Məhkəmə qərarları › İş №2(006)-1135/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1135/2024

11.03.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1135/2024 11.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil Rüfət oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər X7, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı "yaşayış sahəsində olan istifadə hüququna xitam verilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdehlər X7, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı "yaşayış sahəsində olan istifadə hüququna xitam verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Ak.M.Topçubaşov küçəsində yerləşən 21 saylı evin, 79 saylı mənzilini cavabdeh X3 Bakı şəhəri 6 saylı Dövlət Notariat Kontorunun Dövlət X1 tərəfindən 4Ə/515 reyestr nömrəsi ilə təsdiq edilmiş 19 may 2017-ci il tarixli “alqı-satqı və ipoteka” müqaviləsinə əsasən almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********03- 05101-093011 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 19 dekabr 2007-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışına əsasən iddiaçının mülkiyyətindədir. Belə ki, iddiaçı ilə cavabdeh X7 arasında müqavilə bağlanarkən ailə üzvlərindən olan Cavabdeh2 “mənzilin iddiaçıya satılmasına etiraz etməməsi barədə” notarial qaydada təsdiq edilmiş ərizəsini təqdim etmiş, digər cavabdehlər isə Cavabdeh3 və Cavabdeh4 həmin vaxt yetkinlik yaşına çatmadıqları üçün onların notarial qaydasında təsdiq edilmiş razılıqların verilməsinə zərurət olmamışdır. Göstərilənlərə əsasən cavabdehlər X4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Ak.M.Topçubaşov küçəsində yerləşən 21 saylı evin, 79 saylı mənzilinə dair istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil Rüfət oğlu iddia tələbini müdafiə edərək izahatında qeyd etmişdir ki, iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Ak.M.Topçubaşov küçəsində yerləşən 21 saylı evin, 79 saylı mənzilini cavabdeh X3 Bakı şəhəri 6 saylı Dövlət Notariat Kontorunun xx.xx.2017-ci il tarixli, 4Ə/515 saylı “Alğı-satqı və İpoteka” müqaviləsinə əsasən almışdır. Həmin mənzil xx.xx.2007-ci il tarixli çıxarışa əsasən hazırda iddiaçının xüsusi mülkiyyətindədir. Yuxarıda adı çəkilən müqavilə bağlanılarkən X4 ailə üzvlərindən olan Cavabdeh2 mənzilin iddiaçıya satılmasına etiraz etmədiyi barədə notarial qaydada təsdiq edilmiş ərizəsini təqdim etmiş, digər cavabdehlər Əlı̇ yeva Almaz Vüqar qızı və Əlı̇ yeva Ülfət Vüqar qızı isə yetkinlik yaşlarına çatmadıqlarından onların razılığının alınmasına zərurət olmamışdır. Hazırda cavabdehlərin iddiaçının mülkiyyətində olan əmlakda qeydiyyatda qalmaqda davam etməsi iddiaçının sərbəst surətdə öz əmlakı barəsində sərəncam verməsi və öz əmlakından müstəqil surətdə istifadə etməsinə maneə yaradır. Odur ki, bu halları nəzərə alaraq, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. Mülki iş üzrə cavabdehlər X7, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

5. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

7. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, X7 mübahisəli Bakı şəhəri, Nəsimi rayonu, Ak.M.Topçubaşov küçəsində yerləşən 21 saylı evin, 79 saylı mənzilini xx.xx.2007-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsi əsasında iddiaçıya satmış və həmin mənzil İddiaçı mülkiyyətinə verilmişdir. Həmçinin, mənzil satıldığı vaxt cavabdeh (satıcı) X4 həyat yoldaşı, digər Cavabdeh2 mənzilin satılmasına etiraz etmədiyinə dair notarial qaydada təsdiqlənmiş ərizə vermiş, digər cavabdehlər Ə.Almaz və Ə.Ülfət isə mənzil satıldığı vaxt yetkinlik yaşına çatmamışdılar. Mənzilin keçmiş mülkiyyətçisi və onun ailə üzvləri mənzildən köçsələr də, hal-hazırda onlar formal olaraq həmin mənzildə qeydiyyatda qalmış, bu da hazırda iddiaçının xüsusi mülkiyyətində olan mənzilə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur. Hazırda iddiaçı cavabdehlərin həmin mənzilə istifadə hüquqlarına xitam verilməsini tələb edir.

b) Mülki işin materialları:

8. Mülki işin materiallarında olan Bakı şəhəri 6-cı Dövlət Notariat Kontorunun dövlət notariusu Ə.L.İmanov tərəfindən təsdiq edilən xx.xx.2007-ci il tarixli, 223/A-İ nömrəli alqısatqı və ipoteka müqaviləsindən görünür ki, satıcı X7 və alıcı X5 arasında müqavilə bağlanmış, həmin müqavilə əsasında satıcı Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 26 aprel 2007-ci il tarixli, 11/11930 saylı arayışa əsasən 2 otaqlı ümumi sahəsi 43.8 kv.m, yaşayış sahəsi 31.0 kv.m olan ünvan 1 ünvanında yerləşən 5 mərtəbəli, 10 bloklu binanın 8 blokunda, 2 mərtəbəsində 79 saylı mənzili alıcı-ipoteka qoyanın mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür.

9. Mülki işin materiallarında olan MH seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ak.M.Topçubaşov küçəsində istifadədə olan 2.39008 ha torpaq sahəsində yerləşən 21 nömrəli, 5 mərtəbəli binada yerləşən 43.8 kv.m ümumi, 31 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 79 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 604 nömrəli reyestr kitabının 55493 nömrəli vərəqində qeydiyyata alınmışdır.

10. Mülki işin materiallarında olan Bakı Nikah Evi tərəfindən xx.xx.2011-ci il tarixdə verilən AZ-İ seriyalı, 657495 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 və X5 arasında xx.xx.2011-ci il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra arvada “Nağıyeva” soyadı verilmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

11. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

12. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

13. İnsan və vətəndaş hüquq və azadlıqlarının dövlət müdafiəsinin təminatlılığı dövlətin Konstitusiyanın 12-ci maddəsində ifadəsini tapmış ali məqsədi ilə bağlıdır. Həmin maddəyə müvafiq olaraq vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Hakimiyyətin ayrı-ayrı qolları insan hüquq və azadlıqlarının qorunmasına görə cavabdehlik daşıyır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

14. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçini qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur.

15. Mülkiyyət hüququnun təbii xarakteri heç də həmin hüququn məhdudlaşdırıla bilinməməsi anlamını vermir. Lakin mülkiyyət hüququnun məhdudlaşdırılması hər bir halda dəqiq və kifayət qədər detallaşdırılmış, konkretləşdirilmiş olmalıdır. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadan istisna kimi baxılmalıdır.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

17. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi dsəq̇ edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyəçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

18. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.

19. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir.

20. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mübahisəli mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyatın aparılması ilə mübahisəli mənzil üzərində cavabdehlərin (əvvəlki mülkiyyətçi Ə.Vüqar və onun ailə üzvləri) hüquqlarına xitam verilmiş, iddiaçının isə bu mənzil üzərində mülkiyyət hüququ əmələ gəlmişdir. İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə mübahisəli mənzilə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin cavabdehlərin mübahisəli mənzildən könüllü olaraq qeydiyyatdan çıxmaması nəticəsində iddiaçı göstərilən hüquqlarını həyata keçirə bilməmişdir. Göründüyü kimi, cavabdehlərin mənzilə sahiblik etmək və mənzildən istifadə hüququ artıq mövcud deyildir.

21. AR MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

22. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli qərarının 1-ci bəndinə əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəlləsinin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

23. xx.xx.2009-cu il tarixədək qüvvədə olan AR Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir.

24. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir.

25. Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “..hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz..”.

26. “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir.

27. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

28. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Cavabdehin evdən istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehin qeydiyyatdan çıxarılmasına əsas verir. Qeyd olunanlar cavabdehi yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və həmin dövlət orqanına izah edilməsidir.

29. Məhkəmə hesab edir ki, qeyd olunan mənzil üzərində mülkiyyət hüququ həmin hüququn daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alındığı andan ona keçmiş və cavabdeh X7 və onun ailə üzvləri mülkiyyət hüququnun tərkib hissəsi olan mənzildən istifadə hüququnu itirmişlər.

30. Bundan əlavə isə məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavavdehlərdən olan X7 qeyd edilən əmlakı ilkin olaraq 1993-cü ildə almışdır. Bu isə onu deməyə əsas verir ki, sonuncunun ailə üzvlərinin hüquqları da mənzilə köhnə Mənzil Məcəlləsinin təsir dairəsində yaranmışdır.

31. Odur ki, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər X7, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Nəsimi rayonu, Ak.M.Topçubaşov küçəsində yerləşən 21 saylı evin, 79 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilməlidir.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

35. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. Cavabdehlər X7, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Nəsimi rayonu, Ak.M.Topçubaşov küçəsində yerləşən 21 saylı evin, 79 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilsin. Bu qətnamə X7, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müvafiq dövlət orqanında qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar