Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1144/2020 09.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Ağayev Cavad Elşad oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cəmaləddin qızının Cavabdeh qarşı «əmlaka vurulmuş ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cəmaləddin qızı Cavabdeh qarşı «əmlaka vurulmuş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmlakına vurulmuş maddi ziyana görə 7.920 manat pul vəsaitinin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cəmaləddin qızı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh mülkiyyətində olan faktiki yaşadığı 9 saylı mənzil onun yaşadığı 5 saylı mənzilin üst mərtəbəsində yerləşir. 2019-cu ilin sentyabr ayının sonlarında cavabdehin yaşadığı mənzilin su xəttində qəza baş vermiş, oradan axan su onun mənzilinə tökülərək mənzilini və ev əşyalarını yararsız vəziyyətə salmışdır. Bu hal Bakı şəhəri Nəsimi rayonu 151 saylı MKİS-in əməkdaşları tərəfindən tərtib edilmiş 02 oktyabr tarixli aktla da tam təsdiq edilir. Mənzilinə axan su mənzilin giriş dəhlizinin parket döşəməsini, divarlarını və tavanını, yataq otağının divarlarını, tavanını, qapısını və elektrik çilçırağını, qonaq otağının parket döşəməsini, divarlarını, tavanını və qapısını, vanna otağında və mətbəxdə elektrik cihazlarını (8 ədəd elektrik çıraqları, 2 ədəd hava sərinkeşi) yararsız hala salmışdır. Mənzilində olan əşyalardan «Petrol» royalı, mebel dəstindən olan əşyalar («qorka», «tumba», jurnal masası, 2 ədəd oturacaq), 17 ədəd müəllifi olduğu, yeni nəşr olunmuş və satılmaq üçün nəzərdə tutulan kitablar, 33 ədəd ədəbi əsərlərdən ibarət köhnə kitablar yararsız hala düşmüşdür. O, hal-hazırda Azərbaycan Respublikasından kənarda yaşayır, bu səbəbdən ölkədən gedərkən mənzilinin açarını doğma qardaşı X2 vermişdir ki, vaxtaşırı mənzilə baş çəksin. Mənzilinə dəymiş ziyanla bağlı məlumat aldıqdan sonra bir neçə dəfə cavabdehlə telefonla danışmışdır və razılaşma əsasında vurduğu ziyanın ödənilməsini ondan xahiş etmişdir. Cavabdeh ziyanın ödənilməsi ilə bağlı əvvəl razılaşsa da sonra öhdəliyini icra etməkdən imtina etmişdir. Bu səbəbdən, məcbur olub xx xxxxxxx 2019-cu il tarixdə təyyarə ilə yaşadığı Cenevrə şəhərindən Bakı şəhərinə gəlmişdir. İlk olaraq cavabdehlə görüşüb bu mübahisəni barışıq yolu ilə həll etmək istəmişdir. Lakin buna nail ola bilməmişdir. Bakıda olduğu müddətdə 200 manat xərc çəkərək vanna otağında və mətbəxdə olan sıradan çıxmış 8 ədəd elektrik çıraqlarını və 2 ədəd elektrik hava təmizləyicilərini (sərinkeşləri) yeniləri ilə əvəz etmişdir. 400 manat isə royalın işlək mexanizmlərinin qurudulması, təmiri və köklənməsinə xərcləmişdir. Ziyanın əvəzinin ödənilməsi üçün lazım olan pul vəsaitnin miqdarını mütəxəssislərin rəyi əsasında müəyyən etmişdir. Mübahisənin məhkəmə qaydasında həll edilməsində nümayəndə qismində iştirak etməsi üçün qardaşı X2 notarial qaydada təsdiq edilmiş etibarnamə verərək xx.xx.2019-cu il tarixdə Cenevrəyə qayıtmışdır. Belə ki, xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixə qədər müddətdə Azərbaycana olan səfəri ona cəmi 1.600 manata başa gəlmişdir. 1.000 manat avia biletlərin pulu və 600 manat Bakı şəhərində olduğu 17 gün müddətində çəkdiyi digər xərclər. Bundan başqa, mənzilin giriş dəhlizinin tavanını, divarlarını və parket döşəməsini bərpa etmək üçün 1.000 manat, yataq otağının tavanını, divarlarını, çilçırağını və qapısını bərpa etmək üçün 1.050 manat, qonaq otağının tavanını, divarlarını, qapısını və parket döşəməsini bərpa etmək üçün isə 2.400 manat pul vəsaiti lazımdır. Mənzilində olan mebelə dəyən ziyan 600 manat, müəllifi olduğu 17 ədəd kitabların hər biri 20 manat olmaqla, cəmi 340 manat, 33 ədəd köhnə kitabların hər birinin qiyməti 10 manat olmaqla, cəmi 330 manat qiymətləndirir. Beləliklə, cavabdeh onun əmlakına 7.920 manat ziyan vurmuşdur. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək izahatında bildirdi ki, iddiaçının mənzilinə həqiqətən su sızması halı olub. Su daimi axmır, yalnız bir dəfə axıb, sızıb qonşu mənzilə. Suyun təzyiqi səhərlər çox olur və bu cür hal baş verir. Öz mənzilinə də ziyan dəyib bu səbəbə görə. İddiaçıya rəhmətlik anası sağ olarkən evin təmirinə görə 1.000 manat pul təklif etmişdir, indidə həmin təklif qüvvədədir. Həmçinin təklif etmişlər ki, pulla razı deyilsə, özləri təmir etdirsinlər mənzili. Lakin iddiaçı təklif olunan məbləğlə razı deyil, çox miqdarda vəsait tələb edir. Hətta iddiaçı ondan royalın təmirinə görə 5.000 manat pul istəmişdir axırda 300-400 manata düşmüşlər. Məhkəmədən iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri Nəsimi rayonu Bakıxanov küçəsi 7 saylı evin 5 saylı mənzili İddiaçı Cəmaləddin qızının mülkiyyətində, Bakı şəhəri Nəsimi rayonu Bakıxanov küçəsi 7 saylı evin 9 saylı mənzili isə Cavabdeh mülkiyyətindədir. 151 saylı MKİS-in işçiləri tərəfindən tərtib olunmuş aktdan göründüyü kimi, 9 saylı mənzildən 5 saylı mənzilə su sızması nəticəsində 5 saylı mənzilə ziyan dəymişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 2379/2760 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində qeyd olunanlara, o cümlədən baxış zamanı aşkar olunmuş faktiki vəziyyətə və mülki iş materiallarında olan 151 saylı Mənzil-Kommunal İstismar Sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş xx xxxxxxx 2019-cu il tarixli aktın məlumatlarına əsasən, Bakı şəhəri Nəsimi rayonu Bakıxanov küçəsində yerləşən 7 saylı evin 5 saylı mənzilnə suyun üst mərtəbədə yerləşən 9 saylı mənzildən suyun sızması müəyyən edilir. Su sızması nəticəsində 5 saylı mənzildə əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 1.499 manat məbləğində müəyyən edilmişdir. Su sızması nəticəsində 5 saylı mənzildə olan, ekspert baxışına təqdim olunmuş istifadədə olmuş əşyalara dəymiş ziyan təxminən 542 manat müəyyən olunur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21.1ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşin faktiki hallarından göründüyü kimi, Bakı şəhəri Nəsimi rayonu Bakıxanov küçəsi 7 saylı evin 5 saylı mənzilinə 1.499 manat, mənzildə olan əşyalara 542 manat məbləğində ziyan dəymişdir. Ziyan məhz 9 saylı mənzildən suyun sızması nəticəsində vurulmuşdur. Beləliklə, maddi zərərin ödənilməsi tələbinə dair hissədə iddia qismən təmin edilməli, qeyd olunan maddi ziyan qanunvericiliyə əsasən cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, mənzilə vurulmuş zərərə görə 1.499 manat, mənzildəki əşyalara dəymiş ziyana görə 542 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 2.071 manat Cavabdeh tutularaq İddiaçı Cəmaləddin qızına ödənilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməlidir. İddianın qalan hissəsi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Mənzilə vurulmuş zərərə görə 1.499 manat, mənzildəki əşyalara dəymiş ziyana görə 542 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 2.071 manat Cavabdeh tutularaq İddiaçı Cəmaləddin qızına ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilsin. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-1144/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1144/2020
09.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver