Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1183/2023 08.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı «vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı «qeyri-yaşayış sahəsinin boşaldılması və vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən 6 mərtəbəli qeyri-yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, 427,2 kv.m.-dən ibarət olan qeyri-yaşayış sahəsi alqı-satqı müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdən etibarən iddiaçının xüsusi mülkiyyətindədir. Bu barədə sözügedən qeyri-yaşayış sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən iddiaçının adına mülkiyyət hüququnu təsdiq edən çıxarış verilmişdir. İddiaçı həmin sahəyə dair xüsusi mülkiyyət hüquqları əldə etməsinə baxmayaraq, həmin vaxtdan hazırki dövrədək öz mülkiyyətindən istifadə edə bilmir. Belə ki, həmin sahə cavabdeh tərəfindən tutulmuş və istifadəsiz saxlanılmışdır. Cavabdehə xüsusi mülkiyyətdə olan sahəyə dair icarə müqaviləsinin bağlanması təklif edilsə də, cavabdeh tərəf bundan qərəzli şəkildə boyun qaçırmışdır. Belə olan təqdirdə sahənin boşaldılması və vurulmuş ziyanın ödənilməsi ilə bağlı dəfələrlə həm yazılı, həm də şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh tərəfindən heç bir müsbət hərəkət olmamışdır. Əksinə sahəni istifadəsiz şəkildə bağlı saxlaması ilə iddiaçının qanunla qorunan hüquq və maraqlarına toxunmaqla ciddi ziyan vurulmasına səbəb olmuşdur. Bundan başqa, göründüyü kimi, cavabdeh X8 iddiaçıya məxsus qeyri-yaşayış binasını qanunsuz olaraq zəbt etməkdə davam edir və cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya həm maddi, həm də mənəvi ziyan dəyməkdədir. Belə ki, iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarının (konstitusion) pozulması onda mənəvi iztirab və sarsıntılara səbəb olmuşdur. Odur ki, iddiaçı vurulmuş mənəvi ziyana görə 1000 manat məbləğində kompensasiya tələb edir. Mübahisənin mahiyyətini nəzərə alaraq iddiaçıya vurulmuş maddi ziyan isə iddiçının adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən mərhum olmasında özünü ifadə edir. Belə ki, iddiaçının xüsusi mülkiyyətində olan sözügedən qeyri-yaşayış binası qanuni əsaslarla iddiaçı tərəfindən üçüncü şəxslərə icarəyə verilmiş olsaydı, hazırki dövrün bazar qiymətlərini nəzərə alaraq aylıq (hər ay) 5000 manat icarə haqqından gəlir əldə edə bilərdi. Lakin cavabdehin qanunsuz olaraq iddiaçıya məxsus qeyri-yaşayış sahsini zəbt etməsi və həmin sahəni iddiaçıya təhvil verməkdən boyun qaçırması iddiaçını əldə edəcəyi gəlirlərdən məhrum etməklə sonuncuya maddi ziyan vurmuş olur. Odur ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində hər ay 5000 manat gəlirdən (əldən çıxmış fayda) məhrum olduğu üçün, cavabdehdən iddiaçının xeyrinə məhkəmə qətnaməsi icra olunan günədək hesablanmalı olan əldən çıxmış fayda şəkilində pul vəsaiti ödənilməlidir. Göstərilənlərə əsasən cavabdeh "xxxx" MMC-nin iddiaçının xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 6 mərtəbəli qeyri-yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, 427,2 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsindən çıxarılmaqla, sahənin boşaldılaraq (cavabdehə məxsus əşyaların boşaldılması) iddiaçıya təhvil verilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. 3.Məhkəmə baxışı zamanı iş üzrə cavabdeh "xxxx" MMC əsl Cavabdeh MMC ilə əvəz edilmişdir.
4. Sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdən həmin sahəyə dair xüsusi mülkiyyət hüquqları əldə etməsinə baxmayaraq həmin vaxtdan 2023-cü ilin mart ayınadək cavabdehin qanunsuz hərəkətləri səbəbindən nə öz mülkiyyətindən istifadə edə bilmir, nə də ki cavabdeh tərəfindən icarə haqqı ödənilmişdir. Göstərilən xüsusatlar iddiaçının qanunla qorunan hüquq və maraqlarına toxunmaqla ciddi şəkildə maddi və mənəvi ziyanın vurulmasına səbəb olmuşdur. 2022-ci ilin noyabr ayı daxil olmaqla, 2023-cü ilin mart ayınadək olan 4 aylıq icarə haqqının ödənilməməsi cavabdeh tərəfindən vurulan maddi ziyan kimi qiymətləndirilməlidir. Həmçinin mübahisənin mahiyyətini nəzərə alaraq iddiaçıya vurulmuş maddi ziyanın iddiaçının adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum olmasında da özünü ifadə edir. Belə ki, iddiaçının xüsusi mülkiyyətində olan sözügedən qeyri-yaşayış binası vaxtında qanuni əsaslarla iddiaçı tərəfindən üçüncü şəxslərə icarəyə verilmiş olsaydı, hazırki dövrün bazar qiymətlərini nəzərə alaraq aylıq (hər ay) 4000-5000 manat icarə haqqından gəlir əldə edə bilərdi. Lakin cavabdehin iddiaçıya məxsus qeyri-yaşayış sahəsini istifadəsiz saxlaması, icarə haqqını ödəməkdən yayınması və sair təqsirli hərəkətləri iddiaçını əldə edəcəyi gəlirlərdən məhrum etməklə sonuncuya maddi ziyan vurmuşdur. Odur ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində aşağı qiymətlərlə hesabladıqda iddiaçı hər ay 4000 manat gəlirdən (əldən çıxmış fayda) məhrum olmaqla, ümumilikdə iddiaçıya 16.000 manat məbləğində maddi ziyan vurulmuşdur. İddiaçı vurulmuş mənəvi ziyana görə 5000 manat məbləğində kompensasiya tələb edir. İddiaçı müvəqqəti təminat tədbirinin görülməsi haqqında Bakı şəhəri Nəsimi rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16(006)-48/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçıya aid sahədə cavabdehə məxsus əşyalar siyahıya alınaraq, sonuncunun istəyinə uyğun olaraq, ona təhvil verilmişdir. Cavabdeh isə ona məxsus olan əşyaları təhvil alaraq, könüllü şəkildə əşyaları sözügedən qeyri-yaşayış sahəsinin tam şəkildə çıxarmaqla sahəni boşaltmış olmuşdur. Beləliklə də icarə sahəsində cavabdehin fəaliyyət göstərməməsi, başqa sözlə həmin sahədə fəaliyyət göstərməyə maraqlı olmadığı, o cümlədən özünə məxsus əşyaları sahədən könüllü çıxarmaqla faktiki olaraq sahəni boşaltması iddia tələbinin həcminin həmin hissədə azalmasına, yaxud aradan qalxmasına əsas yaranmışdır. Göstərilənlərə əsasən iddiaçı Təhməzov İsrafil fərha oğlunun xeyrinə Cavabdeh MMC-dən 16.000 manat məbləğində vurulmuş maddi, 5.000 manat məbləğində isə mənəvi ziyanın, eləcə də ödənilmiş 253 manat dövlət rüsumunun, ümumilikdə cəmi 21.253 manat pulun tutulmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 5.Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil həcmi azaldılmış iddianı müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili həmçinin izahatında göstərmişdir ki, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən 6 mərtəbəli qeyri-yaşayış binasının 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi alqı-satqı müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdən etibarən iddiaçıya məxsusdur. Bununla bağlı iddiaçı çıxarış da almışdır. Lakin buna baxmayaraq, iddiaçı müvəqqəti təminat tədbiri qismində Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 16(006)-48/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı icra olunana kimi həmin daşınmaz əmlakdan istifadə edə bilməmişdir. Belə ki, həmin vaxta qədər həmin daşınmaz əmlak cavabdeh tərəfindən tutulmuş və istifadəsiz saxlanılmışdır. İddiaçı həmin daşınmaz əmlakla bağlı icarə müqaviləsinin bağlanılmasını cavabdehə təklif etsə də, cavabdeh bundan imtina etmişdir. Qeyd edilən hallar nəticəsində iddiaçıya maddi ziyan vurulmuşdur. İddiaçının nümayəndəsi və vəkili həmçinin izahatında göstərmişdir ki, iddiaçı həmin daşınmaz əmlaka hüquqları əldə etdikdən sonra əvvəlki mülkiyyətçi həmin əmlakla bağlı ona cavabdehlə icarə müqaviləsinin bağlandığı barədə məlumat verməmişdir. Ona deyib ki, əvvəl icarə müqaviləsi olub. Hazırda icarə müqaviləsi mövcud deyildir. İcarə müqaviləni bağlanılarkən həmin müqavilədə mülkiyyətçinin dəyişməsi ilə əlaqədar mülkiyyətçinin icarə müqaviləsini təktərəfli ləğv etmək hüququnu nəzərdə tutan bənd olmamışdır. İddiaçının nümayəndəsi iddia tələbinin təmin olunmasını xahiş etmişdir. 6.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh MMC-nin nümayədəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmənin əvvəlki iclasında izahatı alınmış cavabdehin nümayəndəsi (direktor) X7 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, iddiaçının direktoru olduğu "xxxx" Müstəqil Şirkəti ilə aralarında xx.xx.2019-cu il tarixdə icarə müqaviləsi bağlanmış və iddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 6 mərtəbəli qeyri-yaşayış binasının 1-ci mərtəbəsində sahəsi 220 kv.m. qeyri-yaşayış sahəsini 5 il müddətinə onun icarəsinə verməsi, tərəflərdən isə ona bunun müqabilində aylıq 2500 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Aralarında olan razılaşmaya əsasən iddiaçı 5 il müddətində icarə haqqını artıra bilməzdi. Müqaviləni təktərəfli olaraq yalnız o, poza bilərdi. Buna baxmayaraq, həmin müddət bitməmiş iddiaçı icarə haqqını aylıq 500 manat artdığını bildirmişdir. O, isə bunu qəbul etməmişdir. İddiaçı qeyd olunan müqaviləni təktərəfli poza bilməyəcəyindən həmin qeyri-yaşayış sahəsini "xxxx" Müstəqil Şirkətinin adından çıxararaq, öz adına keçirmişdir. Bundan sonra iddiaçı onları həmin obyektdən çıxarmaq üçün müxtəlif vasitələrdən istifadə etmişdir. Belə ki, elektrik enerjisini dayandırmış, obyektə «icarəyə verilir» elanı vurmuşdur. Bundan sonra, iddiaçı Nəsimi rayon Məhkəməsinə müvəqqəti təminat tədbiri barədə ərizə ilə müraciət etmiş və ərizə təmin olunaraq onlar həmin obyektdən çıxarılmışlar. Bununla da onlara ağır maddi ziyan vurulmuş və şirkət olaraq imiclərinə zərər dəymişdir. Bu səbəbdən iddia tələbinin rədd olunması xahiş edilmişdir. 8.Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbləri təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
9. İş materiallarında olan «İcarəyə verən» qismində "xxxx" Müstəqil Şirkətinin direktoru X12 ilə "xxxx" MMC-nin direktoru X7 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 1-İ nömrəli qeyri-yaşayış sahəsinin icarə müqaviləsinin surətindən görünür ki, İcarəyə verən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışa əsasən ona xüsusi mülkiyyət hüququ əsasında məxsus olan ünvan 3 ünvanında yerləşən 6 mərtəbəli qeyriyaşayış binasının İ mərtəbəsində sahəsi 220 kv.m.qeyri-yaşayış sahəsini onun tərkibinə daxil olan ləmazimatı və avadanlıqları ilə birlikdə ilə İcarəçinin müddətli istifadəsinə və sahibliyinə verməyi, İcarəçi isə bu Müqavilə ilə nəzərdə tutulmuş icarə haqqını müəyyən edilmiş vaxtda və qaydada İcarəyə verənə ödəməyə öhdəsinə götürmüşdür (bənd 1.1.). Aylıq icarə haqqı tərəflərin qarşılıqlı razılığa əsasən ƏDV daxil olmaqla 2500 manat müəyyən olunmuşdur (bənd 2.1). İcarəçi icarə haqqını bu Müqavilə ilə müəyyəq edilmiş vaxtda ödəmədikdə, hər gecikdirilmiş gün üçün icarə haqqının 2% miqdarında İcarəyə verənə cərimə ödəyir (bənd 5.3). Bu Müqavilə 5 il müddətinə bağlanır (bənd 6.1).
10. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsində yerləşən 64 saylı qeyri-yaşayış binası paylı mülkiyyət hüququ üzrə X1 (3-cü mərtəbədən 488,6 kv.m., xx.xx.2019-cu il tarixli), X4 (2-ci mərtəbədən 480,3 kv.m.,xx.xx.2019-cu il tarixli), X2 (5-ci mərtəbədən 214,15 kv.m., xx.xx.2019-cu il tarixli), "xxxx" Müstəqil Şirkətinin (1701,05 kv.m. (zirzəmi, 4-cü mərtəbə, 5ci mərtəbənin bir hissəsi, mansard mərtəbəsi) və 0,11666 ha torpaq sahəsi, xx.xx.2022-ci il tarixli), İddiaçı (1-ci mərtəbə, 427,2 kv.m., xx.xx.2022-ci il tarixli) adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
11. İş materillarında olan Cavabdeh MMC tərəfindən Nəsimi rayon Polis İdarəsinə, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, İddiaçı, "xxxx" Müstəqil Şirkətinin direktoru Yunis Nəbiyevə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, "xxxx" Müstəqil Şirkəti ilə xx.xx.2019-cu il tarixdə imzaladıqları 1 nömrəli müqaviləyə əsasən həmin şirkətə məxsus ünvan 1 ünvanında olan ümumi 220 kv.m. sahəsi olan əmlakı istifadəsi üçün icarəyə götürmüşlər. Lakin fiziki şəxs İddiaçı tərəfindən onlara şifahi şəkildə artıq həmin əmlakın onun mülkiyyətinə verildiyi və artıq mülkiyyətçinin dəyişməsi səbəbindən onların qüvvədə olan müqavilənin yenilənməsinin zəruri olduğunu bildirərək, tərəfindən yeni müqavilə göndərilmişdir. Müvafiq müqavilənin bitməsinə 1 ildən artıq müddətin qaldığından, yeni müqavilənin yalnız icarəyəverən və bank məlumatları hissələrinin yenilənməsinin mümkün olacağı onların tərəfdən bildirilmişdir. Bununla da qarşı tərəf qanunsuz əməllərə əl ataraq icarəyə götürdükləri sahənin elektrik təchizatını kəsmiş, müqaviləsi hələdə qüvvədə olduğu halda sahənin üzərinə «icarəyə verilir» elanı yapışdırılmış və qapıların kilidini sındırıb əraziyə qanunsuz daxil olub və qapılara yeni kilid quraşdıraraq həmin sahəyə daxil olmalarına məhdudiyyət yaradılmışdır. Bu səbəbdən də qeyd olunan qanunsuzluqları həyata keçirən şəxs tərəfindən araşdırılmış və nəticədə fiziki şəxs İddiaçı əməkdaşı olan Kənan bəy ilə danışıqları zamanı o bunların İddiaçı tərəfindən ona verilən tapşırığa əsasən yerinə yetirdiyini onlara bildirmişdir. Bununla yanaşı, qeyd olunan qanuna zidd bu əməllərinə baxmayaraq İddiaçı şifahi şəkildə onlardan dekabr ayının icarə haqqını tələb etmişdir. İddiaçı icarə haqqının əsassız şəkildə artırılmasına etiraz etdikləri üçün xx.xx.2022-ci il tarixdən elektrik təchizatını kəsmişdir. Bu səbəbdən də fəaliyyətləri tamamilə dayandırılmışdır. Fəaliyyətlərin dayanması səbəbindən dekabr ayı üçün ciddi maliyyə itkisinə məruz qalmışlar. Fəaliyyətlərin dayanmasına səbəb olmasına baxmayaraq İddiaçı həmin ay üçün onlardan icarə haqqı tələb etmişdir. İ.Təhməlinin bu məsələlər ilə bağlı bugünədək həm verdiyi qərarlar, həm də qarşısında qoyduğu tələblər onlar üçün heç cürə anlaşılır olmadı. Dekabr ayı üçün onlara səbəb olduğu maliyyə itkisi 9.600 manat məbləğindədir. Həmin maliyyə itkisini tam şəkildə təmin edilməsini xahiş etmişdir. Əks halda həm maliyyə itkisinin qarşılanması, həmçinin də onlara qarşı qanunsuz əməlləri hüquqi həlli üçün tərəflərdən Azərbaycan Respublikasının müvafiq səlahiyyətli orqanlarında da iddia qaldırılacaqdır. Əlavə olaraq, dekabr ayı üçün qeyd olunan maliyyə itkisi ilə yanaşı İddiaçı icarə sahəsində elektrik kəsintisi, qapı kilidinin dəyişdirilməsi və əmlakın üzərinə «İcarəyə verilir» elanının yapışdırılması kimi hərəkətləri şirkətin illərlə qazandığı imicinə ciddi mənfi təsir göstərmiş və həmçinin də cari ayda əldə olunması mümkün olan bir neçə yeni layihənin fəaliyyətsizlikdən itirilməsinə səbəb olmuşdur. Bütün bu itkilərin qarşılanması məqsədilə hesablanacaq təzminatın ödənilməsi istiqamətin də müvafiq səlahiyyətli orqanlarda tərəflərdən iddia qaldırılacağını diqqətinə çatdırırlar. İddiaçı 9.600 manat vəsaitin tez bir zamanda onlara ödənilməsinə və həmçinin də icarə sahəsində onlara məxsus malların Cəmiyyət tərəfindən çıxardılaraq, icarə sahəsinin təhvil verilməsi üçün ən azı 1 ay müddətinə verilməsini xahiş edirlər. Qeyd olunan müddət ərzində elektrik təchizatı təmin olunmalıdır.
12. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 tərəfindən Cavabdeh MMC-nin rəhbərliyinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, «X18» layihəsi çərçivəsində malların satın alınmasına dair X6 ilə Cavabdeh MMC arasında bağlanmış DMA/41/2022 nömrəli, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən malların son təhvil verilmə tarixi xx.xx.2022-ci il müəyyən edilmişdir. Müqavilənin icra müddətinin xx.xx.2023-cü il tarixədək uzadılmasına baxmayaraq, Cəmiyyət tərəfindən hələ də avans qarantiyası və müqavilənin müqavilənin yerinə yetirilməsi təminatı təqdim edilməmişdir. Həmçinin müqavilənin icrası gecikdirilmiş və müqavilə üzrə mallar təhvil verilməmişdir. Müqavilənin 20.1-ci bəndinə əsasən «İcraçı» müqaviləni müəyyən edilmiş qaydada və müddət ərzində yerinə yetirmədikdə (gecikdirdikdə), «Sifarişçi» tərəfindən digər hüquqlara ziyan vurmadan gecikdirilmiş hər gün üçün müqavilənin ümumi məblğin 0,1%-i həcmində cərimə sanksiyaları (qarşısıalınmaz qüvvənin təsiri istisna olunmaqla) tətbiq edilir. Qeyd olunanları nəzərə alaraq Cəmiyyət tərəfindən avans qarantiyasının və müqavilənin yerinə yetirilməsi təminatının təqdim olunması, həmçinin maalların təhvil verilməsi tələb olunur. Əks halda, Cəmiyyət tərəfindən müqavilənin 20.1-ci bəndinə əsasən cərimə sanksiyası tətbiq ediləcəkdir.
13. Mülki işin materiallarında olan Nəsimi RPİ-nin 22-ci PŞ-nin təhqiqatçısı X5 xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən X3 şikayət ərizəsinə dair toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.
14. Həmin material üzrə X7 vermiş olduğu izahatında bildirmişdir ki, Cavabdeh MMC-nin direktoru olaraq ünvan 4 ünvanda yerləşən, 220 kv.m. qeyri-yaşayış sahəsini "xxxx" müstəqil şirkəti ilə xx.xx.2019-cu il tarixdə 1 nömrəli icarə müqaviləsi bağlamışdır. İcarə müqaviləsinin şərtlərinə əsasən aylıq icarə haqqı tərəflərin qarşılıqlı razılığına əsasən ƏDV daxil olmaqla 2500 manat, icarə müqaviləsinin müddəti 5 il olmaqla bağlanmışdır. Mətbəx və ticarət avadanlıqlarının satışı ilə məşğul olmuşdur. 2022-ci ilin noyabr ayında Kənan adlı şəxs gələrək İddiaçı, onun icarə əsasında işlətdiyi obyekt satın aldığını, özünün İddiaçı istəyi əsasında nümayəndəsi qismində gələrək şifahi şəkildə onunla yeni müqavilə bağlamalı olduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixdə Kənan adlı şəxs yenidən ona yaxınlaşaraq təklif etdiyi müqavilə şərtlərini bildirmişdir. Yeni müqavilə şərtinə əsasən icarə müqaviləsi artırılaraq 3000 manat, əlavə olaraq 14% vergi ödəməli olduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixdə Kənan adlı şəxs yenidən obyektə gələrək müqavilə şərtləri ilə razı olub-olmadıqlarını soruşmuş, cavabında isə Tural Səmədzadə razı olmadıqlarını bildirmiş, belə olan halda Kənan adlı şəxs işıqlarının söndürüləcəyini və obyektin giriş hissəsinə «Kirayə verilir» reklam yazısı yapışdıracağını şifahi şəkildə bildirmişdir. Həmin gün saat 16.30 radələrində Kənan obyektə yaxınlaşaraq obyektin işığını kəsmiş, giriş qapısına «İcarəyə verilir» reklam yazısı yapışdırmış, belə olan halda Tural Səmədzadə obyektin girişinə həmin gün fəaliyyət göstərmədiklərinə dair bildiriş yazıb vurduraraq həmin gündən fəaliyyətləri dayandırmışdır. xx.xx.2022-ci il tarixdə Kənan adlı şəxs «vatsapp» tətbiqi üzərindən ona obyektin giriş qapısının açarının dəyişdiklərini, malları isə boşaltdıqlarını bildirmişdir. Həmin vaxt isə fəaliyyət göstərmədiklərindən obyektdə heç kəsin olmadığını, özünün isə Türkiyə Respublikasında olduğunu, həmin şəxslərin bu cür özbaşınalıq edəcəklərinə inanmaması səbəbindən obyektə heç kəsi göndərmədiyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə obyektə gəlib qapını açmaq istəyən zaman obyektin giriş qapısının kilidinin dəyişdirildiyini aşkar etmişdir. Obyektdə 100000 ABŞ dollarından çox əmlak olduğunu, icarə müqaviləsinin bitməsinə 1 ildən çox müddət qalmasına baxmayaraq özbaşınalıq edildiyini bildirmişdir. Obyektin giriş qapısına yapışdırılmış reklamın sonradan söküldüyünü, həmçinin xx.xx.2022-ci il tarixdə obyektin işıqlarının yandırıldığını gördüyünü bildirmişdir.
15. Həmin material üzrə İddiaçı vermiş olduğu izahatında ünvan 5 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin ona məxsus olduğunu, Tural Səmədzadənin ünvanladığı məktub və bildirişlərə əhəmiyyət verilmədiyini, qarşılıqlı razılıq əldə olunmadığını, bu səbəbdən iki həftə əvvəl məhkəməyə müraciət etdiyini, xx.xx.2023-cü il tarixdə məhkəmə iclası keçiriləcəyini, icarə müqaviləsinin qiymətini artıraraq 3000 manat etdiyini, Səmədzadə Turalın "xxxx" müstəqil şirkəti ilə 5 illik icarə müqaviləsi bağladığını, müqavilə müddətinin bitməsinə 1 ilə yaxın müddət qaldığını, obyektin hüquqi şəxsin adından fiziki şəxsin adına keçdiyindən icarə müqailəsinin qiymətini artıraraq yeni müqavilə bağlamağı tələb etdiyini, müqavilə şərti ilə razılaşmadıqda Cavabdeh MMC-nin işçilərinin obyekti tərk edib getdiklərini, obyektin elektrik enerjisinin verilməsini dayandırıldığını, obyektin giriş qapısının kilidini dəyişdiyini, yeni reklam yazısı yapışdırtdığını, Kənan Məmmədovun mobil telefonu vasitəsi ilə «Whatsapp» tətbiqi üzərindən müqavilənin şəklini atdığını, «Whatsapp» tətbiqi üzərindən danışıqlarını onun adından Kənan Məmmədovun apardığını, Kənanın onun dediklərini yazdığını, ona nə yazacaqlarını özünün dediyini, xx.xx.2022-ci il tarixdə reklam yazısını özünün yapışdırtdığını, həmin vaxt artıq razılığı gələ bilmədiklərini, obyekti yenidən icarəyə vermək qərarına gəldiyini, razılaşma əldə olunmadığı vaxt məlumatsız olduğundan məhkəməyə müraciət etmədiyini, sonradan şəxsi mülki olduğunu əsas gətirərək obyektin işıqlarını yandırtdığı, obyektə 2 dəfə baxış keçirtdiyini, obyektdə olan heç bir malın çıxarılmadığını, X11 vasitəsi ilə açarı dəyişməyi barədə məlumat verdiyini, razılıq vermədiyi halda obyektin açarlarının məsuliyyət daşımayan şəxsdə olmasını təhlükəsizlik baxımından düzgün olmadığını düşünərək qapının kilidini dəyişdiyini, kilidin apaçırı dəyişdikdən sonra Kənana verdiyini, əvvəl yapışdırtmış olduğu reklamın sökülməsi barədə isə hüquqşünasının məsləhətindən sonra düzgün olmadığını anlayaraq sökdüyünü, Tural Səmədzadənin mallarına gəldikdə isə heç bir inventar müqaviləsi, təhvil-təslim aktı olmadığını, əksinə 3 aylıq icarə haqqını ödəmədiyi üçün 9000 manat ziyan dəydiyini, dəymiş ziyanı ödədikdə mallarını götürə biləcəyini bildirmişdir.
16. İş materiallarında olan İddiaçı tərəfindən "xxxx" MMC-nin rəhbərliyinə ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, "xxxx" Müsiəqil Şirkəti ilə aralarında bağlanmış alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən 6 mərtəbəli qeyri-yaşayış binasının 1-ci mərtəbəsi, 427,2 kv.m.-dən ibarət olan qeyri-yaşayış sahəsi onun xüsusi mülkiyyətindədir. Belə ki, bu barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Göstərilənləri nəzərə alaraq o, şifahi şəkildə dəfələrlə icarə obyektinə dair yeni icarə müqaviləsinin bağlanmasını təklif etmişdir. Lakin edilən təklifə MMC tərəfindən müsbət cavab verilməmişdir. Odur ki, onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 6 mərtəbəli qeyri-yaşayış binasının 1-ci mərtəbəsində sahəsi 220 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsini 2 gün müddətində təhvil verməsini tələb edir. Əks təqdirdə həmin sahəyə daxil olmaq, sahənin təhvil alınması birtərəfli qaydada həyata keçiriləcəkdir.
17. İş materiallarında olan İddiaçı tərəfindən "xxxx" MMC-nin rəhbərliyinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, xx.xx.2022-ci il tarixli məktubunda MMC qeyd etmişdir ki, əvvəlki mülkiyyətçi ilə arasında bağlanmış icarə müqaviləsi əsasında yerləşdiyi icarə sahəsinin elektrik enerjisinin verilməsi guya onun tərəfindən kəsilmiş, daha sonra obyektin qapı kilidləri onun tərəfindən dəyişdirilərək həmin sahəyə girişinə məhdudiyyət yaratmaqla "xxxx" hüquqlarını pozmuşdur. Bununla da guya MMC-yə maddi ziyan vurulmasını iddia edirdi. Bir daha təkrar olaraq diqqətinə çadırır ki, sözügedən qeyri-yaşayış sahəsi xx.xx.2022-ci il tarixdən etibarən onun xüsusi mülkiyyətindədir. Bu barədə rəsmi şəkildə onlara bildiriş təqdim edilmişdir ki, MMC tərəfindən heç bir münasibət bildirilməmişdir. Hesab edir ki,MMC etdiyi hərəkətlər icarə sahəsinə elektrik enerjisinin verilişinin dayandırılması, həmçinin sahənin giriş qapılarının kilidlərinin dəyişdirilməsi, eləcə də bu kimi manipulyasiyaya xarakterli fikirlər səsləndirməklə guya MMC-yə ziyan dəyməsini əsas gətirərək icarə haqqının ödənilməsindən boyun qaçırmaqdan başqa bir şey deyildir. Odur ki, 2022-ci il dekabr ayı üzrə icarə haqqının ödənilməsini və icarə sahəsinin boşaldılmasını tələb edir. Əks təqdirdə vurulmuş ziyan və çəkiləcək xərclərlə bağlı aidiyyəti üzrə müvafiq dövlət qurumlarına müraciət ediləcək, icarə sahəsində isə mövcud olan əşyalar çıxarılacaq müvafiq saxlanca veriləcəkdir.
18. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 16(006)- 48/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən İddiaçı müvəqqəti təminat tədbirinin görülməsinə dair ərizəsinin təmin edilməsi, İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünanında yerləşən 6 mərtəbəli qeyri-yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, 427,2 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsində cavabdeh "xxxx" MMC-yə aid olan əşyaların siyahıya alınması, cavabdehə və yaxud digər şəxsə (digər şəxs dedikdə ərizəçinin və ya cavabdehin aralarındakı razılıq əsasında müəyyən etdikləri şəxs nəzərdə tutulur) saxlanca verilməsi, qərardadın dərhal icra olunması, qərardadın icrası Nəsimi rayon İcra şöbəsinə həvalə edilməsi qərara alınmışdır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
19. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh MMC ilə "xxxx" Müstəqil Şirkəti arasında bağlanılmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən "xxxx" Müstəqil Şirkəti mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, K.Səfərəliyeva küçəsində yerləşən 64 saylı evin, ümumi sahəsi 220 kv.m. olan qeyri-yaşayış sahəsini cavabdehə aylıq icarə haqqı 2500 manat olmaqla, beş il müddətinə icarəyə vermişdir. xx.xx.2022-ci il tarixli etibarən Bakı şəhəri, Nəsimi rayonu, K.Səfərəliyeva küçəsində yerləşən 64 saylı evin, 1-ci mərtəbədə, ümumi sahəsi 427,2 kv.m. olan qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətinə keçmişdir. Hazırda iddiaçı iddia edir ki, mübahisəli qeyriyaşayış sahəsi cavabdeh tərəfindən tutulmuş və istifadəsiz saxlanılmışdır. İddiaçı həmin qeyri-yaşayış sahəsi ilə bağlı icarə müqaviləsinin bağlanılmasını cavabdehə təklif etsə də, cavabdeh bundan imtina etmişdir. Qeyd edilən hallar nəticəsində iddiaçıya maddi və mənəvi ziyan vurulmuşdur. Bu səbəbdən iddiaçı 16.000 manat məbləğində vurulmuş maddi, 5.000 manat məbləğində mənəvi ziyanın, həmçinin ödənilmiş 253 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
20. «İcarə haqqında» Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən icarə əmlaka, torpağa və digər təbii ehtiyatlara müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olmaq və bunlardan istifadə etməkdir.
21. Həmin Qanunun 7-ci maddəsinə əsasən icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsasən sənəd icarə müqaviləsidir. Həmin Qanunun 12-ci maddəsinə əsasən icarənin müddətləri müqavilə ilə müəyyənləşdirilir.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
23. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
24. Məhkəmə qeyd edir ki, icarə müqaviləsi əmlak kirayə müqaviləsinin bir növüdür. Həmin müqaviləyə görə icarəyə verən icarəçiyə icarə götürdüyü obyektdən istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir, icarəçi isə icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəyir. İcarə müqaviləsi elə bir hüquqi formadır ki, bunun əsasında əmlak müvəqqəti istifadə üçün bir şəxsdən digərinə keçir. İcarə müqaviləsinin bağlanması ilə əmlakın istifadəyə verilməsi üzrə öhdəlik yaranır. İcarə müqaviləsi üzrə icarəyə verənin əsas vəzifəsi icarəçiyə əmlakı müqavilə şərtinə uyğun vəziyyətdə, icarəçinin istifadəsi üçün yararlı vəziyyətdə verməkdən ibarət olduğu kimi, icarəyə götürənin də əsas vəzifəsi icarəyə götürdüyü əşyadan müqavilə şərtinə uyğun surətdə istifadə etməsindən, icarə haqqının vaxtında ödəməkdən ibarətdir.
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü maddəsi mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarını müəyyən edir. Həmin maddəyə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə.
26. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin özlərinə mənsub mülki hüquqlardan istifadə etməməsi, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, bu hüquqlara xitam verilməsinə səbəb olmur.
27. Göstərilən Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
28. Mülki Məcəllənin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun.
29. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
30. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
31. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur.
32. Məhkəmə qeyd edir ki, iddiaçı ona dəymiş ziyanı iddia etsədə bununla bağlı heç bir əsaslı dəlilləri məhkəməyə təqdim etməmişdir. Belə ki, əvvəlki mülkiyyətçi ilə cavabdeh arasında icarə müqaviləsi 5 (beş) il müddətinə bağlanılmış və həmin müqavilənin heç bir bəndində mülkiyyətçinin dəyişməsi ilə icarə müqaviləsinə xitam verilməsi qeyd edilməmişdir. Bu hal isə onu deməyə əsas verir ki, qeyd olunan müqavilə üzrə öhdəlik və vəzifələr yeni mülkiyyətçiyə keçməmişdir. Yeni mülkiyyətçi isə əgər icarə müqaviləsinin qiyməti ilə razı deyildirsə , bu halda yalnız ona təklif irəli sürmək hüququ mövcud olmuşdur. Verilən təklif əgər icarəyə götürən tərəfindən qəbul edilmiş olsa idi, o halda mülkiyyətçi ilə icarə müqaviləsinin şərtlərinin dəyişdirilməsinə və s .baxıla bilərdi. Bu halda mülkiyyətçi tərəfindən tək tərəfli qaydada yeni icarə müqaviləsinin təqdim edilməsi ona qarşı maddi ziyan tələbi məhkəmədə iddia irəli sürməkdə haqlı olmamışdır (yeni müqavilə imzalanmadığından öhdəlikdə yaranmamışdır).
33. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi vurulmuş maddi ziyanın tutulması hissəsində əsassız hesab edilməli və təmin edilməməlidir.
34. Məhkəmə vurulmuş mənəvi ziyan görə 5.000 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsaslı hesab edilə bilməz.
35. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7№-li qərarınına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri – əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Qeyd edilən Məcəllənin 218.1-ci maddəsiən əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
39. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində mənəvi ziyan çəkməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, 5.000 manat mənəvi ziyanın tutulması hissəsində tələb təmin edilməməlidir.
40. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı «vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası əsassız olduğu üçün təmin edilməməlidir.
41. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
42. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmadığı üçün, 253 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə tələb təmin edilməməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
45. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
46. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
47. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
48. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq,
QƏT ETDİ:
İddiaçı Cavabdeh MMC-yə qarşı «vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov