Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1220/2022 15.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi -Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı - İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Məhdud Məhsuliyyətli Cəmiyyətinin Avrasiya hospitalına qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Məhdud Məhsuliyyətli Cəmiyyətinin Avrasiya hospitalına qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən dəymiş maddi və mənəvi ziyanın əvəzi olaraq, kompensasiya kimi 21500 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 129 manat pulun tutularaq iddiasçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, «Prostat vəzinin xoş xassəli hiperplaziyası 11 mərhələ, xroniki sidik ləngiməsi» diaqnozu ilə müayinə və müalicə məqsədilə 10 may 2018-ci il tarixdə "xxxx" MMC Avrasiya hospitalında qeydiyyatdan keçmişdir. Təyinat həkimi Mansur Xəlilov olmuşdur. Zəruri analiz və müayinələrdən sonra ona cərrahi müdaxilə məsləhət görülmüşdür və 16 may 2018-ci il tarixdə həkim Dr.Vasif İsmayıl tərəfindən cərrahiyyə əməliyyatı olunmuş, 16 may 2018-ci ıl tarixdə xəstəxanadan çıxmışdır. Cərrahiyyə əməliyyatı üçün 1800 manat və 300 manat olmaqla, cəmi 2100 manat ödəmiş, lakin cərrahiyyə əməliyyatından sonra səhhəti yaxşılaşmaq əvəzinə daha da pisləşmişdir. Belə ki, müalicə üçün müraciət edərkən, sidik ifrazının sayı əvvəllər gün ərzində 3-4 dəfə idisə, indi hər yarım saatdan bir sidik ifrazı baş verir. Göründüyü kimi MedCorporation MMC Avrasiya hospitalının və həmin hospitalın həkimi Dr.Vasif İsmayılın məsuliyyətsizliyi nəticəsində səhhəti yaxşılaşmaq əvəzinə daha da pisləşmişdir. Uzun illərdir ki, MedCorporation MMC Avrasiya hospitalının məsuliyyətsizliyindən özü və ailə üzvləri əziyyət çəkir, özü isə müalicəsi mümkün olmayan xəstəlikdən müalicə olunur. Uzun yola çıxa bilmir. Kütləvi tədbirlərdə iştirakı mümkünsüz olmuşdur. Qohum-əqrəbanı ziyarət edə bilmir. Övladlarının evi yaşadığı evdən, təxminən 25-30 dəqiqədən artıq məsafədə yerləşdiyi üçün onların evinə gedib, övladlarını və nəvələrini ziyarət edə bilmir. Bununla da iztirab və mənəvi əzab çəkir. Hesab edir ki, cavabdehin qanunsuz və məsuliyyətsiz hərəkətləri nəticəsində dəymiş maddi və mənəvi ziyana görə ona 100000 manat məbləğində kompensasiya ödənilməlidir. Bu məqsədlə pul tələbinə dair 01 noyabr 2021-ci il tarixli xəbərdarlıq məktubu ilə cavabdehə müraciət etmişdir. Həmin xəbərdarlıq məktubunu cavabdeh tərəf 11 noyabr 2021-ci il tarixdə almışdır. Tələb olunan kompensasiya məbləğinin ödənilməyəcəyi təqdirdə qanunvericiliyin tələbinə uyğun olaraq, məhkəmə orqanlarına müraciət edəcəyini bildirsə də, bu günə qədər olan müddət ərzində cavabdeh pul tələbinə dair müraciətinə heç bir cavab verməmişdir. Hazırki vəziyyətdə, uzun müddət bu xəstəlikdən əziyyət çəkməsi kimi hallar onun mənəvi sarsıntı, iztirab keçirməsinə səbəb olmuşdur. Bununla da cavabdeh ona mənəvi zərər vurmuşdur. Hesab edir ki, cavabdehin qanunsuz və məsuliyyətsiz hərəkətləri nəticəsində dəymiş maddi və mənəvi ziyana görə ona 21500 manat məbləğində kompensasiya ödənilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Əvvəl keçirilmiş məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və X3" X5 xx.xx.2022-ci il tarixli 202/KEŞ saylı ekspert rəyindən görünür ki, “Avrasiya Hospital”da İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2018-ci il tarixdə hospitalın cərrahiyyə söbəsinə daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Prostat vəzinin xoşxassəli hiperplaziyası. Sidik kisəsi daşı. Xroniki sidik ləngiməsi” diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq xx.xx.2018-ci il tarixdə İddiaçı üzərində “Transmural sistolitotripsiya. Transuretal prostat rezeksiyası” cərrahiyyə əməliyyatın icra edilməsinə tibbi göstəriş olmuşdur. Əməliyyat taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. Əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş və xəstə xx.xx.2018-ci il tarixdə kafi vəziyyətdə evə yazılmışdır. İddiaçı mütəxəssis müayinəsi zamanı onda hal-hazırda “Neyrogen sidik kisəsi, hiperaktiv forma” və şiddətli sıxışma anında sidik kisəsi əzələsinin təzyiqinin anidən artmasının olduğu müəyyən edilmişdir. Qeyd olunan patoloji vəziyyət icra edilmiş cərrahiyyə əməliyyatının texniki icrası ilə deyil və hazırda təkrar cərrahiyyə əməliyyatının aparılmasına ehtiyac yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və X3" X5 xx.xx.2022-ci il tarixli 711 saylı ekspert rəyindən görünür ki, “Avrasiya Hospital”da İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2018-ci il tarixdə hospitalın cərrahiyyə şöbəsinə daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Prostat vəzinin xoşxassəli hiperplaziyası. Sidik kisəsi daşı. Xroniki sidik ləngiməsi” diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq xx.xx.2018-ci il tarixdə İddiaçı üzərində “Transmural sistolitotripsiya. Transuretral prostat rezeksiyası” cərrahiyyə əməliyyatın icra edilməsinə tibbi göstəriş olmuşdur. Əməliyyat taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. Əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş və xəstə xx.xx.2018-ci il tarixdə kafi vəziyyətdə evə yazılmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə mütəxəssis müayinəsi zaman onda “Neyrogen sidik kisəsi, hiperaktiv forma" və şiddətli sıxışma anında sidik kisəsi əzələsinin təzyiqinin anidən artmasının olduğu müəyyən edilmişdir. Qeyd olunan patoloji vəziyyət icra edilmiş cərrahiyyə əməliyyatının texniki icrası ilə deyil, sidik kisəsi hiperaktiviliyi ilə əlaqədardır və hazırda təkrar cərrahiyyə əməliyyatının aparılmasına ehtiyac yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, xx.xx.2018-ci il tarixdə cavabdehdə iddiaçının üzərində “Transmural sistolitotripsiya. Transuretal prostat rezeksiyası” cərrahiyyə əməliyyatın icra edilmiş və iddiaçı xx.xx.2018-ci il tarixdə kafi vəziyyətdə evə yazılmışdır. Sonradan iddiaçıda “Neyrogen sidik kisəsi, hiperaktiv forma” və şiddətli sıxışma anında sidik kisəsi əzələsinin təzyiqinin anidən artması olmuşdur. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məlum olduğu kimi, zərərin əvəzinin ödənilməsinin əsas məqsədi hər hansı bir şəxsin əmlakda onun iradəsi xaricində əmələ gələn azalmayı, yəni zərəri eynilə və ya pulla aradan qaldırmaq, zərər verən hadisə nəticəsində zərər çəkənin əmlakında azalmış olan dəyər yerinə keyfiyyət və ya kəmiyyət baxımından eyni olan dəyər qoymaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (1096 və 1097-ci maddələr). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı və borclunun hüquqa zidd əməli ilə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Bu mənada zərər mülki-hüquqi məsuliyyətin ən önəmli ünsürünü təşkil edir. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsini tələb edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Məhkəmə iddiaçının cavabdeh tərəfindən maddi zərərin vurulmasına dair iddia tələbinin dəlili ilə razılaşmır. Zərərin ödənilməsi ilə bağlı tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. İddiaçı, ona dəymiş zərərin, yəni “Neyrogen sidik kisəsi, hiperaktiv forma” və şiddətli sıxışma anında sidik kisəsi əzələsinin təzyiqinin anidən artmasının məhz cavabdehin təqsiri üzündən baş verməsini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əksinə məhkəmə qərardadlarına əsasən verilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və X3" X5 xx.xx.2022-ci il tarixli 202/KEŞ saylı və xx.xx.2022-ci il tarixli 711 saylı ekspert rəylərindən müəyyən olunur ki, iddiaçının üzərində aparılmış əməliyyat taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmiş, onda hazırda mövcud olan “Neyrogen sidik kisəsi, hiperaktiv forma” və şiddətli sıxışma anında sidik kisəsi əzələsinin təzyiqinin anidən artması icra edilmiş cərrahiyyə əməliyyatının texniki icrası ilə deyil, sidik kisəsi hiperaktiviliyi ilə əlaqədardır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən maddi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. İddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsinə hüquqi qiymət verərək, məhkəmə aşağıdakıların qeyd olunmasını zəruri bilir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Konstitusiya Məhkəməsinin göstərilən Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Belə ki, Ali Məhkəmənin Plenumu qeyd olunan Qərarda göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı ona vurulmuş mənəvi zərərin nədən ibarət olmasını da əsaslandıra bilməmişdir. İş materiallarından göründüyü kimi, hazırda iddiaçı ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etsə də, mənəvi zərərin dəydiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia mənəvi zərərə aid hissədə də təmin oluna bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iddia təmin oluna bilməz. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-1220/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1220/2022
15.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver