Məhkəmə qərarları › İş №2(006)-124/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-124/2022

20.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-124/2022 20.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi X2 ilə, İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən 3 otaqlı, 119.0 kv.m sahədən ibarət mənzilin tamamilə tərəfindən təmir edilməsi ilə bağlı çəkilmiş xərclə bağlı 40.000 manat, mənəvi zərərə görə 2000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən və 3 otaqdan ibarət, sahəsi 119.0 kv.m olan mənzili 16 dekabr 2011-ci il tarixli müqavilə əsasında "xxxx" MTK-dan almışdır və mənzilin dəyəri olan 60.000 manat tərəfindən tam ödənilmiş və bu barədə maliyyə arayışı verilmişdir. Qeyd olunmalıdır ki, Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən mənzil kooperativlə Cavabdeh arasında bağlanmış 15 iyul 2005-ci il tarixli müqaviləyə əsasən Cavabdeh məxsus olmuşdur və o, 2011-ci ilin ortalarında N.Haşumova Kooperativin rəhbərliyinə müraciət edərək mənzilin satışında kömək göstərilməsini xahiş etmişdir və qeyd edilən müqavilə əsasında ona verilmişdir. Mənzili aldıqdan sonra tam şəkildə təmir etmişlər, belə ki, mənzil alınarkən tam şəkildə boş olmuşdur və yaşayış üçün yararlı olmamışdır. Mənzilin təmirinə tərəflərindən 40.000 manat məbləğində vəsait xərclənmişdir və təmir bitdikdən sonra köçüb yaşamağa başlamışlar. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh “Fidan-0K" MTK və ona qarşı “mənzilin alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi və mənzildən çıxarılma" barədə iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 30 iyun 2017-ci il tarixli qətnaməsinə əsasən Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia tələbi təmin edilmişdir. AR Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini almış, Binəqədi rayon İcra Şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə icra edilmişdir və o, ailə üzvləri ilə birlikdə mənzildən çıxarılmışdır. Ona təmirlə bağlı dəymiş maddi ziyan ödənilməmişdir və dəfələrlə müraciət etsə də həllini tapmamışdır. Cavabdeh mənzili satmaq istəyir və təbbi ki, mənzil təmirli olduğundan xeyli yüksək məbləğə satılacaqdır. Ona görə də onun təmirə xərclədiyi vəsait cavabdehdən tutularaq ona ödənilməlidir, cavabdehin təqsiri ucbatından o xeyli məbləğdə maddi ziyana məruz qalmışdır. Cavabdehin təqsiri üzündən o, çox ciddi stress keçirmişdir, əsəb gərginliyinə məruz qalmağı səbəbindən o, mənəvi zərərə məruz qalmışdır. Mənzildən məhrum edilməyi və xeyli miqdarda maddi zərərə düşməyi onun şüuruna mənfi psixoloji təsir etmişdir, sağlamlığı pozulmuşdur. Cavabdehlər tərəfindən ona vurulmuş mənəvi zərəri 2000 (iki min) manat məbləğində dəyərləndirir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 yuxarıda qeyd olunan məzmunda çıxış edərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(103)- 5662/2017 saylı qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayətinin təmin edilməsi, hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr, 3248-ci məhəllə, Ş.Məmmədova küçəsi, ev № 4 “a”-da yerləşən 15 saylı mənzilə dair "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqavilənin etibarsız hesab olunması, İddiaçı və onun ailə üzvləri - X6, X5 və X1 bütün əmlakları ilə birlikdə həmin mənzildən çıxarılması və mənzilin Cavabdeh qaytarılması, "xxxx" MTK-nin idarə heyəti tərəfindən qəbul edilmiş, Cavabdeh MTK üzvlüyündən çıxarılması, onunla bağlanmış müqavilənin ləğv edilməsi və İddiaçı MTK üzvlüyünə qəbul edilməsi barədə xx.xx.2011-ci il tarixli qərarın ləğv edilməsi, 60.000 (altmış min) manat məbləğində pulun "xxxx" MTK-dan alınaraq İddiaçı qaytarılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(102)-8359/2017 saylı qərarının surətindən görünür ki, cavabdeh “Fidan-OK" MTKnın kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5662/2017 saylı 30 iyun 2017-ci tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(103)-5662/2017 saylı icra sənədinə əsasən 60.000 (altmış min) manat məbləğində pul "xxxx" MTK-dan alınaraq İddiaçı qaytarılmalıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-6347/2018 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı "xxxx" MTK-ya qarşı ödənilmiş pulun qaytarılması, maddi ziyanın və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, "xxxx" MTK-dan 16 dekabr 2011-ci il tarixli müqaviləyə əsasən ödənilmiş 60.000 manat, maddi ziyanla bağlı 90.000 manat və ödənilmiş 29 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı “ödənilmiş pulun qaytarılması, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-6347/2018 saylı qətnaməsi 17 sentyabr 2018-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Binəqədi rayon icra və probasiya şöbəsinin icra məmuru Şakir Bahadırov tərəfindən qəbul edilən xx.xx.2018-ci il tarixli qərar və bildirişin surətlərindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-6347/2018 saylı icra sənədi üzrə icraat başlanılmış, könüllü icra barədə bildiriş borcluya təqdim olunmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(101)-130/2020 saylı hökmünün surətindən görünür ki, X3 AzərbaycanRespublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2, 313-cü maddələri ilə təqsirli bilinmiş və öldüyü üçün Azərbaycan Respublikası CPM-nin 44.2.1-1-ci maddəsinə əsasən ona cəza təyin edilməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.5, 308.2, 32.5, 313 və 32.4, 312.1-ci maddələri ilə ittiham olunan X4 Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetmədiyi üçün bəraət verilmiş, cinayət işi üzrə verilmiş mülki iddiaların maddi ziyan hissələri tam, mənəvi ziyan hissələri qismən təmin edilmiş, cinayət işi üzrə zərərçəkmiş şəxslər ... İddiaçı 60.000 manat maddi ziyan, 5.000 manat mənəvi zərər, 30 manat dövlət rüsumu, cəmi 65.030 manatın ödənilməsi, digər zərərçəkmiş şəxslərə mülki iddianın mülki-prosessual qaydada verilmə qaydası izah edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli, 1(103)- 51/2021 saylı qərarın surətindən görünür ki, apellyasiya şikayətinin və apellyasiya prostestinin təmin edilməməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(101)-130/2020 saylı hökmünün apellyasiya protesti və apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli, 1(102)-1231/2021 saylı qərarından görünür ki, kassasiya şikayətinin və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli, 1(103)-51/2021 saylı qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/2414 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən İddiaçı yaşamış olduğu 3 otaqlı, 119,0 kv.m. sahədən ibarət mənzilində aparılmış təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 35.387,0 manat məbləğində müəyyən olunur. Beləliklə işin mübahisələndirilməyən hallarından göründüyü kimi Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, 3248-ci məhəllə, S.Məmmədov küçəsi 4A saylı evin 15 saylı mənzili barəsində sərəncam vermək hüququ olmadığı halda "xxxx" MTK ilə İddiaçı arasında həmin mənzilə dair 16 dekabr 2011-cü il tarixdə müqavilə bağlanmış, müqavilə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlər pozulmaqla bağlandığından qanuni qüvvəsini almış məhkəmə aktı ilə etibarsız hesab edilmişdir. Həmin məhkəmə aktlına əsasən həmçinin İddiaçı ailə üzvləri ilə mübahisəli mənzildən çıxarılması qət edildiyi üçün o, uzun zaman ərzində yaşadığı mənzildən çıxarılmışdır. Hazırda iddiaçı məhkəməyə müraciət edərək mənzilə sahiblik və ondan istifadə etmək hüququnu həyata keçirən zaman sərf etdiyi vəsaitin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Mülki Məcəllənin 157.7-ci maddəsinin tələbinə görə, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Göstərilən norma ümumən mülkiyyətin müdafiəsinə yönəlsə də, vindikasiya tələbləri üzrə əmlakı mülkiyyətçiyə qaytarmalı olan vicdanlı əldə edənin sahiblik dövründə əmlakı yaxşılaşdırmaqla bağlı çəkdiyi xərclərin əvəzini mülkiyyətçidən tələb etmək üçün qanuni əsas kimi çıxış edir və bu normanın təhlili «əsassız varlanma» normaları ilə parallel şəkildə aparılmalıdır, belə ki, vicdanlı sahibin yaxşılaşdırmalarını özündə saxlayan mülkiyyətçi onun hesabına əsassız varlanmış olur və mülkiyyətçidən həmin yaxşılaşdırmanı və ya onun dəyərini tələb etmək üçün «əsassız varlanma» normalarının dispozisiya şərtlərinin mövcudluğu da şərtdir. Mülki Məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Bu Məcəllənin 1094-cü maddəsinə uyğun olaraq əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6 və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Göründüyü kimi, qanuni əsas və ya müqavilə əsası olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etmiş şəxs əsassız varlanmış şəxs hesab olunur və o, məhrum olanın tələbi ilə əldə etdiklərini və ya onların dəyərini ödəməlidir. Mülki Məcəllənin 157.7-ci maddəsinin tətbiq olunması üçün aşağıdakı dispozisiya şərtləri müəyən edilməlidir: iddiaçı vicdanlı sahib (və ya keçmiş sahib) olmalı, əşyanı yaxşılaşdırmaq üçün xərc çəkmiş olmalı, əşya cavabdehin sahibliyində və ya mülkiyyətində olmalıdır. Qeyd olunan şərtlərdən hər hansı biri aşkar edilmədikdə həmin normaya əsaslanan iddia təmin oluna bilməz. Eyni qayda üzrə, əsassız varlanmış şəxsə (hazırki halda cavabdeh) qarşı göstərilən tələb o zaman verilə bilər ki, əsassız varlanma obyekti onun sərancamında olsun. Baxılan işdən mübahisəli mənzilin İddiaçı tərəfindən əldə edilərkən tam təmirsiz və istifadəyə yararsız vəziyyətdə olduğu, onun həmin mənzili təmir etdirməklə orada uzun müddət yaşadığı müəyyən edilmişdir. Təmir xərclərinin sərf olunduğu mənzilin qanuni qüvvəsini almış məhkəmə aktlarına əsasən mülkiyyət hüququ ilə Cavabdeh təhvil verildiyi də işin mübahisələndirilməyən halıdır. Mülki işin mübahisələndirilməyən hallarından həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-6347/2018 saylı qətnaməsi ilə "xxxx" MTK-dan 16 dekabr 2011-ci il tarixli müqaviləyə əsasən ödənilmiş 60.000 manat və maddi zərər kimi 90.000 manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş İddiaçı iddia ərizəsindən göründüyü kimi, mənzil onun tərəfindən təmir edildiyinə görə, o, "xxxx" MTK-nın əməli nəticəsində 30.000 manat məbləğində maddi zərərə məruz qalmışdır. O, həmçinin MTK-nın təqsiri üzündən yaşayış sahəsindən məhrum olmuş, bununla bağlı ona dəymiş maddi zərəri 60.000 manat məbləğində qiymətləndirmiş, mənzili eyni ərazidə yenidən əldə etmək üçün bazar qiymətlərinin qalxması nəzərə alınmaqla ona əlavə 60.000 manat məbləğində pulun ödənilməsini xahiş etmişdir. Həmçinin İddiaçı ona dəymiş mənəvi zərəri də 3.000 manat məbləğində olmasını müəyyən etmişdir. Həmin qətnamədən eyni zamanda görünür ki, "xxxx" MTK-nın sədri iddianı qismən etiraf etmiş, İddiaçı 150.000 (60.000+60.000+30.000) manat geri qaytarılmasına etirazı olmadığını bildirmişdir. Nəticədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin çıxardığı qətnamə ilə İddiaçı "xxxx" MTK tərəfindən 16 dekabr 2011-ci il tarixli müqaviləyə əsasən ödənilmiş 60.000 manat və dəymiş maddi zərər olaraq 90.000 manat, cəmi 150.000 manat məbləğində pulun ödənilməsi qət edilmişdir. Qeyd olunmalıdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(103)-5662/2017 saylı qətnaməsi ilə İddiaçı etibarsız hesab edilmiş müqavilə üzrə 60.000 manat məbləğində pulun "xxxx" MTK tərəfindən qaytarılması qət edilmişdir. Bundan başqa Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(101)- 130/2020 saylı hökmünə əsasən zərərçəkmiş şəxs və mülki iddiaçı qismində tanınmış İddiaçı təqsirləndirilən şəxslərin cinayət əməlləri nəticəsində dəymiş 60.000 manat maddi zərərin, 5.000 manat - mənəvi zərərin, 30 manat dövlət rüsumunun, cəmi 65.030 manat məbləğində pulun ödənilməsi hökm edilmişdir. Göstərilən hər üç məhkəmə aktı qanuni qüvvəyə minmişdir. Məhkəmənin yuxarıda göstərilən maddələrin məzmunundan göründüyü kimi iddiaçı cavabdehdən vicdanlı əldə edən kimi mübahisəli mənzilin yaxşılaşdırılması üçün çəkdiyi xərci dəymiş maddi zərər qismində tələb etmək üzrə subyektiv hüquqa malik olmuşdur. Lakin qeyd edilən məhkəmə aktlarına əsasən müəyyən edilir ki, iddiaçı təmir xərci kimi istinad etdiyi maddi zərərin ödənilməsi üzrə yaranmış öhdəliyin üçüncü şəxs tərəfindən (MTK) icra edilməsinə etiraz etməmiş, hətta məhkəməyə müraciət etməklə həmin zərərin üçüncü şəxsin təklif etdiyi formada qəbul etməyə hazır olduğunu faktiki olaraq bildirmişdir. Mülki Məcəllənin 386-cı msddəsinin tələblərinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 431.1-ci və 431.2-ci maddələrinə görə borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. Beləliklə məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hazırki iddianın “maddi zərərin ödənilməsi” hissəsində rədd edilməli olması qənaətinə gəlmişdir. Məhkəmə gəldiyi qənaəti həm də onunla əsaslandırır ki, bu məsələyə fərqli yanaşma iddiaçının hüquqlarından suiistifadə etməsinə zəmin yaradar. Məhkəmə eyni zamanda hesab edir ki, maddi zərərlə bağlı tələb rədd olunduğundan, bundan irəli gələn mənəvi zərərlə əlaqədar iddia tələbi də rədd olunmalıdır. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektlərinin öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borclu olduqları təsbit edilir. Bu Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar