Məhkəmə qərarları › İş №2(006)-1148/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1148/2021

15.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1148/2021 15.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı "maneənin aradan qaldırılması və giriş qapısının açılması tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı "maneənin aradan qaldırılması və giriş qapısının açılması tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi (Gəncə xanı) bina 70, 84 saylı mənzili 30.08.2019-cu ildə alqı-satqı qaydasında almış, mənzilin xüsusi mülkiyyətində olmasına dair çıxarışı vardır. Mənzildə iddiaçı və 3 oğlu yaşayırlar. Azyaşlı uşaqlarından üçü də əlildir. Eləcə də həmin mənzil binanın birinci mərtəbəsində yerləşdiyinə görə mənzilin altında yerləşən zirzəmini də alqı-satqı qaydasında almış, qeyri-yaşayış sahəsinin texniki pasportunu adına sənədləşdirmişdir. Lakin hazırda qeyri-yaşayış sahəsini istədiyi kimi istifadə edə bilmir, çünki Cavabdeh-nın sədri özbaşına sahəyə girir, müdaxilə edir, daha sonra giriş qapısını bayırdan daşla hördürüb içəri daxil olmağına imkan vermir. İddiaçı həmin qeyriyaşayış sahəsinə ayrıca 20.000 manat ödəmiş və sahibindən almışdır. Bundan başqa 10.000 manat xərc çəkərək əsaslı təmir etdirmişdir. Bütün bunlara baxmayaraq, hazırda həmin qeyriyaşayış sahəsinin giriş qapısı Cavabdeh -nın sədri tərəfindən daşla hörülüb, iddiaçı mülkiyyətindən məhrum edilmiş, çünki istifadə edə bilmir. Digər tərəfdən, «Təhsil” MTK-nın sədri özü zirzəmidə su və kanalizasiya borularını sındırmış, axıntı sularını zirzəmiyə buraxmışdır. Hazırda axıntı suları zirzəmiyə axdığına görə mənzildə yaşamaq mümkün deyil. Göründüyü kimi iddiaçı mülkiyyətindən istifadə hüququndan məhrum edilmişdir. Göstərilələrə əsasən Cavabdeh-nın Bakı şəhəri, Cavadxan küçəsi, ev 70, 84 saylı mənzilin altında yerləşən, sahəsi 17 km. olan qeyri-yaşayış sahəsindən iddiaçının istifadə etməsinə yaradılmış maneələrin aradan qaldırılması və həmin sahəyə girişin açılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" MTK-ya məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilsə də, müxtəlif səbəblərdən bildirişlər həmin ünvana çatdırılmadan məhkəməyə geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 30.08.2019-cu il tarixli Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən, sahəsi 17 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 121 saylı reyestr kitabının 11339 nörməli vərəqində ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 29.08.2019-cu il tarixli texniki pasporta əsasən Bakı şəhəri, Cavadxan küçəsi, ev 70, 84 saylı mənzilin altında yerləşən, sahəsi 17 km. olan qeyri-yaşayış sahəsi İddiaçı məxsusdur. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1454 saylı, 08 iyul 2021-ci il tarixli rəyindən görünür ki, İddiaçı məxsus, texniki pasportda öz əksini tapmış Bakı şəhəri, Cavadxan küçəsi, ev 70, 84 saylı mənzilin altında yerləşən, sahəsi 17 kv.metr olan qeyriyaşayış sahəsinin giriş qapısı ilə üzbəüz divardan giriş qapısının açılması layihə-smeta sənədləri tərtib edildikdən, müvafiq qaydada ekspertizadan keçirirdikdən və aidiyyəti orqanlarla razılaşdırıldıqdan sonra həyata keçirilə bilər. Həmçinin, əsas yükdaşıyıcı və fasad divarlarında qapı və pəncərə boşluqlarının açılması, genişləndirilməsi, divarların sökülüb götürülməsi, torpaq qatının çıxarılması və s. bu kimi işlər ümumilikdə həmin binaların dayanıqlığının və möhkəmliyinin zəifləməsinə səbəb olur və ya müəyyən dərəcədə təsir göstərir. Buna görə də bu kimi işlər, həmin sahələr üzrə ixtisaslaşdırılmış layihə təşkilatları tərəfindən təsdiq edilmiş gücləndirmə layihələri işlənib hazırlandıqdan sonra və gücləndirmə işləri görülməklə aparılmalıdır, lakin həmin dəyişikliklərin binaya nə dərəcədə təsir etməsi, bina üzrə tikinti konstruktoru tərəfindən müvafiq araşdırmalar və hesablamalar aparılaraq ayrı-ayrı konstruktiv elementlərin faktiki vəziyyəti öyrənildikdən sonra müəyyən oluna bilər. Ekspert tədqiqatının dəyəri 50 (əlli) manat təşkil etmişdir. Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla, müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmçinin, Mülki Məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa, vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı Bakı şəhəri, Cavadxan küçəsi, ev 70, 84 saylı mənzilin altında yerləşən, sahəsi 17 km. olan qeyri-yaşayış sahəsindən istifadə etməsinə yaradılmış maneələrin aradan qaldırılması və həmin sahəyə girişin açılmasını tələb edir. İş üzrə obyektiv həqiqətin müəyyən olunması məqsədilə məhkəmə tərəfindən iş üzrə məhkəmə tikintitexniki ekspertizası keçirilmişdir. Ekspert rəyindən görünür ki, Bakı şəhəri, Cavadxan küçəsi, ev 70, 84 saylı mənzilin altında yerləşən, sahəsi 17 kv.metr olan qeyri-yaşayış sahəsinin giriş qapısı ilə üzbəüz divardan giriş qapısının açılması layihə-smeta sənədləri tərtib edildikdən, müvafiq qaydada ekspertizadan keçirirdikdən və aidiyyəti orqanlarla razılaşdırıldıqdan sonra həyata keçirilə bilər. Həmin hal (ekspert rəyi) mübahisəsiz xarakter daşıyır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı məxsus olan Bakı şəhəri, Cavadxan küçəsi, ev 70, 84 saylı mənzilin altında yerləşən, sahəsi 17 km. olan qeyri-yaşayış sahəsinin qapısı ilə üzbəüz divardan giriş qapısının açılmasına layihə-smeta sənədləri tərtib edildikdən və aidiyyəti orqanlarla razılaşdırıldıqdan sonra icazə verilməli və həmin qeyri-yaşayış sahəsindən İddiaçı istifadəsinə Cavabdeh tərəfindən edilən maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh-dan tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı məxsus olan Bakı şəhəri, Cavadxan küçəsi, ev 70, 84 saylı mənzilin altında yerləşən, sahəsi 17 km. olan qeyri-yaşayış sahəsinin qapısı ilə üzbəüz divardan giriş qapısının açılmasına layihə-smeta sənədləri tərtib edildikdən və aidiyyəti orqanlarla razılaşdırıldıqdan sonra icazə verilsin və həmin qeyri-yaşayış sahəsindən İddiaçı istifadəsinə Cavabdeh tərəfindən edilən maneələr aradan qaldırılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh-dan tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar