Məhkəmə qərarları › İş №2(006)-113/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-113/2024

05.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-113/2024 05.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ X6 oğlunun sədrliyi, X5 qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yerləşən 256 nömrəli mənzilin mülkiyyətçisidir. Həmin binada yerləşən 268 saylı mənzildən iddiaçının mənzilinə dəfələrlə su axıdılmışdır. Yuxarıdakı mənzilin sahibi orada daimi yaşamır. Lakin hərdən bir gecələr qalıb, sonra gedirlər. Hazırda da iddiaçının evinə su axıdılır. İddiaçı 18 saylı MKİS-ə şikayət ərizəsi ilə müraciət etmişdir. Onlar da gəlib mənzilə baxaraq su axıdılmasının yerində şahidi olmuşlar və mənzilə dəyən ziyan barədə akt tərtib etmişlər. İddiaçının mənzilinə su axıdılması nəticəsində mənzilin yeni təmiri, hamamın tavanı, yerin döşəməsi sıradan çıxmış, qonaq otağında divar kağızı qopmuş, divarlar şişmişdir. Həmçinin tualetin tavanına da ziyan dəymişdir. Bunun nəticəsində iddiaçının mənzilinə təxminən 15000 manat məbləğində ziyan dəymişdir. Mənzildə hal-hazırda yaşamaq çətindir. İddiaçının mənzili təmir etdirməyə imkanı yoxdur. Dəymiş ziyanın ödənilməsi üçün cavabdeh təşəbbüs göstərmir. Mənzilin həmin vəziyyətə düşməsinə, orada yaşamağın çətin olmasına görə iddiaçı mənəvi iztirab çəkir. Ona görə də cavabdeh iddiaçıya maddi ziyanla bərabər mənəvi ziyan da vurmuşdur. Mənəvi ziyanın məbləği iddiaçı tərəfindən 1000 manat müəyyən edilmişdir. Göstərilənlərə əsasən ünvan 1 ünvanında yerləşən 256 nömrəli mənzilə vurulan maddi zərərin əvəzi kimi 15000 manat, həmçinin iddiaçıya dəymiş mənəvi ziyan üçün 1000 manat məbləğinda pulun Cavabdeh tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının mənzilinə zərər vurulsa da, bu göstərilən məbləğ qədər deyildir. O, hazırda su axan yeri müəyyən etmək üçün hamımını sökdürmüş və su axan yeri aşkar etmişdir. Düzgün müəyyən edilmiş zərəri ödəməyə razıdır. Göstərilənlərə əsasən qanunamüvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. xx.xx.2011-ci il tarixli 156 saylı çoxmənzilli yaşayış binasının tikintisinə dair fərdi müqavilədən görünür ki, "xxxx" MTK ilə İddiaçı arasında ünvan 2 ünvanında tikilməkdə olan yaşayış binasının 2-ci blok 5-ci mərtəbəsində 3 otaqlı L №-li mənzilin tikintisi haqqında müqavilə bağlamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 3-16-16/2-10/8169 nömrəli, xx.xx.2024-cü il tarixli məhkəmə tikintitexniki ekspertizasının rəyindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu H.B.Əliyev küçəsi 115 saylı evin 256 saylı mənzilinə yuxarı mərtəbədəki 268 saylı mənzildən suyun sızması müəyyən olunmuşdur. Lakin 268 saylı mənzilin qapısı bağlı olduğundan, həmin mənzilə baxış keçirilməsi mümkün olmamış və bu səbəbdən 256 saylı mənzilə dəymiş ziyanın texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. 256 saylı mənzilin tikililərində su sızması nəticəsində yaranış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin dəyəri təqribən 2729 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Bakı şəhəri Binəqədi rayon Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 679 saylı arayışın surətindən görünür ki, İddiaçı Ağdam rayonundan məcburi köçkündür. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yuxarı mərtəbədə yaşayan qonşusu Cavabdeh məxsus mənzildən mütəmadi olaraq onun yaşadığı mənzilə su sızdığını, bunun nəticəsində ona maddi və mənəvi ziyanın dəydiyini bildirmişdir. Qeyd edilən halların və iddiaçıya dəymiş maddi ziyanın məbləğini müəyyən etmək məqsədi ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspert rəyinə əsasən 256 saylı mənzilə 268 saylı mənzildən su sızmasının baş verdiyi, vurulmuş zərərin aradan qaldırılması üçün görülməli təmirbərpa işlərinin təqribi dəyərinin 2729 manat məbləğində olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096, 1097.1, 1097.3 və 1111.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Məhkəmə qeyd edir ki, tərəflər arasında öhdəliyin əmələ gəlmə əsası mülki hüquq pozuntusunun (deliktin) törədilməsidir. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı mülki iş üzrə zərərin baş verməsi, yəni iddiaçının mənzilinə suyun axıdılması nəticəsində ona zərər dəyməsi və suyun cavabdehə məxsus mənzildən axıdılması işin halları ilə sübut olunur. İddiaçının mənzilinə dəymiş ziyanın məbləği ekspert rəyinə əsasən 2729 manat müəyyən edilmişdir. Ona görə də iddia tələbi maddi zərər hissədə qismən təmin edilməli, dəymiş maddi ziyana görə cavabdehdən 2729 manat məbləğində pul tutulmalıdır. Mənəvi zərərlə bağlı məhkəmə qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafıq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fıziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. İddiaçının mənzilinə cavabdehin mənzilindən mütəmadi olaraq suyun axıdılması və mənzilin uzun müddət hazırkı vəziyətdə olması ona mənəvi zərər dəyməsi üçün əsasıdr. Məhkəmə hazırkı mübahisə üzrə işin hallarını nəzərə alaraq iddiaçıya dəymiş mənəvi zərəri 500 manat məbləğində qiymətləndirir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddiaçı məcburi köçkün olaraq dövlət rüsumunu ödəməkdən azad olduğundan və iddianın təmin olunmuş hissəsinin qiyməti 3229 manat olduğundan, ona uyğun dövlət rüsumu olaraq hesablanmış 52,29 manat məbləğində pul Cavabdeh tutularaq Dövlət Büdcəsinə köçürülməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, Cavabdeh maddi zərərə görə 2729 manat, mənəvi zərərə görə 500 manat olmaqla cəmi 3229 manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, dövlət rüsumu olaraq 52,29 manat məbləğində pul Cavabdeh tutularaq Dövlət Büdcəsinə köçürülməli, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manat məbləğində pul Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh maddi zərərə görə 2729 manat, mənəvi zərərə görə 500 manat olmaqla cəmi 3229 manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Dövlət rüsumu olaraq 52,29 manat məbləğində pul Cavabdeh tutularaq Dövlət Büdcəsinə köçürülsün. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manat məbləğində pul Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944). İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar