Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1239/2020 29.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Ağayev Cavad Elşad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı «məhdud məsuliyyətli cəmiyyətdən çıxma və əmlak hissəsinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «məhdud məsuliyyətli cəmiyyətdən çıxma və əmlak hissəsinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh MMC-nin iştirakçılarının tərkibindən çıxarılması və bununla əlaqədar Cavabdeh MMC-nin Nizamnaməsinin 2.2-ci bəndinin 3-cü yarımbəndinin Nizamnamədən çıxarlması; Cavabdeh MMC-nin əmlakının (bölüşdürülməmiş mənfəət daxil olmaqla) balansının dərhal tərtib edilməsi (onun çıxdığı məqama) və Cavabdeh MMC-nin əmlakının (bölüşdürülməmiş mənfəət daxil olmaqla) həmin balans üzrə 25 %-nin onun mülkiyyətinə dərhal verilməsi və ödənilməsi vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC Azərbaycan Respublikası Qanunvericiliyinə əsasən təsis edilmiş hüquqi şəxsdir və xx xxx 2006-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. Əlavə olunmuş Cəmiyyətin Nizamnaməsinin 2.2-ci bəndindən və hüquqi şəxslərin dövlət reyestrindən çıxarışdan da göründüyü kimi, Cəmiyyətin iştirakçıları (təsisçiləri) aşağıdakı şəxslərdir: 1. Cengiz Güldamlası – 25 %; 2. «xxxxxxxxxxxxxxxxxxx» MMC – 50 % və 3. İddiaçı – 25 %. O, Cəmiyyətdən çıxmaq qərarına gəlmiş və bu məqsədlə xx xxxxxxx 2019-cu il tarixdə Cəmiyyətdən çıxmaq və ona düşən əmlak hissəsinin ödənilməsi ilə bağlı Cəmiyyətə yazılı şəkildə ərizə göndərmişdir. Lakin ərizə Cəmiyyətə təqdim edilsə də, həmin ərizəyə Cəmiyyət tərəfindən baxılmamışdır. Mülki Məcəllənin 95-ci maddəsindən göründüyü kimi, onun Cəmiyyətdən çıxması hər hansı bir şərtlə məhdudlaşdırılmır və o, istənilən vaxt Cəmiyyətdən çıxa və ona nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsinin (o cümlədən bölüşdürülməmiş mənfəətin) ödənilməsini tələb edə bilər. Cəmiyyətdə də iddiaçının çıxdığı məqamda tərtib edilən balans üzrə ona müvafiq əmlak hissəsini ödəməlidir. Bütün bunlara baxmayaraq, cavabdeh hərəkətsizlik göstərməklə iddiaçının qanunla açıq şəkildə müəyyən edilmiş hüquqlarını pozur. Onun Cəmiyyətdən çıxma barədə cavabdehə göndərdiyi ərizəsinin cavabdehə təqdim edildiyi vaxtdan 4 həftədən çox müddətin keçməsinə baxmayaraq, cavabdeh həmin ərizə ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri yerinə yetirməmişdir. Onun həmin ərizəsinə uzun müddət baxılmaması ağlabatan müddətin keçdiyini göstərir. Buna görə də, o, Cəmiyyətdən çıxması ilə əlaqədar təsis sənədlərinə dəyişiklik edilməsini, Cəmiyyətdən çıxdığı məqama olan əmlakının (bölüşdürülməmiş mənfəət daxil olmaqla) balansının tərtib edilməsi və Cəmiyyətin əmlakının (bölüşdürülməmiş mənfəət daxil olmaqla) 25 %-nin onun mülkiyyətinə verilməsini məhkəmədən tələb edə bilər. İddiaçının nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh MMC-nin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh MMC xx xxx 2006-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. Həmin MMC-nin Nizamnaməsinə edilmiş dəyişikliklər xx xxxxxx 2014-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin Nizamnaməsinin 2.2-ci bəndinə əsasən Cəmiyyətin iştirakçılarının nizamnamə kapitalındakı payları aşağıdakı kimi müəyyən olunmuşdur: 1) Cengiz Güldamlası 7 manat 50 qəpik, 7,5 pay, 25 % pul şəklində; 2) «xxxxxxxxxxxxxxxxxxx» MMC 15 manat, 15 pay, 50 % pul şəklində; 3) İddiaçı 7 manat 50 qəpik, 7,5 pay, 25 % pul şəklində. İddiaçı nümayəndəsi İsmayıl Əskərov vasitəsi ilə xx xxxxxxx 2019-cu il tarixdə Cavabdeh MMC-nin direktoru Cengiz Güldamlasına ərizə ilə müraciət edərək, Cəmiyyətdən çıxmaq niyyətində olduğunu bildirmiş, Cəmiyyətdən çıxması üçün aşağıdakı prosedurların icra edilməsini təmin edilməsini xahiş etmişdir:
1. 10 gün ərzində Cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağının çağırılması;
2. İddiaçı Cəmiyyətdən çıxması barədə ərizəsini, Mülki Məcəllənin 96-cı maddəsinə uyğun olaraq onun nizamnamə payına uyğun əmlak hissəsinin ödənilməsi və təsis sənədlərinə dəyişikliklərin edilməsi məsələlərinin icrasının gündəliyə salınması. Göründüyü kimi, İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 95-ci maddəsinə əsasən hüququndan istifadə edərək, Cavabdeh MMC-dən çıxmaq istədiyini bildirmişdir. Bununla bağlı cavabdehə rəsmi müraciət etsə də, bu günədək iddiaçıya cavab verilməmiş, Cəmiyyətdən çıxma proseduru başlamamış və tamamlanmamışdır. Halbuki, Mülki Məcəllənin 95-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı onun digər iştirakçılarının razılığından asılı olmayaraq istənilən vaxt cəmiyyətdən çıxa bilər. Mülki Məcəllənin 96.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətdən çıxan iştirakçıya, əgər cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, həmin iştirakçının nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsi ödənilir. Çıxan iştirakçının cəmiyyət ilə razılaşmasına əsasən əmlakın dəyərinin ödənilməsi əmlakın naturada verilməsi ilə əvəz edilə bilər. Cəmiyyətin əmlakının çıxan iştirakçıya düşən hissəsi və ya onun dəyəri iştirakçının çıxdığı məqamda tərtib edilən balans üzrə müəyyənləşdirilir. Maddi hüquq normalarından göründüyü kimi, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı Cavabdeh MMC-nin iştirakçılarının tərkibindən çıxarılmalı, bununla əlaqədar Cavabdeh MMC-nin Nizamnaməsinin 2.2-ci bəndinin 3-cü yarımbəndi Nizamnamədən çıxarlmalı, Cavabdeh MMC-nin əmlakının (bölüşdürülməmiş mənfəət daxil olmaqla) balansı tərtib edilməli (iddiaçının çıxdığı məqama), Cavabdeh MMC-nin əmlakının (bölüşdürülməmiş mənfəət daxil olmaqla) həmin balans üzrə 25 %-i İddiaçı mülkiyyətinə verilməli və ödənilməli, bu vəzifə Cavabdeh MMCnin üzərinə qoyulmalıdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. İddiaçı Cavabdeh MMC-nin iştirakçılarının tərkibindən çıxarılsın. Bununla əlaqədar Cavabdeh MMC-nin Nizamnaməsinin 2.2-ci bəndinin 3-cü yarımbəndi Nizamnamədən çıxarlsın. Cavabdeh MMC-nin əmlakının (bölüşdürülməmiş mənfəət daxil olmaqla) balansı tərtib edilsin (iddiaçının çıxdığı məqama). Cavabdeh MMC-nin əmlakının (bölüşdürülməmiş mənfəət daxil olmaqla) həmin balans üzrə 25 %-i İddiaçı mülkiyyətinə verilsin. Bu vəzifə Cavabdeh MMC-nin üzərinə qoyulsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ceyhun Tağıyev