Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1230/2025 10.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə, Cavabdeh2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Sığorta Şirkəti ASC-nin nümayəndəsi X16 iştirakları ilə İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh2 və Cavabdeh3 qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti və "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “aktın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və pul” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh2 və Cavabdeh3 qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti və "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “aktın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və pul” tələbinə dair iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizələr ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, Əhmədov Elməddin Osman oğlu xx.xx.1982-ci ildə Astara rayonunun Hamoyşəm kəndində doğulmuş, həmin kənddə qeydiyyatda olmaqla Bakı şəhərində onunla eyni mənzildə yaşamış və müqavilə əsasında tikintidə usta kimi işləmişdir. Əhmədov X9 Aygün Əliyusif qızı ilə 2004-cü ildə evlənmişdir. Rəsmi nikahdan övladları-xx.xx.2007-ci il təvəllüdlü Günel Əhmədzadə, xx.xx.2010-cu il təvəllüdlü Fatimə Əhmədzadə və xx.xx.2012-ci il təvəllüdlü Zəhra Əhmədzadə doğulmuşdur. 15 dekabr 2022-ci il tarixdə saat 10 radələrində Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Siyəzən rayonu Beşdam kəndi ərazisindən keçən 99-cu kilometrində sürücü X17 Bakı istiqamətində idarə etdiyi "Daf" markalı ** BG *** dövlət qeydiyyat nişanlı, "Krone" markalı ** ZA *** dövlət qeydiyyat nişanlı yarımqoşqusu olan yük avtomobili ilə sürücü X1 Quba istiqamətində idarə etdiyi "X27" markalı ** VE *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində sürücü X2, "X27" markalı avtomobildə olan sərnişinlər X3, Əhmədov Elməddin Osman oğlu, X12, X18, X22 hadisə yerində ölmüşdür. X27 markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2, həmin avtomobilin sərnişinləri olmuş şirkət işçiləri Əhmədov Elməddin Osman oğlu, X12 və X18 eyni müəssisənin "xxxx" MMC-nin işçiləri olmuşdur. X2 və Əhmədov Elməddin Osman oğlu «fəhlə», X12 və X18 «qəlibçi vəzifələrində çalışmışlar. xx.xx.2022-ci il saat 10 radələrində dayısı oğlu Rusif iddiaçıya zəng edərək əri Elməddinin Siyəzən rayonu ərazisində avtoqəzada ölməsi və meyitinin Sumqayıt şəhər Məhkəmə tibbi ekspertiza şöbəsinin meyitxanasında olduğunu bildirmişdir. O, bu xəbəri eşidib dərhal meyitxanaya getmişdir. Elməddinin meyiti ekspert tərəfindən müayinə olunduqdan sonra onlara təhvil verilmiş və meyiti aparıb Bakı şəhəri Qaradağ rayonu Sanqaçal qəsəbəsindəki qəbristanlıqda dəfn etmişlər. Hadisə olan gün də daxil olmaqla iddiaçının mərhum əri Əhmədov Elməddin Osman oğlu cavabdeh "xxxx" MMC-də fəhlə kimi işləmişdir. Qəza olduğu gün Elməddin evdən çıxaraq həmin gün iş yoldaşı olan bibisi oğlu X12 ilə işlədiyi “Nabucco Memarlıq və İnşaat" MMC tikinti şirkətindən Quba rayonuna ezam olunacağını bildirmişdi. İş üzrə zərərçəkmiş şəxs X6 hüquqi varisi qismində tanınaraq dindirilmiş X7 ifadəsində göstərmişdir ki, ona məlumdur ki, oğlu Vüqar həmin gün işlədiyi "xxxx" tikinti şirkətindən Quba rayonuna iş yoldaşları ilə ezam olunmuşdur. İş üzrə zərərçəkmiş şəxs X4 hüquqi varisi qismində tanınaraq dindirilmiş X8 ifadəsində göstərmişdir ki, qardaşı Akif 15 dekabr 2022-ci ildə saat 07:30 radələrində Akif evdən çıxaraq həmin gün işlədiyi "xxxx" MMC-dən Quba rayonuna iş yoldaşı olan Əhmədov Elməddinlə ezam olunacağını bildirmişdi. İddiaçı mərhum əri zərərçəkmiş şəxs Əhmədov Elməddin Osman oğlunun hüquqi varisi kimi tanınmışdır. Cavabdehlə Əhmədov Elməddin Osman oğlu arasındakı əmək müqaviləsinə qəzadan bir neçə aydan sonra işə gəlməmə əsasına görə xitam verilmişdir. Sonradan bu pozuntu aşkar edilmiş, əmək müqaviləsinə ölüm əsası ilə xitam verilmişdir. Bu yanlışlığa görə cavabdeh MMC Əmək müfəttişliyi tərəfindən 2000 manat cərimə də olunmuşdur. Əhmədov Elməddin Osman oğlu işlədiyi dövrdə işəgötürən tərəfindən, yəni "xxxx" MMC tərəfindən istehsalatda bədbəxt hadisələrdən icbari sığorta olunmamışdır. Cavabdeh “Nabucco Memarlıq və İnşaat" MMC hər bir işçinin sığortalanmasını təmin etməli olduğu halda bunu etməmişdir, yəni bu, cavabdehin hüququ deyil, vəzifəsi kimi qanunvericilikdə nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı Əhmədov Elməddin Osman oğlunun əmək müaviləsinin qüvvədə olduğu dövrdə ölümü ilə bağlı “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na əsasən (Nazirlər Kabinetinin 27 saylı, xx.xx.2000-ci il tarixli) aktın verilməsi, habelə Əhmədov Elməddin Osman oğlu ilə son haqq-hesab məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, mənəvi ziyan tələbi olaraq 50.000 manat pulun və ödənilmiş dövlət rüsumunun, etibarnamə üçün çəkilən 15 manat xərcin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 3.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-1230/2025 saylı qərardadı ilə İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh2 və Cavabdeh3 qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti və "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “aktın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və pul” tələbinə dair iddia ərizəsi ilə bağlı 2(006)-1230/2025 saylı mülki işdən İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “son haqq-hesabın ödənilməsi” tələbinin ayrılaraq, ayrıca icraatda baxılması qərara alınmışdır. a)Məhkəmə icraatı iştirakçılarının izahatları 4.Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili Nümayəndə iddia tələbini müdafiə edərək bildirmişdir ki, İz aktı işçinin çalışdığı müəssisə tərəfindən istehsalatda bədbəxt hadisələrin baş verməsi ilə bağlı verilən bir aktdır. İşçilər "xxxx" Sığorta Şirkətində sığortalanmış, hadisənin baş verdiyi gün üzrlü səbəbdən işdə iştirak etməmə kimi bir hal yaşanmamışdır. Şabran rayon Prokurorluğunda işçilərin verdiyi izahatlardan aydın olur ki, şirkətin tələbi ilə işçilər başqa bir rayona göndərilmişdir. Şirkət rəhbərliyi isə işçiləri özlərinin göndərməsini qəbul etmir, halbuki onlar işçi geyimlərində olmuşlar. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə məktubda işçilərin işə gələrək qeydiyyatdan keçdikləri qeyd olunmuşdur. Hüquqi müstəvidən baxılsa, işçilər sığortalı olaraq iş zamanı istehsalatda baş verən bədbəxt hadisə nəticəsində vəfat etmişlər. Vəfat etmiş şəxslərdən biri də Cavabdeh2 mərhum qardaşı olmuşdur ki, o, sürücü kimi fəaliyyət göstərmişdir. Cavabdeh müəssisədə işçilərin sənəddə qeyd olunan vəzifələri ilə faktiki vəzifələri fərqli olmuşdur. İşçilər səhər saat 08:50 radələrində işə gəlmiş, saat 10:00-da Bakı-Quba yolunda qəzaya uğramışlar. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 cavabdeh müəssisəni cərimələmiş və bildirmişdir ki, əgər başqa pozuntular aşkar edilsə, yenə də məsuliyyətə cəlb olunacaqlar. Hadisə baş verdiyi təqdirdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi arayışın formasını göndərir, əgər həmin qaydada arayış təqdim edilməsə, müəssisə cərimələnir. Cavabdeh müəssisə işçiləri rəsmi olaraq Quba rayonuna göndərməməklə, məsuliyyətdən boyun qaçırmağa çalışır. Lakin telefon yazışmaları göstərir ki, şirkətin iş icraçısı işçilərə hansı saatda nə etməli olduqlarını bildirir. Cavabdeh müəssisə hazırda fəaliyyət göstərməsə belə, müəssisənin icra orqanı, direktoru hadisə ilə bağlı məsuliyyət daşıyır. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə suallara cavab olaraq isə cavabdeh şirkətin İz aktının verilməsindən imtina etdiyini, sığorta şirkətlərinin isə həmin akt olmadan sığorta ödənişi verə bilmədiyini, müəssisənin vəfat etmiş işçilərin onlar tərəfindən Quba rayonuna göndərdiyini etiraf etmədiyini, əgər etiraf etsələrdi, rahat bir şəkildə İz aktı tərtib olunacağını, işçilərin ölümünə görə onların yaxın ailə üzvlərinin sığorta ödənişi ala biləcəklərini, ikincisi, şirkətin işçilər üçün əməyin mühafizəsini təmin etmədiyini, avtomobildə nasazlıq olub-olmamasını yoxlamadığını, qəlibçi olan bir şəxsin sürücülük etməsinə icazə verdiyini bildirmişdir. 5.Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini özünə aid hissədə qəbul etməyərək bildirmişdir ki, onun özünə də ziyan dəymiş, həm qardaşı vəfat etmişdir, həm də avtomobili zərərə uğramışdır. Odur ki, iddia tələbinin ona aid hissədə təmin edilməməsini xahiş etmiş, əlavə suallara cavab olaraq isə avtomobili qardaşının idarə etdiyini, lakin qardaşının cavabdeh müəssisənin sürücüsü olmadığını, sadəcə iş yoldaşlarını avtomobillə iş yerinə aparacağını, qardaşının müəssisədə işinin qəlibçilik olduğunu, qardaşının avtomobili işçi yoldaşlarını iş yerinə aparmaq üçün götürdüyünü, əslində, avtomobili qardaşı üçün aldıqlarını, avtomobili idarə etmək üçün həm özünün, həm də qardaşının etibarnaməsi olduğunu, avtomobilin mülkiyyətçisinin Cavabdeh3 olduğunu, avtomobili aldıqlarını, lakin öz adlarına keçirmədiklərini, qardaşının ona işlə əlaqədar Quba rayonuna gedəcəklərini və buna görə avtomobili götürəcəyini söylədiyini, çünki onların iş yerlərindən Quba rayonuna göndərildiyini, cavabdeh müəssisənin hazırda fəaliyyət göstərmədiyini, mərhum qardaşının sənətinin qəlibçilik olduğunu, qardaşı və digər işçilərin Quba rayonundakı iş yerinə "xxxx" MMC-nin göndərdiyini, qardaşının hüquqi varisi kimi özünün tanındığını, məsələ ilə bağlı, eləcə də avtomobilə dəyən ziyanla bağlı cavabdeh müəssisəyə müraciət etdiyi zaman cavabdeh müəssisənin nə qardaşının vəfatına, nə də avtomobilinə dəyən ziyana görə heç bir şey ödəmədiyini, çünki cavabdeh müəssisənin işçilərini qanuni olaraq göndərmədiyini söylədiyini qeyd etmişdir. 6.xx.xx.2025-ci il tarixli məhkəmə iclasında cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X5 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iş prinsipi ondan ibarətdir ki, işçilər işə götürülərkən onlardan ərizə alınır, əmək müqaviləsi bağlanılır və əmək haqqı təyin edilir. Tikintidə briqadir adlı işçi olur və o, briqadaya rəhbərlik edir. Briqadanı briqadirin özü toplayır. Ancaq onlar bütün işçilərlə əmək müqaviləsi bağlayırlar. Briqadir həmin işçiləri hər səhər işə gələndə bildirir ki, aylıq əmək haqqı təyin edilir və işçilər işə gəlmədikdə onlara həmin gün əmək haqqı yazılmır. Şirkətin xidməti avtomobili yoxdur. Çünki böyük şirkət deyildir. Metal konstruksiyası çox az olan bir işdir. Hər bir işçiyə əmək haqqı kartı verilib. Onun bu hadisədən sonradan məlumatı olub. İşçilərin Quba rayonuna getməyindən xəbəri olmayıb. İşçiləri Qubaya onlar göndərməmişlər. Quba rayonunda da heç bir iş olmamışdır. Adətən işçilər səhər saat 08:00-da işə gəlir. 08:30-da paltarlarını dəyişirlər və sonra iş başlayır. Nahar vaxtı sadəcə orada gözətçi olur. Gözətçi ifadəsində bildirir ki, 08:50-də 4 nəfər işçi işə gəliblər. İşə başlayanda şirkətin hesabına şəxslərə kaska, geyim, əlcək və s. verilir. Paltarları işçilərə gündəlik vermirlər İşə başlayanda verirlər və işdən ayrılanda o paltarları geri götürmürlər. İstifadə olunmuş paltarları başqasına vermirlər, onların özlərində qalır. İşçi başqa işə gedəndə də həmin paltardan istifadə edə bilir. Onlar həmin paltarları nə vaxtsa, götürüblər. Əslində paltarlar şirkətin özündə qalmalı idi. Ancaq onlar paltarları götürüb və 08:50-də gediblər. Avtomobil hadisə yerində vəfat etmiş şəxslərdən birinin avtomobilidir. Vəfat etmiş şəxlərdən 4 nəfər Şirkətdə usta vəzifəsində işləyiblər. Avtomobil isə ustadan, fəhlədən birinin avtomobilidir. Onların olsa idi, balansda qeyd olunardı ki, Şirkətin avtomobili vardır. Şirkətdə 60 nəfər işləyir və hər birinin əmək müqaviləsi vardır. Onlar işçilər üçün avtomobil ayırmamışlar. İşçilərin bəziləri işə öz avtomobili ilə gəlir. Bəziləri isə taksi ilə gəlirlər. Son iş günü onlara əmək haqqı yazılmayıb. Axırıncı dəfə Quba rayonunda iş 2019-cu ildə olub. Odur ki, qeyd etdiklərinə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 7.Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Sığorta Şirkəti ASC-nin nümayəndəsi X25 iddiaya münasibətdə bildirmişdir ki, əgər müəssisə tərəfindən İz aktı verilmişdirsə, hər zaman sığorta şirkəti tərəfindən sığorta ödənişi edilir. İddia tələbinin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmiş, əlavə suallara cavab olaraq isə İz aktının alternativi kimi həmin hadisəni təsdiq edəcək məhkəmə aktı qəbul olunsa, sığorta şirkəti sığorta ödənişinin verilə biləcəyini, iz aktının hadisənin sığorta hadisəsi olub-olmamasını göstərdiyini, sığorta ödənişini iz aktından əlavə, lazımi dövlət orqanlarına sorğular göndərdiklərini, bütün sənədləri toplayıb, fakt təsdiqini tapdıqdan sonra sığorta ödənişini etdiklərini bildirmişdir. 8.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağırılmış digər cavabdehlər və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə hazırki işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. 9.Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 10.Mülki işin materiallarında olan 29 iyul 2024-cü il tarixli, “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və icraata xitam verilməsi haqqında” Qərara əsasən ********* nömrəli cinayət işi üzrə X17 əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş, həmin cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan X2 öldüyündən barəsində cinayət işinin icraatına xitam verilməsi, X2 avtomobili idarə edərkən, ona və digər işçilərə əməyin mühafizəsi qaydaları barədə təlimat verilibverilməməsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilib-edilməməsi hallarının araşdırılması baş vermiş hadisəyə görə AR CM-nin 162-ci maddəsinin tərkib əlamətlərinin olub-olmaması və təqsirkar şəxslərin müəyyən edilməsi məqsədilə cinayət işindən materialın ayrılması və araşdırılması üçün aidiyyəti üzrə Respublika Baş Prokurorluğuna göndərilməsi... qərara alınmışdır. 11.Mülki işin materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 6(006)-105/2024 saylı qərarına əsasən "xxxx" ASC-nin İdarə heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Oqtay Şeydabəyovun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinə tabe olan yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsinin müstəntiqi Şöhrət İmanovun 29 iyul 2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi və icraata xitam verilməsi barədə haqqında” qərarından məhkəmə nəzarəti qaydasında şikayəti təmin edilərək, qərar ləğv edilmiş və yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinə yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsinə göndərilmişdir. 12.Mülki işin materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 6(006)-52/2024 saylı qərarına əsasən "xxxx" ASC-nin şikayəti təmin edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin “cinayət işinin başlanılmasının rədd edilməsi” barədə xx.xx.2024-cü il tarixli qərarının qanunsuz hesab edilərək ləğv edilməsi, onun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinə göndərilməsi qərara alınmışdır. 13.Mülki işin materiallarında olan 11 yanvar 2023-cü il tarixli, “Zərərçəkmiş (ölmüş) şəxsin hüquqi varis qismində tanımaq haqqında” Qərara əsasən iş üzrə Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsi, Zavod küçəsi, ev 1, mənzil 9-da qeydiyyatda olmaqla həmin evdə yaşayan İddiaçı ərizə Əhmədov Elməddin Osman oğlunun hüquqi varisi qismində tanınması qərara alınmışdır. 14.Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli, “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” Qərara əsasən baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. 15.Mülki işin materiallarında olan 02 aprel 2025-ci il tarixli, “Cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi” barədə qərara əsasən baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ləğv edilmişdir. 16.Mülki işin materiallarında olan İcbari Sığorta Bürosu tərəfindən verilən cavab məktubuna əsasən sığorta olunan qismində mərhum Əhmədov Elməddin Osman oğlunun adına "xxxx" ASC və "xxxx" MMC arasında bağlanılmış “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” üzrə PH**********/1 və PH**********/5 nömrəli sığorta şəhadətnamələri aşkarlanmışdır. Cavabdeh "xxxx" MMC həyat sığortası üzrə sığorta müqaviləsi bağlayıb-bağlamaması barədə məlumat büronun informasiya sistemində mövcud deyildir. 17.Mülki işin materiallarında olan “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi”nə illik qoşmasına PH**********/1 nömrəli Əlavəyə əsasən Əhmədov Elməddin Osman oğluna sığorta haqqı hesablanmışdır. 18.Mülki işin materiallarında olan xx.xx.2025-ci il tarixli, “Materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” Qərara əsasən "xxxx" MMC-nin məsul şəxslərin əməllərinə hüquqi qiymət verilməsi üçün toplanmış 89C-24 nömrəli material aidiyyəti üzrə AR Baş Prokurorluğu vasitəsilə Nəsimi Rayon Prokurorluğuna göndərilmişdir. 19.Mülki işin materiallarında olan "xxxx" MMC tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinə ünvanlanan 18 avqust 2023-cü il tarixli ərizəyə əsasən Əhmədov Elməddin Osman oğlunun ölümündən sonra əmək müqaviləsinə “AR ƏM-nin 74.1 “e” işçi vəfat etdikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə” maddəsi ilə xitam verilməsi xahiş edilmişdir. 20.Mülki işin materiallarında olan "xxxx" MMC tərəfindən X13 ünvanlanan 02 may 2023-cü il tarixli məktubda bildirilmişdir ki, dünyasını dəyişən işçilər ofis və digər işçilərin, həmçinin sahə rəisinin xəbəri olmadan səhər saatlarında gəlib geyimlərini götürərək başqa rayona cəmiyyətlə əlaqəli olmayan iş üçün gediblər. Bunun haqqında səlahiyyətli şəxslərə heç bir xəbər verilməyib. Rəhmətə getmiş şəxsləri işləməkdə olduqları şirkət tərəfindən başqa bir işə yönləndirilməyib. Həmin şəxslər öz istəkləri ilə xəbərsiz şəkildə başqa iş üçün gediblər. Səhər saatlarında işlədikləri yerə gələrək iş geyimlərini götürmüş və 10VE933 dövlət nişanlı mersedes vito markalı maşınla (maşın şirkətə məxsus deyil) şirkətə aid olmayan işlə bağlı yola çıxıblar. Bundan sonra isə bu bədbəxt hadisə ilə qarşılaşıblar. 21.Mülki işin materiallarında olan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti tərəfindən Siyəzən rayon prokurorluğuna ünvanlanan xx.xx.2023-cü il tarixli məktubuna əsasən Əhmədov Elməddin Osman oğlu və digərlərinin ölümləri ilə nəticələnmiş halın AR Nazirlər Kabinetinin xx.xx.2000-cil tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrinin təhqiqi və uçota alınması Qaydaları”nın 1.2-ci bəndində nəzərdə tutulmuş hallara uyğun olub-olmamasını müəyyən etmək mümkün olmadığından tərəflərindən baş vermiş bədbəxt hadisənin təhqiqatı aparılmamışdır. Qeyd edilənləri nəzərə alaraq, toplanmış sənədlərin surəti məlumat üçün göndərilmiş və tərəflərindən aparılan araşdırma zamanı Əhmədov Elməddin Osman oğlu və digərlərinin ölümləri ilə nəticələnmiş bədbəxt hadisənin istehsalatla əlaqəliliyi müəyyən edildiyi təqdirdə qəbul edilmiş müvafiq qərarın X19 Xidmətinə təqdim edilməsi xahiş edilmişdir. 22.Mülki işin materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanan 26 may 2025-ci il tarixli məktubdan görünür ki, iddiaçının mərhum həyat yoldaşı, xx.xx.1982-ci il təvəllüdlü Əhmədov Elməddin Osman oğlu "xxxx" ASC ilə "xxxx" MMC (VÖEN: **********) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, **********884 №-li “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi”nin PH**********/1 №-li illik qoşması əsasında sığortalanmışdır və ona 46877.05 AZN sığorta məbləği müəyyən edilmişdir. Əhmədov Elməddin Osman oğlu xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Siyəzən rayonu Beşdam kəndi ərazisindən keçən 99-cu kilometrində baş vermiş yol nəqliyyat hadisəsi zamanı “X27” markalı, ** VE *** dövlət qeydiyyat nişanlı avtomobildə olan digər sərnişinlərlə birlikdə vəfat etmişdir. İddia ərizəsində qeyd olunur ki, hadisə olan gün də daxil olmaqla Əhmədov Elməddin Osman oğlu "xxxx" MMC- də fəhlə kimi işləmişdir. İstehsalatda baş vermiş bədbəxt hadisə ilə əlaqədar Cəmiyyətə hər hansı məlumat təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qəran ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.7-ci bəndinə istinadən baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq bədbəxt hadisənin baş verməsi tarixindən 3 (üç) iş günü müddətində sığortaçıya məlumat verilməlidir. Əlavə olaraq, sığorta olunan və ya faydalanan şəxsləri tərəfindən ünvanlanan sığörfa ödənişi tələbinə dair müraciət daxil olmamış, buna görə də sığortaçı kimi tərəfimizdən hər hansı araşdırma aparılmamış və sığorta ödənişinin verilməsi ilə bağlı hər hansı qərar qəbul edilməmişdir. Belə ki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun maddəsinə görə sığorta ödənişinin təyin edilməsi sığortaçı tərəfindən faydalanan şəxsin tələbinə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş siyahıda göstərilən sənədlərə əsasən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il xx.xx.2010-cu il tarixli 196 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta ödənişinin təyin edilməsi üçün sənədlərin Siyahısı”nın 1.1-ci maddəsində sığortaçı tərəfindən sığorta ödənişinin təyin edilməsi üçün tələb olunan sənədlər qeyd olunmuşdur. Məhkəmə iclasında da şifahi olaraq bildirildiyi kimi, yalnız siyahısı qanunvericilikdə dəqiq müəyyən edilmiş sənədlərlə birlikdə faydalanan şəxs tərəfindən sığorta ödənişinə dair müraciət olduğu halda, işlə bağlı müvafiq strukturlar tərəfindən araşdırılma aparıla və sığorta ödənişinin verilməsi və ya ödənişdən imtina barədə qərar qəbul edilə bilər. Bundan başqa, İcbari Sığorta Bürosunun elektron sistemindən əldə edilmiş xx.xx.2022-ci il tarixli, **********884 №-li “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi” və onun PH**********/1 №-li və PH**********/5 №-li illik qoşmalarının surəti hazırkı məktuba əlavə olunaraq təqdim edilir. 23.Mülki işin materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli, **********884 nömrəli İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinə əsasən sığortalının Qanunun 13-cü maddəsinə uyğun olaraq müəyyən edilmiş müvafiq sığorta tarrifləri əsasında hesablanan bu müqavilədə razılaşdırılmış müvafiq sığorta haqqını ödəməsi müqabilində Qanunun 3.1ci maddəsinə uyğun olaraq müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsi olan Qoşmada nəzərdə tutulmuş fiziki şəxslərin həyatına və sağlamlığına istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından dəyən zərərlə əlaqədar onların peşə əmək qabiliyyətinin itirilməsinə və ya ölümünə görə sığortaçı Qanunun 18-ci maddəsində müəyyən edilmiş qaydada sığorta ödənişinin verilməsi öhdəliyi götürür. 24.Mülki işin materiallarında olan "xxxx" MMC-yə iddiaçı tərəfindən ünvanlanan “iz formalı akt”ın verilməsinə dair pretenziya məktubuna əsasən iddiaçı həyat yoldaşının işəgötürən tərəfindən təmin edilməli olan hüquqlarının tanınması və əmək mübahisələrinin həlli üçün sığorta ödənişini almaq üçün müvafiq iz formalı aktın dərhal təqdim edilməsini xahiş etmişdir. 25.Mülki işin materiallarına həmçinin, nəqliyyat vasitəsinin istifadə edilməsi haqqında etibarnamə əlavə edilmişdir. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 26.Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 27.«Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin qərarda eyni zamanda göstərilir ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. 28.«Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarına əsasən, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Həmin qərarda qeyd edilmişdir ki, mənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərrüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur. Ana və atanın uşaqlarının, nənə və babanın nəvələrinin ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində zərərçəkmişin tək uşaq (nəvə) olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək yaşda olub-olmamaları kimi amillər də diqqətə alınmalıdır. Uşaqların ana və atalarının ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində onların ata və analarına möhtac yaşda olmaları, fiziki və ya əqli məhdudiyyətli olmaları əsas götürülməlidir. 29.«Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyriəmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. 30.Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarında izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. 31.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 dekabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 16 iyul 2018-ci il tarixli Qərarı 32.İşçi dedikdə, əmək müqaviləsi əsasında, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxs başa düşülür. İşçinin yalnız əmək müqaviləsində dəqiq müəyyənləşdirilmiş funksiyalarını yerinə yetirərkən törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyəti Mülki Məcəllənin 1099.1-ci maddəsinə uyğun olaraq işəgötürən daşıyır. Əmək Məcəlləsinin 54-cü maddəsinə görə, işəgötürən əmək şəraitini, o cümlədən əməyin mühafizəsini, texniki təhlükəsizlik normalarının gözlənilməsini təmin etməlidir. Buna görə də işçi işlərin təhlükəsiz aparılmasını fiziki və ya hüquqi şəxsin nəzarəti altında həyata keçirməli olur. Bu halda da Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs nəzarəti altında olan işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır. 33.Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217-ci maddəsinin 1-ci bəndinə əsasən İşəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. Həmin maddənin 2-ci bəndinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır. Bu maddənin 3-cü bəndinə əsasən bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır. Həmin maddənin 4-cü bəndinə əsasən bədbəxt hadisənin baş vermə faktını gizlədən, aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçıran işəgötürən, onun səlahiyyətli vəzifəli şəxsi qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır. Bu maddənin 5-ci bəndinə əsasən bədbəxt hadisələrin araşdırılmasının, uçotunun aparılması bu maddədə nəzərdə tutulmuş qaydalar əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktla tənzimlənir. 34.“İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 1.2-ci bəndinə əsasən işçilərin səhhətinin pozulması aşağıdakı hallarda təhqiq edilməlidir: əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən; müəssisəyə məxsus və müəssisənin müqaviləsi (sifarişi) əsasında kənar təşkilatlardan verilmiş nəqliyyatda işə gedərkən, yaxud işdən qayıdarkən; müəssisənin ərazisində, yaxud başqa iş yerində iş vaxtı müəyyən edilmiş fasilələr də daxil olmaqla, işçi işə başlamazdan əvvəlki və ya işi qurtarıb müəssisədən çıxan vaxt ərzində; keçirildiyi yerdən asılı olmayaraq, müəssisə tərəfindən iməclik tədbirləri keçirildiyi müddətdə; işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddətdə; istehsal avadanlıqları və obyektlərində qəza zamanı; növbə istirahətində olan işçilər (bələdçi, refrijator briqadasının işçisi, növbədə olan sürücü, dəniz, çay və hava nəqliyyatlarının ekipaj üzvləri, növbə ekspedisiya üsulu ilə işləyənlər və başqaları) növbə (vaxta) qəsəbəsinin ərazisində olduqları vaxt; işçilər xidmət obyektlərinin arasında hərəkət etməklə (iş vaxtı ümumi istifadədə olan nəqliyyatda, yaxud piyada gedərkən, həmçinin işəgötürənin (onun vəzifəli şəxslərinin tapşırığını yerinə yetirərkən) fəaliyyət göstərdikləri müddətdə; işəgötürənin yazılı sərəncamına əsasən, əmək vəzifələrini şəxsi minik maşınında yerinə yetirdiyi vaxt; əmək vəzifələrini yerinə yetirərkən işçiyə başqa şəxs tərəfindən bədən xəsarətləri yetirildikdə, yaxud o öldürüldükdə; əmək vəzifələrini yerinə yetirərkən itkin düşmə, zədələnmələr, peşə xəstəlikləri və zəhərlənmələr, istivurma, yanma, donma, suda boğulma, ildırım vurma, fauna və flora növləri ilə təmas nəticəsində zədələnmələr, tibbi rəyə əsasən istehsalatda əmək şəraiti ilə əlaqəli infarkt, insult, həmçinin təbii fəlakətlər (zəlzələ, sürüşmə, daşqın, qasırğa və s.) zamanı. 35.Həmin Qərarın 1.4-cü bəndinə əsasən istehsalatda bədbəxt hadisələr təhqiq edilərkən aşağıdakı hallar müəyyən edildikdə, hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır: təbii ölüm, özünə qəsd, intihar hadisələri, həmçinin cinayət törədilərkən (təbii ölüm faktı məhkəmə-tibb ekspertizasının rəyi ilə, özünə qəsd, intihar və cinayət faktları isə hüquq mühafizə orqanları tərəfindən təsdiq edilməlidir), şəxsi məqsədləri üçün hər hansı işlə məşğul olarkən, su hövzələrinin istehsalat obyektlərində çimərkən, balıq ovlayarkən (əgər bu əmək fəaliyyəti ilə bağlı deyilsə), işçilərin öz təşəbbüsləri ilə nahar fasilələrində və ya işdən sonra idman tədbirləri keçirərkən işçilərin xəsarət alması və ya ölümü; texniki spirtlərin, aromatik, narkotik vasitələrin, psixotrop maddələrin istehsalat prosesində istifadəsi ilə bağlı olmayan zəhərlənmələr, əmək funksiyalarını icra edərkən alkoqollu içkilərin, narkotik vasitələrin, psixotrop, toksik və digər zəhərli maddələrin təsirindən ürək dayanması, infarkt, insult, asfiksiya, hərəkətlərin koordinasiyasının pozulması və fikir dalğınlığı nəticəsində baş vermiş bədbəxt hadisələr. 36.Bu Qərarın 2.5-ci bəndinə əsasən təhqiqat komissiyası bədbəxt hadisənin səbəbini və iş yerinin şəraitini təhqiq edir, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının standartlarının pozulmasına yol vermiş şəxsləri aşkar edir. Hadisənin şahidlərindən və zərərçəkəndən izahatlar alır, bədbəxt hadisənin səbəblərini və onların aradan qaldırılması üzrə tədbirləri göstərməklə lazımi nüsxələrdən ibarət tədqiqat aktı tərtib edir və müəssisə tərəfindən hadisə barədə İZ formalı aktın düzgün olmasına nəzarət edir. Qeyd olunan Qərarın 2.6-cı bəndinə əsasən bədbəxt hadisənin təhqiqatı başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada İZ formalı akt tərtib edilməli və onun 1 nüsxəsi mütləq zərər çəkən işçiyə təqdim olunmalıdır. Qaydaların 2.4 bəndində göstərilən halda İZ formalı aktın 1 nüsxəsi zərərçəkənin əmək müqaviləsində olduğu müəssisəyə göndərilir. İşçinin əmək qabiliyyətinin bir gündən artıq müddətə itirilməsinə və ya tibbi rəy əsasında gündən artıq müddətə başqa işə keçirilməsinə səbəb olmuş bədbəxt hadisə İZ formalı aktla rəsmiləşdirilir (əlavə 1) və istehsalatda bədbəxt hadisələrin qeyd jurnalında qeydə alınır (əlavə 2). Təhqiqat komissiyası İZ formalı aktın işəgötürən tərəfindən düzgün tərtib olunmadığını müəyyən edərsə, onun yenidən tərtib edilməsini tələb etmək hüququna malikdir. Bədbəxt hadisənin təhqiqat materialları İZ formalı aktla birlikdə bədbəxt hadisənin qeydə alındığı müəssisədə 45 il müddətində saxlanılmalıdır. Başqa instansiyalara göndərilmiş İZ formalı aktlar və onların surətləri lazım olmayanadək və onlarda nəzərdə tutulmuş bütün tədbirlər yerinə yetirilənədək saxlanılır. 37.Məhkəmə ilk olaraq onu qeyd edir ki, İddiaçı mərhum Əhmədov Elməddin Osman oğlu ilə nikahda olmuş və onun hüquqi varisi kimi tanınmışdır. Bu, xx.xx.2023-cü il tarixli “Zərərçəkmiş (ölmüş) şəxsin hüquqi varis qismində tanımaq haqqında” qərarla təsdiqlənmişdir. Bu səbəbdən iddiaçı qanunla qorunan hüquqlarının bərpası məqsədilə, mərhum həyat yoldaşının ölümü ilə bağlı öhdəliklərin icrası, aktın verilməsi, habelə mənəvi ziyanın ödənilməsi tələbləri ilə məhkəməyə müraciət etmək hüququna sahibdir. 38.Məhkəm qeyd edir ki, işəgötürənin öhdəlikləri qanunvericiliklə dəqiq müəyyən olunmuşdur və istehsalatda baş vermiş bədbəxt hadisələrin araşdırılması və sənədləşdirilməsi məhz işəgötürənin üzərinə düşür. Hadisə ilə bağlı aktın verilməsi yalnız formal tələb deyil, eyni zamanda mərhum işçinin hüquqi varislərinin sığorta ödənişi almaq hüququnu təmin edən qanuni əsasdır. İş materiallarından görünür ki, işəgötürənlə sığorta şirkəti arasında bağlanmış sığorta müqaviləsinə əsasən mərhum sığorta olunan şəxs olmuş, sığorta məbləği 46.877,05 manat müəyyən edilmişdir, lakin "xxxx" Sığorta ASC tərəfindən verilmiş məlumatlarda hadisə ilə bağlı aktın olmaması səbəbindən sığorta ödənişinin həyata keçirilməsinin mümkün olmadığı açıq şəkildə göstərilmişdir. "xxxx" MMC isə baş vermiş hadisənin müvafiq qaydada araşdırılmasını təmin etməmiş, hadisə ilə bağlı akt tərtib etməmişdir. Bu pozuntu X19 tərəfindən tətbiq edilmiş 2 000 manat məbləğində inzibati cərimə ilə təsdiqlənmişdir. İşəgötürənin fəaliyyətsizliyi iddiaçının sığorta ödənişi almaq imkanını məhdudlaşdırmış və hüquqlarının pozulması ilə nəticələnmişdir. 39.Məhkəmə hesab edir ki, işəgötürənin hadisə ilə bağlı aktın tərtibindən imtinası hüquqi əsasdan məhrumdur, çünki belə aktın tərtib olunması məhz mərhumun əmək münasibətlərində olduğu işəgötürənin vəzifəsidir. İşəgötürənin imtinası iddiaçının sığorta və əmək hüquqlarının həyata keçirilməsinə mane olur, eləcə də zərərçəkmiş işçilərin və onların ailələrinin hüquqlarının qorunması prinsipini pozur. Buna görə də, iddiaçının "xxxx" MMC-yə həmin aktın tərtib edilməsi barədə tələbi tam təmin edilməlidir. 40.Bundan əlavə məhkəmə qeyd edir ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı həm mərhum, həm də avtomobilin sürücüsü işəgötürənin əməkdaşları olmuş və hərəkət yalnız iş məqsədilə həyata keçirilmiş, iddiaçının mərhum ərinin şəxsi səfərdə olduğu barədə iş materiallarında heç bir sübut mövcud deyil. İş materiallarına əlavə edilmiş istintaq orqanlarının qərarları və digər sübutlar göstərir ki, səfər işlə bağlı olmuş, buna görə də, baş vermiş hadisənin nəticələrinə görə işəgötürən mənəvi məsuliyyət daşıyır. 41.Məhkəmə mənəvi zərərin ödənilməsi tələbi ilə bağlı qeyd edir ki, həyat yoldaşının ölümü iddiaçı üçün dərin mənəvi və psixoloji sarsıntı olmuşdur. Bu zaman məhkəmə iddiaçının çəkdiyi əzabların xarakterini və dərəcəsini, cavabdehlərin əmlak vəziyyətini və iddiaçının daha yüksək məbləğin tutulmasını əsaslandıran sübutlar təqdim etməməsini nəzərə alır. Məhkəmə hesab edir ki, beş min manat məbləğində mənəvi zərərin ödənilməsi bu iş üzrə ədalətli və proporsional hesab edilməlidir. Bu məbləğ həm iddiaçının yaşadığı iztirabların ağırlığını, həm də cavabdehin real imkanlarını nəzərə alaraq, ədalət prinsipinə uyğun bir balansı əks etdirir. 42.Bundan əlavə məhkəmə müəyyən edir ki, mənəvi zərərin ödənilməsi vəzifəsi, ilk növbədə, mərhumun xeyrinə fəaliyyət göstərmiş və maddi imkanı olan "xxxx" MMC-nin üzərinə düşür. Bununla yanaşı, məhkəmə qeyd edir ki, əgər cavabdeh bu qərarı tam şəkildə icra edə bilməzsə, o, zərərə səbəb olan digər şəxslərə, o cümlədən nəqliyyat vasitəsini idarə edən sürücünün varislərinə, yəni hazırki iş üzrə cavabdeh olan Cavabdeh2 qarşı reqres qaydasında müraciət edə bilər. 43.Məhkəmə iddianın Cavabdeh3 yönəlmiş hissəsi ilə bağlı qeyd edir ki, avtomobilin sahibi işin materiallarında göstərildiyi kimi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşı olmamış və hadisənin təşkilində iştirak etməmişdir. 44.Beləliklə məhkəmə qeyd edir ki, Cavabdeh3 hazırki iş üzrə subyektiv cavabdeh olmadığından, iddia ona münasibətdə rədd edilməlidir. 45.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 46.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 47.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 48.Beləliklə, istinad edilən hüquq normalarının hazırki mülki işə tətbiqi nəticəsində məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 saylı Qərarına uyğun olaraq istehsalat zədəsi formalı (İZ formalı) aktının İddiaçı verilməsi öhdəliyi cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulmalı, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı xeyrinə 5.000 (beş min) manat məbləğində mənəvi zərərin əvəzi ödənilməlidir. 49.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 50.Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 51.Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 52.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 saylı Qərarına uyğun olaraq istehsalat zədəsi formalı (İZ formalı) aktın İddiaçı verilməsi öhdəliyi cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulsun. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı xeyrinə 5.000 (beş min) manat məbləğində mənəvi zərərin əvəzi ödənilsin. İddia tələbi qalan hissələrdə və Cavabdeh3 və Cavabdeh2 münasibətdə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-1230/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1230/2025
10.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver