmirin çox olduğunu aşkar etmiş, Nigar isə bununla razılaşmamışdır. Həmin ərəfədə Səbinə adlı şəxs qızıllara görə ayda 200 manat pul verəcəyi ilə razılaşsa da, Nigarın bununla razılaşmadığını, həmin pulun faizini istədiyini, Nigardan aldığı pulun əvəzində 4100 manat pul geri qaytarmışdır. Hal-hazırda Nigara borclu qaldığı pulu qaytaracağını, sonuncunu aldatmaq niyyətinin olmadığını bildirmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

10. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

11. Məhkəmə hesab edir ki, hazırda İddiaçı öz tələbini alqı-satqı və borc müqaviləsinə dair müddəalarla əsaslandırsa da, tərəflər arasında bu müqavilələr bağlanmadığına görə tərəflər arasında öhdəlik hüquq münasibətləri yaranmamışdır. Məhkəmə qənaətə gəlir ki, bu halda tərəflər arasında münasibətlərə qanundan əmələ gələn öhdəliklərlə bağlı müddəalar (əsassız varlanma) tətbiq olunmalıdır.

12. Azərbaycan Respublikasının Mülki Məcəllənin 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.

13. Eyni Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

14. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

15. Eyni Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

16. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlardan göründüyü kimi, cavabdeh iddiaçıya məxsus ümumilikdə 10.100 manat məbləğində pulu hər hansı qanuni əsas olmadan əldə edib özündə saxlamaqla əsassız varlanmışdır və o, əsassız varlanma nəticəsində əldə etdiklərini iddiaçıya geri qaytarmalıdır.

17. Həmçinin, araşdırma zamanı müəyyən edildi ki, cavabdeh tərəf iddiaçıdan borc pul aldığını etiraf etmişdir (15 iyul 2023-cü il tarixli cinayət işinin rədd edilməsi barədə qərara və məhkəmə iclasındakı şifahi izahatına əsasən).

18. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçıdan aldığı pulun bir qismini geri qaytardığını və əlavə olaraq aldığı borc pula görə faizlər ödədiyini bildirsə də, bununla bağlı sübutlarını məhkəməyə təqdim edə bilməmişdir ki, bununla bağlı sübut etmə yükü bu halda cavabdehin üzərinə düşmüşdür.

19. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).

20. Bundan əlavə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

21. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

22. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, iddia bu hissədə təmin edilməli, 10.100 (on min yüz) manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

23. Məhkəmə mənəvi zərərlə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

24. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

25. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.

26. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.

27. Həmçinin Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

28. İddiaçı isə ona məhz cavabdeh tərəfindən mənəvi zərərin vurulduğunu bildirsə də, Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarının müddəalarına və Azərbaycan Respublikası MPM-in 89-cu maddəsinə uyğun qaydada bunu sübuta yetirə bilməmişdir.

29. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının iddiası bu hissədə əsassız olduğuna görə rədd edilməlidir.

30. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

31. Məhkəmə hesab edir ki, məhkəmə xərci kimi iddiaçı tərəfindən ödənilən 123,30 manat məbləğində dövlət rüsumunun əvəzi də iddia tələbi qismən təmin edildiyindən Cavabdeh yalnız 120 manat pul (dövlət rüsumu kimi) İddiaçı xeyrinə tutulmalıdır.

32. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

34. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

35. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

38. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh 10.100 (on min yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 120 (bir yüz iyirmi manat) manat İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar