Məhkəmə qərarları › İş №2(006)-1119/2019

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1119/2019

13.03.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1119/2019 13.03.2019 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Şəhrəbanı Əziz qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh İKB ASC-yə qarşı “dəymiş maddi və mənəvi zərərin ödənilməsi”tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İKB ASC-dən ona dəymiş 120000 manat maddi və 100000 manat mənəvi ziyana görə, ümumilikdə 220000 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh İKB ASC ilə İddiaçı arasında xx.xx.2006-cı il tarixində 1 il müddətinə kredit və ipoteka müqaviləsi bağlanılmış və 12000 manat pul vəsaiti borc olaraq cavabdehdən alınmışdır. Borcun ödənilməsinin təminatı kimi İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzil ipoteka ilə yüklü edilmişdir. Bir müddət sonra ailə vəziyyətinin anidən pisləşməsi səbəbindən yaranmış öhdəliyini icra edə bilməmiş, bu barədə cavabdehi məlumatlandırmış, buna baxmayaraq cavabdeh məhkəməyə müraciət etmək əvəzinə 2011-ci il tarixədək borcuna əlavə faiz və cərimələr yükləmiş və iddia müddətini ötürərək 2011-ci il tarixində Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. İşə baxan Yasamal Rayon Məhkəməsi iddia müddətininin ötürülməsini nəzərə almadan cavabdehin iddiasını təmin etmişdir. İddiaçı Yasamal Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, xx xxxx 2011-ci il tarixli qətnamənin ləğv olunmasına və cavabdehin ona qarşı irəli sürmüş olduğu borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinin rədd olunmasına dair xx xxxx 2013-cü il tarixli Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi qəbul olunmuşdur. Daha sonra cavabdeh kassasiya şikayyəti vermiş və işə baxan Ali Məhkəmənin mülki kollegiyası kassasiya şikayətini təmin etmədən Bakı Apellyasiya Məhkəməsinin qətnaməsini xx xxxxxx 2013-cü il tarixində qüvvədə saxlamışdır. Beləliklə cavabdeh xx xxxxxx 2013-cü il tarixindən etibarən iddiaçıya qarşı borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi barədə tələbini itirmiş və bununla da iddiaçının mənzilinin yüklü olaraq saxlanılmasına dair heç bir hüquqi əsas olmadığından mənzilin yüklülükdən azad olması istiqamətində müəyyən hərəkətlər etməli idi. Cavabdehin iddiaçıya qarşı hər hansısa bir tələbi olmuşdursa həmin tələb üzrə iddia müddətini ötürməmək şərti ilə məhkəmədə iddia qaldıraraq həmin borcu iddiaçıdan məhkəmə qaydasında tələb edə bilərdi, lakin cavabdehin məsuliyyətsizliyi və borcun qanunsuz şəkildə şişirdilməsi məqsədi ilə cavabdeh iddia müddətini ötürmüş və bununla da, məhkəmələr tərəfindən iddia müddətinin ötürülməsi səbəbindən cavabdehin iddiaçıya qarşı irəli sürmüş olduğu iddialar rədd edilmişdir. Cavabdeh rəsmi və şifahi müraciələrə baxmayaraq heç bir müsbət addım atmamış, əksinə qərəzli şəkildə 2018-ci il tarixədək mənzili yüklü olaraq saxlamış və bununla da iddaçıya ağır zərər vurmuşdur. Belə ki, İddiaçı mərhum həyat yoldaşı X4 cavabdehin bu qanunsuz əməlləri ucbatından dəfələrlə əsəb keçirmiş və 2014-cü ilin fevral ayında vəfat etmişdir. 2014-cü il tarixdən mənzil yüklülükdən azad olunsa da, həmin mənzili 70000 manat pul vəsaitinə sataraq, Tovuz rayonunda fermer fəaliyyəti ilə məşğul olmaqla illik biznes plan üzrə 30000 manat mənfəət əldə oluna bilərdi və cavabdehin hərəkətsizliyi nəticəsində müəyyən olunan 4 il müddətində bu mənfəət ən azından 120000 manat təşkil etmiş olardı ki, cavabdehin bu qanunsuz və qərəzli hərəkətləri ucbatından iddaçı uzun illərdir bu gəlirdən məhrum qalmışdır, ona və ailəsinə son dərəcə ağır və bərpaolunmaz mənəvi zərər dəymişdir. Hazırda iddiaçı ailə başçısını itirmiş 2-ci qrup əlil, iki övladı ilə birlikdə yaşayır. Ona dəymiş mənəvi zərəri 100000 manat pul vəsaiti şəklində dəyərləndirir. İddiaçı cavabdehin qanunsuz və qərəzli hərəkətlərindən təngə gələrək mənzilin yüklülükdən azad olumasına dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, işə baxan məhkəmə kollegiyası iddia tələbini təmin edərək, xx.xx.2018-ci il tarixli qərar qəbul etmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı 2006-cı ildə Cavabdeh İKB ASC-dən 12000 manat kredit götürmüşdür və heç bir ödəniş etməmişdir. İpoteka haqqında Azərbaycan Respublikası Qanununa əsasən ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə, əsas öhdəliyə xitam verildikdə, tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda və ipoteka predmeti məhv olduqda ipotekaya xitam verilir. Qanunda göstərilən halların heç biri baş vermədiyindən bank ipotekaya xitam verməmişdir. Eyni zamanda ipotekaya xitam verilməsi barədə məhkəmə qərarı olsaydı mənzil yüklülükdən azad edilərdi. Həmçinin bank tərəfindən iddiaçıya rəsmi qaydada məktub verilərək ona borcla bağlı güzəşt edilə biləcəyi bildirilmişdir. İddia tələbi əsassızdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxx 2011-ci il tarixli 2(004)-878/2011 saylı qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, iddiaçı Cavabdeh İKB ASC-nin cavabdeh İddiaçı qarşı “borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi”nə dair iddia tələbinin qismən təmin edilməsi və İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, L.Tolstoy küçəsində istifadədə olan 0.0138 ha torpaq sahəsində yerləşən 53 nömrəli, 2 mərtəbəli binada yerləşən 2 mərtəbəli mənzilə tutma yönəldilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2013-cü il tarixli 2(103)- 348/2013 saylı qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, iddiaçı Cavabdeh İKB ASC-nin cavabdeh İddiaçı qarşı “borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Yasamal rayon Məhkəməsinin xx xxxx 2011-ci il tarixli 2(004)-878/2011 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi və Yasamal rayon Məhkəməsinin xx xxxx 2011-ci il tarixli 2(004)-878/2011 saylı qətnaməsinin ləğv edilməsi və Cavabdeh İKB ASC-nin cavabdeh İddiaçı qarşı “borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddiasının təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli 2(103)-4582/2013 saylı qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, iddiaçı Cavabdeh İKB ASC-nin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2013-cü il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2013-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2-1(81)-3677/2018 saylı qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ipotekanın dövlət qeydiyyatının ləğv edilməsinin cavabdehə həvalə edilməsi” barədə iddia tələbinin təmin edilməsi və İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin ipoteka yüklülüyündən azad edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan Tovuz rayon qeydiyyat şöbəsinin xx.xx.2018-ci il tarixli arayışından görünür ki, X4 xx.xx.2014-cü il tarixdə bakı şəhərində ürək çatışmazlığından ölmüşdür. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1-ci maddəsinə əsasən ipotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda. 48.2. Bu Qanunun 48.1.1-48.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır. Həmin Qanunun 15-ci maddəsinə əsasən ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin qətnaməsi ilə iddiaçı Cavabdeh İKB ASC-nin cavabdeh İddiaçı qarşı “borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi”nə dair iddia tələbinin qismən təmin edilmiş və İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, L.Tolstoy küçəsində istifadədə olan 0.0138 ha torpaq sahəsində yerləşən 53 nömrəli, 2 mərtəbəli binada yerləşən 2 mərtəbəli mənzilə tutma yönəldilməsi qət edilmişdir. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə iddiaçı Cavabdeh İKB ASC-nin cavabdeh İddiaçı qarşı “borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Yasamal rayon Məhkəməsinin xx xxxx 2011-ci il tarixli 2(004)-878/2011 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi və Yasamal rayon Məhkəməsinin xx xxxx 2011-ci il tarixli 2(004)-878/2011 saylı qətnaməsinin ləğv edilməsi və Cavabdeh İKB ASC-nin cavabdeh İddiaçı qarşı “borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddiasının təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2-1(81)-3677/2018 saylı qətnaməsi ilə İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin ipoteka yüklülüyündən azad edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, ddiaçı İddiaçı Cavabdeh İKB ASC tərəfindən mənzilin yüklülükdən azad edilməsi ilə bağlı banka müraciət etsə də bank ipotekaya xitam verilməsi barədə qanunvericilikdə nəzərdə tutulmuş əsasların olmaması səbəbindən müraciəti təmin etməmişdir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ipotekaya ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə, əsas öhdəliyə xitam verildikdə, tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda və ya ipoteka predmeti məhv olduqda xitam verilir. Daha sonra iddiaçı bu barədə müvafiq təşkilatlara məktub göndərmiş, lakin ipotekanın dövlət qeydiyyatının ləğvi üçün yalnız 2018-ci ildə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbinin dəymiş maddi ziyanın ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı ona maddi ziyanın vurulmasını bildirsə də, bununla bağlı sübutları məhkəməyə təqdim edə bilmədi. İddiaçı əldən çıxmış fayda və xərcləri iddia ərizəsində qeyd etsə də, onları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin dəymiş mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar aşağıdakıları qeyd edir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 saylı Qərarına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya»nın müddəaları və X7 Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin Qərarın 8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirinin müəyyən edildiyi hallarında, AR MM-nin 1097-ci maddəsinə müvafiq olaraq, mənəvi zərərin ödənilməsi barədə iddia təmin edilə bilər. Məhkəmə qeyd edir ki,iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona mənəvi zərərin vurulmasını, həyat yoldaşı X1 xx.xx.2014-cü il tarixdə ürək çatışmazlığından vəfat etməsinin cavabdehin qanunsuz hərəkətləri və hərəkətsizliyi nəticəsində baş verməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda məhkəmə baxışı zamanı da qeyd olunan hallar öz təsdiqini tapmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi qeyd olunan hissədə də əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh İKB ASC-yə qarşı “dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh İKB ASC-yə qarşı “dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar