Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1200/2021 03.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı, Cavabdeh1 10 ildən çoxdur ki, tanıyır, dəfələrlə onunla müştərək dəri məmulatlarını yığaraq onun Türkiyədəki şirkətinə göndərərək pul qazanmışlar. 01 may 2018-ci il tarixdə yaşadığı evin qarşısından 17440 kq çəkidə 27840 ABŞ dollar dəyərində olan iribuynuzlu heyvanların dərilərini Türkiyə Cümhuriyyəti, Kocaeli şəhərinə iddiaçıya məxsus "Çetin deriçilik" şirkətinə göndərilməsi ilə bağli Cavabdeh1 ilə razılığa gəlmişdir. Cavabdeh1 sonradan tanıdığı Cavabdeh2 ilə danışaraq ona məxsus 17440 çəkidə dəri məhsullarını Cavabdeh2 məxsus tıra yükləmiş və Cavabdeh1 bildirmişdir ki, maşın 25 tonluqdur, ona görə də qalan 8 tonunu başqaları yükləyəcəkdir. Mallar tam yükləndikdən sonra Cavabdeh1 bildirmişdir ki, 12500 ABŞ dolları gömrük rüsumu ödənilməlidir. Bunun 8600 dollarını iddiaçı ödəməlidir, qalanını isə başqaları. İddiaçı də malın tezliklə Türkiyə Respublikasına çatdırılması üçün elə həmin günü yəni mal yüklənəndən 2 saat sonra əvvəlcədən malın sənədləşməsi üçün 8600 ABŞ dolları gömrük rusumu olaraq yaşadığı evdə Cavabdeh1 vermiş, lakin mal ünvanına catmadığından narahat olmuş və Cavabdeh1 bu barədə irad tutmuşdur. O da Müsəllimə zəng etmişdir. Müsəllim isə maşının nasaz olduğunu və bu səbəbdən də Gəncə şəhərində qaldığını bildirmişdir. Bundan şübhələnərək Türkiyədəki şəriki Yalçın Şimşekə zəng edərək aldanıldığını bildirmiş, özü də Türkiyəyə getmiş və bu haqda polisə şikayət etmişdir. Polis də həmin yüklü maşını geri Azərbaycana qaytarmışdır. Lakin bu şəxslər yenə də iddiaçıya məxsus olan malları geri qaytarmamışlar, əksinə maşın Gürcüstan ərazisinə keçdikdən sonra həmin malları başqa maşına yükləyərək təzədən Türkiyə Respublikasının ərazisinə keçirərək ordakı dəri müəssisələrindən birinə sataraq pulları mənimsəmişlər. Hər iki şəxs polisə verdikləri izahatlarında iddiaçının pullarını mənimsəmədiklərini, həmin malları oradakı İSKF dəri müəssisəsinə guya 3 aylıq nisyə verdiklərini və 05.09.2018-ci il tarixdə bitəcəyini bildirmişlər. Həmin müddət bitdikdən sonra da iddiaçının pullarını qaytarmamışlar. Ona görə də iddiaçı məcbur olub cavabdehin hərəkətindən polisə şikayət etmişdir. Bakı şəhər Sabunçu RPİ İŞ-i tərəfindən «cinayət işinin başlanılmasının rədd edilməsi barədə» 29 iyul 2019-cu il tarixli Qərarın kserosurətindən görünür ki, cavabdeh iddiaçıdan 8600 dolları məbləğində gömrük rusumu olaraq və 17440 kq çəkidə 27840 ABŞ dollar dəyərində olan iribuynuzlu heyvanların dərilərini Türkiyə Cümhuriyyəti, Kocaeli şəhərinə iddiaçıya məxsus “Çetin deriçilik”şirkətinə iddiaçının adına göndərilməsi üçün təhvil almışdır. Cavabdeh1 polisə verdiyi izahatlar da ziddiyyətlidir. Belə ki, o göstərir ki, dəfələrlə R.Çətinlə Türkiyə Respublikasına dəri göndərmişlər. Hamısında da R.Çətin pulları tam qaytarmamışdır. Sual olunur ki, əgər iddiaçı ilə birlikdə dəri malları göndəribsə və iddiaçı onun pullarını qaytarmamışsa niyə növbəti dəfə də iddiaçıya dəri malları yığmaq üçün pul vermişdir. Həmçinin Cavabdeh1 vəzifəsi yalnız iddiaçının mallarını özünə məxsus tırla iddiaçının adına Türkiyədəki sahibi olduğu şirkətə çatdırmaqdan ibarət olmuşdur. İddiaçının Cavabdeh2la hər hansı bir sövdələşməsi olmamış, Müsəllimi tanımamışdır. Cavabdeh2la Cavabdeh1 arasında olan problemlərin iddiaçı ilə heç bir əlaqəsi yoxdur. Cavabdeh2 polisə verdiyi izahatında da bunu təsdiq edir. Cavabdeh2 izahatında onu da göstərir ki, guya iddiaçı Türkiyədə polisə şikayət etdiyinə görə malları sata bilməmiş, ona görə dövlət sərhəddini keçərək başqa maşına yükləyərək yenidən Türkiyə Respublikasına keçirərək orada tərəfindən İSKF şirkətinə 3 aylıq nisyə verilmişdir. Çox gülünc izahatdır. Əvvəlan Cavabdeh2 vəzifəsi ona təhvil verilmiş məhsulları ünvanına çatdırmaqdan ibarət olmuş, bunun üçün də ona haqq ödənilmişdir. Ona həmin məhsulları satmaq vəzifəsi tapşırılmamışdır. İkincisi əgər iddiaçı şikayət etmişdirsə niyə Cavabdeh2 malları geri qaytardıqdan sonra iddiaçıya təhvil verməmişdir. Axı artıq mübahisə yaranmışdır və bilirdi ki, iddiaçı bu barədə şikayət verəcəkdir. Üçüncüsü Cavabdeh2 özünün dediyinə görə sərhəddi keçdikdən sonra malları başqa maşına yükləyib yenidən Türkiyə Respublikasına keçiribsə niyə bu barədə gömrük rusumu barədə qəbzi polisə təqdim edə bilməmişdir. Həmçinin Cavabdeh1 polisə verdiyi izahatında göstərir ki, guya heç bir mənimsəmə niyyətləri olmamışdır. Həmin mallar Cavabdeh2 tərəfindən İSKF şirkətinə 3 aylıq nisyə verilmişdir. Yenə sual olunur: iddiaçının Türkiyədə dəriçilik şirkəti olduğu və həmin mallar şirkət tərəfindən gözləndiyi halda niyə iddiaçının dəri məhsullarını başqa şirkətə nisyə verilmişdir. İkincisi nisyə satılmış malların belə, onların dediyi vaxtan neçə aylar keçsə belə pulları iddiaçıya qaytarılmamışdır. Bütün bunlar bu şəxslərin əvvəlcədən düşünülmüş plan üzrə iddiaçının pullarını ələ keçirmək məqsədi daşıdığına sübutdur. Beləliklə, bu günə cavabdehin 36440 ABŞ dolları borcu yaranmışdır. Axrıncı dəfə Cavabdeh1 ilə aralarında olan şifahi razılaşmaya görə həmin borc məbləğini tezliklə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdehlə aralarında olan şifahi razılaşmaya göstərilən məbləği qaytarmağı öhdəsinə götürsə də, bunu etməmiş, bununla da cavabdeh öhdəliklərini icra etməmişdir. Lakin, artıq, qeyd etdiyi kimi, Cavabdeh1 borc məbləğini ödəməkdən qəsdən boyun qaçırır. Ona görə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinə əsasən o, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalanmağa görə həmin vəsaitin məbləğində faiz ödəməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Cavabdeh tərəfindən ödənilməli olan özgəsinin pul vəsaitindən qanunsuz olaraq 01 may 2018-ci il tarixdən bu günkü günə qədər olan müddətdə faydalanmağa görə faiz məbləği 2733 ABŞ dolları təşkil edir. Göstərilənlərə əsasən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 36440 ABŞ dolları əsas borc məbləği, 2733 ABŞ dolları faiz məbləği olmaqla cəmi 39173 ABŞ dollarının və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq, İddiaçı qaytarılması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddiaya uyğun izahat verərək bildirmişdir ki, o aldadılmış və pulları cavabdehlər tərəfindən verilməmişdir. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh1 iddiaçını tanıdığını, lakin pulun onun tərəfindən deyil, digər cavabdeh olan Cavabdeh2 tərəfindən alındığını qeyd etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh2 məhkəmə iclaslarında iştirak etməmiş və bunun səbəbləri barədə isə heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan 29 iyul 2018-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərardan görünür ki, iddiaçının şikayət ərizəsi əsasən başlanılmış HK- 1202 nömrəli araşdırma materialı üzrə əməldə cinayət tərkibi olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). İddiaçı, Cavabdeh1 8600 ABŞ dolları məbləğində pul verməsini bildirsə də, bu barədə hər hansı bir sübut məhkəməyə təqdim etməməklə iddiasını sübuta yetirə bilməmiş, eyni zamanda bu dəlilini konkret əsaslandırmamışdır. İş materiallarında olan 29 iyul 2018-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarda da iddiaçı tərəfindən Cavabdeh1 8600 ABŞ dolları məbləğində pul verməsi müəyyən olunmur. Qeyd olunan qərarda izahatı alınmış cavabdehlər tərəfindən pulların onlar tərəfindən alındığına dair hər hansı bir izahatın verilməsi də aşkar olunmamışdır. Bundan başqa, iddiaçı dəyəri 27840 ABŞ dolları dəyərində olan 17440 kq dəri ilə bağlı iddia ərizəsində qeyd etdiyi dəlillər barədə hər hansı bir sübut məhkəməyə təqdim etməmiş, eyni zamanda məhkəmə tədqiqatı zamanı da həmin dəlillər öz təsdiqini tapmamışdır. Belə ki, 29 iyul 2018-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərardan müəyyən olunur ki, həmin malın daşınması zamanı gömrük ödənişləri və digər xərclər üzrə iddiaçının Cavabdeh2 yaranmış borcuna çıxılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə iddia tələbinin faiz borcuna aid hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbinin həmin hissəsi əsas borca əsaslanmaqla ondan asılı olduğundan və həmin tələb üzrə iddia yuxarıda göstərilənlərə əsasən rədd edildiyindən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də əsassız hesab olunmaqla təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə, iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Eyni Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda hazırki iş üzrə məhkəmə xərcləri də iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-1200/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1200/2021
03.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver