Məhkəmə qərarları › İş №2(006)-1158/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1158/2025

02.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1158/2025 02.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ X2 oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеh Cavabdeh iddiaçıdan aldığı 15.000 (on beş min) manat əsas borc, 1.800 (bir min səkkiz yüz) manat əsas borcun kompensasiyası və 145 (bir yüz qırx beş) manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 16.945 (on altı min doqquz yüz qırx beş) manat pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının uzun illərdir tanıdığı Cavabdeh ondan 1 il müddətində qaytarmaq şərti ilə 2023-cü ilin iyun ayında 15.000 (on beş min) manat borc pul almışdır. Lakin vəd olunan 1 illik müddət keçsə də, cavabdeh iddiaçıdan aldığı pulu qaytarmamışdır. Belə ki, cavabdeh iddiaçıya verdiyi yazılı qəbzdə borcu ona kompensasiyası ilə qaytaracağını vəd etmiş və 2024-cü ilin avqust ayının əvvəli ona təxmini 600 (altı yüz) manat, yəni 300 (üç yüz) ABŞ dolları və 50 (əlli) avro pul verərək, 1 ay ərzində də həm iddiaçıdan aldığı 15.000 (on beş min) manat pulu və həmin pulun razılaşdırdıqları kompensasiyasını tam olaraq ona ödəyəcəyini bildirən cavabdeh sonradan vədinə əməl etməyərək iddia ərizəsi verilən günə kimi iddiaçıya olan borcunu ödəməmişdir. Cavabdehin iddiaçıya qarşı bu mövqeyi nəticəsində də ona böyük maddi zərər vurulmuşdur. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən ondan aldığı 15.000 manat əsas borc, 2.700 manat əsas borcun kompensasiyası və 145 manat dövlət rüsumu əvəzi olmaqla, ümumilikdə 17.845 manat pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib bildirmişdir ki, 2001-ci ildən etibarən cavabdehlə faktiki nikah münasibətlərində olmuşlar. Pandemiya başlayanadək cavabdeh onun evində yaşamış, 2023-cü ilədək dəfələrlə ondan pullar alsa da, iddiaçının bu barədə sübutları olmamışdır. 2023-cü ildə isə biznes qurması məqsədilə cavabdehə 1 il müddətinə 15.000 manat pul versə də, cavabdeh 1 ildən sonra onun pulunu qaytarmamış, iddiaçı pulu tələb edən zaman cavabdeh ona “fərz et ki, pulunu faizə vermisən” deyərək, 300 ABŞ dolları və 50 avro olmaqla, cəmi 600 manat pul vermiş və iltizam yazaraq pulu faizi ilə birgə xx.xx.2024-cü il tarixdə qaytaracağını bildirmişdir. Cavabdehin iddia tələbinə etirazında göstərdiyi bütün dəlillərin əsassız olduğunu bildirərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyib bildirmişdir ki, iddiaçı ilə faktiki münasibətlərinin olması doğru olsa da, hazırda münasibətləri pozulmuşdur. Əlilliyə görə pensiyasının ödənişində gecikmələr yarandığı zaman iddiaçı ona bu gecikmələrin səbəbinin mülkiyyətində maşın olması ilə əlaqədar olduğunu dediyindən, o, müvafiq polis idarəsində alqı-satqı yolu ilə maşını iddiaçının adına keçirmiş, lakin bu zaman iddiaçı ona heç bir pul məbləği verməmişdir. Pensiya ödənişləri düzələndən sonra isə avtomobili iddiaçıdan geri istəsə də, o, avtomobili qaytarmamış, cavabdeh də 20.000 manatlıq maşının əvəzində 15.000 manat məbləğində pulu iddiaçıdan almışdır. İltizamı özünün yazdığı ekspert rəyi ilə təsdiq olunsa da, iltizam yazarkən dərman təsiri altında olduğunu, niyə belə bir iltizamı yazdığını bilmədiyini, iddiaçının tarixlə bağlı saxtakarlıq edərək ona bu iltizamı yazdırdığını, bu səbəbdən polisə müraciət etdiyini, ayrıldıqlarına görə iddiaçının onu süründürmək məqsədilə hazırkı tələbi irəli sürdüyünü bildirərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) İş materialları: Cavabdeh tərəfindən sadə yazılı formada tərtib edilərək imzası ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli iltizamdan görünür ki, o, iddiaçıdan 2023-cü ilin iyun ayında 15.000 (on beş min) manat borc götürdüyünü təsdiq etmişdir. Bir ilə qaytaracağını söz versə də, qaytara bilmədiyi üçün xx.xx.2024-cü il tarixində bank faizi ilə birlikdə (12 % (on iki faiz)) qaytaracağını qeyd etmişdir (iltizam həm azərbaycan, həm də rus dillərində tərtib edilmişdir). Nəsimi rayon Polis İdarəsi 20-ci Polis Şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, cavabdehə iş qurmaq üçün verdiyi 15.000 manat pulu geri ala bilməməsi barədə ərizəsində göstərilənlər, həmçinin onun tanışından alınmış izahatın xüsusatları mülki xarakterli olduğundan, məhkəməyə müraciət etməsinin məqsədə müvafiq olması qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 145 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş nəqliyyat vasitəsinin xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, “X4” minik markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobil 20.000 manata Cavabdeh tərəfindən İddiaçı satılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 4/537 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 54-cü vərəqində olan “İltizam”dakı və 55-ci vərəqində olan “Расписка”dakı yazılan əlyazmalar və imzalar – Cavabdeh tərəfindən icra edilmişdir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 120 manat təşkil edir. İş materiallarında bir sıra digər sənədlər, video və fotogörüntülərdən ibarət 1 ədəd disk, audioyazıdan ibarət 1 ədəd yaddaş kartı və s. vardır. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh xx.xx.2024-cü ildə İddiaçı 2023-cü ilin iyun ayında 1 il müddətinə götürdüyü, lakin geri qaytara bilmədiyi 15.000 manat məbləğində pulu xx.xx.2024-cü il tarixində bank faizi ilə birlikdə (12 %) qaytaracağına dair öz əlyazması ilə həm rus, həm də Azərbaycan dillərində sadə formada iltizam tərtib etmişdir. Hazırda iddiaçı həmin iltizamı sübut kimi təqdim edərək, 2023-cü ildə isə biznes qurması məqsədilə cavabdehə 1 il müddətinə 15.000 manat pul verdiyini, cavabdehin 1 ildən sonra onun pulunu qaytarmadığını və pulu tələb edən zaman ona “fərz et ki, pulunu faizə vermisən” deyərək, 300 ABŞ dolları və 50 avro olmaqla, cəmi 600 manat pul verdiyini, eyni zamanda, cavabdehin xx.xx.2024-cü il tarixdə pulu faizi ilə birgə qaytaracağına dair iltizam yazdığını bildirib, verdiyi 15.000 manat pulun 12 faiz əlavəsi ilə birgə cavabdehdən öz xeyrinə tutulmasını xahiş edir. Beləliklə, iddiaçının cavabdehə verdiyi 15.000 manatdan 600 manat hissəsinin cavabdeh tərəfindən ona qaytarılması iddiaçının məhkəmə iclaslarında verdiyi izahatları ilə öz təsdiqini taparaq hazırkı işin mübahisəsiz halını təşkil etmişdir. İddiaçı bu pulun əsas məbləğin faizi kimi qaytarıldığını iddia etsə də, məhkəmə iclasındakı izahatında faizlə pul verməyə hüququnun olmamasından xəbərdar olduğunu bildirmişdir. Faiz tələbini isə pulu bankda saxlasaydı, 12 % gəlir əldə edəcəyi ilə əlaqələndirmişdir. Cavabdeh isə əlilliyə görə pensiyasının ödənişində gecikmələr yarandığı zaman iddiaçının ona bu gecikmələrin səbəbinin mülkiyyətində maşın olması ilə əlaqədar olduğunu dediyini, bunu görə də maşını alqı-satqı yolu ilə iddiaçının adına keçirdiyini, lakin bu zaman iddiaçının ona heç bir pul məbləği vermədiyini, pensiya ödənişləri düzələndən sonra isə avtomobilini iddiaçıdan geri istəsə də, onun avtomobili qaytarmaması səbəbindən 20.000 manatlıq həmin maşının əvəzində 15.000 manat məbləğində pulu iddiaçıdan aldığını, iltizamı yazarkən dərman təsiri altında olduğunu, niyə belə bir iltizamı yazdığını bilmədiyini, iddiaçının tarixlə bağlı saxtakarlıq edərək ona bu iltizamı yazdırdığını, bu səbəbdən polisə müraciət etdiyini, ayrıldıqlarına görə iddiaçının onu süründürmək məqsədilə hazırkı tələbi irəli sürdüyünü bildirib, iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə araşdırmaları zamanı cavabdeh pul məsələsinin maşınla bağlı olduğunu (iddiaçının onun mülkiyyətində olan avtomobili etibarından sui-istifadə etmək yolu ilə öz adına keçirdiyini və sonradan geri qaytarmadığını, buna görə də maşının əvəzinə 15.000 manat məbləğində pulu iddiaçıdan aldığını) bildirdiyindən, sözügedən maşınla bağlı sənədlər məhkəmə sorğusu vasitəsilə əldə edilərək tədqiq edilmişdir. Həmin sənədlərdən sözügedən maşının borc məsələsindən xeyli vaxt əvvəl müvafiq dövlət orqanında rəsmi qaydada alqı-satqı müqaviləsi bağlanması yolu ilə cavabdeh tərəfindən 20.000 manat müqabilində iddiaçıya satılması mübahisəsiz olaraq müəyyən edilmişdir. Məhkəmə iclasında cavabdeh iltizamın özü tərəfindən yazılmadığını mübahisələndirdiyindən, məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilmiş, aparılmış ekspert tədqiqatı nəticəsində isə müəyyən edilmişdir ki, əlyazmalar və imzalar cavabdehin özü tərəfindən icra edilmişdir. Cavabdeh, həmçinin, iltizamı dərmanların təsiri altında yazdığını, bununla bağlı polisə müraciət etdiyini də bildirmiş, lakin pulu iddiaçıdan maşın əvəzi aldığını öz izahatında etiraf etdiyindən, məhkəmə tərəfindən isə maşını 20.000 manat müqabilində iddiaçıya satdığı müəyyən edildiyindən, onun hazırkı iş üzrə bu və digər dəlillərinin araşdırılmasına zərurət qalmamışdır. Beləliklə, tərəflərin izahatları ilə mübahisəsiz olaraq müəyyən edilmişdir ki, cavabdeh 2023-cü ilin iyun ayında 1 il müddətinə geri qaytarmaq şərtilə iddiaçıdan 15.000 manat məbləğində pul almış, lakin pulu geri qaytara bilməyərək, 2024-cü ilin avqust ayında pulu xx.xx.2024-cü ilədək faizi ilə birgə qaytaracağına dair sadə yazılı formada iltizam vermiş, ötən müddətdə bu puldan 600 manat məbləğini qaytarmış, qalanını isə qaytarmamışdır. c) Məhkəmənin mövqeyi: İddia tələbini və cavabdehin etirazını müqayisəli şəkildə tədqiq edərək məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. Məhz bu səbəbdən məhkəmə hesab edir ki, hazırkı iddia tələbinin düzgün hüquqi həlli üçün ilk öncə tərəflər arasında şifahi şəkildə bağlanmış borc müqaviləsinə müvafiq hüquqi qiymət verilməlidir. Mülki qanunvericilikdə məbləğ 3.000 manatdan çox olduğu təqdirdə borc müqaviləsinin yazılı formada rəsmiləşdirilməsi nəzərdə tutulsa da, Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarındakı hüquqi mövqeyinə əsaslanaraq qeyd edilməlidir ki, qanunvericiliyin bu göstərişi həmin əqdin etibarlılıq şərti olaraq deyil, məhz əqd üzrə iddianın sübuta yetirilməsi ilə bağlıdır. Bu mövqeni rəhbər tutaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında şifahi formada bağlanmış borc müqaviləsi məhkəmə tərəfindən etibarlı hesab edilir. İddianın sübuta yetirilməsi ilə bağlı isə qeyd edilməlidir ki, cavabdehin 15.000 manat məbləğində pulu iddiaçıya qaytaracağına dair onun öz əlyazması ilə tərtib edildiyi və imzalandığı ekspertin rəyi ilə təsdiq olunan iltizam məhkəmə tərəfindən iddianı təsdiq edən mötəbər sübut kimi qiymətləndirilir. Cavabdeh bu iltizamı dərman təsiri altında yazdığını bildirsə də, özü iddiaçıdan 15.000 manat pul götürdüyünü danmamış, bu pulu maşınına əvəz kimi aldığını etiraf etmişdir (lakin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, o, sözügedən maşını hələ xeyli müddət əvvəl iddiaçıya 20.000 manat qarşılığında satmışdır). Deməli, iltizam olmasa və ya mötəbər sayılmasa da belə, cavabdeh pulu özününkü sayaraq iddiaçıdan götürdüyünü dolayı yolla da olsa, etiraf edir. Beləliklə, məhkəmə tərəfindən tərəflər arasındakı öhdəlik hüquq münasibətlərinin yaranma əsasının borc müqaviləsi olması müəyyən edilmişdir. İddiaçı öz iddiasını təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim etdiyindən, cavabdehə verilmiş borcun iddiaçıya qaytarılmasını sübut etmək vəzifəsi cavabdehin üzərində olmuş, lakin cavabdeh pulu maşınına əvəz olaraq iddiaçıdan aldığını bildirmiş, pulu özününkü hesab etdiyindən geri qaytarmasına dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı isə izahatında cavabdehin 600 manat məbləğində pulu ona qaytardığını bildirmişdir. Cavabdehin qalan 14.400 manat məbləğində pulu qaytarması ilə bağlı heç bir mötəbər sübut iş materiallarına əlavə edilmədiyindən məhkəmə hesab edir ki, tələb qismən əsaslıdır. Cavabdehin etirazı isə mötəbər sübutlarla təkzib edildiyindən məhkəmə hesab edir ki, etiraz formal şifahi mülahizələrdən ibarətdir. Cavabdehin özü tərəfindən tərtib edilib imzası ilə təsdiq edilmiş iltizam üzrə iddiaçıdan 15.000 manat məbləğində borc alması, lakin 600 manatdan başqa heç bir məbləği hazıradək geri qaytarmaması, bununla da, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməməsi faktı öz təsdiqini tapır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 14.400 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Tələbin “əsas borca bank uçot dərəcəsi olan 12 % ilə hesablanmış 2.700 manat” hissəsinə münasibətdə isə qeyd edilməlidir ki, iddiaçı faizlə pul verməyə hüququ olmadığını bildirdiyindən, habelə cavabdehin həmin puldan bu və digər formada faydalanmasına dair konkret sübutu təqdim etmədiyindən, bu hissədə tələb əsassız olmaqla təmin edilməməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin (qismən) olunur, uzlaşmırsa, rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. d) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 739.1-739.2-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (tərəflər arasında müqavilə münasibətləri yarandığı vaxt qüvvədə olan redaksiyada); 740.1 və 740.2-ci maddələrinin tələblərinə görə, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (tərəflər arasında müqavilə münasibətləri yarandığı vaxt qüvvədə olan redaksiyada). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 22 aprel 2021-ci il tarixli Qərarı: Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Plenum vurğulamışdır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “E.Salmanlının şikayəti üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2 və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli Qərarı: Hər hansı əqdin forması ilə bağlı tələb heç də həmişə həmin əqdin etibarlılıq şərti olaraq qəbul edilmir. Bəzi hallarda belə forma tələbi məhz sübutetmə şərti olaraq çıxış edir. Bu zaman həmin əqd üzrə iddianın sübuta yetirilməsi, habelə bu əqddən irəli gələn nəticələrin tətbiqi tələbinin təmin edilməsi üçün əqdin forma tələbinə riayət edilməsi mütləq olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 101.7-ci maddəsinə müvafiq olaraq, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, məhkəmə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 14400 manat pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edildiyindən, Cavabdeh 135 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməli, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 120 manat məbləğində pul Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 14400 manat pul və 135 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 120 (bir yüz iyirmi) manat məbləğində pul Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar