Məhkəmə qərarları › İş №2(006)-1158/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1158/2020

09.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1158/2020 09.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "əsassız varlanma" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsassız varlanma yolu ilə əldə etdiyi birinci devalvasiya ücün 1250 manat, ikinci devalvasiya ücün isə 3187 manat olmaqla, ümumilikdə 4450 manat pul vəsaitinin ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, 2015ci ilin yay aylarında "Turbo.az" saytında ağ rəngli "Kia Rio" markalı, ** SP *** dövlət nömrə nişanlı avtomaşının satışa qoyulduğunu görmüşlər. Həmin maşını çox bəyənmiş və onu almaq qərarına gəlmişlər. Maşının mülkiyyətçisi Cavabdehla telefon əlaqəsi saxlamış və onunla görüşmüşlər. Bu zaman maşının bütün texniki xüsusiyyətləri ilə maraqlanmışlar. Həmin maşın Nərimanov rayonu, Atatürk prospekti 50 A-da yerləşən "xxxxxxxxxxxx"da kreditdə idi. Onlar mülkiyyətçi ilə birlikdə "xxxxxxxxxxxx"nun ofisində olmuş və kredit barədə onlara məlumat verilmişdir. O,maşını Cavabdeh alanda maşına görə banka olanborc 7952 ABŞ dolları 16 ayına görə, son bir ayına görə isə 472,41 ABS dolları, cəmi olan borc 8424,41 ABŞ dolları təşkil edirdi. Həmin məbləği o, hər ay məzənnəyə uyğun olaraq onlara təqdim olunmuşqrafik əsasında öz adından manatla ödəniş edirdi. Avtomobil ipoteka predmeti olduğundan, özgəninkiləşdirilməsi mümkün olmadığından və Onların ailə üzvlərindən heç kimin sürücülük vəsiqəsi olmadığına görə qızı X3 adına xx.xx.2015-ci il tarixdə İbrahim X5 rayon 7 saylı notariat kontorunda mülki etibarnamə vermişdir. Maşını təhvil alan gündən, yəni xx.xx.2015-ci il tarixdə yaxın qohumu X1 üçün etibarnamə vermişlər ki, həyat yoldaşı sürücülük vəsiqəsi alanadək müvəqqəti olaraq ailəyə köməklik etsin. 2015-ci ilin dekabr ayının 21-də dollar valyutası yenidən qalxmış, ölkə ikinci devalvasiya yaşamışdır. Elə aylar olmuşdur ki, ödənişi etmək üçün evdə olan ailələrinə məxsus qızıl-zinət əşyalarını satmışdır ki, maşına olan aylıq borcunu vaxtında ödəniş etsin, heç vaxt da gecikmə etməmişdir. Hər ay həmin dövrdə gündən-günə dəyişən məzənnəyə uyğun manatla ödəniş etmişdir. Dollar məzənnəsi 2015-ci ilin dekabırında 1 manat 55 qəpik təşkil edirdi və hər ay qalxıb yuxarıya doğru istiqamət götürmüşdür. Bu isə o deməkdir ki, o dövrdə banka olan qalıq borcları demək olar ki, 50%-dək qalxmışdır. Cavabdeh maşına görə ilk devalvasiya dövründə yalnız 4 ay pul ödəmişdir. Onlar İbrahimdən maşını 2015-ci ilin iyun ayında almış və İbrahimə maşına görə 5750 manat nağd pul vermişlər. Maşının pulunu ödəyəndə İbrahim onlara bildirmişdir ki, iyun ayının pulu bu pulun içindədir və onlar ödənişə iyul ayından başlayacaqlar. Amma ödənişin vaxtı çatanda ona zəng edərək bildirmişdir ki, "Solmaz xala, mənim pulum yoxdur, ödəniş edə bilməyəcəm, vəziyyətim çox pisdir." O, İbrahimə bildirmişdir ki, “Ay İbrahim, biz axı belə danışmamışıq." İbrahim isə ona cibində cəmi 100 manat olduğunu bildirmiş və yalnız 100 manat ödəyə biləcəyini demişdir. O, məcbur olub razılaşmışdır. Yerdə qalan iyun ayına olan borcu ödəmiş və bununla onlar ödəniş etməyə 2015-ci ilin iyun ayında başlamışlar. İbrahim iyun ayına görə yalnız 100 manat ödəmişdir. Beləliklə, İbrahim ümumi il devalvasiya dövründə cəmi 4 ay pul ödəmiş və iyun ayında 100 manat ödəmişdir. Orta hesabla İbrahimə kompensasiya məbləğindən ümumiyyətlə 5 aya görə cəmi 515 manat hesablana bilər. 2015-ci ilin iyun ayından müddətin sonunadək avtomobilə hər ay gecikmədən 17 ay (6 ay ilkin devalvasiya, 11 ay isə ikinci devalvasiya dövrü ucun) pul ödəmişlər. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanından irəli gələrək birinci devalvasiya ücün hər 100 ABŞ dolları ücün 25 manat, ikinci devalvasiya ücün isə hər 100 ABŞ dolları ücün 60 manat kompensasiya ödənilmişdir. Onlara çatan kompensasiyanın məbləği birinci devalvasiya ücün 1250 manat, ikinci devalvasiya ücün isə 3187 manat təşkil etmişdir. Banka ödəmələri onun həyata keçirməsinə baxmayaraq kompensasiyalar cavabdeh tərəfindən alınaraq mənimsənilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X4 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddiaçının iddiasının dəlillərini və hüquqi əsasını qanunsuz və əsassız hesab edirlər. Belə ki, ilk növbədə iddiaçı avtomobili təhvil aldığı müddəti unudaraq və yaxud da xatırlamayaraq guya cavabdehin banka xx xxxxxx 2015-ci il tarixdən sonra cəmi 4 ay pul ödədiyini qeyd etsə də, lakin bununla belə avtomobilin xx.xx.2015-ci il tarixində cavabdehdən təhvil aldığını düzgün etiraf edərək iddia ərizəsində və bundan əvvəl də Nərimanov rayon prokurorluğuna yazdığı şikayət ərizələrində olduğu kimi qeyd etmişdir. Həqiqətdə də onların arasında münasibətlər belə cərəyan etmişdir ki, iddiaçının qızı X6 avtomobili görüb bəyəndikdən sonra cavabdehə 100 manat civarında beh vermiş və adına etibarnamə verilməsini xahiş etmiş, sonradan isə bir neçə ay keçdikdən sonra cavabdehlə xx.xx.2015-ci il tarixində görüşərək sonuncuya təxminən 10.000 manat ödəməklə avtomobili təhvil almışdır. Aralarında olan razılaşma da bundan ibarət olmuşdur ki, son zamanlar avtomobili alan şəxslər kreditin ödənilməsindən yayındıqları və sonunda bank həmin pulu müqavilə tərəfi olan borcludan tələb etdiyi üçün ona görə də hər ay ödənişlər cavabdeh tərəfindən ödənilsin. Buna görə də cavabdeh həmin məbləği bütöv olaraq iddiaçıdan öncədən almışdır. Bütün ödənişləri hər ay Cavabdeh banka iddiaçı ilə birlikdə gedərək guya iddiaçıya təqdim etməklə o ödəmişdir. Lakin qrafik üzrə sonuncu ayda cavabdehin ödəniş etməsində çətinlik yarandıqda o, sonuncu ayın ödənişini gecikdirərək ödəməmiş, iddiaçı isə həmin məbləği ödəməyə məcburiyyət qarşısında qalaraq avtomobili öz adına rəsmiləşdirmişdir. Ona görə də cavabdehə qarşı öz qəzəbini onun adına hesablanmış kompensasiyanın tələb olunması və onu incitməsi barədə hüquq mühafizə orqanlarına şikayət etməklə və sonda məhkəmədə iddia qaldırmaqla çıxmaq qərarına gəlmişdir. Hətta iddiaçı təhvil aldığı xx.xx.2015-ci il tarixdən banka guya ödəmiş olduğu pula görə ona kompensasiya hesablanaraq verilməsini tələb etsə idi belə, xx xxxxxx 2015-ci il tarixdə manatın yenidən ikinci dəfə devalvasiyaya uğraması nəticəsində “problemli kreditin kompensasiyası haqqında” çıxarışda bank tərəfindən xx xxxxxx 2015-ci il tarixinə kompensasiyanın məbləği 2213,95 manat, xx xxxxxx 2015-ci il tarixinə isə 2974,06 manat hesablanmışdır. Yəni belə olsaydı belə iddiaçının 4450 manat pulun kompensasiyasını cavabdehdən heç bir əsas və səbəb olmadan tələb etməsi anlaşılmazdır. Göründüyü kimi iddiaçı axırıncı aya görə ödəmiş olduğu aylıq ödənişi çoxaltmaqla guya cavabdeh tərəfindən cəmi 4 ay ödəniş olduğunu qeyd edərək iddia ərizəsinə də ödənişlərin fotosurətini əlavə etmişdir. İddia ərizəsində yazdıqları və istinad etdiyi dəlilləri boş cəfəngiyyat olduğu kimi Azərbaycan Respublikası Prezidenti tərəfindən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il tarixli 551 nömrəli Fərmanından irəli gələn əsaslarla Cavabdeh hesablanmış kompensasiyanı da əsassız varlanma kimi qiymətləndirmişdir. İddiaçı ödəmiş olduğu sonuncu ayın aylıq ödənişini şişirdərək onun on qat əvəzini cavabdehdən çıxmaq qərarına gələrək əsli olmayan bank ödəniş qəbzlərini də sübut kimi qiymətləndirilməsi mümkün olmadığı halda iddia ərizəsinə əlavə etmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, İddiaçı tərəfindən “xxxxxxxxxxxx” ASC-nin hesabına xx.xx.2015-ci il tarixdə 497,00 ABŞ dolları, xx.xx.2015-ci il tarixdə 497,00 ABŞ dolları, xx.xx.2015-ci il tarixdə 497,00 ABŞ dolları, xx.xx.2015-ci il tarixdə 497,00 ABŞ dolları, xx.xx.2016-cı il tarixdə 318,00 ABŞ dolları, xx.xx.2016-cı il tarixdə 317,00 ABŞ dolları, xx.xx.2016-cı il tarixdə 300,82 ABŞ dolları, xx.xx.2016-cı il tarixdə 269,24 ABŞ dolları, xx.xx.2016-cı il tarixdə 266,03 ABŞ dolları, xx.xx.2016-cı il tarixdə 214,76 ABŞ dolları, xx.xx.2016-cı il tarixdə 202,19 ABŞ dolları, xx.xx.2016-cı il tarixdə 288,20 ABŞ dolları, xx.xx.2016-cı il tarixdə 266,43 ABŞ dolları, xx.xx.2016-cı il tarixdə 26,89 ABŞ dolları, xx.xx.2016-cı il tarixdə 288,20 ABŞ dolları, xx.xx.2016-cı il tarixdə 177,09 ABŞ dolları, xx.xx.2016-cı il tarixdə 1977,40 ABŞ dolları vəsait köçürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/385 saylı rəyindən görünür ki, xx.xx.2013-cü il tarixli AKGG05624U/13U saylı kredit müqaviləsi üzrə İddiaçı tərəfindən “xxxxxxxxxxxx” ASC-yə xx xxxxxx 2015-ci il tarixədək ümumilikdə 1.988,00 ABŞ dolları, xx xxxxxx 2015-ci il tarixdən sonrakı dövrdə ümumilikdə 4.912,05 ABŞ dollar məbləğində ödəniş aparılmışdır. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı ödənilməli olan kompensasiya məbləği 3.444,23 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrumolanın) hesabına əmlak əldə etsin; Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılırki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli, 551 nömrəli Fərmanına əsasən:

1. Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin...

8. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün: 8.1 fiziki şəxslərin xarici valyutada 10 000 (on min) ABŞ dollarınadək və ya milli valyutada 17 000 (on yeddi min) manatadək olan əsas kredit borcları dedikdə onların bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; 8.2. 10 000 (on min) ABŞ dollarınadək və ya 17 000 (on yeddi min) manatadək məbləğ dedikdə müvafiq olaraq 10 000 (on min) ABŞ dollarının və ya 17 000 (on yeddi min) manatın da daxil olduğu məbləğ; 8.3 bu Fərmanın 5-ci və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə onların 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; 8.6 vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar; Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh mülkiyyətində olan "Kia Rio" markalı, ** SP *** dövlət nömrə nişanlı avtomaşını iddiaçıya satmış, satılan zaman həmin avtomaşın "xxxxxxxxxxxx" ASC-də kreditdə olmuşdur. Alıcı İddiaçı cavabdehdən aldığı avtomaşın üçün “xxxxxxxxxxxx” ASC-yə hər ay hissə-hissə ödənişlər etməklə xx xxxxxx 2015-ci il tarixədək ümumilikdə 1.988,00 ABŞ dolları, xx xxxxxx 2015-ci il tarixdən sonrakı dövrdə ümumilikdə 4.912,05 ABŞ dollar məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına uyğun olaraq sonradan “xxxxxxxxxxxx” ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən dollarla götürülən kreditə görə kompensasiya hesablanmış və həmin kompensasiya məbləği Cavabdeh tərəfindən əldə edilmişdir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 1091.1-ci maddəsi o şəxsi əsassız varlanan şəxs sayır ki, o, hüquqi əsas (müqavilə əsası və ya qanuni əsas) olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etmiş olsun.Hazırki işdə isə iş üzrə cavabdeh Fərmana əsasən tərəfi olduğu problemli kredit müqaviləsi üzrə dövlətdən kompensasiya almışdır. Göründüyü kimi, baxılan iş üzrə cavabdehin əldə etdiyinin əsassız varlanma hesab edilməməsi üçün iki vacib şərt mövcuddur: 1) cavabdeh tələb olunan pulu iddiaçının əmlakı hesabına deyil, dövlət hesabına əldə etmişdir; 2) kompensasiya cavabdehə qanuna əsasən (Fərmana uyğun olaraq) ödənilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehin mübahisəli pulu iddiaçının əmlakı hesabına əsassız varlanma üzrə əldə etməsi faktı öz təsdiqini tapmadığından iddia əsassız hesab edilərək rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia İddiaçı Cavabdeh qarşı "əsassız varlanma" tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia İddiaçı Cavabdeh qarşı "əsassız varlanma" tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar