Məhkəmə qərarları › İş №2(006)-1175/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1175/2023

15.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1175/2023 15.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili - Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş mənəvi zərərə görə 100.000 manat məbləğində kompensasiyanın və 20.480 manat maddi ziyanın cavabdeh vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı - İddiaçı xx xxxx 1977-ci il tarixdə Qazax rayonu Kosalar kəndində doğulmuşdur. O, 1994-1998-ci illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində ali hərbi təhsil almış, təhsilini bitirdikdən sonra Azərbaycan Ordusunda müxtəlif hərbi hissələrdə müxtəlif vəzifələrdə xidmət etmişdir. xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək cəbhə bölgəsində yerləşən N nömrəli hərbi hissənin komandiri vəzifəsində olmuşdur. Xidməti dövründə xx.xx.2005-ci il tarixdə kapitan, xx.xx.2009-cu il tarixdə mayor və xx.xx.2015-ci il tarixdə polkovnik-leytenant rütbələri, eyni zamanda «Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)» yubiley, «Hərbi xidmətdə fərqlənməyə görə» 3-cü dərəcəli, «Qüsursuz xidmətə görə» 1-ci dərəcəli medallarla təltif edilmişdir. 2016-cı ilin aprel döyüşlərində fəal iştirak etmişdir. İddiaçı 2017ci ilin may ayında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əməliyyat şöbəsinin rəisinin gündəlik fəaliyyətin planlaşdırılması və qoşun xidmtinə nəzarət üzrə baş köməkçisi vəzifəsində, polkovnik-leytenant rütbəsində xidmətdə olarkən heç bir əsas olmadan hazırda «Tərtər işi» kimi tanınan və Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən istintaqı təzələnərək aparılan iş çərçivəsində təxminən 10 gün ərzində qanunsuz azadlıqdan məhrum etməyə, sorğu-suala və fiziki və psixoloji zorakılığa məruz qalmışdır. Bu qanunsuz prosesin tərkib hissəsi olaraq 20 may 2017-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1. 231.2 və 331.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrdə nəzərdə tutulmuş ittihamlar elan olunmuş, Tərtər Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində «həbs» qətimkan tədbiri seçilmişdir. 12 sentyabr 2017-ci il tarixdə təqsirləndirilən şəxs İddiaçı həbsdə saxlanılma müddəti 3 ay olmaqla, 20 dekabr 2017-ci il tarixədək, 13 dekabr 2017-ci il tarixdə isə həbsdə saxlanılma müddəti 2 ay 28 gün olmaqla, 18 mart 2018-ci il tarixədək uzadılmışdır. 05 fevral 2018-ci il tarixdə İddiaçı əməli Azərbaycan Respublikası CM-nin 311.1, 331.2 və 331.3-cü maddələrindən həmin Məcəllənin 331.2 və 331.3-cü maddələrinə tövsif olunmuş, 06 fevral 2018-ci il tarixdə ona həmin maddələrdə nəzərdə tutulmuş yenidən ittiham elan olunmuşdur. 13 fevral 2018-ci il tarixdə iş üzrə ibtidai istintaq tamamlanmaqla baxılması üçün aidiyyati üzrə Tərtər Hərbi Məhkəməsinə göndərilmişdir. Məhkəmənin 03 aprel 2018-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2 və 331.3-cü maddələri ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə və 11 (on bir) ay müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunmuşdur. İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2 və 331.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.1, 303.3, 303.3.1, 303.3.8, 391.8 və 391.8.1-ci maddələrinin tələblərinin kobud şəkildə pozulmasına yol verildiyindən Azərbaycan Respublikası Baş prokurorunun müavini, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protesti nəticəsində Tərtər Hərbi Məhkəməsinin 03 aprel 2018-ci il tarixli hökmü və məhkəmənin hazırlıq iclasının 06 mart 2018-ci il tarixli qərarı ləğv edilərək cinayət işi yenidən baxılması üçün həmin Məhkəmənin hazırlıq mərhələsinə qaytarılmışdır. Tərtər Hərbi Məhkəməsinin hazırlıq iclasının 18 aprel 2022-ci il tarixli qərarına əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2 və 331.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. 29 aprel 2022-ci il tarixdə cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, kiçik ədliyyə müşaviri Qasım Məmmədova həvalə edilmişdir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında» 01 may 2020-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.73-cü bəndinə əsasən Cinayət Məcəlləsinin 33.1-cü maddəsi ləğv edildiyindən və 1.72-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 329-cu maddəsi yeni redaksiyada verilərək qüvvədən düşmüş Cinayət Məcəlləsinin 331.3-cü maddəsində göstərilən hərəkətlərə görə cinayət məsuliyyəti hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 329-cu maddəsilə əhatə olunduğu üçün 29 aprel 2022-ci il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2 və 331.3-cü maddələrindən həmin Məcəllənin 329.2.1-ci maddəsinə tövsif edilmişdir. 30 iyun 2022-ci il tarixli 1847 qeydiyyat nömrəli qərarla İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi ilə həyata keçirilən cinayət təqibinə əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Beləliklə, iş üzrə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2 və 331.3-cü (329.2.1-ci maddəyə tövsif edilməklə) maddələri ilə irəli sürülmüş ittihamlara bəraətverici əsaslarla xitam verilmişdir. İddiaçı Azərbaycan Ordusunda uzun müddətli xidmətinə baxmayaraq əsassız ittihamlara və işgəncələrə məruz qalmış, barəsində 20 may 2017-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsdə qalma müddəti bir neçə dəfə uzadılmış, irəli sürülmüş ittihamlarla təqsirli bilinərək 500 manat miqdarında cərimə və 11 ay azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmiş, 20 may 2017-ci il tarixdən 20 aprel 2018-ci il tarixədək həbsdə saxlanılmışdır. Bununla da, iddiaçıya cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində ağır maddi və mənəvi ziyan vurulmuşdur. İddiaçı cinayət məsuliyyətinə cəlb edilərkən və barəsində həbs qətimkan tədbiri seçilərkən, yəni 2017-ci ilin may ayında zabit olaraq Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində xidmət edirdi. O, cinayət məsuliyyətinə cəlb edilməzdən öncə sonuncu dəfə aylıq əmək haqqını 2017-ci ilin aprel ayında almışdır. "xxxx" ASC-nin Qazax rayon filialından təqdim edilmiş çıxarışdan görünür ki, onun orta aylıq əmək haqqı məbləği 1.665 manat təşkil etmişdir. İddiaçı cinayət məsuliyyətinə cəlb edildiyindən 2017-ci ilin may ayından 2018-ci ilin may ayına qədər, yəni 12 ay — may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr 2017-ci il və yanvar, fevral, mart və aprel 2018-ci il tarixləri ərzində faktiki aylıq qazancından məhrum edilmiş, 500 manat miqdarında isə cərimə edilərək həmin məbləği ödəmişdir. Bu isə 20.480 manat edir (1.665 x 12 = 19.980 manat + 500 manat = 20.480 manat). İddiaçı ona vurulmuş mənəvi zərərə görə isə 100.000 manat kompensasiya tələb edir. İddiaçının cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində ona vurulmuş zərərin ödənilməsi hüququnun olması Azərbaycan Respublikası Konstitusiyasının 68-cı maddəsindən, İnsan hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 5-ci maddəsindən, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarından, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 36-cı maddəsindən, V fəslindən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101-ci maddəsindən, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanunundan, Konstitusiya Məhkəməsi və Ali Məhkəmənin Plenum qərarlarından, həmçinin Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin 30 iyun 2022-ci il tarixli qərarından irəli gəlir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmumuna uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X5 məhkəməyə iddiaya etiraz göndərərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, kiçik ədliyyə müşaviri X3 cinayət işi üzrə icraata xitam verilməsi haqqında 30 iyun 2022-ci il tarixli qərarı ilə ********* nömrəli cinayət işi üzrə İddiaçı hərbi qulluqçuları döyməsi xüsusatları ilə bağlı barəsində Azərbaycan Respublikası CM-nin 329.2.1-ci maddəsi ilə həyata keçirilən cinayət təqibinə əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilmiş, İddiaçı Pərviz Hüseynovu təhqir etməsi xüsusatı ilə bağlı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-in 39.1.11-ci maddəsinə əsasən xitam verilmişdir. Göründüyü kimi, iddia ərizəsində İddiaçı qeyd etdikləri xüsusatlar doğrudur. İddiaçı təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, iddia ərizəsində qeyd etdiyi kifayət qədər uzun müddət ərzində əsassız yerə həbsdə saxlanılmış, həmçinin ona qarşı irəli sürülmüş ittihamlarla bağlı ordu sıralarından tərxis olunmuşdur. İddiaçıya bununla bağlı həm mənəvi, həmçinin işsiz qaldığı dövr ərzində hər ay aldığı əmək haqqı miqdarında maddi ziyan vurulmuşdur. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Mülki Məcəllənin 1100-cü madəsinin tələblərinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Mülki Məcəllənin 1101.1-ci madəsinin tələblərinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Mülki Məcəllənin 1101.2-ci madəsinin tələblərinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 57.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.2-ci maddəsinin tələbinə görə fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır. Həmin Qanunun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Qeyd edilən Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Məhkəmə, iddiaçının istintaq orqanının səhvi nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və iddiaçının xeyrinə ədalətli həddə, yəni 11.000 (on bir min) manat məbləğində mənəvi ziyan tutulmalıdır. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələbinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Həmin Qanunun 12-ci maddəsinin tələbinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X2rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Məhkəmə iddiaçıya ödənilməli mənəvi ziyanın həcmini 11.000 manat (11 ay müddətə həbsdı olması nəzərə alınmaqla) müəyyən edərkən, bütün diqqətəlayiq məqamları nəzərə alır. İddiaçıya vurulmuş maddi ziyanla bağlı məhkəmə qeyd edir ki, təqdim edilmiş sənədlərə əsasən İddiaçı tərxis olunmamışdan öncə 1.665 manat əmək haqqı almışdır. Göründüyü kimi, iddiaçı iş yerindən və aylıq stabil gəlirdən məhrum olmaqla ona 19.980 manat məbləğində maddi ziyan dəymişdir. (1665x12 ay=19980) Bundan başqa, iddiaçı məhkəmənin hökmü ilə təyin edilmiş 500 manat cəriməni ödəmişdir. Həmin məbləğ də iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı vurulmuş mənəvi zərərə görə 11.000 (on bir min) manat məbləğində pul və işsiz qaldığı dövrlə bağlı hər ay 1.665 manat olmaqla, cəmi 19.980 manat maddi ziyan və cərimə şəklində ödənilmiş 500 manat cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı vurulmuş mənəvi zərərə görə 11.000 (on bir min) manat məbləğində pul və işsiz qaldığı dövrlə bağlı hər ay 1.665 manat olmaqla, cəmi 19.980 manat maddi ziyan və cərimə şəklində ödənilmiş 500 manat cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar