Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1184/2022 13.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, barəsində tərtib edilmiş 10.08.2017-ci il tarixli, KYP 552347 saylı inzibati xəta haqqında protokola əsasən başlanmış inzibati işə Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 3(010)-812/2017 №-li, 04.10.2017-ci il tarixli qərarı ilə xitam verildiyinə görə, ona dövlət orqanlarının vəzifəli şəxsləri tərəfindən vurulmuş ziyanın – 4 ay ərzində dövlət orqanlarına və məhkəməyə gedib-gəlmək üçün çəkdiyi 480 (dörd yüz səksən) manat xərcin, rabitədən (poçt, teleqram, telefon və s.) istifadəyə çəkdiyi 300 (üç yüz) manat xərcin, xəsarətlə bağlı müalicə üçün çəkdiyi 1600 (min altı yüz) manat xərcin və 15000 (on beş min) manat fiziki mənəvi ziyanın, cəmi 17380 (on yeddi min üç yüz səksən) manatın dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 10.08.2017-ci ildən 11.08.2017-ci il tarixə keçən gecə, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinin “D” massivindəki sonuncu 31 saylı binanın yanından torpaq yolla Zığ qəsəbəsindəki yaşadığı evinə doğru hərəkət edərkən (avtomobili qohumu idarə edirdi) arxadan YPX avtomobili arxadan “saxla” işarəsi vermiş, YPX inspektoru avtomobilini qanunsuz olaraq, İnzibati xəta haqqında protokol (İPX) tərtib etmədən əlindən alıb duracağa qoymuş, onu isə Zığ yolunun yaxınlığındakı Narkoloji Mərkəzə (hazırda fəaliyyət göstərmir) aparmışlar. Orada YPX inspektoru, sonradan adı ona məlum olan X4 oturduğu, xəbərsiz və gözləmədiyi halda qəfildən sinəsinə, ürəyinin üstünə ağır yumruq zərbəsi vurmuş, nəfəs almağı ağırlaşmışdır. Bu zaman mühafizəçi otağa girmiş və onu qucaqlayıb bayıra çıxartmışdır. Onun vəziyyətinin ağır olduğunu görüb Fərmanov Şamil xidmətdə olan daha iki YPX avtomobilini ora çağırıb. Onlar gələndə o, biraz özünə gəlmişdi. Gələn YPX əməkdaşlarından biri olan polis zabitinin (sonradan bilmişdir ki, o, Şamilin komandiri Hüseyndir) Şamili danladığının şahidi olmuşdur. Ertəsi gün səhər tezdən sinəsində böyük şiş əmələ gəldiyini, bərk ağrılar olduğunu və çox çətinliklə nəfəs aldığını görüb, günorta saat 14:20-də Bakı şəhəri DYPİdən arayış alıb, maşınını Neapol dairəsinin yaxınlığındakı duracaqdan götürəndən sonra Yeni Günəşli qəsəbəsindəki 24 saylı birləşmiş xəstəxanaya, həkim-cərraha müraciət etmişdir. Həkim döş qəfəsinin əzildiyini demiş və müalicə yazmışdır. Fakt barədə həkimcərrah Xətai RPİ-nin 35-ci PB-nə məlumat da vermişdir. Bakı şəhəri DYPİ-də onu beş gün get-gələ salandan sonra, yəni 14 və ya 15.08.2017-ci il tarixdə köhnə 10.08.2017-ci il tarixdə köhnə 10.08.2017-ci il tarixə KYP 552347 №-li qanunsuz İXP tərtib etmişlər. Bu barədə Daxili İşlər Nazirliyinin rəhbərliyinə 23.08.2017-ci il tarixdə etdiyi elektron müraciət nazirliyin rəhbərliyi tərəfindən nəzarətə götürümüş, nəticədə protokolun onun iştirakı olmadan tərtib edilməsi, eyni zamanda protokola iki nəfər olmayan hal şahidlərinin adsoyadlarının daxil edilməsi DİN-nin Daxili Təhqiqatlar İdarəsində aparılmış, araşdırma zamanı təsdiqini tapmış və bununla əlaqədar YPX inspektorları Şamil Fərmanov və Elvin Səfərov DİN-nin müvafiq əmri ilə intizam məsuliyyətinə cəlb edilmişlər. Tərtib edilmiş həmin inzibati xəta haqqında protokol baxılaraq qərar verilməsi üçün Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Suraxanı Rayon Məhkəməsinin 3(010)-812/2017 №-li, 04.10.2017-ci il tarixli Qərarı ilə KYP 552347 №-li İnzibati xəta haqqında protokola əsasən başlanmış inzibati iş üzrə icraata xitam verilmişdir. Qərardan Bakı şəhəri BPİ DYPİ-nin rəisi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində 14.11.2017-ci il tarixdə 3(103)-957/2017 saylı iş üzrə baxılaraq, şikayət təmin edilməmişdir. Göstərilənlərə əsasən hesab edir ki, məhkəmənin 3(010)-812/2017 saylı, 04.10.2017-ci il tarixli qərarı ilə KYP 552347 №-li, 10.08.2017-ci il tarixli inzibati xəta haqqında protokol üzrə başlanmış inzibati işə xitam verildiyinə görə vurulmuş ziyanın AR Konstitusiyası, AR Mülki Məcəlləsi və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi” haqqında AR Qanunu ilə müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranmış hesab olunaraq dəymiş ziyan AR tərəfindən ödənilməlidir. Belə ki, 4 ay ərzində BPİ-nin 15 dəfə, DİN-nin Daxili Təhqiqatlar idarəsinə 2 dəfə, Suraxanı rayon Məhkəməsinə 5 dəfə, Bakı Apellyasiya Məhkəməsinə 2 dəfə, cəmi 24 dəfə ** HT *** dövlət qeydiyyat nişanlı şəxsi avtomobili ilə gedib-gəlmiş və hər dəfə ancaq yanacaq və sürtkü materialı xərci orta hesabla 20 manat olmaqla, cəmi 480 manat; 4 ay ərzində rabitə (poçt, teleqram, telefon və s.) xərci kimi cəm olaraq, təxminən 300 manat ziyana düşmüş; xəsarətlə bağlı müalicə üçün çəkdiyi xərclərə görə 1600 manat ziyana düşmüş (həmin xəsarətdən sonra ürəyində problemlər yaranmışdır); 2017-ci ildə, avqust ayının 10-u saat 23:30-dan 11-i tarixinə keçən gecə saat 03:30-dək Bakı şəhəri DYPİ-nin YPX inspektoru X7 şəxsi əmlakı olan avtomaşınını qanunsuz olaraq, heç bir sənədləşmə işi aparmadan və həmin an yerindəcə inzibati xəta haqqında protokol (İXP) tərtib etmədən əlindən alınaraq müvəqqəti duracağa qoyduğuna və ona fiziki xəsarət yetirərək 4 saatdan artıq piyada vəziyyətdə yollarda qoyduğuna və narkoloji dispanserdə saxladığına görə, ertəsi gün isə Bakı şəhəri DYPİ ilə Neapol dairəsi yaxınlığındakı “müvəqqəti duracaq” arasında piyada vəziyyətdə hərəkət edərək çəkdiyi fiziki və mənəvi ziyanın əvəzi kimi 15000 manat ödənilməlidir. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh - Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi məhkəmə baxış iclasında iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib, işin faktiki hallarını araşdırıb, sübutları tədqiq edib və müvafiq maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 3 saylı şəhər kliniki xəstəxanasının kompüter-tomoqrafiya müayinəsinin 18.08.2017-ci il tarixli protokoluna əsasən, 55 yaşlı İddiaçı döş qəfəsinin KT-müayinəsi zamanı döş qəfəsində ventralda, döş sümüyünün dəstəsi proeksiyasında orta xətdən solda, dərialtı millimetrik ödemli sahə aşkar olunmuşdur. İş materiallarında olan kompüter tomoqrafiyasına əsasən, İddiaçı döş sümüyünün sol kənarında dəri və dərialtı yumşaq toxumada qalınlaşma izlənildiyi müşahidə olunur. İş materiallarında olan 21.08.2017-ci il tarixli müayinə protokoluna əsasən, İddiaçı döş sümüyünün sol tərəfində dəri səthindən 2,5 mm dərinlikdə təqribən 35 mm uzunluğunda, 9 mm qalınlığında (35x9 mm ölçüdə) daxilində 5 mm-ə qədər 3-4 ədəd anexogen komponentləri olan hiperexogen sahə izlənmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Təhqiqatlar İdarəsindən İddiaçı ünvanlanan məktubdan görünür ki, YPX inspektoru Ş.Fərmanov iddiaçı barəsində İXM-nin 342.5 və 343.1-ci maddələri ilə inzibati xəta haqqında protokolu iştirakı olmadan tərtib etmiş, bu zaman protokolda hal şahidləri olmalarına dair həqiqətəuyğun olmayan qeydiyyat aparmış, YPX inspektoru E.Səfərov iştirakı ilə bağlı inzibati protokolun tərtib olunmasına təşəbbüs göstərməmişdir. Qeyd olunan nöqsanlara yol verdiklərinə görə YPX inspektorları Şamil Fərmanov və Elvin Səfərov DİN-nin müvafiq əmri ilə intizam məsuliyyətinə cəlb edilmişlər. İş materiallarında olan “mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair” məlumatdan görünür ki, İddiaçı ona vurulmuş 16650 manat ziyanın 02.12.2021-ci il tarixədək mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması məqsədilə dövlət büdcəsi hesabına ödənilməsinə dair qərar və müvafiq göstərişlər verilməsini xahiş etmişdir. İş materiallarında olan 760 №-li Ekspert rəyinə əsasən, İddiaçı aşkar olunmuş xəsarət- döş qəfəsinin sol yarısının ön səthində İİ-İİİ qabırğalar nahiyəsinin şişkinlik halında əzilməsi-hematoması-küt əşyanın təsirindən törəmişdir və bu, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngün zərər vurmaya aiddir, İddiaçı aşkar olunmuş xəsarətin xarakter və lokalizasiyasına görə şəxsin özü-özünə yetirilməsi inandırıcı deyil. İş materiallarında olan Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 3(010)-812/2017 saylı, 04.10.2017-ci il tarixli Qərarına əsasən, YPX inspektoru X7 tərəfindən AR İXM-nin
342. 5 və 343.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə əlaqədar sürücü İddiaçı barəsində tərtib edilmiş 10.08.2017-ci il tarixli KYP 552347 №-li inzibati xəta haqqında protokol üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə tərəfindən müəyyən edildi ki, 10.08.2017-ci ildən 11.08.2017-ci il tarixə keçən gecə İddiaçı məxsus avtomobili onun qohumu idarə edərkən, Bakı şəhər BPİ DYPİyə bilavasitə tabe olan YPXA-nın YPX inspektorları Şamil Fərmanov və Elvin Səfərov tərəfindən “saxla” işarəsi verilmiş, lakin onlar tərəfindən tabesizlik göstərilərək hərəkət davam etdirilmişdir. Bakı şəhəri DYPİ tərəfindən 10.08.2017-ci il tarixdə İddiaçı barəsində KYP 552347 №-li İXP tərtib edilmiş və tərtib edilmiş həmin inzibati xəta haqqında protokol baxılaraq qərar verilməsi üçün Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Suraxanı Rayon Məhkəməsinin 3(010)-812/2017 №-li, 04.10.2017-ci il tarixli Qərarı ilə KYP 552347 №-li İnzibati xəta haqqında protokola əsasən başlanmış inzibati iş üzrə icraata xitam verilmişdir. Qərardan Bakı şəhəri BPİ DYPİ-nin rəisi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində 14.11.2017-ci il tarixdə 3(103)-957/2017 saylı iş üzrə baxılaraq, şikayət təmin edilməmişdir. Həmçinin, AR DİN Daxili Təhqiqatlar İdarəsinin məktubundan görünür ki, yoxlama zamanı İddiaçı məsuliyyətdən yayınmaq məqsədilə nəqliyyat vasitəsinin tərəfindən deyil, qohumu Cahangir İbrahimov tərəfindən idarə olunmasını bəhanə gətirərək mübahisə yaratmış, tibbi müayinədən keçməkdən imtina etmişdir. Hazırda iddiaçı onun barəsində tərtib edilmiş 10.08.2017-ci il tarixli, KYP- 552347 saylı inzibati xəta haqqında protokol əsasən başlanmış inzibati işə Suraxanı Rayon Məhkəməsinin 3(010)-812/2017 №-li, 04.10.2017-ci il tarixli Qərarı ilə xitam verildiyinə görə, ona dövlət orqanlarının vəzifəli şəxslərinin günahı üzərində vurulmuş maddi ziyanın və mənəvi ziyanın Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutulması və ona ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iddia tələbinin dəymiş maddi ziyanın ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı ona maddi ziyanın vurulmasını bildirsə də, bununla bağlı sübutları məhkəməyə təqdim edə bilmədi. İddiaçı nəqliyyat, poçt, teleqram, telefon və sair xərcləri iddia ərizəsində qeyd etsə də, onları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının iddia ərizəsində və məhkəmə baxışı zamanı izahatında hesablama apararaq qeyd etdiyi rəqəmlər iş materialları ilə öz təsdiqini tapmır. İddiaçının məhkəməyə təqdim etdiyi sübutlara (Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ambulator Xəstənin tibbi kartası, Siqnal qeydləri, epikriz, X1, Ekspert rəyi, məhkəmə aktları, müvafiq dövlət orqanının cavab məktubu) münasibətdə məhkəmə qeyd edir ki, həmin sübutlarda mübahisələndirilən hallar, yəni iddiaçıya maddi ziyanın vurulması konkret olaraq öz əksini tapmır, həmin sübutlar mübahisələndirilən halı təsdiq edə bilən sübut kimi çıxış edə bilmir. Ona görə də məhkəmə hesab edir ki, həmin sübutlar iddiaçıya maddi ziyanın vurulmasını təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qeyd olunan hissədə əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin dəymiş mənəvi ziyanın ödənilməsi hissəsi ilə əlaqədar aşağıdakıları qeyd edir. İnsan Hüquqlarının və X5 X3 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının: 26-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır; 26-cı maddəsinin 2-ci hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir; 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli 7 saylı Qərarına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin Qərarın 8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirinin müəyyən edildiyi hallarında, AR MM-nin 1097-ci maddəsinə müvafiq olaraq, mənəvi zərərin ödənilməsi barədə iddia təmin edilə bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda, mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, zərərçəkmiş şəxsin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, iddiaçı ona mənəvi ziyanın vurulmasını bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, pozulmuş və ya pozulmasını ehtimal etdiyi hüquqlarının bərpa olunması və ya müdafiə edilməsi üçün hər kəs məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Bu hüququn hər hansı formada məhdudlaşdırılması yolverilməzdir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Belə olan halda məhkəməyə müraciət edilməsi və ya ona qarşı qaldırılan iddia tələbi ilə əlaqədar məhkəmə müdafiəsi hüququndan istifadə edilməsinə görə mənəvi zərər tələb edilməsi əsassız hesab edilməlidir. Çünki bu, şəxslərin hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməkdən çəkinmələrinə və nəticədə Azərbaycan Resublikasının Konstitusiyasında təsbit edilmiş məhkəmə müdafiəsi hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarar. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi qeyd olunan hissədə də əsassızdır və təmin edilməməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Natavan Tağıyeva